Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Və onun möcüzəsi

 

Allahdan İskəndərə vəhy:

Bilərsən cahanda bütün dilləri,

Danışar səninlə cahan elləri.

Bu ellərdə olmasa da tərcüman,

Sənin rumcanı hər kəs anlar əyan.

 

N i z a m i

 

Nizaminin baxışlarına uyğun dövlət idarəsini reallaşdıran ideal hökmdar İskəndərdir. Iskəndərin şəxsində Nizami biliyə, hikmətə və sənətə bağlı olan ziyalı bir hökmdar görür. Filosoflar, alimlər və ədiblər tərəfindən əhatə olunmuş bu hökmdarın özü də xarakter (səciyyə), cəsarət və qəhrəmanlığı ilə bərabər, alim, filosof və tədbirli bir insan kimi tanınır. Ona müavinlik edən vəziri Yunanıstanın ən məşhur filosofu Ərəstudur (Aristotel). Sarayında Yunanıstanın bütün tanınmış filosof və alimlərindən təşkil olunmuş Dövlət Şurası tipli yüksək bir məclis vardır. Dövlət işlərinə dair ən köklü məsələlərdə imperator bu məclislə məsləhətləşmələr aparır.

Iskəndər elm və ədəbiyyat adamlarına böyük qayğı göstərir; onlarla elmin, fəlsəfənin daim məşğul olduqları böyük məsələlər barədə maraqlı mübahisələr edir. Bu qəbildən, İskəndərin meydana atdığı və zamanın bütün tanınmış filosofları tərəfindən müzakirə edilən “təkvini-aləm” (dünyanın yaradılışı) haqqında müxtəlif görüş və məktəblərin xülasəsi “İskəndərnamə”nin maraqlı bir qismini təşkil edir.[366] Bundan başqa, eyni əsərdə İskəndərin hind filosofu ilə söhbəti də, yunan məktəbi ilə hind məktəbi arasındakı görüş və təfəkkür fərqlərini göstərmək baxımından diqqətəlayiqdir.

Iskəndər sənətkarlar arasındakı müsabiqələri də xoşlayır. Rum və İran rəssamları ilə Çin rəssamı arasında keçən müsabiqə səhnəsi şair tərəfindən çox canlı bir şəkildə təsvir edilmişdir. Bu müsabiqələr imperatorun öz hüzurunda keçirilirmiş.



Iskəndər başqa ölkələrdə, xüsusən İranda rast gəldiyi faydalı elmi əsərləri yunancaya tərcümə etdirir. Bu və ya digər şəkildə Yunanıstan elmini inkişaf etdirən İskəndər elm sahəsində yeni kəşflərə də nail olmuşdur. Dünyanın ilk xəritəsini çəkdirən odur.

Iskəndər mahir bir təşkilatçıdır. O, yeni qayda ilə mükəmməl bir ordu yaratmış, bu ordunu təzə üsulla təlimləndirmiş, yeni silahlarla təchiz etmişdir. Bu ordunu özü şəxsən idarə edir. O, misilsiz bir sərkərdədir. Onun ordusu, Qafqaz döyüşündə gördüyümüz kimi, İskəndəri tanımış bütün millətlərdən təşkil olunmuş müttəfiq bir ordu şəklindədir.

Nizami göstərir ki, İskəndər üçün ordu da, hərb də məqsəd deyil, yalnız bir vasitədir. “Hərb üçün hərb” prinsipini o, kökündən rədd edir. Şairə görə, İskəndər fitnəkarlıqla heç bir müharibə etməmişdir. Daraya qarşı etmiş olduğu sırf müdafiə müharibəsindən başqa, onun qalınlığı ilə seçilən iki mühüm döyüş olmuşdur. Bunlardan biri misirlilərin xahişi ilə zəngibarlı basqınçılara, digəri isə qafqazlıların xahişi ilə soyğunçu ruslara qarşı edilmişdir. Bütün başqa yürüşlərini isə İskəndər tədbir və fövqəladə hərbi nümayişlərlə nəticələndirmiş, qan tökmədən istədiklərinə nail olmuşdur.

Nizami İskəndər diplomatiyasının əsaslarını da izah edir. Bu diplomatiyanın ana xətti getdiyi ölkələrdə tabe etdiyi xalqların qəlbini fəth etməkdir. Hətta hər bir döyüşün sonunda qalib gəlmiş İskəndər düşmən igidlərinin könüllərini alır, onlara lütflər göstərir; sistemini qəbul edən məmləkətləri özünə qəlbən bağlayan və düşmənçiliyi unutduran çarə və tədbirlərə əl atır. Çünki o, “millətlərin daim zora boyun əyməyəcəklərini” bilir. Xalqların torpaqlarını üstün güc ilə tutmaq mümkündür, fəqət qəlbləri fəth olunmamış millətlərin sədaqəti zorla qazanılmaz.

Daranın məğlubiyyətindən sonra İskəndərin İranda tətbiq etmiş olduğu rejimin bu baxımdan diqqətəlayiq cəhətləri vardır. Iskəndər Kəyan padşahının daxili düşmənləri ilə gizli əlaqəyə girmiş, onlara edəcəkləri xidmət müqabilində böyük mükafat vəd etmişdir. Daranın qərargahına mənsub olan suiqəsdçilər müharibənin böhranlı bir çağında öz komandanları olan şahı xəncərlə vurmuş və bununla da döyüşün İskəndərin xeyrinə qurtarmasını asanlaşdırmışdır. Bu zəfərdən sonra İskəndər bütün İran böyüklərini toplayıb onlarla əhdi-peyman bağlamış, şahzadələri məmləkətin müxtəlif hissələrinə şah təyin etmiş, özü isə Daranın qızı Rövşənəklə evlənərək “şahənşah” adı ilə İran taxtına çıxmışdır.

Bu işlər əsnasında İskəndərin Daraya qarşı gizli sövdələşməyə girdiyi xain İran sərkərdələri barədə tədbiri son dərəcə mənalıdır: İskəndər bütün İran əmirlərinin iştirakı ilə Daranı öldürmüş iki əmiri çağırır. Əvvəlcə onlara vəd etmiş olduğu qızılı tamamilə ödəyir – sözünü yerinə yetirir. Sonra isə ikisini də öz padşah və komandanlarına dönük çıxdıqları üçün edam etməyi əmr edir və bu əmri dərhal yerinə yetirdir ki, “heç kəs öz başçısına xəyanət həvəsinə düşməsin”.

Irandakı bütün yerli və milli adətlərə hörmət edən İskəndər, yalnız atəşpərəstliyə aid bütün məbəd və müəssisələri dağıdıb, təkallahlılıq dinini yayır. Nizaminin təfəkkür tərzi üçün bu istisnanın təbii və xarakterik olduğuna yuxarıda işarə etmişdik.

Ərəstunun İran yürüşündə İskəndərdən ayrılıb Ruma qayıdarkən öz hökmdarına verdiyi öyüdlər arasında “İskəndər siyasəti”nin xarakterini göstərən bəzi mühüm cəhətlər də vardır:

Filosof vəzir öz padşahına getdiyi ölkələrdə “Siyavuş qanı”na bənzər kin doğuracaq əməllərdən çəkinməyi tövsiyyə edir.[367] “Alçalmamaq üçün kimsəni alçaltmamağı” tövsiyyə edən vəzir iranlıların bir gün Daranın intiqamını almaq üçün ayağa qalxmalarının mümkün olduğunu unutmamağı padşaha xatırladır. Bunun üçün bu məmləkəti yerli şahzadələr arasında bölməyi, onlardan yalnız İskəndərin ümumi nüfuzunu tanımağı tələb etməklə kifayətlənməyi məsləhət görür; çünki bu halda “öz mülklərinin qayğı və problemləri ilə məşğul olan bu şahzadələr rumlular haqqında fikirləşməyə vaxt tapmazlar”.[368] Eyni zamanda, yunanıstanlı vəzir İran torpaqlarında Rum hakimlərinin təyin olunmasının əleyhinədir, çünki “bu halda əhalidəki narazılıq və müxalifətin doğrudan-doğruya rumlular üzərinə keçmək qorxusu vardır!”

Ümumiyyətlə, filosof vəzir İskəndərin yad ellərdə çox qalmayıb, tezliklə öz yurduna qayıtması üzərində israr edir. Çünki “bir adamın bütün dünyanı tutması və onu öz malı sanması düzgün deyil. Dünya bir çox mülkdən ibarətdir ki, hərəsi bir sahibin payıdır. Tanrının ayırdığı qismətə razı olan bir sahib, onun öz adına yazılmış olduğuna əmin ola bilər”.[369]

Ərəstu İskəndəri yalnız Yunanıstanın sahibi olmağa təşviq edir. Başqa xalqlar üzərində isə yalnız Yunanıstanın mənəvi nüfuzunu təmin etmək kifayətdir. Bundan artığı elə bir reaksiya doğurar ki, bu, ana vətənin fəlakətinə səbəb olar.

Ərəstunun bəhs etdiyi “mənəvi nüfuz” Nizaminin mistik duyumuna görə, dindir: Təkallahlılıq dini. Bütün şəxiyyətlər bu ideala xidmət etməlidir. Bu həqiqətə xidmət etməyən hər hansı bir dövlət zalımdır. Tək Allah, tək din və tək həqiqətə bağlı olmayan bir qüvvə dünya hakimiyyətinə nail ola bilməz.

Nüfuz və təsirini bütün dünyaya yaya bilmiş İskəndər, Nizaminin nəzərində, yalnız bir sərkərdə, siyasi xadim və hökmdar olaraq qala bilməzdi. Bunun üçündür ki, Nizamiyə görə, İskəndərə peyğəmbərlik verilmişdir. Allah tərəfindən bir səs ona: “Ey İskəndər, sənə peyğəmbərlik verildi; bütün dünyanı Allah yoluna çağıracaq, insanları təkallahlılığa doğru istiqamətləndirəcəksən!” – deyir. Allahın bu vəhyi qarşısında titrəyən İskəndər:

– Mənəmmi peyğəmbər, bəs hanı mənim möcüzəm? – deyə soruşmuş və tərəddüd göstərmişdir. O zaman ilahi səs İskəndərə:

– Möcüzən budur ki, bütün millətlərin dilini tərcüməçisiz anlayacaqsan, millətlər də sənin rumcanı, eynilə, vasitəsiz başa düşəcəklər!

Bu böyük möcüzəyə qadir olan İskəndər dünyanı yenidən dolaşmış, bu dəfə yol göstərən peyğəmbər sifəti ilə gəzdiyi məmləkətlərdə təkallahlılıq dinini yaymışdır.

Milli ləyaqətin tərcümanı dil deyilmi?. Bəli!..

Şair demək istəyir ki, millətlərarası nizam yalnız milli hüquqların tanınması ilə yarana bilər!

Bəşəriyyətin can atdığı ümumdünya sülhünün bundan daha yüksək formulunu kim vermişdir?!

 

SON SÖZ

 

“Azərbaycan şairi Nizami” barəsində nəzərdə tutduğumuz plan sona yetdi. Lakin Nizamini tamamilə anlada bildikmi? – Güman etmirəm!

Böyük və dahi şair olan Nizami təbiətin bir fenomenidir. Təbiətin böyüklük, gözəllik, rəngarənglik və cazibədarlığını tamamilə qavramaq mümkün olmadığı kimi, təbiət qədər böyük və onun qüdrəti olan Nizami yaradıcılığını da tamamilə qavramaq mümkün deyildir. Təbiətin bir küll halında qavrana bilməsi bir yana dursun, onun qavranıla bilən qismini də olduğu kimi nəql və ya rəsm etmək hər adamın işi deyildir. Nə qədər gözəl qələm, nə qədər sehirli fırça, nə qədər möcüzəli tişə olursa-olsun, təbiətdəki bütün dəyərləri ifadə etməkdə acizdir. Təbiətin bir fenomeni olan şer və hikmət Nizamisini anlayıb anlatmaq da o qəbildəndir.

Təbiəti hər kəs öz təbiətindəki özünəməxsusluq və zəka səviyyəsində qavrayır. Buna görə də, eyni təbiət müxtəlif şəxslərdə müxtəlif cür inikas edir. Böyük eşq məsələlərinin müxtəlif yazıçılar tərəfindən müxtəlif şəkillərdə yazılışı, böyük sənət mövzularının müxtəlif rəssamlar tərəfindən müxtəlif metod ilə işlənməsi, böyük sosial hadisələrin müxtəlif filosoflar tərəfindən başqa-başqa şəkillərdə yozulması, heykəltəraşlıqdakı müxtəlif ənənələr və musiqidəki rəngarəng üslublar məhz bu müddəanı sübut edir.

Bizim başa düşdüyümüzə görə, Nizami təbiətin nəhəng bir parçasıdır. Təbiətə hər baxışımızda necə əvvəllər görmədiyimiz bir yenilik görürüksə, Nizamini də hər oxuyanda onda yeni bir özəllik, yeni bir gözəllik tapırıq. Nizaminin inkişaf yolu da eyni ilə təbiətin təkamülünə bənzəyir. Bir gül necə tumurcuq halından keçib qönçələnir və sonra getdikcə yavaş-yavaş açılır. Hər gün bir qədər rəng və ətir alaraq, nəhayət, bütün etişamı ilə açıb olğunlaşırsa, Nizaminin yaradıcılığı da – eynilə bir gülün yetişməsi kimi, tumurcuqlanmış, yarpaqlanmış, çiçəklənmiş, açılmış və kamilləşmişdir. “Məxzən ül-əsrar”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” və nəhayət, “İskəndərnamə” şairin həyatının müxtəlif dövrləri və hər dövrdəki təbii meyl və istəkləri ilə sıx surətdə bağlıdır. Şair heç bir zaman özünü məcbur etməmişdir; işlədiyi mövzularla yaşadığı bədii və fikri həyat arasında tam bir mütənasiblik vardır. O, təbiət kimi təbiidir.

Nizami, sənəti və fikri arasında təzad olmayan müstəsna bir şəxsiyyətdir. Onun sənət baxımından fövqəladə qüdrəti eyni dəyər və qüdrətə malik fikirləri ilə uğurlu bir ahəng təşkil edir.

Nizaminin ən parlaq xüsusiyyəti həyatsevərlik və eşqdir. Eşqi onun qədər qüvvət və sənətkarlıqla qələmə alan ikinci bir şair yoxdur. Onun coşğun ilhamına bu mövzu qədər uyğun başqa bir mövzu olmamışdır. Onun misilsiz əsərlərində təsvir etdiyi eşq və həyat tablolarının böyüklük və gözəllik baxımından dünya ədəbiyyatındakı bənzərləri arasında müstəsna yeri vardır. Nizami tablolarının təsir qüvvəsi zaman keçdikcə azalmır.

Şairdəki bu coşğun qüvvəni müasir bir təşbehlə izah etmək istəsək, Nizamidəki dinamizmi atom enerjisi ilə müqayisə edə bilərik; bu fərqlə ki, bu gün müəyyən qəlibə qoyulub istənilən istiqamətdə tətbiq edilmədiyindən yalnız dağıtmaq və yıxmağa yarayan atomun əksinə olaraq, Nizami özündəki dinamizmə qurucu bir istiqamət verə bilmiş, onu özündə mövcud olan zühd, təqva və ideyalılıq sayəsində müəyyən bir qəlibə sala bilmişdir.

Bir yandan təbiət qədər coşğun və sonsuz yaşama arzusu, o biri yandan da bu arzunu nikbin dünyagörüşünə uyğun bir istiqamətə yönəldə bilən yüksək inam və iradə - məhz bu iki ünsür Nizaminin fövqəladə sənətkarlığını doğurmuş və bizə təbiət qədər böyük və onun qədər qavranılmaz bir aləm bağışlamışdır.

Nizami məlum fərziyyəsində sənətin qiyamətə qədər yaşayacağını söyləyir. Bu iddia orta əsr Şərq ədəbiyyatının klassik şəkilləri üçün mübaliğəli görünsə də, Nizaminin əsərləri üçün mübaliğəsiz həqiqətdir. Xüsusən formadan öncə məna güdən Nizamilik üçün ki, bütün nikbinliyi ilə “İskəndər güzgüsü”ndəki kimi İskəndər tablosunda əks etmiş və zərrə qədər əhəmiyyətini itirməmişdir.

Nizami şairanə detallarla təsvir və peyğəmbəranə duyumlarla təsəvvür etdiyi ideal dünyanın əsas cizgilərini “İskəndərnamə”sində vermiş və ideal hökmdar tipini də İskəndərin simasında göstərmiş, böyük bir tablo yaratmışdır:

Iskəndər tablosu!..

Bu, Nizaminin qüdrətli əli ilə işlənmiş möhtəşəm bir əsərdir. Bu əsərdə o, sənətkarlığının əsl qayəsi olan siyasi və sosial fikirlərinə yekun vurmuşdur.

Qədim bir keçmişə aid edilən bu tablo, şübhəsiz, şairin öz dövründən uzaq bir gələcək üçün olsa da, təsəvvür etmiş olduğu dünya quruluşu haqqındakı idealını əks etdirir.

Şairin böyüklüyü ilə geniş və hüdud bilməyən fantaziyası sayəsində canlandıqca canlanan bu ideal iztirablar içində boğulan müasir bəşəriyyətin arayıb heç cür tapa bilmədiyi idealın bir obrazı deyildirmi?!

Sosial ədalət, siyasi stabillik və harmoniyaya susamış müasir bəşəriyyətin vicdanını narahat edən qorxunc reallıq və ümidlərini oxşayan yüksək fikirləri XII əsrin bu qızıl qələmli şairi nə qədər real, nə qədər canlı və nə qədər parlaq təsvir etmişdir! Deyilmi?!

Insanlığın dəyərini özünə xas yüksək bir tərzdə anladan şair kainata hökm edə bilən kamil insan haqqındakı görüşləri ilə təbiəti ram etməkdə möcüzələr göstərən çağdaş insan tipi və qüvvətli şəxsiyyət idealına tərcüman olmamışdırmı?!

Fərdi səadəti milli və bəşəri xoşbəxtlikdə və bir parçası olduğumuz cəmiyyətə faydalı olmaqda görən filosof (Nizami) ən müasir sosiologiyanın gəldiyi nəticəyə hələ o zaman gəlməmişdirmi?!

“Cənnət şəhər”in timsalında gördüyümüz kimi, Nizaminin maddiyyata deyil, mənəviyyata, nifrətə deyil, sevgiyə əsaslandırdığı ictimai quruluş sosial ədalətə susamış bugünkü bəşəriyyətin aradığı ideal nizam deyildirmi?!

Dövlətin ictimai bərabərlik təmin etməyə, bilik və sevgi ilə idarə etməyə borclu olan bir ədalət orqanı olduğunu düşünən Nizami, müasirlərimizin can atdıqları təzadsız və sinfi çəkişmələr bilməyən, amirlik və istismara yol verməyən bərabərçi bir dövlət idealının müjdəsini yetirməmişdirmi?!

Nəhayət, millətlər arasındakı münasibətləri hansı böyük filosof Nizamidən daha yaxşı bir şəkildə təsəvvür etmişdir?

Bu təsəvvürə görə:

Millətlərə zülm və hökmlə deyil, mənəvi bir nüfuz ilə yanaşmaq və qəlblərinin yeganə tərcümanı olan dillərini vasitəsiz olaraq anlamaq lazımdır.

Dünya miqyaslı yaradıcılığı ilə cahan ədəbiyyatına ölməz şer tabloları ilə eşq, sədaqət, namus, inam və fədakarlıq obrazları bəxş edən, yüksək fəlsəfi düşüncə və kəskin siyasi görüşləri ilə insanlığın ən səmimi duyğularına və ən ülvi ideallarına tərcüman olan bu ilahi sənətkar bəşər mədəniyyətinin dahi bayraqdarıdır.

Ağılları mat qoyan bu qüdrətini Nizami qəlbinin bütün telləri ilə bağlı olduğu ana yurduna və onun mədəni ənənələrinə borcludur. O, elinin, soyunun, yetişmiş olduğu mədəni mühitin oğludur. “Yunanlar dünyaya Homeri, farslar Firdovsini, italyanlar Vergilini vermişlərsə, biz də Nizamini vermişik” – deyə öyünən azərbaycanlılar haqlıdırlar.

Bəli, mədəniyyət tarixində özünə çox şərəfli bir yer qazandıran bu misilsiz övladına Azərbaycan bütün varlığı ilə minnətdardır. Əsərlərində bunca ideallaşdırılan türklər də, şübhəsiz, türk Nizaminin böyük adı ilə fəxr edir, onun yüksək ruhunu rəhmət və minnətdarlıqla anırlar.


L A V Ə L Ə R

 


Date: 2015-12-17; view: 471


<== previous page | next page ==>
Nizaminin dövlət haqqında görüşləri | Nizamidə türk sözləri
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.012 sec.)