Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Türk hakimiyyəti altında

fars ədəbiyyatı

XVII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.

Islam Şərqində də biz, bu hadisənin bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında islam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. Iranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə xüsusən türk ziyalıları uymuşlar. Bununla da onlardan qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.

“Encyclopedie de l’İslam”da, İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikri əsas tutaraq belə ümumiləşdirmə vermişdir:

“Ön Asiyanın siyasi inkişafı yeni İran dilini, yəni farscanı danışıq dilləri farsca olmayan millətlər və xalqlar üçün ədəbi dil səviyyəsinə qaldırmışdır. Fars dili bu xalqlar üçün, XVIII əsr Avropasındakı fransızca kimi, yüksək hakim sinfi dili olmuşdur. Buna görə, yeni İran ədəbiyyatını, sözün geniş mənası ilə, yalnız fars ədəbiyyatı kimi götürmək düzgün olmaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır”.

Görünür ki, İran ərəb istilasından yalnız siyasi cəhətdən qurtulmaq üçün deyil, mədəni baxımdan dirilmək və yüksəlmək üçün də türk qüvvət və zəkasından geniş miqyasda faydalanmışdır.

Fars ədəbiyyatı, yalnız türk saraylarında işlənməklə və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda, türk şairləri tərəfindən də yaradılmışdır.

Tarixin bizə qəribə görünən bu hadisəsi islam Şərqinin mədəni inkişafını düzgün anlamaqdan ötrü üzərində xüsusi dayanılmalı bir məsələdir.



Yaxın Şərqin ərəb fütühatı nəticəsində islamlaşdırılması və dolayısı ilə ərəbləşdirilməsi məlumdur. Bu vəziyyətə qarşı mədəniyyət sahəsində ilk reaksiya farslar, sonra da türklər tərəfindən olmuşdur. Halbuki yıxılan ərəb imperiyası yerinə, siyasi baxımdam farsların deyil, türklərin gəlməsi bir həqiqətdir.

Burada qarşıya bir sual çıxır: nə üçün min ildən bəri islam Şərqində hakimiyyət sürən sülalələr, çox kiçik və əhəmiyyətsiz istisnalarla, həmin türklərdən olduğu halda, klassik İslam türk ədəbiyyatının yaranışı fars ədəbiyyatının meydana gəlməsindən 3-4 əsr sonraya qalmışdır?..

İslamdan sonrakı yeni fars dilinin ən böyük abidəsi “Şahnamə”dir. Yunanların Homerinə bərabər tutulan Firdovsi, “İliada”ya bənzədilən bu şah əsərini Sultan Mahmud Qəznəvinin sarayında yazmışdır.

Qazanının gümüşdən, süfrə ləvazimatının da qızıldan olması ilə məşhur olan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini həmin Sultan Mahmudun sayəsində qazanmışdır.[41]

Dünyaca məşhur rübailərin müəllifi Ömər Xəyyam Səlcuqi Məlikşahın məhəbbətini qazanmışdır. Fars qəsidəsinin ən məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami, Teymurilərdən Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olmuşdur.

Səlcuqilərdə və onların ardınca gələn atabəyliklərdə olduğu kimi, Çingizilərdə, Xarəzmşahlarda, Teymurilərdə də fars dili idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərmiş və yalnız hamiliklə kifayətlənməyib, bir çoxları farsca yazmışlar.[42]

Ədəbiyyatdan başqa, rəssamlıq sahəsində də İrana beynəlxalq şöhrəti təmin edən türk sülalələridir. Iran miniatürçülüyünün ən parlaq dövrü Teymurilərlə Şeybanilər zamanına təsadüf edir. Iran adına bağlanan bu sənət əslində Mavəraənnəhr ilə Xorasanda inkişaf etmişdir. Miniatürçülüyün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyn Bayqaranın sarayında yetişmişdir.

Səfəvilər dövründə İsfahanın məşhur binalarını bəzəyən parlaq sənət Teymurilər dövründəki rəssamlığın bir davamı olmuşdur.[43]

Təbrizdəki Göy məscidin bəzədilməsindəki üslub, rəng və ahəng etibarı ilə Teymur dövrü memarlığının Səmərqənddəki üslubunun eynidir.[44]

Bağdad xəlifələrini dini bir simvol halına salaraq siyasi qüdrəti öz əllərinə alan türk sultanlarının idarə işlərində ərəb dilindən savayı bir dildən istifadə etmələrini başa düşmək olur; lakin bu dil nə üçün türk dili deyil, fars dili olmuşdur? Çünki Asiya çöllərinin dərinliklərindən axıb gələn və Yaxın Şərqdə səltənətlər quran türklər köçəri idilər. Köçərilərin məskən saldıqları məmləkətlərdə yerli mədəniyyətə uyuşmaları isə adi bir şeydir. Necə ki, eyni hadisə, Çində hakimiyyət sürmüş türk sülalələrinin tarixində də görünmüşdür.

Eyni amil Əməvilər zamanında Şamda, onlardan sonra xilafət mərkəzini, qədim İran mədəniyyətinin ocağı olan bir sahədə yerləşən Bağdada köçürən Abbasilər zamanında İraqda ərəblər üzərinə də təsir göstərmişdir: İslam cəmiyyət və idarəsi çöllükdən çıxaraq şəhərləşdikcə, əski mədəniyyətə bağlı ünsürlərlə yunan və İran təsisatlarının təsirinə məruz qalaraq inkişaf etmişdir.

Min ildən bəri islam Şərqindəki siyasi hakimiyyət, ümumən, türklərə məxsus olmaqla yanaşı, bu hakimiyyətdəki sabitlik, Türküstan çöllərindən ara-sıra gələn axınlar nəticəsində zaman-zaman çox mühüm sarsıntılara uğramış, məmləkət rəqabət aparan qüvvə və sülalələrin mübarizə səhnəsinə çevrilmişdir.

Biri digərini əvəz edərək bu yerlərdə səltənət quran türk sülalələri, ümumiyyətlə, köçəri tayfa başçıları tərəfindən təsis olunurdu. Ərəblərdən əvvəl qədim İran imperiyasının hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın qədim mədəni ənənələrinin təsirini daşıyırdı. Bu ənənələrlə üz-üzə gələn köçəri hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üçün yerli məmurların bilik və təcrübəsinə möhtac idilər. Bu yerli elita isə feodal (dehqan) qəsrlərində qorunan fars dili və mədəniyyəti ilə təmasda idilər.

Inzibati və siyasi mülahizələrlə yerli məmurlara arxalanan türk hökmdarları, Abbasilərdə olduğu kimi, yalnız yerli mədəniyyətin ictimai və daha çox siyasi təsisatlarının təsirinə düşməklə qalmırlar. Bunlar, eyni zamanda, özlərinə ərəbcədən daha asan gələn fars dilini də qəbul edib, onu rəsmi və ədəbi həyatda mühüm bir mərtəbəyə qaldırırlar. Əslində bu türklər İslamiyyəti və İslam mədəniyyətini daha çox Xorasandakı müsəlmanlaşmış fars elementlərinin və Mavəraənnəhrdə yerləşmiş İran mədəniyyətinin təsiri və müşayiəti ilə qəbul edirdilər.[45]

Bağdad xəlifəsinin siyasi qüdrəti öz əlində saxladığı dövrlərdə İran təsiri fars dilini dinin və Quranın dili olan ərəb dilinin yerinə keçirəcək qədər irəliləmək imkanı toplamışdı. Siyasət etibarı ilə, ərəb mərkəziyyətçiliyi ilə mübarizə və rəqabət edən türk sultanları isə, çox təbii olaraq, arxalandıqları yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli “əcəm” adətləri ilə bərabər, işlətdikləri ədəbi dili (fars dilini) də həm özləri qəbul edir, həm də onun yayılmasına şərait yaradırlar.

Beləliklə, türk hakimiyyəti altında yeni fars dili doğulur, fars mədəniyyəti və ədəbiyyatı canlanır. Türk sarayları da yeni doğulmuş bu “uşağa” dayəlik edirlər.

Yüzillər keçdikdən, türk köçəriləri yerləşdikdən və hərbi birləşmə həyatından çıxıb şəhərliləşdikdən sonra türk çadırı ilə obalarında yaşayan milli mədəniyyət kimi türk dilinin də saraylar və divanlarda yaşadılması barədə fikirləşilir.

Islamiyyətin amansız düşməni kimi çıxış edən monqollar, ilk dövrlərdə, ərəbcə ilə yanaşı farscanı da qadağan edib, onun yerinə monqol və uyğur türk dilini qoyurlar. Elxanilərdən Qazan xanın dövründə monqollar İslamiyyəti qəbul etdikdə, fars dili yenidən işlənmək hüququ qazanırsa da, onunla yanaşı, türk dili də inkişaf edir və mövqeyini möhkəmləndirir.

Teymur fütuhatından sonra və Teymurilərin təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə türk ziyalıları ilə hakim siniflər arasında, farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatına qayğı göstərməyə bir ehtiyac yaranır.

Şirəsini, köklərini türk xalqları içərisində yaşayan milli təsisatlardan alan və digər ictimai amillərlə də güclənən bu ehtiyacın getdikcə əhəmiyyət kəsb edən təkamülü nəticəsində, nəhayət, şərqdə Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvayinin məclislərində, qərbdə isə Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının (ilk dövrlərdə)[46] saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur.

Cığatay türkcəsi ilə azəri türkcəsinin inkişafı XVI əsrdən sonra bir sıra siyasi dəyişikliklər üzündən, nisbətən yavaşıdığı halda, Anadoluda qurulmuş böyük imperiyada Osmanlı türkcəsi təbii təkamülü ilə irəliləmiş və bütün qüvvəti ilə çiçəklənərək nəhəng bir ədəbiyyat meydana gətirmişdir.

Yeni müsəlman İran ədəbiyyatının türk hökmdarları və dövlət adamlarının himayəsi altında meydana gəlməsi, bizi maraqlandıran dövrlərə aid ədəbi sənəd və abidələrin səthi araşdırılması ilə də nəzərə çarpır. Klassik İran ədəbiyyatının əsas əsərləri bu və ya digər türk xaqan və sultanına ithaf edilmişdir. Bundan başqa, türklərə məxsus keyfiyyətlər fars ədəbiyyatının məcazi ifadələrində çox mühüm bir yer tutur. Hətta türk hökmdarlarına aid şəxs və ya soy adları belə şairlərin dilində məcazi bir ifadə kimi işlənmişdir.[47]

Öz aralarında bitməz-tükənməz rəqabətlər üzündən daim çarpışan köçəri sülalələrinin bir-birini əvəz edən hakimiyyətləri nəticəsində müsəlman Şərqinin həyatı, müəyyən tarixi dövrlərdə, qanlı hadisələr və böyük siyasi dəyişikliklər içərisində keçmişdir. Bu səbəbdən bizi maraqlandıran coğrafi ərazi üzərinə təsir göstərən mədəni mərkəzlər də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə əlaqədar olaraq, Şərq islam mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII əsrdə Azərbaycana keçmişdir.

 

5.

Azərbaycan xıı əsrdə

XII əsr böyük Səlcuq imperiyasının süqut dövrünə təsadüf edir. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən tənəzzül edən böyük səltənət yerli əmirliklər və atabəyliklərə parçalanmışdı. Məhz bu dövrdə islam Şərqi qərbdən xaçpərəstlərin, şərqdən isə bütpərəst monqolların basqınlarına məruz qalmış, əsrlik mədəniyyət süquta üz qoymuşdu.

Bu qarışıqlıq və səbatsızlıq dövründə Anadoludakı Konya sultanlığı kimi, Şirvan şahlığı ilə Azərbaycan nisbi əmin-amanlıqda olmuş, Şərq islam mədəniyyətinin, xüsusən klassik İran ədəbiyyatının mühüm sığınacağına çevrilmişdir.

Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Şərqin bir mədəni mərkəzi idilər. Əslində şerin ən parlaq nümayəndələri və İran ədəbiyyatında mühüm yer tutan ustadlar burada yaranmış məktəbdə yetişmişdilər.

Məmləkətin o zamankı ədəbi mənzərəsi haqqında ümumi bir təsəvvür verə bilmək üçün Nizami ilə müasir, Şirvan şahlığı və Azərbaycan atabəyliyi sarayları ilə əlaqədə olmuş ən mühüm şairlərin bir siyahısını gözdən keçirək:

1. Əbül-Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçehr ilə oğlu Axsitanın saraylarına mənsub şairlərindən Xaqani və Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik istedadını görərək onu Şirvan şahına təqdim edən və ona “Xaqani” təxəllüsünü verən odur. Şer biliciləri Əbül-Ülanın böyük bir əhatə sənətkarlıqla yazılmış əsərlərini Xaqaninin əsərlərinə bərabər tuturlar. Müasirləri ona “şairlər ustadı” demişlər. Fəxriyyələrindən birində “Gəncəlilər mənimlə fəxr edirlərsə, yeri var” – deyir.[48]

2.Xaqani Şirvani –Narahat və coşqun bir həyat yaşamış bu şair klassik İran ədəbiyyatının məşhur simalarındandır. Onun Şirvanşah Axsitanın rus basqınçılarına qarşı müharibədəki qələbəsini təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvan şahlarından əlavə, Xaqaninin Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə də məlumdur. Şərq tənqidçiləri içərisində Xaqanini qəsidədə Ünsüri və Ənvəridən yüksək tutanlar vardır. Qərb tədqiqatçıları arasında da Xaqaninin sənəti, üslübü, həssaslıq və yaradıcılıqdakı qüdrəti təqdir olunur. 1864-cü ildə fransız dilində nəşr etdiyi bir ədəbi risaləsində Xanıkov, Xaqaniniböyük fransız şairi V.Hüqoya bənzətmişdir.[49]

3. Fələki Şirvani –Şirvan diyarında doğulmuşşair qeyd etdiyimiz üzrə, Xaqani kimi, həm Əbül-Ülanın şagirdi, həm də, yenə onun kimi, Şirvan sarayının şairidir. Fələki şairlikdən əlavə, həm də dövrünün məşhur astronomlarındandır; təxəllüsünü də bu münasibətlə “Fələki” götürmüşdür. Şerlərində ulduzlara və səma cisimlərinə aid bir çox təşbeh və istiarələr işlətmişdir. Onu şairlikdə Xaqaniyə bərabər tutanlar olmuşdur.

4. Mücir Beyləqani –Arranın qədimdə məşhur şəhərlərindən Beyləqanda yaşadığı üçün Beyləqani kimi tanınmış Mücirəddin Azərbaycan atabəylərinə mənsub şairlərdəndir. Atabəylərin birincisi Eldənizə və onun oğlu Məhəmməd Pəhləvana yazdığı qəsidələr məlumdur. Müciri şairlikdə və üslubda böyük müasirləri Xaqani və Nizami səviyyəsində görənlər vardır. Şairi təqdir edənlər arasında ədəbiyyatda böyük səlahiyyəti olan Xosrov Dəhləvi də vardır ki, onu sənət aləmində Xaqanidən belə üstün tuturlar.

5. Qivami Mütərrizi – Nizaminin tərcümeyi-halına həsr edilmiş fəsildə gəncəli olan həmin şair haqqında ayrıca bəhs edəcəyik. Onun Azərbaycan atabəyi Qızıl Arslana həsr etdiyi süni (qəsideyi-məsnui) qəsidəsini səriştəli söz ustaları arasında qeyri-adi sənət əsəri kimi təqdir edənlər də vardır.

6. Zəhir Faryabi – Əslən türküstanlı olan bu şair Azərbaycanlı atabəyləri zamanında saraya mənsub olan Məhəmməd Cahan Pəhləvan ilə Qızıl Arslana qəsidə və mədhiyyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərdən ibarət olan divanı:

 

Divani-Zəhiri-Faryabi

Dər Kəbə bedozd əgər beyabi.[50]

 

beytindən göründüyü kimi, klassiklər tərəfindən çox bəyənilmiş və məşhur olmuşdur. Onun Qızıl Arslana yazdığı qəsidədən bir beytini şahid gətirmək olar. Həmin beytin məzmunu və təşbihi yüksək sənət sahibi olduğuna gözəl bir nümunədir.[51]

7. Əsirəddin Əxsikəti– Həmin şair də Türküstandan Atabəylər sarayına gəlmiş, Azərbaycanda yaşamış və o zamanın məşhur şairlərindən olub, himayələrini gördüyü Azərbaycan Atabəylərinə mədhiyyələr yazmışdır.[52]

8. Seyid Zülfüqar Şirvani– Eldənizlərə mənsub şairlərdəndir.

9. Yusif Füzuli;10. Şafur ibn Məhəmməd;11. Fərrux Şirvani;12. “Nizam ət-təvarix”kitabının müəllifi Qazi Beyzavi;13. Kəmaləddin Naxçıvani;14. Seyid İzzəddin Ələvi və başqaları o zamankı ədəbiyyat göylərində parlayan şer sənətinin inci sapına düzülmüş ulduzlardandırlar.

O dövrün parlaq şairlərindən Məhsəti xanımı da bu işıqlı sənətkarlar arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu şair Əmir Əhməd ilə evli olan bu qadın Gəncənin yoxsul bir ailəsində böyüməsi və yetişməsinə baxmayaraq, öz zəka və istedadı sayəsində zəmanəsininən yüksək təbəqəsinə qalxmış, saraylara yol tapmışdır. Musiqidəki məharəti, söhbət əsnasındakı hazırcavablığı onu Sultan Səncərin məclislərinə gətirib çıxarmışdır. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmi ilə məşhurdur.

Ölkənin ümumi vəziyyəti və mədəni durumu həmin fəaliyyət ilə ahəngdar idi. Mənuçehr Axsitan zamanındakı Şirvan kiçik ölçüdə Sultan Mahmud dövründəki Qəznəni andırırdı.[53]

Möhtəşəm ticarət mərkəzi olan Şirvan (Şamaxı) memarlıq abidələri, bağ və bağçıları ilə məşhur idi.

Gəncəyə qayıdaraq qeyd etmək lazımdır ki, Aranın keçmiş paytaxtı Bərdənin[54] dastanlar mənbəyi və mövzusu olan sərvət və var-dövlətinin varisi olan həmin şəhər o zamanın ən şöhrətli mərkəzlərindən biri idi. İstəxrinin verdiyi məlumata görə 1139-cu ildə baş vermiş zəlzələdə 300000-ə qədər əhali həlak olmuşdu. Bunu nəzərə alanda qədim Gəncənin nə qədər böyük mərkəz olduğu aydın olur.

Həmdullah Qəzvininin verdiyi xəbərə görə, Gəncə Orta Asiyanın ən gözəl şəhərlərindən biri sayılırdı. Ibn əl-Əsir isə (XI əsrin tarixçisi) həmin yeri “Aran şəhərlərinin anası” adlandırmışdır. O dövrdəki Gəncənin sadəcə olaraq böyüklüyü və abadlığı haqqında deyil, etnik vəziyyəti haqqında da geniş məlumatımız var. 1170-ci illərdə Gəncənin bir böyük türklər (türkmən) şəhəri adlandırıldığını İbn Əzrəq öz əsərində qeyd etmişdir.[55]

Məşhur tarixçi Nəsəvi də həmin tarixdə Arran ilə Muğanda “türklərin (azərbaycanlıların) qarışqa kimi çox olduqlarını” yazmaqdadır.

Azərbaycanın XI əsrdə türkləşmiş (azərbaycanlılaşmış) olması o dövrün ədəbi abidələrində də sabit şəkildə göstərilmişdir. Məşhur Dədə Qorqud qəhrəmanlarının gəzib dolaşdıqları başlıca sahə Azərbaycandır; bu dastandakı əlamət və realilər Azərbaycan əlamət və realiləridir; dastanlarda işlənmiş ləhcə də azəri türkcəsidir. Oğuz boylarının X və XI əsrlərdə Azərbaycana gəlmələri ilə bağlı olan bu dastanların XII yüzillikdə Azərbaycan xalqına məlum olduğuna inanıla bilir.

Nizami mənzumələrində Dədə Qorqud dastanlarındakı motivlərdən bəzilərinə rastlaşdığımız dediklərimizin həqiqətə uyğun olduğunu göstərir.[56]

Nizaminin əsərlərini yazdığı fars dilinə daxil olmuş türk sözləri haqqında öz yerində təfsilatı ilə bəhs edəcəyik. Lakin yalnız Nizami deyil, onun Xaqani kimi müasirlərinin mənzumələrində də türk sözləri çoxdur.[57] Adi şairlər deyil, hətta öz nəsillərini qədim İran şahları Kəyanilər sülaləsinə bağlayan Şirvanşahların saray və ailələri içərisinə də türk dilinin daxil olduğunu açıq-aydın görürük.

Xaqani mərsiyyələrinin birində Şirvanşahın qızı Alçiçək adlı bir şahzadəyə ağı demişdir. Qızına türk adı qoyan bir hökmdarın sarayında türkcə danışıldığı əsaslı surətdə fərz edilə bilər.

Gəncə böyüklüyü ilə bərabər bir sərvətə malik imiş; 1221-ci ildə gəncəlilər verdikləri qızıllar hesabına şəhəri monqolların talanından xilas etmişlər.[58]

Gəncə gözəl sənət əsərləri ilə məşhurdur. Hal-hazırda indiki Gürcüstanın Kutaisi vilayətinin Gelati monastırında saxlanan və yüksək sənət əsəri olan Dəmir-qapı XII əsrin birinci yarısında zəlzələ zamanı (30 sentyabr 1139; – red.) gürcü kralı Demetre tərəfindən xarabazara çevrilmiş Gəncədən qəsb edilib Gürcüstana aparılmışdır.[59]

Bu qısa qeydlərdən sonra Şirvanşahlarla Pəhləvanilər (Atabəylər) dövrü XII əsrdə Azərbaycanın qabaqcıl bir ədəbiyyat mərkəzi olduğu aydın olur; yıxıb dağıdan zəlzələlər, yandırıb yaxan müharibələrə baxmayaraq, az da olsa, Təbrizdə, Bakıda, Naxçıvanda və başqa yerlərdə indiyə qədər ucalan memarlıq abidələri öz mötəbər şahidlikləri ilə ölkənin o zamankı əzəmətini təsdiq edir.

XII əsrdə yalnız Azərbaycan deyil, bütün Qafqaz nisbi rifah içində yaşamışdır. Bu baxımdan Gürcüstan krallığı da tarixinin parlaq bir çağını – kraliça Tamar ilə şair Rustavellinin dövrünü yaşayırdı. Bu dövrdə Gürcüstan və Azərbaycan arasında geniş surətdə bir dostluq və səmimiyyət var idi. Bu yaxşı münasibət xüsusilə Şirvan şahları və Gürcü kralları arasındakı qohumluq əlaqəsi ilə qüvvətlənmişdi.

Şirvanşah Axsitanın anası gürcü kralı IV Davidin qızı idi. Gürcü salnaməçilərinin dediklərinə görə Axsitanın ruslar əleyhinə qazandığı zəfərdə gürcülər bir müttəfiq sifəti ilə iştirak etmiş və həmin qələbənin şəriki olmuşlar.

Iki ölkə arasında mədəniyyət sahəsində daha çox və böyük əlaqələr var idi. Yaxın Şərq mədəniyyəti təsiri altında olan Gürcüstan sarayında şairlərə göstərilən himayə Azərbaycanda mövcud olan ənənə və dəbə təqliddən irəli gəlirdi.[60] Tiflisdə kral David tərəfindən müsəlman şair və sufiləri üçün bir mədrəsə tikilmişdi. Tamarın özü şəxsən o zamankı Azərbaycanda himayə edilib yaranılan ədəbiyyatın xüsusi təsiri altında idi.[61]

Gürcüstanın böyük şairi Şota Rustaveli Yaxın Şərq mədəniyyəti ilə möhkəm əlaqələr və çarpaz düyünlərlə bağlı olub, Azərbaycanlı müasirlərindən və şəxsən Nizamidən ilham almışdır.[62] Qafqaz Qərb və Şərq mədəniyyətinin qarşılaşdığı bir keçid idi. XII yüzillikdə bu keçid hər iki mədəniyyətin qarşılıqlı təsirini bilavasitə duymuşdur. Əsərini gürcücə yazmış Şota Rustaveli məzmun və ideyalarını demək olar ki, bütünlüklə Şərqdən alaraq, xristian ikən müsəlmanlaşmışdır. Hətta onun müsəlman olduğu haqda bir çox rəvayətlər vardır. Fanatik keşiş və din xadimləri Şota Rustavelinin əsərləri “xristianlığa ziddir” deyə onu xristianlıq və kilsədən rədd etmişlər.[63] Halbuki Şirvanlı Xaqani ərəb və farsca yazmağına baxmayaraq, öz şerlərində xristian ideallarına və terminlərinə bolluca yer vermişdir. Müsəlman Qafqazı ilə xristian Qafqazı arasındakı bu qarşılıqlı ünsiyyəti biz, dövrünün ən böyük nümayəndəsi olan Nizamidə də görürük. Hissiyyatca türk və müsəlman olan şairin yaratdığı ən gözəl obrazın – Şirinin qafqazlı bir erməni şahzadəsi olması təsadüfi deyildir.

 

6.

Milliyyət baxımından ədəbiyyatda

Forma və məzmun

Şərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.

Kök salmış bu yanlış təsəvvürə baxmayaraq, Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun nisbətinin “Gəncəvi” olmasından irəli gəlmir.

Gəncəli Nizaminin bütün varlığı ilə Azərbaycanla bağlı olmasını onun tərcümeyi-halını yazarkən imkan dairəsində aydınlaşdıracağıq. Onun mənəvi varlığından bəhs edərkən demək lazımdır ki, yazdığı dilin farsca olmasına baxmayaraq, şairin daşıdığı hissiyyatı ilə işlədiyi mövzular onun Azərbaycan duyğularından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir.

Burada biz yaşadığımız günlər üçün aktual olan bir məsələyə toxunmalıyıq – Ədəbi bir əsərin milli olması üçün yalnız onun formaca milli olması kafidirmi? Yoxsa bir əsəri milliləşdirən ruh, məna və məzmundur?

Bizim qənaətimizcə, yalnız forma kafi deyil və formanın böyük əhəmiyyətinə baxmayaraq o, zəruri də deyildir. Hər bir əsəri milliləşdirən onun məzmunu və daxili varlığının milli olmasıdır. Bu iki amil arasında ahəng olmadığı təqdirdə, bizə görə, əsəri milliləşdirən amil formadan çox məzmun və özlüyü, başqa ifadə ilə desək, dildən çox məna və məzmundur. Yabançı, özgə dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə müəyyən şərtlər içində milli ola bilir. Əsrimizin ədəbi hadisələri arasında bu müddəanın misallarını istədiyimiz qədər tapa bilərik. Hər hansı bir əsəri yazıldığı dilə görə həmin dildə danışıb yazan xalqın milli əsəri kimi qəbul edilməyi lazım gəlsə iyirmi ildən bəri Azərbaycan türkcəsi ilə yazılmış bir çox cəfəngiyatı ədəbiyyat deyə qəbul etməmiz lazım gəlir. Və ya belə olursa, onda osmanlı klassiklərindən bir çoxu kimi Nəfinin:

 

Türkə haq çeşmeyi-irfanı haram etmişdir

Eyləsə hər nə qədər sözlərini sehri-həlal;

 

və ya:

 

Necə söz söylənür ol yerdə kim şair sanur kəndin,

Qələtpərdazi – məna bir müzəvvir Türki-layəfhəm.[64]

 

beytlərinə bənzər və bunlardan daha qaba bir türk düşmənliyi ilə tanınmış, “türk” sözünü – cəhalətin, qəddarlığın, idraksızlığın, kobudluğun qarşılığı olaraq işlətmək çirkinlik və murdarlığını göstərən bir çox türkcə yazan şairlərin divan ədəbiyyatına keçmiş mənzumə və misralarını da “milli ədəbiyyat” kimi qəbul etməliyik.

Yaxşı məlumdur ki, finlərin məşhur vətənsevər şairləri əsərlərini İsveç dilində yazmışlar, lakin buna baxmayaraq, onlara milli şair kimi qəhrəman Finlandiyanın paytaxtında heykəllər ucaltmışlar. Bunun kimi ingilis hakimiyyətinə qarşı milli azadlığı tərənnüm edən İrlandiya ədəbiyyatı müəyyən bir zamanda ingiliscə yazılmışdır.[65]

Həmin vəziyyətə Hindistan şəraitində də rast gəlirik. Rabindranat Taqorun hind varlığını və mədəniyyətini müdafiə edən ingiliscə yazdığı əsərlər şübhəsiz ki, milli əsərlərdir.

Bu şəkildə düşünərkən formanın əhəmiyyətini azaltmaq niyyətində deyilik. Dilin çox zaman millilik nöqteyi-nəzərindən məzmun üzərində üstünlüyü olduğunu bilirik. Ancaq “sənət sənət üçün” deyil, “qayə üçündür” düşünən və deyənlərin sıralarında olduğumuz üçün ədəbi bir əsərin milliliyini təyin edərkən formadan, yəni dildən çox onun məğzinə, özəyinə, yəni məzmun və mənəviyyatına üstünlük veririk. Nizaminin dövründə formanın bizim zamanda olduğu qədər milli bir əhəmiyyəti yox idi. Fars dili yalnız farslara deyil, müəyyən bir coğrafi ərazidə yaşamış bütün millətlərin oxuyub yazanlarına, ziyalılarına məxsus bir dil idi. Eyni zamanda, o dövrdəki “milli ruh”lar da bugünkü qədər kəskin şəkildə bir-birindən ayrılıb büllurlaşmamışdı. Yalnız xüsusi diqqət və araşdırmalarla təyin oluna bilən milli özünəməxsusluqların kəskin tərəfləri müştərək din və mədəniyyət təsiri ilə yumşaldılmışdı. Buna baxmayaraq, qəbul etmək lazımdır ki, şüurda olmasa da, şüur altında milli varlıq və özünəməxsusluqlar o zamanlarda da öz təsirini göstərməkdən geri qalmamış və bu müştərək formaya baxmayaraq, ədəbi əsərlərin ruh, məna və məzmunları üzərində dərin izlər buraxmışdır.

 

 

7.


Date: 2015-12-17; view: 531


<== previous page | next page ==>
Azərbaycanın Rolu | Nizami Azərbaycan şairi
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.014 sec.)