Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 2 page

Əmtəənin dəyər kəmiyyətini onun istehsalına sərf olunan əməklə müəyyən etməklə Rikardo bu kəmiyyətin əmək məhsuldarlığının səviyyəsindən ümumi asılılığını görə bilmişdir. Əgər əmtəələrin mübadilə dəyəri onlarda maddiləşən əməyin kəmiyyətilə müəyyən edilirsə, onun artması əmək sərf olunan əmtəənin dəyərini artırmalı, hər cür azalması isə onu aşağı salmalıdır. Əmtəənin dəyərinin onun istehsalına sərf olunan əməklə bağlı olmasını müəyən etməklə Rikardo dəyərin bilavasitə hansı əməklə tənzimlənməsi sualı ilə qarşılaşmış olur. Buna görə də ictimai əmək probleminin qoyuluşu onun xidməti hesab olunur. Belə ki, xırda sənətkarın, manufaktura fəhləsinin və maşınlı fabrik işçisinin eyni növdən olan əmtəələrinin istehsalı zamanı sərf etdikləri əmək ictimai əməkdən əhəmiyyətli dərəcədə fərqlənirlər. Rikardo belə nəticəyə gəlir ki, əmək məhsuldarlığı dəyərin əməklə müəyyən edilməsini aradan qaldırmır. Çünki dəyərin kəmiyyəti məlum əmtəənin hazırlanmasına faktiki sərf olunan əməklə deyil, pis şəraitdə onun istehsalı üçün zəruri olan əməklə tənzimlənir.

Burada Rikardo iqtisadi fikrin əsrlərlə düşündüyü problemin həll edilməsində mühüm addım atır. O, faktiki olaraq fərdi və ictimai zəruri əməyi fərqləndirməklə dəyər qanunu mexanizminin mahiyyətinə toxunmuş olur. Bu həmçinin iqtisad elminin inkişafında da mühüm rol oynayır. Lakin Rikardonun təklif etdiyi qərar, yaxud da dəyərin tənzimlənməsi probleminin həlli məqsədilə gəlinən nəticə heç də tam və dəqiq deyildir. Bu ondan irəli gəlir ki, pis şəraitdə əmtəələrin dəyərini yaradan fərdi əmək məsrəfi dəyər kəmiyyətinin tənzimləyicisi kimi əks etdirilir. Digər tərəfdən, qiymətin əmələ gəlməsində kənd təsərrüfatı, hasilat sənayesi və nadir hallarda emal sənayesi üçün tipik olan proses iqtisadiyyatın bütün sahələrinə aid edilir. Bu da öz növbəsində əmtəələrin dəyər kəmiyyətinin həqiqətən məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılı olduğunun dərk olunmasını çətinləşdirmiş olur.



D.Rikardo dəyərin əməklə müəyyən edilməsində sadə və mürəkkəb əmək məsələsini də qoymuş və bu da öz həllini tapmışdır. Birincisi, o müəyyən edir ki, bu növ fərqləndirilmə dəyərin mənbəyi kimi əməyə baxılmasına maneçilik etmir. Müxtəlif keyfiyyətli əməyin qiymətləndirilməsi bazarda bütün praktik məqsədlər üçün tezliklə kifayət qədər dəqiqliklə müəyyən olunur: "Bununla Rikardo faktiki olaraq bazarda müxtəlif keyfiyyətli əməklərin müəyyən kəmiyyətdə sadə əməklə müqayisə olunmasını, ortaq ölçüyə gətirilməsini görmüşdür. İkincisi, o, belə bir nəticəyə gəlir ki, əməyin müxtəlif səviyyədə mükafatlandırılması əmtəələrin dəyərinin onların istehsalına sərf olunmuş əməklə müəyyən edilməsində mühüm dəyişikliklərə gətirib çıxartmır. O, qeyd edir ki, "müxtəlif keyfiyyətli əmək müxtəlif şəkildə mükafatlandırılır. Bu vəziyyət əmtəələrin nisbi dəyərlərinin dəyişməsinə səbəb olmur", belə ki, əmək haqqı əmtəələrin dəyərini müəyyən etmir.

Bununla birlikdə D.Rikardo müəyyən edir ki, cəmiyyətin siniflərə bölünməsi və gəlirin siniflər arasında bölüşdürülməsi əmtəələrin dəyərinin əmək prinsipi əsasında müəyyən edilməsini aradan qaldırmır.

D.Rikardo muzdlu işçilərin əmək haqqının dəyişməsinin, onların əməyilə yaradılan məhsulun dəyərinə təsiri haqqında məsələyə də xüsusi fikir verir. Özünün dəyər qanununun izahına əsaslanaraq o, əmək haqqının əmtəənin dəyərinə təsirini inkar edir. Rikardo yazır: "əmtəənin dəyəri və ya onun mübadilə olunduğu hər hansı bir əmtəənin miqdarı onun istehsalı üçün lazım olan nisbi əmək miqdarından asılıdır. Bu, əmək üçün haqq kimi verilən çox və ya az mükafatdan isə asılı deyildir", əgər əmək məhsuldarlığında heç bir dəyişiklik baş vermədən əmək haqqı yüksələrsə əmtəənin dəyəri bunun nəticəsində dəyiməyəcəkdir. Digər bərabər şərtlər daxilində bu əmtəələrin satıldığı qiymətə də təsir etməyəcəkdir, yalnız əmtəənin qiymətində əmək haqqı ilə mənfəət arasındakı nisbət dəyişə biləcəkdir.

Renta nəzəriyyəsi Rikardonun iqtisadi təlimində mühüm yer tutur və o, renta münasibətlərinin əsaslı təhlilçisi kimi həmişə xatırlanır. İlk baxışda renta özündə xüsusi, gizli məna daşımır. Maraqlı burasıdır ki, müxtəlif ərazilərdə, torpaqlarda, iqlim şəraitində əkilib yetişdirilməsinə baxmayaraq taxıl istehlakçılar tərəfindən bu fərqlər nəzərə alınmadan qoyulan qiymətlərə alınıb satılır. Taxıla olan tələbat istər yüksək məhsuldarlığa malik olan, istərsə də az məhsuldar olan torpaqlardan istehsal olunan məhsul hesabına ödənilir.

Rikardoya görə renta - yerin pozulmayan qüvvələri və imkan istifadəsindən əldə edilən məhsuldan torpaq sahibinə verilən hissədir. Onu adətən kapitala görə mənfəət və faizlə qarışdırırlar. Hesab edək ki, eyni təbii məhsuldarlığa və eyni sahəyə malik olan iki firma var. Onlardan birində bütün səmərəli təsərrüfat tikintiləri var, qurudulub, gübrələnib və s., digəri isə bu üstünlüklərə malik deyildir. Təbiidir ki, birinci sahənin istifadəsi ikinciyə nisbətən daha çox mükafatlandırılacaqdır. Bununla birlikdə hər iki halda bu mükafatlandırma renta adlandırılır. Yəqin ki, hər il keyfiyyətcə yaxşılaşdırılmış fermaya ödənilən külün bir hissəsi yerin ilkin və pozulmamış qüvvəsinə görə verilir, digər hissəsi isə yerin istifadə üçün yararlı vəziyyətə gətirilməsi üçün sərf olunan kapitala görə verilir.

Bundan başqa əgər bütün torpaqlar eyni xüsusiyyətli, kəmiyyətcə qeyri-məhdud və keyfiyyətcə yekcins olsaydı onda xüsusi əlverişli vəziyyətdə olan torpaqlardan başqa, onlardan istifadəyə görə ödəniş almaq mümkün olmazdı. Deməli, torpaqdan istifadəyə görə həmişə ödəniş ona görə verilir ki, torpaqlar kəmiyyətcə məhduddur, keyfiyyətcə eyni deyildir, əhali artdıqca isə becərilməyə daha aşağı keyfiyyətli və az əlverişli torpaq sahəsi daxil olur. Cəmiyətin inkişafı ilə məhsuldarlığına görə becərməyə ikinci dərəcəli torpaq daxil olur. Bu zaman birinci dərəcəli torpaq üçün renta əmələ gəlir və həmin rentanın həcmi bu iki torpaq sahəsinin fərqini müəyyən etmir.

Rikardo öz təhlilində belə nəticəyə gəlir ki, əgər yaxın torpaqlar çox olsaydı və köhnə torpaqlara daim qoyulan kapitalın gəliri azalmasaydı rentanın səviyyəsi yüksəlməzdi. Çünki daimi renta ona görə baş verir ki, əlavə miqdar əmək tətbiqi proporsional olaraq az gəlir gətirir. Becərməyə aşağı keyfiyyətli torpaq daxil olduqca xam materialın mübadilə dəyəri yüksəlir. Belə ki, onların istehsalı üçün daha çox əmək tələb olunur. Deməli, çörək bahadır ona görə yox ki, renta ödənilir, renta ödənilir ona görə ki, çörək bahadır. Rikardo fiziokratların "renta (onlar bunu xalis məhsul adlandırır) təbiətin bəxşişidir" fikrinin səhv olduğunu sübut etmişdir. O, həmçinin Smitin də rentaya baxışında ardıcıl olmadığını görə bilmişdir. Smit dəyərin mənbəyinin əmək olduğunu qəbul etməsinə baxmayaraq, yenə də əkinçilikdən əldə olunan gəlirin bir hissəsinin öz yaranmasına görə təbiət qüvvəsinin hesabına olduğunu israr edirdi. Qeyd etmək lazımdır ki, renta nisbətən məhsuldar olan torpaq sahəsi hesabına torpaq sahibinin payına düşən artıq məhsul deyil. Təbiət rentanın yaranmasında iştirak etmir, o qiymətin səviyyəsini müəyyən etmir. Rikardo yazır ki, "çörəyin dəyəri onun istehsalına sərf olunmuş əməyin kəmiyyətilə tənzimlənir". Deməli, "çörək bahadır ona görə yox ki, renta ödənilir. Renta ödənilir ona görə ki, çörək bahadır... Əgər torpaq sahibi özünün bütün rentasından imtina etmiş olsaydı belə, çörəyin istehsalına çəkilən məsrəflər, eləcə də çörəyin qiyməti əvvəlki səviyyədə qalmış olardı".

Smitin "əkinçi daha yüksək əmək məhsuldarlığına malikdir, ona görə ki, bu spesifik sahədə əməklə yanaşı dəyərin yaranmasında təbiət də iştirak edir" fikrinə Rikardo öz etirazını bildirir. O göstərir ki, "məgər emal sənayesində təbiət insan üçün heç bir şey etmir? Məgər maşınları və gəmiləri hərəkətə gətirən külək və suların gücü sıfıra bərabərdirmi? ... Sənayenin elə bir sahəsini göstərmək olmazmı, təbiət insana əvəzsiz və səxavətlə kömək etməmiş olsun".

Rikardo diferensial rantanın mövcudluğunu qəbul edir və onu ilk dəfə olaraq dəyərin ümumi nəzəriyyəsi əsasında izah edir. Rentanın mənbəyini hər hansı bir səxavətdə deyil, torpağa tətbiq olunan əməkdə görür. O göstərir ki, kənd təsərrüfatı məh­sul­la­rının qiyməti pis sahələrdəki əmək məsrəflərilə müəyyən olunur. Orta və yaxşı torpaqlar əlavə gəlir verir, bu həmin torpaqlardakı istehsal xərclərindəki fərq kimi çıxış edir. Əldə olunan əlavə gəlir renta formasında torpaq sahiblərinə çatır. O, mütləq ren­ta­nı inkar edir və torpağın münbitliyinin azalması qanununu qəbul edir.

Əmək haqqı məsələsini bilavasitə təhlil edərkən Rikardo yazır ki, bütün cisimlər alınır, satılır və onların kəmiyyəti bazardan asılı olaraq artıb-azala bildiyi kimi əmək də özünün təbii və bazar qiymətinə malikdir. Əməyin təbii qiyməti fəhlələrin yaşaması və saylarını artırıb-azaltmadan nəsillərini davam etdirməsi üçün zəruri olan qiymət hesab olunur. Bu səviyyədə həyat tərzini təmin etməsi üçün fəhlənin özünü və ailəsini yaşada bilmək qabiliyyəti təkcə onun əmək haqqı kimi aldığı pulun miqdarından deyil, həmin adla ala biləcəyi (yaşayış vərdişlərinə görə) zəruri həyat vasitələrinin miqdarından bilavasitə asılıdır. Ona görə də əməyin təbii qiyməti bu şeylərin qiyməti ilə bağlıdır. Bunların qiyməti artdıqca əməyin təbii qiyməti artır, aşağı düşdükcə isə azalır.

Rikardo həmçinin göstərir ki, cəmiyyət inkişaf etdikcə əməyin təbii qiymətində həmişə yüksəlmə meyli vardır. Əmək və xammaldan başqa bütün əmtəələrin təbii qiyməti cəmiyyətin və əhalinin tərəqqisi ilə bağlı olaraq aşağı düşməyə meyl edir.

Əməyin bazar qiyməti tələb və təklif arasındakı təbii təsir nisbətinin dəyişməsilə ona ödənilən həqiqi qiymət hesab olunur. Lakin əməyin təbii qiymətilə bazar qiyməti arasındakı fərqlənmə peşə dəyişirsə dəyişən əmtəələrin qiyməti kimi onunla uy­ğun­la­ş­ma meylinə malikdir.

Beləliklə, Rikardo hesab edir ki, fəhlə öz əməyini satır və əmək haqqını əməyin təbii qiyməti adlandırır. O, əmək haqqının minimum yaşayış vasitələrinin dəyərini keçməməsini qeyd edir. O, Maltusa əsaslanaraq hesab edir ki, əmək haqqı kapitalizmin özündən doğan spesifik qanunları üzündən deyil, ümumi təbii qanun nəticəsində sərt fiziki minimum hüdudlarında qalır. Belə ki, orta əmək haqqı yaşayış vasitələri minimumundan bir qədər artıq olan kimi fəhlələr daha çox uşaq törədib tərbiyə edə bilərlər, bu da əmək bazarında rəqabəti gücləndirmiş olar və əmək haqqı yenidən aşağı düşər. Onun fikrincə əməyin bazar qiyməti onun təbii qiymətindən yüksək olduqca fəhlə özünün çiçəklənən və xoşbəxt vəziyyətinə çatır, ona görə də daha çox artım imkanına malik olur. Əmək haqqının fəhlənin və onun ailəsinin yaşayış vasitələrinin dəyəri ilə müəyyən edilməsi Rikardo tərəfindən öz sələflərindən qəbul edilmişdir. O, Maltusun əhali nəzəriyyəsinin əsas prinsiplərini qəbul edir və əsas etibarilə cəmiyyətin üç əsas sinfinin ilkin gəlirləri olaraq əmək haqqı, mənfəət və renta haqqında Smitin baxışlarını inkişaf etdirmişdir.

Rikardonun fikrincə əməyin bazar qiymətinə tələb və təklif təsir göstərirsə, onun əsasını əməyin təbii qiyməti, yaxud əməyin dəyəri təşkil edir. Onun təsəvvürünə görə əgər çörəyin qiyməti artdığı şəraitdə əmək haqqı artmazsa, fəhlələr acından ölməyə və onların nəsli kəsilməyə başlayar. Bu baxımdan o, dövlətin əmək bazarının fəaliyyətinə qarışması mövqeyindən çıxış edir.

Əhalinin artması, daha çox yaşayış vasitələrinin tələb olun­­ması, qızılın dəyəri, onun miqdarı, əmək məhsuldarlığı, mün­bit­ torpaqların bolluğu, kapital artımı, qiymətlərin dəyişməsi və s. məsələlərə toxunaraq əmək haqqı ilə bunları əlaqələndirməklə Rikardo yazırdı ki, əmək haqqının yüksəlməsi, ümumiyyətlə o zaman baş verir ki, sərvətin və kapitalın çoxalması əməyə yeni tələb yaratsın, bu da qeyri-şərtsiz olaraq əmtəələrin istehsalının artırılması ilə müşahidə olunur. Hər dəfə əvvəlkindən çox miqdarda əmtəələr tələb olunduqda onları əldə etmək üçün lazım olan əmtəələrin dəyərilə müqayisədə onun nisbi dəyəri yüksəlmiş olur. Əgər daha çox qızıl lazım gələrsə, onda onun qiyməti yüksələr, inflyasiyanın qiyməti aşağı düşmüş olar, çünki əvvəlki miqdar qızıl əldə etmək üçün indi daha çox qızıl və digər bütün şeylər zəruri olar. Belə olan halda əmək haqqının artmasına görə əmtəələrin qiymətləri yüksəlmişdir, deməklə biz bilərəkdən ziddiyyətə yol vermiş oluruq. Əvvəlcə biz deyirik ki, tələbin artması nəticəsində, qızılın nisbi dəyəri yüksəlir, sonra isə qiymətlər yüksəldiyi üçün onun nisbi dəyəri aşağı düşür. Məsələnin bu növ qoyuluşu tamamilə bir-birinə uyğun gəlməyən şeydir. Belə ki, əmtəələrin qiymətləri yüksəlmişdir demək, pulun nisbi dəyəri aşağı düşmüşdür demək kimi bir şeydir. Ona görə ki, qızılın nisbi dəyəri əmtəələrlə müqayisədə hesablanır. Əgər bütün əmtəələrin qiymətləri yüksəlmişdirsə onda bu bahalı əmtəələrin alınması üçün lazım olan qızıl xaricdən axa bilməz. Əksinə, belə halda qızıl ölkədən kənara axmış olar və nisbətən ucuz olan xarici əmtəələrin əldə edilməsi üçün istifadə edilmiş olardı.

Beləliklə görünür ki, metalın evdə (ölkədə), yaxud da xaricdə istehsal olunmasından asılı olmayaraq, əmək haqqının yüksəlməsi əmtəənin qiymətini qaldırmır. Əlavə pul miqdarı olmadan - tədavülə əlavə pul kütləsi daxil olmadan eyni vaxtda bütün əmtəələrin qiyməti yüksələ bilməz. Əlavə və ya hər hansı pul miqdarının (qızılın) xaricdən alınması, yaxud daxil olması üçün ölkədə əmtəələr baha yox, ucuz olmalıdır. Qızılın ixracı və onun alınmasına sərf olunan ölkə əmtəələrinin bütövlüklə eyni vaxtda qiymətlərinin yüksəlməsi bir araya sığa bilməz. Kağız pulların geniş miqyasda istifadəsi vəziyyəti dəyişdirmir. Ona görə ki, kağız pullar qızılın dəyərinə uyğun, yaxud ona müvafiq olmalıdır. Odur ki, onların dəyərinin dəyişməsinə amillər təsir edir ki, metal pulun da dəyərinə təsir etmiş olsun.

Nəticə etibarilə bütün cəmiyyətlərdə əhalinin nisbətən çox hissəsinin rifahını və əmək haqlarını idarə edən qanunlar belədir. Bütün digər müqavilələrdə və razılaşmalarda olduğu kimi əmək haqqının miqdarının müəyyən edilməsi azad bazar rəqabətinin ixtiyarına verilməlidir və heç vaxt qanunvericilik müdaxiləsinin nəzarətində olmamalıdır.

Rikardonun fikrincə yoxsullar haqqında verilən qanunlar onların vəziyyətinin yaxşılaşmasına doğru yox, əksinə, həm yoxsulların, həm də varlıların vəziyyətinin pisləşməsinə doğru aparır. O hesab edir ki, fəhlənin taleyində yoxsulluq böyük bədbəxtlikdir. Bu bədbəxtlik ya ərzaq məhsullarının, yaxud da insan çatışmazlığından irəli gəlir. Ona görə də qeyri-mümkün olan şeyin dalınca qaçmaqla mümkün olan yaxşını da itirə bilərik və yazşı olar ki, bu gücün həddini öyrənək. Bu fikri davam etdirərək Rikardo qeyd edir ki, yoxsulluğun təbiəti özü onun dərmanını göstərir. Yoxsullar haqqında qanunların tətbiqi sferasını getdikcə məhdudlaşdırmaq, onlara asılı olmamağın dəyərliliyini başa salmaq, onları sistemli olmayan, yaxud təsadüfi xeyirxahlığa öyrətmək əvəzinə, onları öz gücünə inandırmaqla biz tədricən nisbi normal və sağlam vəziyyətə gələ bilərik. O, hesab edir ki, yeni yaradılmış dəyər iki hissədən - əmək haqqı və mənfəətdən ibarətdir; əmək haqqı və mənfəət yalnız əks nisbətdə diyişə bilər. Belə ki, əgər əmək haqqı artarsa onda mənfəət aşağı düşür və əksinə, mənfəət artarsa, əmək haqqı aşağı düşür. Rikardonun bu fikrə gəlməsi heç də təsadüfi olmamışdır. Əmək- dəyər nəzəriyyəsinə əsaslanmaqla o, kapitalistlərin bütün gəlirlərinin - mənfəət, torpaq rentası və faiz vahid bir ümumi əsasa söykənməsini görmüşdür. Baxmayaraq ki, o, izafi dəyər qanunu məsələlərini açmamışdır, amma dəyərin yeganə mənbəyinin əmək olmasına əsaslanmaqla istehsalda iştirak etməyən siniflərin, sosial qrupların gəlirlərinin özgə əməyinin ödənilməyən hissəsinin mənimsənilməsinin nəticəsi olduğunu aydın şəkildə təsəvvür etmişdir. D.Rikardo, A.Smit kimi kapitalizm cəmiyyətində üç əsas sinfin mövcudluğunu - kapitalist, muzdlu fəhlə, torpaq sahibləri müəyyən etmişdir. Lakin Smitdən fərqli olaraq Rikardo bu siniflər arasında iqtisadi ziddiyyət olduğunu görmüş və əmək-dəyər nəzəriyyəsi mövqeyindən onlar arasında "daxili əlaqəni" göstərmişdir. D.Rikardonun bu nöqteyi-nəzəri biri-birinə əks proporsional asılılıqda olan mənfəət və əmək haqqı, eləcə də mənfəət və torpaq rentası konsepsiyasında öz əksini tapır.


Date: 2015-12-18; view: 792


<== previous page | next page ==>
D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 1 page | D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 3 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.009 sec.)