Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Dinə yönəlmənin əsas amilləri hansılardır? 2 page

Animistlərin e’tiqadlarından biri də tənasüxdür. Yə’ni, onlar inanırlar ki, ölümdən sonra insanın ruhu ya əbədi olaraq onunla qalır, yaxud da başqa bir cismə keçir. Hər hansı bir cismə daxil olan ruh daha sonra ya ruhlar aləminə seyr edir, yaxud da üçüncü bir cismə nəql olunur. Beləliklə, həmin ruh bir cismdən digərinə ötürülür. Bu cism insan bədəni, bitki, cansız əşyalar da ola bilər. Vəfat edən şəxsin ruhunu daşıyan şəxs və ya əşya onun qohum-əqrəbası tərəfindən xüsusi hörmətə layiq görülür. Animistlər ruhların növbənöv fəaliyyət və iş görmək qabiliyyətinə malik olduğuna inanırlar. Onların e`tiqadına əsasən insan ölmədən də ruh müvəqqəti olaraq insanın bədənindən çıxıb, uzaq məsafədən onun əməl və rəftarlarını nəzarət altında saxlaya bilər. Ruhların bə`zən hər hansı bir cisimdən oğurlanması və ya dəyişdirilməsi halları da baş verir. Amerikalı hindulardan birinin nəql etdiyi məşhur hekayə də bunu əks etdirir: Müharibələrin birində bir qəbilənin başçısı düşmənlərin hücumundan qorunmaq məqsədi ilə öz ruhunu ağacın üstündə yerləşdirir. Düşmənlər hücüm etdikdən sonra onun cismini tapırlar, amma nə qədər ox atsalar da onu öldürə bilmirlər. Nəhayət onun hiyləsini başa düşüb görürlər ki, onun ruhu ağacın budaqları arasındadır; onun ruhuna ox atmaqla cismini də məhv edirlər.

Bu əqidəyə əsaslanan animistlər təsəvvür edirlər ki, insanın cismi ilə əlaqədar olan hər bir şey, yaxud insanın cismindən ayrılan bədən üzvləri, o cümlədən tük, dırnaq, hətta ifrazatlar da insan ruhunun bir hissəsidir. Ruh bu əşyalara və həmin üzvlərə daxil olmuşdur. Başqa ruhlar da onlara tə’sir edə bilər. Deməli, mümkün qədər çalışmaq lazımdır ki, insanın bədəni ilə əlaqədar olan şeylərin heç biri düşmənlərin əlinə düşməsin; çünki onlar sehr və cadu qüvvəsindən istifadə etməklə onların sahibinə əzab-əziyyət verə bilərlər.

ANİMİZM İLƏ FETİŞİZMİN FƏRQİ



Sosioloqlar əvvəllər belə təsəvvür edirdilər ki, animistlərlə fetişistlər arasında heç bir fərq yoxdur. Amma sonrakı tədqiqatlar göstərdi ki, bu iki təfəkkür arasında müəyyən fərqlər vardır. Animistlər təkcə maddi əşyaların deyil, hətta onların nəzərində varlıq aləminin bütün işlərinə hakim kəsilən mücərrəd qüvvələrin də ruhları vardır. Halbuki fetişistlər yalnız bə’zi maddi əşyaların ruha malik olduğunu təsəvvür edərək onlara sitayiş edirdilər. Eyni zamanda animistlərlə fetişistlər arasında müştərək bir cəhət də mövcuddur. Yə’ni, onların hər ikisi inanır ki, müharibədə sehr və cadudan düşmənlərin əleyhinə bir döyüş vasitəsi kimi istifadə etmək olar; hər ikisinin əqidəsinə görə ruh sahibi həm xəbis və murdar ruha, həm də pak və xalis ruha malik ola bilər. Bu əqidəyə əsasən bütün müsibət və bəlalar, çətinlik və xəstəliklər insana düşmən olan bədxah ruhlar tərəfindən törənir və onları dəf etmək üçün sehrkarlıq və cadugərlikdən istifadə etmək lazımdır. Onlar belə təsəvvür edirdilər ki, sehr və cadu pis insanların şərrini dəf etməkdə tə’sirli olduğu kimi, müharibələrdə, xəstəliklərin müalicəsində, fəlakət və çətinliklərin dəf olunmasında da tə’sirli sayılır. Buna görə də hər iki əqidənin ardıcılları müəyyən bir xəstəliyə tutulmuş şəxsin ətrafına yığışır, bə’zi kəlmələri uca səslə və xüsusi avazla oxumaqla, yaxud quşların uçuş hərəkətlərini təqlid etməklə özlərinə təlqin edirlər ki, guya quşlar ətrafda qanad çalıb uçduqları kimi, xəstəlik də bu şəxsdən qaçacaqdır. Yaxud onlar quraqlıq illərində xüsusi bir mərasim təşkil edərək qablarla havaya su atırlar və öz söylədikləri kimi bununla yağışa ethiyaclı olduqlarını xatırlatmaq istəyirlər. Onlar inanırlar ki, bu iş yağışın yağmasına səbəb olur.

ƏRƏBİSTAN YARIMADASINDA ANİMİZM

Ərəbistan yarımadasında bə’zi ərəb qəbilələri bütpərəstliklə yanaşı, xeyirxah və şər ruhlara, ay, günəş, ulduzlar və s. göy cisimlərinin ruha malik olduğunu güman edərək onlara sitayiş edirdilər. Bə`zi qəbilələr isə mələkləri Allahın qızları hesab edərək, onlara ilahi əzəmətin məzhəri gümanı ilə pərəstiş edir və bununla da bir növ onların məhəbbət və rəğbətini qazanmaq istəyirdilər. Bə’ziləri də şeytanlara pərəstiş edərək onların təhlükəsindən qorunmaq və onların zərərlərini dəf etməyə çalışırdılar. Burada cinlərə pərəstiş də mövcud idi; çünki onlar qaranlıq, səssiz-səmirsiz və qorxulu Ərəbistan səhralarında və çöllərində keçirdikləri şiddətli qorxu hisslərinə görə onlara pərəstiş edirdilər. Çünki onlarda belə bir inanc vardır ki, səhralar cinlərin ixtiyarındadır; onların rəğbət və məhəbbətini qazanaraq qorxu və vəhşətdən xilas olmaq üçün cinlərə və onların allahlarına pərəstiş etmək lazımdır. Ərəblər bu işlə sanki özlərini cinlərin pənahında hiss edirdilər. Həmin ərazilərdə yaşayan Bəni-Xuzaə qəbiləsinin bir qolu olan Bəni-Məlih sülaləsi cinpərəstliklə tanınmışdı. Bə`zi ərəb qəbilələri, o cümlədən Himyər qəbiləsinin bə’zi üzvləri, Yəməndə Səba tayfası, Bəni-Təmim, Bəni-Ləxim, Bəni-Xuzaə tayfalarından bə’ziləri də göy cisimlərinə pərəstiş edirdilər.

Qeyd etmək lazımdır ki, göy cisimləri səhra ərəblərinin həyatında yüksək əhəmiyyətə malik idi. Onlar ay, günəş və ulduzlardan, yolun və istiqamətin tə`yin olunmasında istifadə edirdilər. Bu məsələlər də göy cisimlərinə həddən artıq diqqət yetirilməsinə və nəticədə tədricən onlara məhəbbət göstərmələrinə səbəb oldu. Zaman keçdikcə bu iş göy cisimlərinin müqəddəs sanılmasına və onlara pərəstiş olunması ilə yekunlaşdı nəticədə belə bir e`tiqad yarandı ki, səmavi cisimlər ruha, əsraramiz qüvvəyə malikdir, insanların həyatında birbaşa tə’yinedici rol oynayır. Ulduzların bəxt ulduzları və günlərin də yaxşı və pis günlərə bölünməsi də bu fikirlərdən doğmuşdur.

Beləliklə bütün əşyalarda, təbii varlıq və hadisələrdə ruhun varlığına inanmaq, div, pəri və s. qorxulu surətlərə və xəyali varlıqlara e’tiqad bəsləmək, onların səhralarda, meşələrdə, xarabalıqlarda olmasını zənn etmək, bu kimi varlıqların xariqul’adə və son dərəcə böyük qüdrətə malik olmasını təsəvvür etmək bütünlüklə animizm təfəkkürünün məhsuludur. Qədim xalq ədəbiyyatında div, pəri və s. qeyri-adi varlıqlar haqda çoxlu hekayələrin mövcud olması keçmişdə belə bir e’tiqad və fikrin geniş yayılmasının aşkar sübutudur. Hal-hazırda da bə’zi cəmiyyətlərdə bu kimi inanclar istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə animizm tərzi-təfəkkürünün tə`sirləri kimi müşahidə olunmaqdadır.

SUAL VƏ TAPŞIRIQLAR

1. “Fetiş” sözünün mə’nası nədir?

2. Fetişin neçə növü vardır?

3. Animizmi izah edin.

4. Animistlərin ruh barəsində düşüncələri nədir?

5. Animizmdə e`tiqad bəslənən tənasüx məsələsini şərh edin.

6. Animizmlə fetişizm arasındakı fərqlər nədən ibarətdir?

7. Animiz ilə fetişizmin ortaq xüsusiyyətləri hansılardır?

 

Qur’ani-Kərimin Ən’am-101, Cin-7, Ə’raf-194, Zuxruf-15 və 19, Səba-40 və Yasin surəsinin 61-ci və digər şərif ayələrindən istifadə etməklə animizmin müxtəlif formalarını ayırd edərək, onları qruplaşdırın və Qur’anın bu ayinlər barəsindəki nəzərini bəyan edin.

BEŞİNCİ DƏRS

 

İBTİDAİ DİNLƏR (2)

 

TOTEMİZM

Totempərəstlik də qədim bir e’tiqadi cərəyandır; bu dinin ardıcıllarına hələ də Amerika, Avstraliya və Afrikanın yarımvəhşi qəbilələri arasında rast gəlmək olur. Əslində totem sözü Şimali Amerikanın yerli əhalisi ilə bağlıdır. Sosioloqlar totemizm sözünü e’tiqadi baxımdan Şimali Amerikanın yerli əhalisi ilə oxşar olan dünyanın sair nöqtələrindəki yerli əhalinin əqidəsini bəyan edərkən işlədirlər.

Totem dedikdə hər hansı bir qəbilə tərəfindən pərəstiş olunub müqəddəs sayılan bitki, heyvan və ya başqa bir şey nəzərdə tutulur. İbtidai insanlar müəyyən bir əşyanı və ya heyvanı (daha çox heyvanlar və quşları), özləri üçün totem kimi seçir və ona pərəstiş edirdilər. Onlar inanırdılar ki, ulu babalarının ruhu o quş, yaxud heyvanın cisminə keçib. Bu ruh ölümdən sonra həmin quş, yaxud heyvan surətində qəbilənin ətrafında gəzməyə başlamış və onları himayə etməkdən əlavə, həmin qəbilənin sağlamlıq və xeyir-bərəkətinə də səbəb olur. Yerli əhali totem kimi qəbul etdikləri həmin varlığı həqiqətdə özlərinin ulu babası və soyları hesab edirlər. Qəbilənin hər bir üzvü öz nəslinin davam gətirib həyat sürməsində totemin istisnasız rolu olduğunu zənn edir, onun ətinin yeyilməsini özlərinə və başqalarına qadağan edirdilər.

Totem kimi qəbul olunan həmin heyvanın, yaxud quşun nəsli davam etdiyindən, onlar belə güman edirdilər ki, qəbilənin ulu babası əbədi olaraq totemin simasında diri qalacaqdır. Deməli, totemizm həqiqətdə qəbilənin ulu əcədadına pərəstiş etmək, başqa sözlə desək, o cəmiyyətin müştərək ruhu formasına düşmüş bir varlığa sitayiş etmək deməkdir.

Qəbilə üzvləri xüsusi ibadət mərasimləri təşkil edərək totemin hərəkət, səs və rəftarını təqlid etməyə çalışır, bununla da qəbilənin ulu əcdadına itaət və məhəbbətlərini izhar etmək istəyirlər.

TOTEMİZMİN ƏSAS PRİNSİPLƏRİ

Totemizmin əsas prinsipləri aşağıdakılardır:

Totem; mana; tabu.

a) Totem:

Mə`lum olduğu kimi, totem müqəddəs bir varlıqdır ki, camış, qartal, tutuquşu, kenquru, qırğı və ağac qurdu kimi heyvan, çay kolu kimi bitki, nadir hallarda yağış və hər hansı predmetlərdən biri ola bilər; yerli əhali bu kimi varlıqları özlərinin ulu babası hesab edərək onu müqəddəs sanmış və onlara pərəstiş etmişlər. Məsələn, qartalı özünə totem seçən hər bir qəbilə qartalın bütün növlərini müqəddəs sayaraq sitayiş edirdilər.

Totem qəbilə üzvlərinin milli simvolu, tayfa nişanəsi, bayraq və gerb surətində olmuş, qəbilə üzvlərinin bir-birinə bağlılıq və birlik amili sayılmışdır. Bu simvollar müxtəlif qəbilələri bir-birindən ayırmaqda seçilməkdə yeganə amil hesab olunur. Hər bir qəbilə üzvü adətən toteminin heykəlini və ya şəklini evinin qapısında yaxud meydanlarda həkk etdirir, öz bədəninin müxtəlif nahiyəsinə dərinin üzərinə döydürür, bə`zi vaxtlarda hətta ölən şəxslərin cənazəsi üzərində də çəkirdilər. Qəbilə üzvlərindən bə`ziləri çalışırlar ki, öz zahiri quruluşlarını da totemin şəklinə salsın. Misal üçün qəbilənin totemi quş olarsa, onlar öz başlarına, sinələrinə və bədənlərinə o quşun lələklərini yapışdırırdılar; totemi buynuzlu heyvanlardan olan qəbilə üzvləri isə ona tabe olaraq öz başlarına buynuz vururdular.

b) Mana: (Mana)

Mana qeyri-müəyyən və mistik həyat qüvvəsi ilə hər yerdə pərakəndə vəziyyətdə dolaşan, canlı və ya cansız, müqəddəs və qeyri-müqəddəsliyindən asılı olmayaraq, məxluqat arasında mövcud olan əfsanəvi bir varlıqdır.

“Mana” kəlməsinin kökü şimali-şərqi Avstraliyanın Malineziya adalarında yaşayan xalqların dilindən götürülmüşdür. Manaya e`tiqad bəsləmək dünyanın bir çox nöqtələrində yaşayan xalqlar arasında müşahidə olunduğundan, sosioloqlar “mana” kəlməsini mistik qüvvənin varlığından başa düşülən elmi ifadə kimi işlədirlər. Hər bir yerdə mana ilə əlaqədar xüsusi qayda-qanunlar və adət-ən`ənələr mövcud olmasına baxmayaraq, bu əqidənin ardıcıllarının hamısı müştərək fikirdədirlər; onların inancına görə hər bir varlıqda namə`lum və mistik bir qüdrət vardır ki, qeyri-təbiidir, onun fəaliyyətləri mananın təbii həyat qüvvəsinin fövqündədir, müəyyən şəxslərin vasitəsilə, yaxud diri və hərəkətdə olan şeylərin vücudunda zahir olur. Onun belə bir xüsusiyyəti vardır ki, cansız əşyalardan canlılara, bir şəxsdən başqa bir şəxsə və ya müəyyən şəxslərdən cansız əşyalara keçə bilir.

Səhra və çöllərdə yaşayan qəbilələr çox qüdrətli nəzərə çarpan hər bir şəxs, yaxud heyvan qarşısında özlərinin acizliklərini hiss etdikləri üçün onların mana qüvvəsinə malik olduğunu zənn etmişlər. Buna görə də bu qüvvənin qarşısında özlərini qorumaq, gündəlik fəaliyyətlərində ondan kömək istəmək, yaxud öz fiziki qüvvələrini artırmaq üçün ona müqəddəs bir varlıq kimi yanaşmış və onlara sitayişolunma dərəcəsinə qədər xüsusi diqqət yetirmişlər.

v) Tabu: (Taboo)

Totemizm kimi ibtidai dinlərin ardıcılları arasında sirli və gizli qüvvəyə malik olan, fövqəl-təbii gücdən əlavə qüvvənin mövcudluğuna, ondan uzaq olmağın gərəkliliyinə inanc da yayılmışdı. Hər kəs bu əşyalara yaxınlaşsa başına böyük bəlalar gələcəyi gözlənilirdi. Buna görə də həmin qəbilələr qorxularından bu kimi əşyalardan çəkinər və ona əl vurmazdılar. Çünki onlara əl vurmaqla qeybdən gələn cəzalara düçar olacaqlarına inanırdılar. Əşyaların daxilində olan bu gizli və sirli qüvvəyə terminologiyada “tabu” deyilir. Tabu Sakit okeanın cənub qərbində yerləşən Aloneziya arxipelaqında yaşayan yerli əhalinin işlətdiyi xüsusi bir sözdür. Bu e`tiqadın oxşarı, yaxud eynilə özü dünyanın digər ölkələrində olan qədim dinlər arasında da müşahidə olunduğundan, etnoqraflar tabu ifadəsini bütün oxşar e`tiqadlar üçün də istifadə edirlər.

Səhra və çöllərdə yaşayan qəbilələrin əksəriyyətində tayfa başçısı tabunun bariz nümunələrindən hesab olunur. O, qəbiləyə rəhbərlik etmək qüdrətinə malik olana qədər qəbilə üzvləri onun elə bir qeybi, sirli qüdrətə malik olduğuna inanırdılar ki, hətta onun bədəninə, paltarına və yaxud vəsaitlərinə, xalça-palazına, ayağının izinə əl vurmağı belə təhlükəli hesab edirdilər. Belə güman edirdilər ki, bu günahlar törədənlərin həyatına qeybdən təhlükələr yaradacaq. Buna görə də, günahın kəffarəsi kimi yaxşı iş görmək lazımdır.

Bu qəbilələrdə tabuların sayı-hesabı yoxdur. Cənazə, ovçu, balıqçı, əsgər, uşaq, həddi-büluğa çatmaqda olan qız və ya oğlan, hətta bə`zi işlər, o cümlədən müəyyən sözləri demək, yaxud bə`zi məkanlara daxil olmaq da tabu sayılır və onlardan uzaq gəzmək vacib hesab edilirdi.

“Tabu” sözü totemizm ayininin xüsusi əməl və qaydaları barəsində də işlədilir. Bu qayda və əməllərin iki növü var:

1. Ləğv edilmiş;

2. Lazımi əməllər.

Əməllərin bu şəkildə bölgüsü bir növ İslam dininin vacib və haramlar təsnifatına bənzəyir. Totemizm ayinində ləğv edilmiş ədəb və əməllərin ən mühümü aşağıdakılardır:

Qəbilənin totemi hesab olunan heyvanları öldürmək, ətini yemək, totem əşya və bitkilərə hörmətsizlik etmək, hətta onlara toxunmaq və baxmaq. Misal üçün, totemi inək olan qəbilələr onun ətini yeməkdən çəkinməlidir. Amma qəbilə üzvləri xüsusi ayin və mərasimlər keçirərkən öz totemlərinə qovuşmaq üçün təntənəli ritualla onun ətindən yemələri kimi xüsusi hallar istisna olunur.

Ləğv olunan inkari əməllərdən biri də toteməri bir olmayan qəbilənin qızları ilə evlənməkdir. Dini bayram sayılan günlərdə işləmək, yaxud bir şey yemək də eyni qayda ilə haram sayılırdı.

İndi isə Avstraliyanın bə`zi primitiv qəbilələri arasında geniş yayılmış totemist mərasimlərinin bir nümunəsini şərh edirik:

Bu qəbilələrin insanları təzə həddi-büluğa çatmış bir şəxsi üzvlüyə, yaxud qəbiləyə və totemist dəstəyə qəbul etmək istəsələr, əvvəlcə onu müəyyən bir müddət tərki-dünya həyat sürməyə, qadınlarla və hələlik totemizm ayinini qəbul etməyən şəxslərlə görüşməkdən çəkinməyə vadar edirlər. Belə hallarda onun meşələrdə özünə sığınacaq seçməsi daha məqsədəuyğun hesab olunur. Bu halda xörəklərin əksəriyyəti ona haram sayılır, halal olanlar da ya xüsusi şəxslər vasitəsilə onun ağzına qoyulmalı, yaxud özü acından ölməyin qarşısını alacaq miqdarda yeməlidir.

Təzə həddi-büluğa çatmış oğlan uşağı məşəqqətli ruhi məşğələlərlə müşaiyət olunan bu ağır dövrü keçdikdən sonra pak, xalis və mə`nəvi bir halda asketik həyat tərzindən çıxır və bundan sonra dini mərasimlərdə iştirak etməyə icazə alır.

“İntişiyuma” əslində totemizmin ən əsas ayini kimi qeyd olunan mərasimlərdəndir. Bu ayin ilk baharda və yağışlar yağmağa başlayan zaman təntənəli və böyük bir bayram kimi keçirilir. Mərasimdə qəbilənin bütün üzvləri daşlı, kələ-kötür bir yamaca yığılır, tam çılpaq halda oynayıb rəqs etməyə, var gücləri ilə ayaqlarını döyəcləməyə və atılıb-düşməyə başlayırlar. Onlar müəyyən mahnılar oxuyur və həmin halda güllərin tozlarını havaya səpirlər. Onların inancına görə bu əməl əkin-səpinin bərəkətinin çoxalmasına, onların nəslinin artmasına səbəb olur. Bu mərasimi yerinə yetirdikdən sonra qəbilənin bütün üzvləri totem sandıqları müqəddəs heyvanın ətini yemək üçün bir yerə yığışır və bununla da, öz ulu babalarının ruhu hesab etdikləri totem ilə birləşməyi mümkün sayırlar. Qəbilə üzvləri bu mərasimlə öz ulu babalarına qarşı olan sədaqət, vəfadarlıq və həmrəyliklərini nümayiş etdirirlər.

Qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, totemizmdə qəbilənin ulu babası qəbilə üzvlərinin əsli vücudu və kökü hesab olunur. Qəbilənin ulu babası öldükdən sonra ruhunun qəbilənin totemi şəklində zühur etdiyinə görə, o da müqəddəsləşdirilərək sitayiş olunur. Ancaq, məşhur sosioloq Emil Durkim bu fikirdədir ki, totemistlər totemə pərəstiş və onun fövqəladə qüdrətinə inanmaqla yanaşı bütün dünyada tə`siri olan yeganə yaradan və yox edən qüvvəyə də e`tiqad bəsləyirlər. Totemlər bütün bu qüdrətlərdən məhrumdurlar. Dünya səviyyəli bu qüdrətli güc totemlərdə də təcəssüm olunmasına baxmayaraq, dünyanın bütün başqa varlıqlarında mövcuddur. Əlbəttə, varlıqlardan heç biri ilə eyni deyil, bu qüvvə əzəli və əbədi olmuş, totemlərin yaranmasından əvvəl və onlardan sonra da mövcud olmuşdur.

QƏDİM VƏ MÜASİR TOTEMLƏR

Müxtəlif xalqların tarix və ədəbiyyatından qalmış əsərlər aşkar şəkildə göstərir ki, totemizm ayinin təxminən dünyanın hər yerində qədim tayfa və millətlərin böyük əksəriyyətində olduğunu göstərir.

Dünya xalqlarının şifahi və yazılı ədəbiyyatının müasir dövrə gəlib çatmış dastan, nağıl, atalar sözləri uzaq keçmişdə totemə e`tiqadın geniş yayılmasına dəlalət edir. Bu mənbələrdən biri kimi romalıların əfsanəvi dastanlarını və Yupiterin hekayəsini göstərmək olar. Məşhur nəzəriyyəyə görə, öz sevgilisinin diqqətini cəlb etmək üçün o özünü qu quşu formasına salmışdır. Bu hadisə göstərir ki, latınların əsil əcdadı sayılan Ariya qəbilələrindən biri qu quşunu özünə totem seçmişdir. Sonralar, tədricən bu quş ilahiləşdirilmiş və nəticə e`tibarı ilə Yupiter hekayəsi formasına düşmüşdür. Firdovsinin “Şahnamə” əsərində də bu e`tiqadın müxtəlif yönlərini tapmaq olar. Bu əsərdə İranın müxtəlif tayfa və köçəri xalqlarının bayraqları haqda deyir: “ - İran şahının ordusunda xidmət edən hər bir qəbilənin bayrağında müxtəlif rəngli bir ulduz, yaxud heyvanın təsviri var idi. Bu bayraqlar hər bir tayfanın düşərgə saldığı yerlərdə yüksək bir nöqtədə dalğalanırdı. Onların üzərində ayın, ulduzun, canavarın, əjdahanın, filin və s. heyvanlar təsvir olunmuşdu.”


Date: 2015-12-11; view: 794


<== previous page | next page ==>
Dinə yönəlmənin əsas amilləri hansılardır? 1 page | Dinə yönəlmənin əsas amilləri hansılardır? 3 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.017 sec.)