Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Məxzən-ül-əsrar 2 page

 

Madam ki, sən zülmə amil olursan,

Bir türk deyil, çapqınçı bir hindusan! [189]

 

Özünə güvənmək və kimsəyə əl açmamaq haqqındakı məqaləsini şair belə bir hekayə ilə tamamlamışdır: Cavanlardan biri kərpic palçığını ayaqlayan bir qocaya rast gəlir. “Ata, nə üçün özünü yorursan, nəyə görə özünə bu qədər əziyyət verirsən? Kərpic kəsmək sənin yox, gənclərin işidir. Sən xahiş etsən, kim sənə kömək etməz?! Hansı cavan səndən bir parça çörəyini əsirgər?!” – deyə gənc qoca kərpickəsənə müraciət edir. “Elə ona görə əziyyət çəkərək palçıq qayırıram ki, günlərin bir günü sənə əl açmayım” – deyə qoca cavab verir və həmin cavabla da gənci utandırır.

Ədalət və doğruluqhaqqındakı fikirlərini təsdiqləmək üçün düzdanışan bir zahidin cəsarətini təsvir edir: Zülmkar və qəddar bir padşah varmış. O, xalqa zülm edir və əhalinin malına və mülkünə əl atırmış. Qoca bir zahid bu vəziyyəti tənqid edərək padşahın zülmkar olduğundan şikayətlənirmiş. Padşah qocanı öz hüzuruna çağırtdırmış və bundan xəbər tutan kimi qoca qüslünü alıb və kəfənini geyib şahın hüzuruna gedir. Zalım padşah əvvəldən öz cəlladlarını hazırlayaraq onlara əmr veribmiş ki, qoca ağzını açmamış onu öldürsünlər. Qocanı görən kimi padşah onun üstünə qışqırmış: “Mənə zalım deyən sənsənmi?” “Bəli, – deyə qoca cavab verir: – mən sənin haqqında sən bildiklərindən də ağır sözlər demişəm, lakin unutma ki, mən səni olduğun kimi göstərən bir güzgüyəm; öz üzünü bu güzgüdə eybəcər görürsənsə, günah güzgüdə yox, sənin özündədir. Odur ki, o güzgünü yox, özünü qır”. Düz sözlərindən və cəsarətindən təsirlənən padşah həmin qocanın kəfənini üstündən götürtdürmüş və ona xələt geyindirmişdir. Bu ibrətdən dərs alan padşah zülmü atıb ədalətə qovuşmuşdur.



Pisliyə yox, yaxşılığa qulluq etməkhikmətinin təsviri üçün şair İsaya aid bir təmsil gətirmişdir.

Çürümüş bir köpək leşinin ətrafına toplaşanlardan biri leşin pis iyləndiyindən, o biri – çirkinliyindən, üçüncüsü çürüdüyündən, dördüncüsü isə qurdladığından bəhs edirmiş. Bu arada İsa gələrək deyir: “Bir baxınız, görün nə ağ, nə gözəl, nə sağlam dişləri vardır!”.

 

* * *

Əvvəllər qeyd etdiyimiz kimi, “Məxzən-ül-əsrar” şairdən çox filosof və şeyx Nizaminin əsəridir. Təlqinçi bir əsər olduğundan, başqa bədii əsərlərinə nisbətən sənət baxımından bir az soyuqdur. Buna baxmayaraq, Nizamiyə xas orijinal ifadə və mistik ruh ilə yazılan bu əsər şer nöqteyi-nəzərindən də yüksək və canlı parçalara malik, fövqəladə bir “Sirlər” xəzinəsidir. Həm şairin sağlığında, həm də özündən sonra Şərq ədəbiyyatının çox məşhur simaları “Məxzən-ül-əsrar”a təqlid ilə ona nəzirələr yazmışlarsa da, tənqidçilərin bir səslə söylədiklərinə görə, heç biri onun qədər uğurlu olmamışdır.

 

 

II

Xosrov və Şirin

 

Xodavənda dər-e toufiq beqoşay

Nezami-ra dər-e təhqiq benomay

(İlahi, müvəffəqiyyət qapısını aç,

Nizamiyə axtarış qapısını göstər! – red. )

6966 beytdən ibarət olan bu məsnəvi hicri 576-cı ildə (miladi – 1180) tamamlanmışdır.[190] Əsər Azərbaycan hökmdarlarından Atabəy Məhəmməd Cahan-Pəhləvana ithaf olunmuşdur.

“Xosrov və Şirin” Sasanilərin 23-cü şahı Xosrov Pərviz ilə sevgilisi Şirin haqqında qədim bir hekayət əsasında işlənmiş mənzum bir romandır. Bu hekayətin müxtəlif hissələri qədim kitablardan olan Cahizin “Kitab əl-məsahin vəl-əzdad”, Əbu Mənsur Səalibinin “Ğürər əl-əxbar”, Əbu ilə Miskəveyhin “Nədim əl-fərid”, İbn Nəba-tenin “Sirh əl-üyun” əsərlərində nəsr ilə və məşhur İran şairi Əbül-Qasim Firdovsinin “Şahnamə”sində (yalnız bir hissəsi) nəzm ilə, bir-birinə bənzər şəkildə nəql olunmuşdur.[191]

Nizami bu hekayəti bütünlüklə nəzmə çəkən ilk şairdir; özünə xas psixoloji təhlil və yaradıclıq məharəti sayəsində dünya ədəbiyyatının əbədi mövzusunu təşkil edən məhəbbət haqqında yazılmış dastanlar arasında ona xüsusi bir yer təmin etmişdir.

Hekayənin müəyyən bir çərçivə içərisinə sığan qısa məzmunu belədir:

Sasani padşahı Hörmüzə canı qədər sevdiyi yeganə oğlu və vəliəhdi Xosrov Pərvizdən şikayət edirlər.

– Günahı nədir? – deyə soruşur.

– Atı bir kəndlinin tarlasını yemişdir. Qulları başqalarının bağından salxımlarla üzüm dərmişlər. Özü kəndxudanın razılığı olmadan evinə girmiş və yatağında gecələmişdir. Çalğıçısı kamanının naləsi ilə bütün gecə xalqın rahatlığını pozmuşdur, – deyirlər.

Əmr edir: şahzadənin atı kəndliyə bağışlansın, qulları üzümü dərilmiş bağın sahibinə verilsin, taxtı yatağı alınmış kəndxudaya verilsin, çalğıçının dırnaqları çıxarılıb kamanının telləri qırılsın.

Ağıllı şahzadə atasının bu ağır cəzasını mərdliklə qarşılayır və hüzura gələrək etdiyindən peşman olduğu üçün bağışlanır.

Bu hadisədən sonra daim fikirli görünən şahzadə günlərin birində öz nədimi, məşhur rəssam Şapurdan gördüyü bir yuxunu yozmağı xahiş edir.

Nazənin bir pəri Xosrovun yuxusuna gəlmiş və demişdir: “Dörd sevdiyin şey əlindən çıxmışsa da, dörd şeyin müjdəsini verirəm: birincisi, üzüm yediyin zaman üzünü turşutmadığın üçün elə gözəl bir yar tapacaqsan ki, ondan daha şirin bir varlıq dünyada ələ düşməz; ikincisi, atını bağışladılarsa da Şəbdiz adlı qara bir ata malik olacaqsan ki, sürətdə külək də ona çata bilməz; üçüncüsü, taxtını kəndliyə verdilərsə də baxtin dönmədi – qızıldan şahanə bir taxta çıxacaqsan; dördüncüsü, dırnaqları çıxarılmış sazəndənin yerinə Barbəd adlı bir çalğıçın olacaq ki, ahəngi ilə bülbülləri belə bihuş edəcəkdir.

Şapur şahzadənin yuxusuna girən gözəlin şahzadə Şirindən başqası olmayacağını söyləyir. Bu, Dərbənd dənizi ətrafındakı Gülüstanın bəri tərəfində[192] hökmdarlıq edən Şemiraminin[193] qardaşı qızı və vəliəhdidir. Şəbdiz adlı qara at da bu saraya məxsus tövlədədir.

Rəssam Şapur Şirindən danışdıqca yuxuda gördüyü gözəl şahzadənin gözləri önündə canlanır. Nəhayət, qəlbini bürüyən həyəcanı saxlaya bilməyən Xosrov sədaqətli nədiminə Şirinə vurulduğunu etiraf edir və ondan bir çarə istəyir. Şapur Şirini tapmaq və könlünü ələ gətirmək məqsədilə şahzadədən bir üzük alıb yola düşür.

Gecəni gündüzə qataraq yol gələn Şapur bir yaz mövsümündə Ermənistan dağlarına yetişir. Bu mövsümdə Şirin, adətən, qızların müşayiəti ilə dağ yamaclarında, çəmənliklər və çiçəkliklərdə vaxtını keçirərmiş.

Qərib bir yolçu sifəti ilə dağdakı bir monastırda məskən salan Şapur çox keçmədən gözəllərin yerini öyrənir, onların arasında Şirini müəyyənləşdirir, lakin özünü heç kimə göstərmir, məqsədə yetişmək üçün tədbirlər düşünür – qızlığın bəxş etdiyi sevinclə, zövq və səfaya dalaraq əylənən pəriləri hər hansı yad bir adamın mövcudluğu ürküdə bilərdi, ehtiyatla davranmaq lazım idi. Şapur bir kağız üzərində şahzadə Xosrovun şəklini çəkərək gecə qaranlıqda gözəllərin olduqları yerdə bir ağacdan asır. Səhər açılarkən yenə gəzintiyə çıxan qızlar, eyş-işrətin ən dadlı bir anında ağacdakı kağızı görürlər. Şəkli Şirinə gətirirlər. O, müstəsna dərəcədə gözəl bir gəncin şəkli olan bu kağızı dağın başında hansı əlin ağacdan asdığı barədə fikrə gedir. Qızlar bunun pəri sehri ola biləcəyindən qorxuya düşürlər – şahzadənin onu seyr etməsinə imkan vermirlər.

Hadisəni gizlincə müşahidə edən Şapur şəklin ikinci bir surətini başqa bir ağacdan asır. Eyni qayda ilə qızların əlinə keçən şəkil bu dəfə Şirini xüsusilə maraqlandırır. Yanındakılar yenə kağızı ondan alıb cırırlar. Olduqları yerin pərilər məskəni olmasına şübhələri qalmır. Başqa bir gəzinti yerinə köçürlər.

Şapur qızların köçdüyü yeni çəmənliyin də yerini öyrənir. Üçüncü dəfə Xosrovun şəklini bir ağaca asır. Bu dəfə şəxsən Şirinin özü şəkli görür və bunun pəri deyil, insan işi olduğu qənaətinə gəlir. Gözəl şahzadə şəkildəki gəncə vurulduğunu yanındakı qızlara açır. Naməlum gəncin şərəfinə bir-birinin ardınca qədəhlər qaldıraraq, hər dəfə içdikdən sonra şəkli doymadan öpür. Dərin düşüncədən sonra əmr edir: qızlar ətrafdakı dərələrə, təpələrə dağılıb buraya bir yad adamın gəlib-getdiyini və bu şəkildən xəbəri olub-olmadığını öyrənsinlər.

Bu axtarış zamanı şair Şirinin özünü Şapurla rastlaşdırır. Qarşısındakı gözəlin axtardığı Şirinin özü olduğunu bilən qoca rəssam, Nizaminin istifadə etdiyi şahmat istilahı ilə desək, “gedişinin baş tutduğunu” görüb ehtiyatla davranır: sirrini açmazdan əvvəl şahzadə ilə ikilikdə qalmağa nail olur. Söhbət əsnasında Şirini şəklini gördüyü gəncə aşiq olduğunu etiraf etdirdikdən sonra olub keçəni danışır, kim olduğunu söyləyir və şəklini çəkdiyi adam tərəfindən elçiliyə göndərildiyini bildirərək Xosrovdan aldığı üzüyü Şirinin barmağına taxır.

Öz aralarında tutduqları plana görə, Şirinin İran paytaxtı Mədainə getməsi qərara alınır. Şirin bibisindən qızlarla birlikdə ova çıxmaq üçün icazə alacaq və bir bəhanə ilə bu zaman Şəbdiz atına minmiş olacaqdır. Bu yolla çölə çıxdıqdan sonra mindiyi atın qeyri-adi sürətindən istifadə edərək məiyyətindən uzaqlaşacaq və İran yolunu tutacaq, Mədainə gedərək vəliəhd Xosrovun xüsusi mənzilinə yetişdikdə Şapurun verdiyi üzüyü göstərərək qəbul olunacaqdır.

Şapur Xosrovun qırmızı rəngli libas geyindiyini və qırmızı papaq qoyduğunu hər ehtimala qarşı məlumat üçün Şirinə deyir.

Mədainə gəldikdə, tutalım, şahzadəyə rast gəlməzsə və onu yerində tapmazsa, Şirinin arzusu üzrə istədiyi şəkildə dincəlməyə imkanı olacaq və onun şahzadəni gözləyə bilməsi üçün hər bir şərait yaradılacaqdır.

Şirinin yola düşməsi xəbərini alar-almaz Şapur da onun arxasınca hərəkət edəcəkdir.

Dövrün adəti üzrə oğlan kimi geyinmiş Şirin məşhur Şəbdiz atına minərək özü kimi oğlan libasında olan qızların müşayiətilə ova çıxır. Dərhal qara atı mahmızlayan Şirin İran yolunu tutur. Yanındakılar atlarını şahzadənin ardınca çapırlarsa da, yel kimi uçan Şəbdiz bir anda gözdən itir və şahzadənin izindən tozdan başqa heç nə qalmır. Qızlar məyus halda geri qayıdırlar.

Üzüntülü xəbəri alan şah Şemirami son dərəcə mütəəssir olsa da Şəbdizin arxasınca getməyi faydasız bilir.

Şirin yol getməkdə olsun, biz isə sürətdə Şəbdizin yeganə rəqibi olan xəyalın köməyi ilə bu zaman Mədaindəki hadisələrlə tanış olaq:

Rəqiblərinin qurduğu bir intriqadan sonra atası Xosrovdan şübhələnməyə başlayır. Onun yaxşılığını istəyən qoca vəzir Büzürgümmidin tövsiyyəsi ilə Xosrov müəyyən müddətdə Mədaində olmamaq üçün paltarını dəyişib gizlicə səyahətə çıxır.[194] Onun məqsədi Şapuru tapmaq və bəlkə də Şirinlə görüşməkdir. Yola çıxarkən hər ehtimala qarşı, onu bir qadın soruşarsa, onun hər cür istirahətini təmin edib şahzadənin də iki-üç həftəyə qayıdacağını söyləməyi saray adamlarına tapşırır.

Mədainə yaxın bir yerdə ətrafda heç kəsin olmamasından istifadə edən Şirin yorğunluğunu çıxarmaq üçün bir çeşmə başında çimməyə başlayır. Paytaxtdan uzaqlaşmaqda olan Xosrov ona rast gəlir və hər ikisində qarşılıqlı qəribə bir meyl və eşq hissi oyanırsa da, bir-biri ilə tanış olmaq üçün münasib bir səbəb olmadığından və üstəlik şahzadənin əynində Şirinə deyilmiş əlamətlərlə uyğun gəlməyən adi geyim olması sevgililərin, rastlaşsalar da bir-birini tanımadan müxtəlif istiqamətlərdə ayrılmalarına səbəb olur.

Şirin Mədainə – Xosrovun sarayına gəlir. Onu qəbul edirlər. Şahzadənin gedərkən bir kəs gələrsə, onu gözləməsini tapşırdığını söyləyirlər. Şəbdizi tövləyə bağlayırlar, Şirinə də cariyələrə məxsus qəsrdə bir yer ayırırlar. Şirin burada yeni gəlmiş cariyə rolunu oynamağa məcbur olur. Intizar onu üzür. Özünun bir dağ qızı olub şəhər hava və həyatına alışmadığı üçün xəstələndiyini bildirərək, Şirin mümkünsə, onun üçün də dağda bir yer hazırlanmasını xahiş edir. Sarayın paxıl cariyələri onun bu xahişindən istifadə edərək mənzərəli və xoş havalı bir saray əvəzinə Kirmanşah yaxınlığında, havası bürkü, yaşıllıqdan məhrum bir dağın qayalıqları arasında həbsxanadan fərqlənməyən bir qəsr tikdirirlər. Gözəl Şirin bu qəsrə köçür.

Digər istiqamətdə yola düşən Xosrov Ermənistan hüduduna gəlir. Burada bir az qaldıqdan sonra Muğana, ordan da Xuzistana gedir. Şemirami şahzadənin bu tərəflərə gəldiyini bilən kimi onu qarşılamağa çıxır. Onu qışı eyş-işrətlə keçirmək üçün Bərdəyə dəvət edir.

Şah Şemiraminin qonağı kimi vaxtını keflə keçirən Xosrov daxilən əzab çəkir, Şirini düşünür. Amma sirrini heç kəsə açmır. Birdən Şapurun gəldiyini xəbər verirlər. Sonsuz maraq içində Şapurla təkbətək qalan Xosrov olub keçəni öyrənir (Şapurun Şirinə verdiyi sözə xilafən hələ buralarda olması onun təsadüfən xəstələnməsindən irəli gəlmişdir).

Hadisəni Şemiramiyə açırlar. Xosrovun əmri ilə Şapur Şirini gətirmək üçün Mədainə qayıdır.

Şapur Şirini “Qəsri-Şirin”dən götürüb min bir sevinc içində Bərdəyə qayıtdıqda Xosrovu orda tapmır. Fələk yenə də öz işini görmüşdür: Şapur getdikdən sonra Hindistandan Xosrovun yanına bir qasid gəlmiş, atasının orda ölməsi xəbərini ona yetirmiş və demişdir ki, bütün dövlət adamları taxt-taca sahib olmaq üçün onun dərhal məmləkətə qayıtmasını gözləyirlər. Bu hadisə ilə əlaqədar Xosrov Şirini gözləmədən getmişdir.

Xosrov İran taxtına çıxıb səltənət işlərini yoluna qoyduqdan sonra könlünün səsinə qulaq asaraq Şirini axtarır. Şapurun onu apardığını bildirirlər. Gənc padşah yenə dadmalı olduğu ayrılıq acısını Şirinin burda qoyub getdiyi Şəbdizlə sakitləşdirir.

Fəqət taleyin daha acı oyunları varmış: Bəhram-Çubin adında dəmir iradəli sərkərdələrdən biri könlünü qızlara vermiş eşqbaz bir uşağın məmləkət işlərini idarə etməyə qadir olmayıb himayəyə götürülməsinin zəruriliyi fikrini yayaraq bir yandan dövlət adamlarını, digər tərəfdən də əhalini Xosrovun əleyhinə qaldırır.

Yalnız Şəbdizin qeyri-adi sürəti nəticəsində Xosrov yaxasını düşmən əlinə vermir və təhlükədən canını qurtarıb Azərbaycana – Muğana gəlir. Burada o, məiyyəti ilə gəzintiyə çıxmış gözəl Şirinlə görüşür və tanış olurlar.

Sevgilisinə qovuşandan sonra fəlakətini unudan Xosrov əyləncələrə qurşanır. Eyş-işrətlə keçən bu nəşəli günləri Nizami özünəməxsus bir qüdrətlə, bütün təfərrüatı ilə təsvir edir. Dinini və ismətini qorumaq və camaat arasında olmaq şərti ilə Xosrova ən yüksək iltifatlar göstərmək üçün şah bibisindən icazə almış Şirin, sevgilisi ilə öpüşməsinə baxmayaraq, eşqdən məst olmuş gəncin daha uzağa gedən arzularına yol vermir. Bu zəmində aşiqlə məşuq arasında gedən dialoq mübahisə şəklini alaraq böhranlı bir nöqtəyə çatır. Şahzadənin israrından özünü xilas etmək üçün Şirin deyir: “Hər şeydən əvvəl itirdiyin taxtını geri al! Qorxuram ki, mənə qovuşub taxtsız qalasan, halbuki mən taxt və tacını geri alana qədət səni gözləyərəm!”.

Sevgilisinin bu xəbərdarlığından qəzəblənən Xosrov həmən qara atın belinə sıçrayaraq: “Mən sənin ucbatından taxtımı və tacımı itirdim; bir də sən məni gah nakam qoymaqla əzab verir, gah da comərdlik öyrətməklə alçaldırsan, eləmi?!” – deyə Şəbdizin başını çəkərək gözdən itir.

Xosrov Rum paytaxtı Qostəntəniyyəyə (Konstantinopola) gəlir. Bizans imperatoru onu çox gözəl qarşılayır. Qızı Məryəmi ona verir.[195] Eyni zamanda, Rum imperatoru bir ordu təşkil edərək tac və taxtını geri almaq üçün kürəkəninin ixtiyarına verir. Bağlanan şərtə görə Xosrov Məryəmə ölənə qədər sadiq qalacağına və ondan sonra evlənməyəcəyinə, ondan başqa heç kəsi sevməyəcəyinə söz və zəmanət verir.

Xosrov Pərviz taxtını qəsb etmiş Bəhrama qarşı döyüşdə qələbə qazanır. Qalib kimi Mədainə gəlir və padşahlıq taxtına çıxır.

Bu zaman şah Şemirami ölmüşdür. Şirin şah olmuşdur. O, bütün əməyini məmləkətin rifahına sərf etmiş və özünü xalqa sevdirmişdir. Amma könlü xoş deyildir. Qəzəblənib getdiyi gündən bəri Xosrovdan ayrıldığına yanmaqdadır. Sevgilisini incitdiyinə peşman olmuşdur. Qəlbini iztirablar üzür.

Nəhayət, Şirin qəti qərara gəlir: yerinə bir nəfəri təyin edərək, məmləkətindən çıxıb İrana gəlir və tanıdığımız “Qəsri-Şirin”də məskən salır.


Date: 2015-12-17; view: 525


<== previous page | next page ==>
Məxzən-ül-əsrar 1 page | Məxzən-ül-əsrar 3 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.012 sec.)