Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






D.RİKARDONUN BAXIŞLARININ

FORMALAŞMASININ TARİXİ ŞƏRAİTİ

Klassik siyasi iqtisadın inkişafında D.Rikardonun rolu diqqətəlayiqdir və həm də bu məktəb onun şəxsində başa çatır. Rikardonun rolu onunla izah olunmur ki, o, öz təhlilini sona çatdırır, tamamlayır yaxud da ondan sonra iqtisadçılar arasında kifayət qədər qabiliyyətli və ya hazırlıqlı insanlar olmamışdır. Bu rol dərin səbəblərlə izah olunur və ona şahidlik verir ki, klassik siyasi iqtisadın inkişafı burjua sinfinin iqtisadi təfəkkür forması kimi bir tərəfdən obyektiv sosial-iqtisadi qanunlara, digər tərəfdən burjua sinfinin onunla sıx bağlı olan iqtisadi baxışlarının qanunauyğunluğuna tabe olur. Bu hal əsasən XYIII əsrin sonu və XX əsrin əvvəllərində sənaye inqilabının təsiri altında burjua cəmiyyətində baş verən sosial-iqtisadi dəyişikliklərlə müəyyən olunur.

Bu dövrdə İngiltərə müharibələrlə rastlaşmış, Napoleonun ingilis ticarətini boğmağa ümid bəslədiyi qitə mühasirəsi parçalanmış olsa da onun varlanmağına maneçilik törətmişdir. İngiltərə sənaye inqilabı dövrünü yaşayırdı. Kapitalizm manufaktura mərhələsindən maşın sənaye mərhələsinə qədəm qoymuşdu. Kustar emalatxanaların yerini yüzlərlə adamın işlədiyi fabriklər tutmağa başlamışdı.

İngiltərənin kənd təsərrüfatı dəyişirdi. Xırda müstəqil kəndli təsərrüfatları və ya icarə torpaqları öz yerini iri torpaq sahibkarlığına və kapitalist icarəçi fermerlərin təsərrüfatına verirdi. Bu zaman fəhlələrin yaranmaqda olan hər cür birlik və ittifaqları qadağan edilir və qiyamçılıq kimi nəzərdən keçirilirdi. Fəhlə sinfi zəif idi və mütəşəkkil deyildi. Torpaq sahiblərinin hərəkətləri isə burjuaziyanın mənafeyi üçün təhlükə yarada bilirdi. Taxılın qiymətinin artması onlar üçün torpaq rentasının artmasına səbəb olurdu və bu da parlamentdən taxıl qanunlarının qəbul edilməsinə zərurət yaradırdı. Qəbul edilmiş qərarlar xarici ölkə taxılının İngiltərəyə gətirilməsini məhdudlaşdırdığı üçün taxılın qiymətinin yüksək olmasının davam etdirilməsinə kömək göstərirdi. Fabrikçilər üçün isə bu faydalı deyildi. Belə ki, bunun əvəzində fəhlələrə pulla daha yüksək əmək haqqı verilməsini tələb edirdi. Taxıl qanunları sahəsində mübarizə XIX əsrin bütün birinci yarısında İngiltərənin siyasi həyatının mühüm sahəsi idi və iqtisadçıların, xüsusilə Rikardonun nəzəri mövqelərini xeyli dərəcədə müəyyən edirdi. Rikardonun təliminin təşəkkül tapdığı və ingilis klassik məktəbinin özünün zirvəsinə çatdığı tarixi şərait belə idi. Bu şərait Rikardonun nə üçün köklü sosial-iqtisadi problemləri böyük elmi obyektivliklə, qərəzsizliklə təhlil edə bilməsini qismən də olsa aydınlaşdırmış olur.



Klassik siyasi iqtisadın görkəmli nümayəndəsi David ailənin 17 uşağından üçüncüsü olmaqla 1772-ci ilin aprel ayında Londonda anadan olmuş, adi ibtidai məktəbdə oxumuş, sonra isə iki illiyə Amsterdama göndərilmişdir ki, burada da öz dayısının kontorunda ticarətin sirlərini öyrənməyə başlamışdır. 14 yaşında onun müntəzəm təhsili başa çatmışdır. 16 yaşında David kontor və birjada atasının ən yaxın köməkçisi olmuşdur. 21 yaşında ailə qurmuş və onun səkkiz uşağı olmuşdur.

O, birja alış-verişindən başqa digər bir iş tanımır və bu işlə atasının köməkçisi kimi yox, artıq müstəqil olaraq məşğul olurdu. Beş il müddətində o, artıq varlı idi və böyük əməliyyətlarla məşğul olurdu. 26 yaşında Rikardo maliyyə cəhətdən müstəqilliyə və hətta müəyyən sərvətə nail olmuş bir adam kimi gözlənilmədən təbii elmlərə, o cümlədən təbiətşünaslıq və riyaziyyata müraciət edir. Onun təfəkkürü ciddi, demək olar ki, riyazi məntiqiliklə, dəqiqliklə fərqlənirdi. Bu vaxt Rikardo ilk dəfə olaraq bir elm kimi siyasi iqtisadla üz üzə gəlir. Bu zaman siyasi iqtisadda bütünlüklə Adam Smit hökmran idi və gənc Rikardo onun təsiri altına düşməyə bilməzdi. Bununla yanaşı Maltus ona güclü təsir bağışlamışdır. Bir qədər sonra Londonda sosial-iqtisadi məsələlər üzrə kəskin publisist və yazıçı gənc şotlandiyalı olan Cems Mill meydana çıxır. Rikardo onun­­la tanış olur və bu tanışlıq tezliklə dostluğa çevrilir.

İlk illərdə Mill Rikardoya hami tərbiyəçi rolunu oynamış, onu ilk əsərlərini yazmağa vadar etmişdir. Rikardonun əsas əsərləri çapdan çıxdıqdan sonra Mill özünü onun şagirdi və davamçısı elan etmişdir.

David Rikardo elm aləmində ilk dəfə öz diqqətini pul tədavülü problemləri üzərində cəmləşdirir. 1809-cu ildə o "Qızılın qiyməti" adlı anonim məqalə ilə çıxış edir və bu bir sıra imtinalara səbəb olur. Onlara cavab verməklə Rikardo öz mövqeyini yaradır və "Külçənin yüksək qiyməti- banknotların ucuzlaşmasına sübutdur" adlı broşüra buraxır. Bundan sonra banknotların bilavasitə qızıla də­yiş­di­ril­mə­si­nin məhdudlaşdırılması ilə əlaqədar qəbul edilmiş qanun İngilis banklarından qızılın sürətlə azalmasına, banknotların isə qiymətdən düşməsinə səbəb olduğu üçün Rikardo yaranmış mübahisələrin mər­kə­zində durur. Nəticədə parlament komitəsi yaradılır və Rikardo həmin komitəyə seçilir. Komitədə etdiyi çıxış banknotun qiymətdən düş­mə­sini elan edən qərarın qəbul edilməsinə səbəb olur.

1811-ci ildə Rikardo "Komitetdə külçə haqqında" çıxışa "Bozanketin praktik iradlarına cavab" adlı işlə, 1916-cı ildə "Xarici çörəyin idxalının məhdudlaşdırılması siyasətinə baxışların əsas­ları" adlı Maltusun işinə qarşı çıxır və 1916-cı ildə isə "Qənaətli və sabit pul dövriyyəsinin xeyrinə təkliflər" məqaləsini yazır.

Bu işləri ilə o, İngiltərədə pul tədavülünün sağlam­laşdı­rıl­ması uğrunda ciddi mübarizə aparır və dövlət borcunu idarəetməklə qazanc götürən İngiltərə bankını (ingilis hökuməti emissiya və kredit əməliyyatlarını bu səhmdar cəmiyyətə həvalə etmişdir) kəskin tənqid edir.

Nəhayət, 1817-ci ildə Rikardo özünün iqtisadi təliminin əsas­larını əks etdirən "Siyasi iqtisadın və vergi qoyulmasının əsasları" adlı sanballı elmi əsəri ilə çıxış etmişdir.

1819-cu ildə Rikardo parlamentə seçilir. Özünün parlament fəaliyyətində "Dictionary of National Biography" adlı Rikardonun tərcümeyi-halının müəllifi Lesli Stefan yazır ki, o, həmin dövrün radikal partiyalarının siyasəti ilə demək olar ki, sözsüz razılaşır... hər cür dini təqibləri kəskin tənqid edir, çörək qanunlarına, sələmçilik haqqında qanunlara, ümumiyyətlə, göstəriş və məhdudiyyətlərə qarşı çıxırdı. Rikardo siyasətçi kimi radikal olmuş, çörək qanunlarının əksinə çıxmış, ticarət azadlığı, koalisiya, fəhlə ittifaqı və parlament islahatı uğrunda mübarizə aparmışdır. Rikardo özü sənaye burjuaziyasının mənafeyini müdafiə etmişdir. Bununla yanaşı, o, dövlət azadlıqlarının məhdudluğundan da öz şikayətlərini gizlətmir və göstərir ki, palatada mənə göstərilən hörmətə baxmayaraq çox müdrikliklə, sağlam ehtiyatlılıqla, sakitcə səs verməklə qənaətlənməli olurdum. Rikardo elmdə qərəzsiz və məlum olduğu kimi özünə tənqidi yanaşma qabiliyyətinə malik olmuşdur. O məhsuldar qüvvələri inkişaf etdirməklə kapitalizmə, kapitalist istehsal üsuluna, ümumiyyətlə, istehsal üçün ən əlverişli üsul kimi baxmışdır.

Adam Smit və David Rikardo yaşadıqları dövr etibarilə feodal cəmiyyətinin qalıqlarına qarşı mübarizəyə təsadüf etməklə məhsuldar qüvvələri artırmaqla sənaye və ticarətə yeni təkan vermək, burjua istehsal münasibətləri şəraitində sərvətin əldə edilməsini aydın­laşdırmaq, bu münasibətləri kateqoriya və qanunlar şəklində şərh etmək, bununlada bu qanun və kateqoriyaların sərvət əldə edilməsi işində feodal qanun və kateqoriyalarından yüksəkdə durduğunu göstərmək zəruri idi.


Date: 2015-12-18; view: 673


<== previous page | next page ==>
A.SMİT MƏHSULDAR VƏ QEYRİ-MƏHSULDAR ƏMƏK HAQQINDA | D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU 1 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.006 sec.)