Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 1 page

Rikardo ingilis klassik siyasi iqtisadının sonuncu nümayəndəsi olmaqla onun iqtisadi sistemi Smitin sistemindən fərqli olaraq özünün nisbətən tamlığı, bütövlüyü, məntiqi quruluşu, ardıcıllığı ilə xarakterizə olunur. Xarici formasına görə Rikardonun sistemi bir çox hallarda Smitin, hətta Tyurqonun sistemindən fərqlənir. Lakin Rikardonun əsərində kompozisiya uyğunluğu baxımından ciddi bir monizm, bir ümumi prinsip baxımından dərin vəhdətlik gizlənmişdir. Əsərinin ilk fəsillərindən görünür ki, Rikardonun bütün sistemi dəyərin əməklə müəyyən olunması prinsipinə köklənir. Onun təlimində iqtisadi nəzəriyyənin dövrün gündəlik məsələləri ilə sıx əlaqələndirilməsi və tədqiqatının vahid ümumi konsepsiya əsasında qurması ən mühüm xüsusiyyətdir. Rikardo iqtisadiyyatı mürəkkəb bir sistem kimi tədqiq edir və burada obyektiv iqtisadi qanunların fəaliyyətini qəbul edir. Bununla yanaşı, bu qanunların fəaliyyətini təmin edən mexanizmlərin mövcudluğunu göstərmiş olur. İqtisadi siyasət məsələsində dövlətin iqtisadiyyata nüfuzunun məhdudlaşdırılması və azad rəqabət tərəfdarı kimi çıxış edir. Rikardo kapitalist təsərrüfatının fəaliyyət mexanizminin öyrənilməsi üzrə Smitin işini davam etdirir. Mövcud siyasi iqtisadın ənənələrinə uyğun olaraq təsərrüfatın inkişafının hərəkətverici qüvvəsini şəxsi maraq və xüsusi sahibkarlıq hesab edir. Məhsuldar qüvvələrin inkişafına böyük əhəmiyyət verir və sahibkarlığın rolunu bu vəzifənin həyata keçirilməsində görür. Bu baxımdan sənaye burjuaziyasının mənafeyini müdafiə edir və başqa siniflərdən üstün tutur.

Rikardonun tədqiqat metodu ilə əlaqədar göstərmək olar ki, o, öz sisteminin əsasını siyasi iqtisadın əmək-dəyər kateqoriyasına qoymaqla deduksiyanı tətbiq edir. O hər vəchlə göstərməyə çalışır ki, burjua cəmiyyətinin iqtisadi kateqoriyaları - əmək haqqı, mənfəət, renta- dəyərin ifadəsindən başqa bir şey deyildir. Rikardo onları dəyərdən ayırıb nəzəri cəhətdən dəyərin təzahür formaları kimi inkişaf etdirmək istəyir.



Rikardo ingilis klassik siyasi iqtisadının başa çatdırıcısı olmaqla onun metodunun da işlənməsinin yekunlaşdırıcısı hesab olunur. Lakin metodologiyada o, sələflərinin də yaradıcılığında yol verilən empirizmə bağlılığın aradan qaldırılması xəttini tutmuşdur. O deduksiya və sintezin tətbiqini inkişaf etdirmiş, eyni zamanda induksiya və analizdən də imtina etməmişdir.

Rikardonun müasir fəlsəfə ilə əlaqəsindən danışılırsa, onun metoduna Qobbas və Dekartın fəlsəfəyə göstərdikləri yeni ideyalar təsir etmişdir. Bu ideyalar riyaziyyatın inkişafı ilə əlaqədar olub, onun təbii biliklər sferasına tətbiqilə bağlı olmuşdur. Burada söhbət siyasi iqtisadda riyazi tədqiqat metodunun tətbiqindən getmir. Rikardo öz sisteminin işlənməsində riyazi metod sistemi mühakiməsindən istifadə etmişdir.

Rikardo öz sisteminin əzəlini haradan götürmüşdür? O, dəyərin əməklə müəyyən edilməsini necə əsaslandırmışdır və nə üçün bunu öz sisteminin özülü hesab etmişdir kimi suallara cavab axtarmalı olsaq aşağıdakıları söyləmək olar: O, dəyərin əməklə müəyyən edilməsinin düzgün olub-olmamasının sübut edilməsinə xüsusi əhəmiyyət verməmiş və iki məqama söykənmişdir. Birincisi, mövcud, təcrübi və tarixi fakt olan "arzu olunan, bütün nemətlərin əksər hissəsinin əməklə əldə edilməsi". O nemətlər ki, bilavasitə təbiət tərəfindən verilir və onun yaradılmasında əmək iştirak etmir, dəyəri yoxdur və əməklə müəyyən olunmur. İstisna olaraq nadir əmtəələr bu cür müəyyən olunma sferasından kənarda qalır. Bu qayda Rikardoda heç bir şübhə doğurmur. Belə ki, cəmiyyətin inkişafının ilkin inkişaf mərhələlərində əmtəələrin dəyəri onların istehsalına sərf olunan əməyin miqdarından asılı olmuşdur. Sondakı inkişaf mərhələlərində bu əmək sərfinə istehsalda istehlak olunmuş istehsal vasitələri məsrəfləri, "Kapital" məsrəfləri də əlavə olunur. İkincisi, Rikardo əmək-dəyər nəzəriyyəsini öz sələflərindən düzgün hesab edərək mübahisəsiz qəbul etmişdir. Bu siyasi iqtisadın iki yüz illik təcrübəsinin mahiyyəti idi. D.Rikardo bu elmi nəzəriyyənin davamçısı olmuşdur.

Rikardonun iqtisadi təlimində onun mövqeyinin xüsusiyyətlərindən biri siyasi iqtisadın predmetinin bölgü sferasının öyrənliməsində görməsidir. O, hesab edir ki, iqtisad elminin problemi gəlirlərin bölgüsünü tənzimləyən qanunu tapmaqldan ibarətdir. "Siyasi iqtisadın və vergi qoyuluşunun əsasları" əsərində yazır: "Torpağın məhsulu - əmək tətbiqi, maşın və kapitalın birləşməsilə onun səthindən alınan nə varsa - cəmiyyətin üç sinfi arasında bölüşdürülür: bilavasitə torpaq sahibləri, pul və yaxud kapital mülkiyyətçiləri və onu əməyilə becərən işçilər. Lakin torpağın bütün məhsulundan bu siniflərə "renta", "mənfəət" və "əmək haqqı" adı altında çatan pay cəmiyyətin müxtəlif inkişaf mərhələlərində olduqca müxtəlifdir. Bu bölgünü idarə edən qanunların müəyyən edilməsi siyasi iqtisadın başlıca vəzifəsidir.

Rikardo bütün gəlirlərin yeganə mənbəyinin əmək olduğunu göstərərək belə bir nəticə çıxardır ki, siniflərin mənafeyi müxtəlifdir, bir-birinə ziddir. Lakin o, siniflərin mənafeyinə yalnız istehsalın inkişafı, millətin sərvətinin artması nöqteyi-nəzərindən baxmışdır. Yəni o, öz təhlil obyektindən istehsal sferasının təhlilini kənar etmir. Bununla birlikdə, bölgü sferasını vurğulamaqda istehsalın ictimai formasını siyasi iqtisadın bila­va­sitə predmeti kimi ayırmaq məqsədini güdür. Lakin bu problem Rikardo tərəfindən özünün tam elmi həllini tapmamışdırsa da klassik məktəbin başa çatdırıcısının əsərlərində məsələnin bu şəkildə qoyuluşu mühüm əhəmiyyət kəsb edir.

D.Rikardo əsərlərində faktiki olaraq cəmiyyətin məhsuldar qüvvələrindən fərqli olaraq insanların istehsal münasibətlərini ayırmaq və onu siyasi iqtisadın predmeti elan etmək səyi aydın görünür. Bu siyasi iqtisadın predmetinin elmi təhlilində mühüm addım idi. Lakin, o, insanların istehsal münasibətlərini xüsusi sosial hadisə kimi açmamış və bu kateqoriyanı şərh etməmişdir.

D.Rikardo iqtisadi hadisələrin tədqiqinin elmi metodunun işlənməsində mühüm addım atmış və siyasi iqtisad tarixində ilk dəfə olaraq kapitalizmin iqtisadi nəzəriyyəsinin əsasına anlaqlı şəkildə əmək-dəyər nəzəriyyəsini qoymuşdur ki, bu də kapitalist münasibətləri üçün ümumi, xüsusilə də əmtəə münasibətləri üçün tipik olan xüsusiyyətləri əks etdirir. Rikardonun kapitalizmin təhlilində ilk dəfə şüurlu olaraq əmək-dəyər nəzəriyyəsinə əsaslanması məsələni əhəmiyyətli şəkildə dəyişmiş və kapitalist iqtisadiyyatının fərdi, eləcə də xüsusi hadisələrini deyil, onların daxili əsası nöqteyi nəzərdən məcmu halda elmi təhlilinə şərait yaratmışdır. İqtisadi hadisələrə yeni baxış metodu həmçinin bir çox hallarda Smitin iqtisadi ziddiyyətlərinin aradan qaldırılmasında Rikardoya imkan vermişdir.

§3. D.RİKARDONUN "SİYASİ İQTİSADIN VƏ VERGİ QOYULMASININ ƏSASLARI" ƏSƏRİ VƏ İQTİSADİ

NƏZƏRİYYƏLƏRİ

 

"Siyasi iqtisadın və vergi qoyulmasının əsasları" əsəri D.Rikardonun əsas və qiymətli əsəri hesab olunur. O, parlamentin üzvü olduğu üçün sessiyalar dövrü onun bütün vaxtını alırdı. İqtisadi problemlər Rikardonun parlament fəaliyyətində mühüm yer tutsa da 1819-1923-cu ildəki bütün əsərləri parlamant fəaliyyəti ilə bağlı idi. Bu əsərlərdən başlıcaları çörək qanunlarına və dövlət borcuna həsr olunmuşdur. Rikardo yay aylarında elmlə məşğul ola bilir və əsərin üçüncü nəşri üzərində işləməklə dəyər, torpaq rentası, maşınların tətbiqinin iqtisadi nəticələri problemləri üzərində gərgin fikirləşməkdə davam edirdi. 1823-cü ilin sentyabrında 51 yaşında qəflətən Getkemb-parkda vəfat etmişdir.

Əsərin üçüncü nəşri üç hissəyə bölünən 32 fəsildən ibarətdir. Müəllifin əsas iqtisadi fikirləri 7 fəsildən ibarət birinci bölmədə şərh olunur. Xüsusilə də dəyər və renta haqqında məsələlər birinci iki fəsildə - dəyər haqqında və renta haqqında- şərh olunur. Qalan 27 fəsildən 12-si vergi məsələlərinə həsr edilir. 13 fəsil isə müxtəlif əlavələr, digər iqtisadçıların, əsas etibarilə Smitin, Maltusun və Seyin ünvanına söylənilmiş fikirlər və tənqidi mülahizələri əhatə edir. Bu əsərlə Rikardo K.Marksın ifadəsilə desək, "Burjua sistemi fiziologiyasının çıxış nöqtəsinin əsasını" təhlil edir. Bilavasitə bu əsərdə bəşəriyyətin keçdiyi bütün tarixi, iqtisadi, sosioloji inkişaf mərhələlərində müəyyən mülahizələr, ideyalar, fikirlər söylənilmədən keçinmək mümkün olmayan, elmi-iqtisadi mübahisələrə səbəb olan dəyər anlayışını və eləcə də dəyər qanununu inkişaf etdirmişdir. Kitabda birinci fəsil "dəyər haqqında" adlanır.

İqtisadi hadisələrin öyrənilməsində Rikardonun metodologiyası abstraksiyadan istifadə və siyasi iqtisad sisteminin işlənməsinə əsaslanmaqla iqtisadi nəzəriyyənin əsasına dəyər nəzəriyyəsinin qoyması təsadüfi deyildir. Rikardoya görə bu kateqoriyanın izah edilməsində qeyri-müəyyənliyin aradan qaldırılması "Siyasi iqtisad üçün ən yüksək mənada mühüm əhəmiyyət kəsb edir". Bu problemə baxarkən o, Smit tərəfindən söylənilən ideyanı davam etdirir, eyni zamanda bir sıra məqamlar üzrə onunla qələm mübahisəsinə girir.

Rikardo özünün "Siyasi iqtisadın və vergi qoyulmasının əsasları" əsərində A.Smitin "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" əsərində dəyər ifadəsinin izahında belə bir məqama diqqət yetirir. Smit yazır: "Dəyər sözü iki müxtəlif əhəmiyyətə malikdir: bəzən o hər hansı cismin faydalılığını göstərir, bəzən isə həmin cisim başqa cisimlərin əldə edilməsi üçün imkan verir. Birincini istehlak dəyəri adlandırmaq olar, ikincini - mübadilə dəyəri. Daha çox istehlak dəyərinə xas olan cisimlər çox vaxt cüzi mübadilə dəyərinə malik olurlar yaxud da buna heç malik olmurlar; əksinə, daha çox mübadilə dəyərinə malik olan cisimlər çox vaxt cüzi istehlak dəyərinə malik olub, yaxud da heç ona malik olmurlar"[1]

Rikardo göstərir ki, hava və su həddən artıq faydalıdırlar, onlar yaşamaq üçün zəruridir, lakin adi şəraitdə onların əvəzində mübadilə ilə heç nə almaq mümkün deyildir. Əksinə, qızılın hava və su ilə müqayisədə istehlak dəyəri çox azdır, lakin çox miqdarda başqa nemətlərə mübadilə olunur. Beləliklə, faydalılıq mübadilə dəyəri üçün nə qədər zəruri olsa da onun ölçüsü ola bilməz. Faydalılıq, faydalı əmtəələr öz mübadilə dəyərlərini iki mənbədən götürürlər. Bu onların nadir olması və əmtəələrin istehsalına daha çox əmək sərf olunmasının tələb edilməsidir. Nadir əmtəələr dedikdə, bu az bir qrup məhsullara aid edilməlidir və hansı ki, həmin əmtəələr azad surətdə yenidən təkrar istehsal (bərpa) olunmur və ya uzun müddət məşhur anbarlarda saxlanılmış olur.

Dəyər haqqında ümumi qanunauyğunluğa gəldikdə Rikardonun fikrincə əmtəələrin dəyəri onların istehsalına çəkilən əməklə düz və əmək məhsuldarlığı ilə tərs mütənasibdir. O, ilk dəfə olaraq əməyi fərdi və ictimai zəruri əməyə bölür və göstərir ki, dəyər fərdi əməklə deyil, zəruri əməklə müəyyən olunur.

Rikardo Smitin dəyərin yalnız kapitalın və muzdlu əməyin olmadığı "cəmiyyətin ibtidai vəziyyətində" əməklə, iş vaxtı ilə müəyyən olunması fikrini qəbul etmir və dəyər qanununun kapitalizm şəraitində tam surətdə tətbiq olunduğunu göstərir. Bundan başqa, Smitin "müasir cəmiyyətdə dəyər faktiki olaraq əmtəənin istehsalından və realizə olunmasından alınan əmək haqqı, mənfəət və renta şəklində gəlirlərin məcmusu ilə müəyyən olunur" kimi fikri Rikardonun ciddi məntiqi zəkası üçün əl vermirdi. Çünki dəyər qanunu kimi belə əsaslı qanun cəmiyyətin inkişafı ilə tam dəyişə bilməz. Rikardo deyirdi ki, bu ola bilməz; dəyərin iş vaxtı ilə müəyyən edilməsi mütləq, ən ümumi qanundur. Smitin və xüsusən onun davamçılarının baxışlarından belə çıxırdı ki, pul, əmək haqqının artması (ümumiyyətlə, dəyişməsi) əmtəələrin dəyərində və qiymətlərində müvafiq dəyişiklik əmələ gətirməlidir. Rikardo bu fikri qətiyyətlə rədd edərək göstərir ki, əmtəənin dəyəri və ya onun mübadilə olunduğu hər hansı bir digər əmtəənin miqdarı onun üçün lazım olan nisbi əmək miqdarından asılıdır, bu, əmək üçün haqq kimi verilən çox və ya az mükafatdan isə asılı deyildir. Əgər əmək məhsuldarlığında heç bir dəyişiklik baş vermədən əmək haqqı yüksələrsə əmtəənin dəyəri bunun nəticəsində dəyişməyəcəkdir.

A.Smit, həmçinin dəyər haqqında öz təhlilində göstərir ki, "hər bir əmtəənin həqiqi qiyməti" ona sərf olunan əmək və onu əldə etmək istəyindən asılıdır. Odur ki, o, Rikardoya mübadilə dəyərinin köklü mənbəyini nə qədər düzgün müəyyən etsə də A.Smit bu işdə ardıcıl olmamışdır. Rikardo daha da irəliyə gedərək göstərir ki, əmtəələrin dəyəri bazarda nə məqsədə və hansı miqdarda məhsul almaq istəyi və imkanı ilə deyil, "onlarda maddiləşmiş əməklə" bu və ya digər məhsulun istehsal məsrəfləri ilə müəyyən olunur. Əmtəələrin dəyərlərinin dəyişməsinə səbəb onların istehsalının çox və ya az yüngüllüyü, başqa sözlə, əmək miqdarının çoxalması və ya azalmasıdır. Daha dəqiq demiş olsaq "cisimlərin dəyəri onlara sərf olunan əməkdən asılıdır".

Rikardo istehsal olunan məhsulların dəyərinə onun ya­ra­dıl­ma­sında iştirak edən əsas kapitalın dəyərini də daxil etməklə Smitin mövqeyinə düzəliş verir. O göstərir ki, əmtəənin dəyərində təkcə onun istehsalına bilavasitə sərf olunan əmək deyil, maddiləşmiş əmək də iştirak edir. Başqa sözlə, maşın və avadanlığa sərf olunan əmək, onların vasitəsilə tətbiq olunur. Yəni əmək vasitələri başqa insanların əməyi ilə yaradıla bilər, lakin onların köməyi ilə başqaları əmək sərf edirlər. Belə ki, məhsulların qiyməti həm bilavasitə məhsul istehsalına sərf olunan əməyə, həm də maşın və avadanlıqda maddiləşmiş əməyə nisbətən müəyyən olunur.

Rikardo Smitdən fərqli olaraq dəyərlə sərvət arasındakı fərqə də ciddi aydınlıq gətirmiş, onların eyniləşdirilməsini düzgün hesab etməmişdir. Smitə görə "insanın varlı və ya kasıb olması onun zərüri yaşayış vasitələrindən, rahatlıq və zövqdən istifadə etmək səviy­yə­sindən asılıdır".

Bu fikrin sonrakı aydınlığı baxımından Rikardo göstərir ki, dəyər əhəmiyyətli dərəcədə sərvətdən fərqlənir və nəticə etibarilə ondan bolluğa görə deyil, istehsalın yüngüllük və ya çətinliyindən asılıdır. İnsanın varlı yaxud yoxsulluğu onun sərəncamında olan yaşayış vasitələri və zinət şeylərinin (qiymətli şeylərin) miqdarından asılıdır. Pula, çörəyə, yaxud əməyə nisbətdə götürülməklə bu cisimlərin mübadilə dəyəri necə dəyişirsə-dəyişsin, o istər çox yüksək, yaxud çox aşağı olsun onlar öz sahibkarlarına eyni təminat, eyni rahatlıq, eyni dəbdəbə gətirəcəkdir. Yalnız dəyər və sərvət, yaxud rifah halı anlayışlarının qarışdırılması nəticəsində təsdiq etmək olar ki, sərvət əmtəələrin kəmiyyətinin azalması yolu ilə arta bilər, əgər dəyər sərvətin ölçüsü olsaydı biz bununla razılaşmalı olardıq. Ona görə ki, əmtəələrin dəyəri onların nadir olmaları nəticəsində yüksəlir. Lakin əgər Adam Smit haqlıdırsa, yəni sərvət zəruri cisimlərlə və cah-cəlalla bağlıdırsa, onda sərvət onların kəmiyyətinin azalması yolu ilə arta bilməz, lakin ölkənin sərvətinin ikili yolla artırılması mümkündür. O gəlirin daha çox hissəsinin əmək məhsuldarlığının saxlanmasına sərf olunmaqla artırıla bilər. Bu vaxt sərvət yalnız kəmiyyətcə deyil, bütün əmtəə kütləsinin dəyəri baxımından artar. Yaxud da o əlavə əmək sərf etmədən arta bilər. Əgər həmin miqdar əmək daha məhsuldar olarsa, onda əmtəələrin dəyəri yox, kəmiyyəti arta bilər. Beləliklə, Rikardo istehlak dəyəri ilə dəyər arasındakı fərqi ("faydalılıq", "sərvət"), - bu faydalılığın istehsalına çəkilən məsrəfləri daha ardıcıllıqla izləmiş olur və dəyər qanununu formalaşdırır. Aydın olur ki, əmtəənin dəyəri onun istehsalına çəkilən əməklə düz və əmək məhsuldarlığı ilə tərs mütənasibdir. O, J.B. Seyin "cismin faydalılığı əmtəələrin dəyərinin tənzimləyicisidir" fikrini tənqid edərək göstərir ki, bu o vaxt düzgün olardı ki, əmtəələrin dəyəri yalnız alıcılar tərəfindən tənzimlənmiş olsun. Rikardo qeyd edir ki, əmtəələrin faydalılığı, başqa sözlə, istehlak dəyəri əmtəənin dəyərə malik olması üçün zəruridir, lakin dəyərin mənbəyi deyildir. Rikardonun belə bir fikri daha aktual səslənir ki, siyasi iqtisadda bir çox səhvlər əmtəənin iki tərəfinin - dəyər və mübadilə dəyəri - qarışdırılması ilə izah olunur.

Rikardonun dəyər nəzəriyyəsində mühüm yer tutan məsələlərdən biri də odur ki, o əmtəənin substansiyası kimi əməklə, dəyərin daxili ölçüsü kimi əməyi biri-birindən fərqləndirmişdir. O, qeyd etmişdir ki, "...əmək bütün dəyərlərin əsası hesab olunur və ... onun müəyyən miqdarı demək olar ki, ancaq əmtəələrin müəyyən dəyərini müəyyən edir". Bu fərqləndirmə abstrakt dəyər kateqoriyasının müəyyən edilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, Rikardo əməyin ikili təbiətini açmamışdır, ancaq o, Smitdən fərqli olaraq əməyin sahəvi xüsusiyyətini daha tam verməklə göstərmişdir ki, əmək, bütün istehsal sahələrində dəyərin mənbəyi kimi eyni səviyyədə çıxış edir.


Date: 2015-12-18; view: 823


<== previous page | next page ==>
D.RİKARDONUN BAXIŞLARININ | D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 2 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.008 sec.)