Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Nizami Azərbaycan şairi

 

Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.

Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.

Iran ədəbiyyatının müəyyən nöqteyi-nəzərdən bəlkə də ən böyük simasını təşkil edən Nizaminin, əsərlərini ən gözəl fars dilində yazması bizə yuxarıda qeyd etdiyimiz mülahizə və mühakiməmizdən imtina etməyə əsas vermir və Nizamini xüsusi görüş nöqtəsindən tədqiq edib incələməkdən əl çəkdirə bilməz; çünki onun zamanında fars dilinin Yaxın Şərq və Orta Asiya üçün millətlərarası bir ədəbi dil olduğunu yaxşı bilirik. Xüsusi qeyd etmək lazımdır ki, İran ədəbiyyatının ustad və böyük sənətkarları arasında farslar qədər (bəlkə də daha çoz) türklərin də mühüm bir yer tutduğu bizə yaxşı məlumdur.

Əsərlərini araşdırdıqca Nizaminin fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan daimi qayğılarda məşğul olduğu aydın görünür ki, beləliklə də o, əlbəttə, bir Azərbaycan şairidir.

Nizami öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açarkən əsərlərinin bir yerində (“Yeddi gözəl”də - red.) “türkcəsinin” (“torkiyəmra” – “mənim türklüyümü”) anlaşılmadığından şikayət edir. “Türklüyü” burada məcazi şəkildə yüksək söz mənasında işlədən dahinin danışıq dilinin həqiqətdə türkcə olmadığını heç kimsə isbat edə bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və geniş kütlələr təşkil edən türklər arasında yetişmiş olduğunu, boya-başa çatdığını bilirik. Bunun izlərini əsərlərində rast gəldiyimiz və dəfələrlə işlədilmiş “türklük” söz və məfhumundan da hiss edirik.[66]



Təkrar edirik: əsərlərini farsca yazdığına baxmayaraq, Nizaminin, qeyd etdiyimiz kimi, məzmun və hissiyyat nöqteyi-nəzərindən azərbaycanlı bir türk təfəkkürünə malik olduğunu aşağıdakı səhifələri çevirdikcə açıqca görəcəksiniz.

 

 

8.

Nizaminin yaradıcılığı

Nizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.

N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.

Tədqiqatımızın sonuncu bölməsi bu sistemin ana xətlərini aydınlaşdırmağa həsr edilmişdir. Orada xülasələşdirilmiş fikir sistemi oxucuların görəcəyi kimi, bugünkü bəşəriyyətin susadığı “Nizami-aləm” (“dünya nizamı”) baxımından belə yeni və əbədi məsələləri ehtiva etməkdədir.

Insanlığın şərəfini biliyi sevməkdə, fərdin səadətini cəmiyyət üçün çalışmaqda görən, hissənin mənafeyini tamın salamatlığında axtaran şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq kimi qəbul edir.

Millətlər və dövlətlərarası nizam və ahəngə gəlincə, bu, onun fikrincə, “millətlərin dillərini ancaq vasitəsiz anlamaq surətiylə təmin edilə bilər”.

Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və vətənsevərlik xüsusiyyətini daşımaqla bərabər, yaratdığı ədəbi obrazlarla təlqin etdiyi fikir meydanında milli çərçivədən kənara çıxmış, bütün bəşəriyyətə şamil olan duyğularla həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi, dövrlər və əsrləri yarıb keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü tapmağa çalışmışdır. Bizim qənaətimizcə bu “söz” İskəndərin möcüzəsində tapılmışdır.

Bu möcüzə bugünkü bəşəriyyətlə birlikdə bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır.

Millətlərə yalnız mənəvi avtoritet ilə nüfuz etmək, ruhlarını anlayaraq, varlıqlarına qarşı ehtiram etmək!

 

 

9.


Date: 2015-12-17; view: 433


<== previous page | next page ==>
Türk hakimiyyəti altında | Nizamiyə borcumuz
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.007 sec.)