Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 3 page

Əmək-dəyər nəzəriyyəsi mövqeyindən yanaşmaqla D.Rikardo bölgünün bayağı konsepsiyasını ciddi surətdə rədd edir. O, izafi dəyərin başlıca forması olan mənfəətin təhlilində mühüm elmi nəticəyə gəlir. Lakin o, bu mövqedən onu sübut edə bilmir. O, müəyyən edir ki, mənfəət əmtəənin dəyərinin bir hissəsidir və hər bir dəyər kimi onun da mənbəyi muzdlu fəhlənin əməyidir. Deməli, Rikardo məsələyə bu mövqedən yanaşmaqla mənfəətin istismar mahiyyətini açmış olur, fəhlənin və kapitalistin sinfi mənafelərinin əksliyini görür. Belə ki, Rikardoya görə mənfəət faktik olaraq kapitalist tərəfindən ödənilməyən muzdlu əməyin mənimsənilməsi kimi çıxış edir. Lakin Rikardo əməyin ikili xarakterini (təbiətini) təhlil etmədiyi üçün, əməyin məzmunu, onun ictimai forması açılmadığı üçün əməklə iş qüvvəsi biri-birindən fərqləndirilmir. Rikardoya görə əmək əmtəədir və kapitalistlə muzdlu əməkçinin sövdələşməsində əmək reallaşır. O, mənfəətə izafi dəyərin konkret bir forması kimi baxmır. Əslində isə mənfəətlə əmək haqqının tərs proporsional asılılığı izafi dəyərlə iş qüvvəsi dəyərinin biri-birindən asılılığına gətirib çıxarır. Belə ki, mənfəət izafi dəyəri iş qüvvəsinin dəyərinə deyil, bütün kapitala (istehsala qoyulan, avans edilən kapitala) nisbəti əks etdirdiyi üçün sabit kapitalın kəmiyyəti dəyişdikdə o da dəyişdiyi kimi, əmək haqqı dəyişdikdə də o nisbət dəyişir. Bu iki amil biri-birinə əks istiqamətdə də dəyişə bilər.

D.Rikardonun mənfəət nəzəriyyəsinin təhlili göstərir ki, mənfəətlə izafi dəyərin qarışdırılması mənfəət nəzəriyyəsi ilə izafi dəyər nəzəriyyəsinin eyniləşdirilməsinə gətirib çıxarır. İkinci tərəfdən o, mənfəəti bizə məlum olan nisbi izafi dəyərlə qarışdırmış olur. İş ondadır ki, Rikardo iş günü müddətinin dəyişməzliyini və eyni zamanda mənfəətin həcminin əmək məhsuldarlığından bilavasitə asılılığını nəzərdə tutur.



D.Rikardo iqtisadi təhlilində elmi cəhətdən haqlı olaraq əmək-dəyər nəzəriyyəsinə (əmtəənin dəyərinin onun istehsalına sərf olunmuş əməklə yaranmasına) əsaslanır. Digər tərəfdən, əməyi əmtəə hesab etməklə belə nəticəyə gəlir ki, mənfəət yalnız qeyri-ekvivalent mübadilənin nəticəsidir. Beləliklə, əgər Rikardo əmək-dəyər nəzəriyyəsi əsasında çıxış edirsə onda o, izafi dəyər nəzəriyyəsini inkar etməli idi. Əksinə, əgər o, izafi dəyər nəzəriyyəsini (mənfəəti) qəbul edirsə onda o, dəyər nəzəriyyəsini inkar etməli idi.

Digər tərəfdən Rikardonun mənfəət nəzəriyyəsində dəyər nəzəriyyəsi ilə orta mənfəət nəzəriyyəsi arasında ziddiyyət yaranır. Belə ki, Rikardo dəyərin istehsal qiymətinə çevrilməsi prosesinə toxunur, onu həll etməyə çalışır. Bunu əmək-dəyər nəzəriyyəsi ilə əlaqələndirməyə cəhd edir. Lakin bu sahədə müəyyən çətinliklərlə rastlaşır. Son nəticədə orta mənfəət qanununu bilavasitə dəyər qanununa qarşı qoyur və onların arasında ziddiyyət olduğunu qeyd edir, dəyəri istehsal qiymətilə eyniləşdirir. O, orta qiymətlərin dəyərlə uyğun gəlməsini təsadüfi, müstəsna bir hal kimi verir.

Rikardo belə nəticəyə gəlir ki, mənfəət işdə olan işçilərin yaxud onların tutulmasına sərf olunan kapitalın həcminə proporsional olmalıdır. Həqiqətdə isə mənfəətin bütün kapitalın həcminə proporsional olması aydınlaşır. Bununla o, hesab edirdi ki, kapital yeni dəyər yaratmır və bu səbəbə görə mənfəət bütün kapitalın həcminə proporsional olmamalıdır. Ona görə də, bu halda ziddiyyət yaranır və əmək-dəyər nəzəriyyəsinə uyğun gəlmir.

Rikardonun iqtisadi təlimində kapital anlıyışına diqqət yetirərkən sənaye çevrilişi dövründə əmtəə istehsalına sərf olunmuş istehsal vasitələrinin dəyərinin götürülməsi probleminin qoyuluşu böyük əhəmiyyət kəsb edir. Belə ki, bu zaman o, məhsuldar formada külli miqdar kapital yığımı yaratmışdır. Bu məsələyə əvvəllər diqqət yetirilsə də ilk dəfə olaraq problemin qoyuluşunu konkretləşdirmiş və göstərmişdir ki, "Əmtəənin dəyərinə təkcə bilavasitə ona tətbiq edilən əmək deyil, bu əməyə şərait yaradan avadanlığa, maşına, alətlərə, binaya sərf olunan əmək də təsir edir". Lakin Rikardo dövriyyə kapitalının rolunu aydınlaşdırmamışdır. Bu ondan irəli gəlir ki, Rikardonun yaşadığı dövr kapitalın bir tərəfdən əsas və dövriyyə kapitalına, digər tərəfdən isə sabit və diyişən kapitala bölgüsünün aparılmasına ya elmi cəhətdən imkan verməmiş, yaxud da bu onun üçün məqsəd olmamışdır. Bu da öz növbəsində kapitalın üzvi quruluşunu müəyyənləşdirməyə və eləcə də kapitalist iqtisadiyyatının bir sıra mürəkkəb problemlərinin (istehsal qiyməti, mütləq renta, izafi dəyərin konkret formaları, mənfəət normasının azalma meyli qanunu və s.) həlli haqqında müəyyən fikir söylənilməsini çətinləşdirmişdir. Nəticə etibarilə Rikardo kapitalı istehsal vasitələrilə eyniləşdirmişdir.

D.Rikardonun iqtisadi təlimində pul tədavülü və banklar məsələsi mühüm yer tutur. Bu Rikardonun dərin nəzəriyyəçi olması ilə yanaşı, yaşadığı dövrlə də bilavasitə bağlıdır. Belə ki, XYIII əsrin sonu, XIX əsrin əvvəllərində İngiltərədə banknotların qiymətdən düşməsi, onun qızıla dəyişdirilməsinin qadağan edilməsi, qızıl valyutaya qayıtmaq kimi iqtisadi əhəmiyyətli məsələlər müzakirə olunurdu və Rikardo bunlardan kənarda qala bilməzdi.

Rikardo hələ o vaxt pul tədavülü haqqında çox deyildiyini göstərərək yalnız tədavüldə olan pulların kəmiyyətini və onların dəyərini tənzimləyən bəzi qanunların qısa oçerkini verməklə kifayətlənmişdir. Onun fikrincə qızıl və gümüşün dəyəri, eyniylə də bütün digər əmtəələrin dəyəri onların istehsalı və bazara çıxarılması üçün zərüri olan əməyin miqdarına bərabərdir. Qızılın gümüşdən bahalığı ona olan tələbin çoxluğu ilə deyil, qızılın həmin miqdarda gümüşdən əldə edilməsi üçün sərf olunan əməkdən artıq əməyə başa gəlməsi ilə əlaqədardır. İkincisi, ölkədə istifadə oluna bilən pulun miqdarı onların dəyərindən asılıdır. Belə ki, əgər tədavüldə yalnız qızıldan istifadə olunarsa onda onun miqdarı həmin məqsədə istifadə olunan gümüşdən aşağı olar. Yəni qızıl gümüşjən 15 dəfə bahadırsa, onda tədavülə lazım olan qızıl gümüşdən 15 dəfə az olacaqdır. Üçüncüsü, tədavül heç vaxt o qədər bol ola bilməz ki, öz həddindən kənara çıxa bilsin. Çünki tədavül vasitəsinin dəyərini aşağı salmaqla həmin nisbətdə onların kəmiyyətini artırmaq, onların dəyərini artırmaqla isə kəmiyyətini azaltmaq olar. Bununla yanaşı Rikardo İngiltərədə pul kəsilməsi işinə, onun tənzimlənməsinə öz münasibətini bildirir və göstərir ki, tədavül vasitəsi (metal pul nəzərdə tutulur) heç vaxt onların çəkisinin azalmasına bilavasitə proporsional olaraq aşağı salınmamışdır. Bunun da səbəbi odur ki, onların kəmiyyəti heç vaxt metal pulların daxili dəyərinin (çəkisinin) aşağı düşməsinə proporsional olaraq artırılmır.

Rikardonun fikrincə ölkədə pul buraxılışı qaydaya salınmalı və kağız pulların buraxılışı məlum məhdudiyyətlərə və nəzarətə əsaslanmalıdır. Digər tərəfdən, o göstərir ki, hər cür qiymətli metal külçələrinin idxal və ixracına tam azadlıq verilməlidir. Onun fikrincə pulun dəyəri tədavüldə bərqərar olur və onların kəmiyyətindən asılıdır. Belə ki, əgər qızıl pul ölkəyə çox gələrsə onda qiymətlər yuxarı olar, əgər az gələrəsə qiymətlər aşağı olar. Bununla o, ölkədə qızılın toplanmasına müsbət hal kimi baxır və göstərir ki, bu halda qiymətlər yüksəlir, xaricdən ölkəyə mal gətirilməsi faydalı olur. Deməli, ölkənin ticarət balansında qızılla ödənilməli olan vəziyyət yaranır, qızıl ölkədən kənara çıxır, qiymətlərin aşağı düşməsi baş verir. Bu da öz növbəsində xarici malların ölkəyə gətirilməsini məhdudlaşdırır və müvazinət yaranır. Ölkədə qızıl çatışmadıqda vəziyyət əks istiqamət alır və beləliklə, ticarət balanslarını bərabərləşdirən və ölkələr arasında qızılı bölüşdürən avtomatik mexanizm yaranır.

Ümumiyyətlə götürdükdə, Rikardo pul tədavülünün çatışmazlıqlarını göstərməklə yanaşı bazar iqtisadiyyatının inkişaf tələblərinə uyğun gələn pul sistemini hazırlamışdır. O, iqtisadiyyatın inkişafının mühüm şərti kimi sabit pul tədavülünü qəbul edir və bu sabitliyin yalnız qızıla əsaslanan pul sistemində görür. İngilis bankına banknotlar buraxmaq, dövlət vəsaitini idarə etmək hüququ almaq və s. Milli Bank yaratmağı təklif edir. Pul nəzəriyyəsinin əsasına əmək-dəyər nəzəriyyəsini qoyur, qiymətli metallara xüsusi növ əmtəə kimi baxır və onların dəyərini əmək məsrəflərilə müəyyən edir. Digər tərəfdən isə, kağız pul tədavülü ilə qızıl əsasında prinsipial fərq qoymur və hesab edir ki, qızıl da mahiyyət etibarilə dəyərin nişanəsidir və qızıl pullar kağız pula dəyər nişanəsi kimi tam dəyişdirilə bilər. Odur ki, pulu tədavül vasitəsi hesab edir.

D.Rikardonun yaşadığı dövr və ondan da əvvəl İngiltərə üçün xarici ticarət mühüm rol oynamışdır. "Siyasi iqtisadın və vergiqoymanını əsasları" əsərində o, beynəlxalq ticarət mə­sə­lə­lə­rinə, onun reallaşdırılması amillərinə diqqət yetirmiş, öz iqtisadi mülahizələrini söyləmişdir. Onun fikrincə, xarici ticarətin genişlənməsi ölkədə bilavastə dəyərin məbləğini artıra bilməz, amma bu əmtəə kütləsinin, nəticə etibarilə həyat rahatlıqlarının miqdarının sürətlə artmasına səbəb ola bilər. Göründüyü kimi xarici ticarətin açıq, yaxud da qapalı iqtisadiyyat üçün əhəmiyyət kəsb etmədiyi, əmək haqqına və mənfəət normasına təsir etmədiyi, lakin ölkənin sərvətinin və gəlirinin real olaraq artmasına səbəb olacağı təsdiq olunur. Daha sonra Rikardo ardıcıl olaraq təhlil etdiyi üç növ nemətlər arasındakı fərqləri aydınlaşdırmağa çalışır: ölkə daxilində istehsal edilmiş, daxili istehlak üçün nəzərdə tutulmuş nemətlər- parça, ayaqqabı, taxıl, baş geyimləri və s; ölkə daxilində istehsal edilən, lakin ixrac olunan nemətlər; idxal olunmuş dəbdəbə- zinət, bəzək əşyaları, şərab kimi məhsullara olan tələbi elastik hesab olunur. Mahiyyət ondan ibarətdir ki, əgər idxal olunan əmtəələr əmək haqqına əldə olunan əmtəələrdən ibarət deyildirsə mənfəət norması yüksəlməyəcəkdir. Buna baxmayaraq o, idxal olunan dəbdəbə zinət əşyalarının nisbətən ucuz olmasını, istehlakçı kimi kapitalistlərin qənaət etmələrinə səbəb olmasını və kapital yığımını stimullaşdırması fikrini irəli sürür. Bu da öz növbəsində müqayisəli xərclər "coğrafi əmək bölgüsü" qanununa gətirib çıxarır.

Rikardo demək olar ki, ilk iqtisadçıdır ki, xarici ticarəti daxili ticarətdən ayıraraq xüsusi nəzəriyyə kimi irəli sürür. Kapitalın ölkələr arasında hərəkətə qabil olmaması, əmək-dəyər nəzəriyyəsinin milli sərhədlər vasitəsilə aparılan ticarətə aid edilməməsi bu nəzəriyyənin əsasında durur. Belə hesab edilir ki, xarici ticarətdə ölkələr arasında mənfəət norması bərabərləşir. Belə olan halda ölkələr arasında ticarət hərəkəti tənzimləyicisinin nə olacağı, barter ticarətinin nə əsasda müəyyən ediləcəyi suallarına cavab axtarılır və müqayisəli xərclər prinsipinə üstünlük verilir. Müqayisəli xərclər dedikdə bu və ya digər əmtəələr üzrə çəkilən xərclərin bərabər, mütləq və müqayisəli səviyyələri nəzərdə tutulur. Rikardoya görə əgər mövcud ölkə həm yulafı, həm də şərabı az xərclə istehsal edirsə, lakin şəraba nisbətən yulafda onun üstünlüyü çoxdursa, o zaman xərclərin müəyyən nisbətində və mübadilənin müəyyən proporsiyalarında onun üçün, yalnız yulaf, başqa ölkə üçün yalnız şərab istehsal etmək hər halda daha faydalı olar. Müqayisəli xərclər prinsipi və ya müqayisəli üstünlük prinsipi bunu nəzərdə tutur. Bu fərdi mənafe ardınca getmək ən təəccüblü formada hamının ümumi rifahı ilə bağlıdır. Eyni zamanda əməksevərliyə stimul yaradır, fərasətliliyi, bacarığı mükafatlandırmaqla, təbiətin bizə verdiyi bütün qüvvələri müxtəlif millətlər arasında ən faydalı, daha da qənaətli əmək bölgüsünə gətirir. Bütövlükdə məhsul kütləsini artırmaqla o ümumi rifahı yüksəldir, ümumi mənafe və birlik naminə bütün sivil millətləri vahid ümumdünya icması ilə bağlamış olur. Lakin Rikardoya görə bu o şərtlə mümkün olar ki, şərab Fransa və Portuqaliyada, çörək Amerika və Polşada, müxtəlif metal məmulatları və digər əmtəələr İngiltərədə hazırlanmış olsun.

D.Rikardonun vergilər haqqında fikirləri də diqqəti cəlb edir. Onun fikrincə vergilər ölkənin torpağı və əməyinin məhsulundan dövlətin sərəncamına daxil olan hissədir və onlar nəticə etibarilə ya ölkənin kapitalından, yaxud da gəlirindən ödənilir. Rikardo kapitala, istehsal vasitələrində təcəssüm edən yığıma əmək kimi baxır. Ölkənin illik istehsalı onun illik istehlakını əsaslı şəkildə qabaqlayarsa, belə deyilir ki, kapital artır. Ölkənin illik istehlakını illik istehsalı ödəmədiyi halda, belə deyilir ki, kapital azalır. Beləliklə, kapital istər istehsalın artırılması ilə, istərsə də istehlakın (qeyri istehsal istehlakın) azalması nəticəsində arta bilər.

Əgər dövlətin istehlakı əlavə vergilərin alınması nəticəsində artırsa və istehlak istehsalın artırılması yaxud da əhali tərəfindən istehsalın azalması yolu ilə ödənilirsə onda vergi gəlirin üzərinə düşür və milli kapital toxunulmamış qalır. Əgər istehsal artmırsa yaxud əhalinin istehlakı (qeyri-məhsuldar) bütövlükdə azalmırsa, onda vergilər kapitalın üzərinə düşmüş olur. Başqa sözlə, nəzərdə tutulmuş istehsal təyinatlı fonda toxunulur. Ölkənin kapitalı tarazlı (mütənasib) şəkildə azaldıqda onun istehsalı da azalmış olur. Ona görə də xalqın və dövlətin qeyri-istehlak xarakterli xərcləri davam edirsə və əgər illik təkrar istehsal daim azalırsa, onda xalqın və dövlətin resursları artan sürətlə aşağı düşər, nəticə isə dilənçilik və yoxsullaşma ilə bitmiş olar.

Rikardonun fikrincə İngiltərənin timsalında əhalinin artması, əkinçiliyin genişlənməsi, gəmiçilik və sənayenin inkişafı, limanların tikilməsi, ümumiyyətlə qiymətli (burada kapital tutumu nəzərdə tutulur) müəssisələrin tikilməsi həm kapitalın, həm də illik istehsalın artmasına əyani sübutdur. O, qeyd edir ki, əgər vergilər olmasa kapitalın artımı daha da yüksək ola bilər. Bununla Rikardo vergilərin əleyhinə çıxmır və bütün vergilərin ya kapitalın yaxud da gəlirin üzərinə düşdüyünü təkidlə israr edir. Belə ki, əgər vergilər kapitalın üzərinə düşərsə onda ölkənin istehsal fəaliyyətinin həcmini tənzimləyən fond müvafiq olaraq azalmış olur. Əgər vergilər gəlirin üzərinə düşərsə onda ya yığım azalmış olur, yaxud da vergi ödəyicilərini, özlərinin əvvəlki qeyri-məhsuldar (həyati tələbatların ödənilməsi baxımından) istehlakları müvafiq olaraq aşağı salmağa məcbur edir. Bu fikri davam etdirərək Rikardo vergilərin tətbiqi məsələsində göstərir ki, insanların öz ictimai vəziyyətlərini və öz sərvətlərini nail olduqları səviyyədə qoruyub saxlamağa çalışmaları həmişə onları vergilərin gəlirlərdən ödənilməsinə sövq edir. Ona görə də vergi qoyuluşlarının və dövlət xərclərinin artdığı hallarda insanlar müvafiq olaraq öz kapital və gəlirlərini artıra bilmirlərsə onda rahatlıqları üçün istifadə etdikləri nemətlərin (əşyaların) kəmiyyətini azaltmalıdırlar. Buna görə də yığıma olan səyləri mükafatlandırmaq dövlət siyasətində bir vəzifə kimi qoyulmalıdır. O, kapitalın üzərinə düşə biləcək vergiləri heç bir zaman tətbiq etməməlidir. Belə ki, bu əməyin saxlanması fonduna toxunur və bununla da ölkənin gələcək istehsalını aşağı salmış olur.

İngiltərədə bu siyasətə etinasızlıq göstərilmişdir. Belə ki, ölən adamdan sağ qalan adama mülkiyyətin keçməsində, vergilərin qoyulması və vəsiyyətnamənin təsdiq edilməsində rüsumlar tətbiq olunurdu. Əgər 1 min f. st. mirasa 100 f. st. vergi qoyulmuşsa vərəsə mirası 900 f. st.-qə bərabər hesab edir və həmin verginin öz xərcləri üçün nəzərdə tutduğu gəlir hesabına ödəməyə xüsusi həvəs göstərmir. Odur ki, ölkənin kapitalı azalmış olur. Bununla yanaşı, əgər o, həqiqətən 1 min f. st. almış olsa onda vergi kimi nəzərdə tutulmuş 100 f. st.-qi ödəmək üçün yəqin ki, öz xərclərini həmin miqdarda azaltmış olardı və ölkənin kapitalı toxunulmamış qalardı.

D.Rikardo Adam Smitin fikrinə müraciət edərək göstərir ki, mülkiyyət ölən adamdan sağ qalan adama keçərkən vergilər son nəticədə mülkiyyətin verildiyi şəxsin üzərinə düşür. Torpaq satılarkən vergilər bütövlüklə satanın üzərinə düşür. Satıcı həmişə zərurət üzündən bu addımı atır və ona təklif olunan qiymətə razılaşmalıdır. Satıcı isə demək olar ki, almaq üçün heç vaxt məcburiyyətdə qalmır və ona görə də istədiyi qiyməti verməyi zəruri hesab edir. Digər tərəfdən o, torpağın vergi ilə birlikdə neçəyə başa gələcəyində maraqlı olur və verginin məbləği çox olduqda torpağa daha aşağı qiymət qoyulmsı ilə razılaşır. Ona görə də belə vergilər həmişə ehtiyacı olan şəxsin üzərinə düşür və odur ki, tez-tez kəskin, incidici mövqe tutmalıdır.


Date: 2015-12-18; view: 898


<== previous page | next page ==>
D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 2 page | D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 4 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.008 sec.)