Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Nizaminin dinə münasibəti

və ictimai idealı

 

Başqasına faydalı iş görməyə,

Şam kimi gəl hazır olaq yanmağa!

Nizaminin insan haqqındakı mistik anlayışı onun dini dünyaduyumundan irəli gəlir. Nizami dindardır. Fəqət bu, mərasimçilikdən ibarət olan quru bir dindarlıq deyildir. Nizami bütün varlıqları Allahdan bilir – öz-özünə mövcud olan, varlığının forması olmayan, kimsəyə bənzəməyən, dəyişməyən və ölməyən bir Allahdan! O, belə bir mücərrəd Allaha tapınır. Bu tapınmada o, səmimi və fədakardır.

Allaha münasibətdə doğruluq və səmimiliyi əsas tutan filosof şairin, allahsevərlik barədə mövqeyi də o qədər ciddidir. Özünə “allahsevər” (“izədpərəst”) deyən hər kəsi Nizami allahsevər kimi qəbul etmir. Özünü qiblə sayan (eqosentrik) bir özgüdər (eqoist), Nizaminin fikrincə, qətiyyən Allah adamı və ya allahsevər ola bilməz. Eqoizm və allahsevərlik, şairə görə, bir araya sığmayan şeylərdir. Allahsevərlik, onun fikrincə, özündən keçmək deməkdir. Çünki allahsevərlik – gündüzə, özgüdərlik isə gecəyə bənzəyir. Gündüzlə gecə nə cür bir araya sığa bilər?! “Allah, yalnız Allah yolunda özündən keçən abidləri seçər”. Məşhur ifadə ilə desək, Nizami “fəna fillah”dır. O, “əvvəllərin əvvəli və sonların sonu olub”, “heç bir şey yox ikən, var olan” Yaradana etiqad edir. Şairin asimani bir eşq və cazibə ilə tapındığı bu qüvvə isə birdir: hər bir halda şərik qəbul etməz. Yaradılışda ikilik və ya çoxluğu “vəhdaniyyətçi” Nizami kökündən rədd edir. O, özünün vahid Yaradan tərəfindən yaradıldığına inanır. “Yaxşısa da, pissə də yaradılışı ondandır”.[345]

Bu axıra qədər məntiqi bir düşünüşlə, Nizami qatı bir “vəhdətçi”dir. Buna görə də şair, məcusi əfsanələrindən bir sənətkar kimi o qədər faydalanmış olduğu halda, qədim İran dini zərdüştilikdən iki Allah ideyasını kökündən kəsib atır. Əvvəlcə də söylədiyimiz kimi, Nizami atəşpərəstliyin amansız düşmənidir: xeyir allahı Hörmüzd ilə şər allahı Əhrimən arasındakı mübarizə ikiliyini (dualizmi) qəbul etmir.



Təkallahlılıq və varlıqda təsəvvür etdiyi vəhdət Nizamini tək həqiqət sisteminə gətirib çıxarır. Həqiqət, dindar Nizamiyə və yaşadığı dövrün hakim əqisədinə görə, dində təzahür edir. Bunun üçündür ki, Nizami ən çox idealizə etdiyi qəhrəmanı İskəndərin yalnız cahana hakim bir imperator olması ilə kifayətlənməmiş, eyni zamanda, ona peyğəmbərlik rütbəsi də vermişdir. Diqqət yetirməyə dəyər ki, İskəndər tutduğu məmləkətin irqi, məhəlli və dil xüsusiyyətlərinə hörmət etdiyi halda, təkallahlılıq əqidəsini yaymaqda təəssübkeşdir. Iranın bütün reallıqlarına toxunmayıb atəşpərəstlikdən ibarət olan dinini rədd etmiş, atəşgədələri tamamilə dağıtmış, “müqəddəs” atəşləri söndürmüşdür.

Təkallahlılıq, fənafillahlıq, təkhəqiqətçilik və həqiqətə aşiqlik kimi başlıca qaynaqlardan doğan Nizamilik, insan və ya daha geniş yayılmış təbirlə, fərd və cəmiyyətin, yaxud vətəndaş ilə dövlətin münasibətlərini olduğu kimi, millətlərarası münasibətləri də özünəməxsus şəkildə nizama salan bir təfəkkür və dünyagörüşü sistemini meydana gətirmişdir.

Insan, mücərrəd bir ruh olmaq etibarilə, ancaq “fənafillah” olduğu zaman mənəvi dəyər və şərəfini qoruya bilir. Nizaminin fikrincə, müəyyən bir olmaq baxımından da, insan yalnız mənsub olduğu cəmiyyətə faydalı olması, başqa sözlə, “fəna familləliyi” dərəcəsində şərəflidir. Şairə görə, “hər fərd öz millətindən bir parça olduğu üçün dəyərlidir: bu, bir nemətdir. Bu neməti rədd etmək milləti rədd etmək deməkdir”.[346] “Küfrani-nemət” və “küfrani-millət”də olmamaq üçün Nizami fərddən cəmiyyət naminə fədakarlıq tələb edir. Şairin özgüdərlik və yalnız özünü düşünmək qədər pis saydığı başqa bir şey yoxdur.[347] Təkbaşına dünyanı tutmaq mümkün deyildir. Təcrübəsi olan bilir ki, tək yeyən, tək də ölür.[348] Buna görə şair, “arpa suyu da olsa, tək içməməyi tövsiyə edir; çünki tək içənin üzü dəniz suyu kimi acı olar”.[349]

Fərdin şərəfini cəmiyyət üçün çalışmaqda görən filosof şair ictimai həyatın yalnız əlbirlik, fərdlərin qarşılıqlı dayaq, kömək və yardımları sayəsində düzələ biləcəyini öyrədir. O, bu barədəki fikirlərini hikmətli və şairanə təşbehlər donunda verir: nə vaxtadək əhəmiyyətli bir ruh, ruh əhlləri haradadır? Yoldaş necə oldu, dost hanı? – deyə soruşan şair yazır: “Xurmanın bal dadması ağacının həmdəmliyindəndir”; “qurdun ipək papağı yoldaşlarının yardımınandır”; “qarışqa yoldaşlarının verdikləri fərəhlə canlanaraq, özündən böyük şeyləri daşıyır”; “Çində hamı ipək toxumaz, həsir toxuyanlar da var”; “etidal və ahəng üzərində görülən hər bir işin sonu uğurla bitər”.[350]

“Başqalarının işinə yaramaq üçün”, Nizami insana “şamtək yanmağı” tövsiyə edir,[351] əgər insan insanlara qarışır və onlara faydalı olursa, həm dünyada, həm də axirətdə xoşbəxt olur”.[352] Şair cəmiyyət naminə görülən bu özgəgüdərliyin şairanə bir timsalını da verir: “dünyanı güldürdüyü üçün günəş özü də gülür”.[353] Yalnız öz şəxsi mənfəətini düşünüb daim yemək və əylənmək dərdi çəkən özgüdərləri Nizami insan yerinə saymır. “Eşşək kimi gözü daim yemdə olan insandan it daha şərəflidir”[354] – deyir, və əlavə edir: “Çalış ki, xalqın işinə yarayasan; ta ki, xidmətinlə dünyanı bəzəmiş olasan”:

Kuş ta xəlq-ra be kar ayi

Ta be xedmət cəhan beyarayi!

 

“İqbalnamə”nin sonlarında bir “Cənnət şəhər” səhnəsi vardır.

Qırğızların /“Xırxız”/ yaşadığı bir yerdə[355] Allah adamı olan məsum insanlar, İskəndərə dağın o biri tərəfindəki vəhşi Yəcuc-Məcuclardan şikayət edirlər. Bu ibtidai vəhşilər hücum çəkir, bu tərəfləri talan və qarət edirmişlər. Məzlumlar peyğəmbər kimi qarşıladıqları İskəndərdən bu zalımlara qarşı bir tədbir istəyirlər. İskəndər də dastanlarda məşhur olan dəmir səddi çəkdirir. Vəhşilər bir daha bu tərəflərə keçə bilmirlər.

Yəcuc-Məcuc bəlasını dəf etdikdən sonra Yunanıstana doğru hərəkət edən İskəndər, yol üstündə əfsanəvi bir şəhərə rast gəlir – Cənnət kimi abad, şən və firavan bir yer: nə daşdan divarları, nə də ağacla dəmirdən qapıları var... Bir neçə nəfərlə şəhərə girən İskəndər gördüyü mənzərəyə heyran qalır. Ağızlarına qədər dolu ikən, dükanların qapılarında qıfıl yoxdur.

Gülər üzlü əhali İskəndəri və yanındakıları hörmət və sevinclə qarşılayırlar. Onu bir saraya gətirir, hörmət ehtiram edirlər. Padşah bu münasibətdən həm məmnun, həm də heyrandır; ev sahibindən soruşur:

– Bu inam, bu qorxusuzluq nədir?! Nədən özünüzü qorumaq üçün heç bir tədbiriniz yoxdur?! Qapılarınızda qıfıl, bağlarınızda bağban, sürülərinizdə çoban yoxdur! Bu laqeydliklə özünüzü necə təhlükəsiz sayırsınız?!

“Ədalət şəhəri”nin böyükləri, şaha dua edib belə cavab verirlər:

– Bu yerlərdə gördüyün bizlər, əslində zəif, fəqət dindar adamlarıq. Doğruya meyl edir, əyridən qaçırıq. Dünyanın qapısını əyriliyin üzünə qapamış və bu aləmdə dincliyi doğruluqda tapmışıq. Heç bir vaxt yalan söyləmərik, Tanrının sevdiyini edər, buyurduğuna boyun əyərik; kimsəyə qarşı zorakılıq etməz, acizlərin əlindən tutarıq; bizlərdən biri zərər görsə, onu öz malımıza ortaq edərik; heç kimin malı o birilərdən artıq deyil; hər kəs vəziyyətinə görə təmin olunub, özümüzü qardaş sayar, başqasının dərdinə sevinmərik. Oğrudan qorxmuruq – nə şəhərdə nəzarətçimiz, nə də kənddə gözətçimiz var. Başqalarından bir şey oğurlamarıq, bizdən də heç kəs bir şey oğurlamaz. Nə qapıda qıfılımız, nə sürüdə çobanımız vardır. Uşaqlarımızı Allah böyüdür. Heyvanlarımızı da qurddan, pələngdən o qoruyur. Toxumu torpağa atır, qalanını Allaha tapşırırıq – biçin fəsli gəlməyincə, heç kəs arana – buğda zəmisinə getməz; öz-özünə bitən məhsuldan birə qarşı yeddi yüz alırıq. Nə etsək, təvəkkülümüz Allahadır – qorxduğumuz da o, güvəndiyimiz də odur – başqasına sığınmarıq. Bizlərdən birinə başçılıq etmək nəsib olursa, fikirlərimizlə ona yardım edirik. Heç kəsi pis yola çəkməz, fitnə törətməz, qan tökmərik. Bir-birimizin dərdi ilə dərdlənir, səadətinə sevinərik. Qızıla-gümüşə qiymət vermərik, bizlərdən heç kəs bunlara ehtiyac görməz. Heyvanlar bizdən qaçmır, çünki biz onları incitmirik. Ov bizim üçün bir əyləncə deyildir. Ovdan ancaq ehtiyacımız nisbətində faydalanırıq. Nə öküz ilə eşşək kimi çox yeyir, nə də ağzımızı qapayırıq. Yay olsun, qış olsun, yemək süfrəsindən doymazdan bir az qabaq qalxarıq. Bizlərdən heç kəs yaşı keçməmiş və vaxtı gəlməmiş, cavan ölməz. Ölülərimiz üçün kədərlənmərik, çünki bunun faydasız olduğunu bilirik. Heç kimin arxasınca üzünə deyilməyəcək bir söz söyləmərik. Casusluq nədir bilmərik. Allahın işinə qarışmır, “bu nə üçün belə”, “o nə üçün elə” soruşmarıq. Bizim cəmiyyətdə yalnız bizim əxlaqımızda olanlar yaşaya bilir. Adətdən kənara çıxanlar, dərhal yanımızdan kənar edilir!

Nizami yazır ki, İskəndər bunları eşitdikdə heyrətdən yerində donub qaldı. “Çünki bundan gözəl hekayəti nə eşitmiş, nə də kitablarda oxumuşdu”. Gördüyü bu “Cənnət şəhər”in ictimai quruluşu barədə düşünən İskəndər öz-özünə:

“Bu xalqı əvvəldən görmüş olsaydım, dünyanı başdan-başa dolaşmağa qətiyyən ehtiyac görməzdim. Dağın bir guşəsinə çəkilib Allaha ibadət edərdim. Adətim bu qaydaların eyni olar, dinim də bu dindən başqası olmazdı” – deyir.

“İskəndərnamə”nin 18000 beyti ayan və həqiqətlə əfsanəni Nizamiyanə bir surətdə yoğuran, müxtəlif dastan, hekayə, məsəl və hikmətləri əhatə edən canlı səhifələri, şairin ən axıra saxladığı bu “Cənnət şəhər” səhnəsi ilə bitir.

Iskəndər peyğəmbərin arayıb tapdığı bir ideal sistem, filosof Nizaminin, şübhəsiz, bilavasitə gerçəklənməsini arzuladığı ictimai quruluşun özüdür.

 

 

* * *

 

Sovet şərqşünaslarından Bertelsin fikrinə görə, “İskəndərnamə”nin “Cənnət şəhər” haqqındakı hissəsinin oxuyarkən “həyəcanlı bir qürur və iftixar hissi” bürüyür. Çünki Nizami bu ideal sosializmi, şimalda – SSRİ-nin olduğu yerdə yerləşdiribmiş!”

“Cənnət şəhər” qətiyyən heç də SSRİ-nin olduğu yerdə deyil. Çünki Nizami İskəndərin bu şəhərdən ayrılaraq, Yunanıstana doğru aldığı yolun istiqamətini göstərmişdir. Həmin istiqamətə əsasən, İskəndər dənizdən keçmiş və xeyli yol aşdıqdan sonra Kirmandan Kirmanşaha, oradan Babilə, Babildən də Şəhrizura getmişdir. Bu cür aydınlıq olduğu halda, “Cənnət şəhər”in qırmızı Moskva olduğunu” iddia etmək coğrafiya elminə təhqirdir!.. Şairin təxəyyülündə canlanan bu ideal şəhərin yerini təyin etmək mütləq lazımdırsa, onu /“Xırxız”/ Qırğızla bağlı bir ölkədə axtarmaq gərəkdir. Hər ideal şeyi türklüyə aid edən şair “ideal şəhəri” də Türküstanda görmüşdür. Qədim yunan mənbələrində də məhz Türküstanda xüsusi mülkiyyət bilməyən cəmiyyətlərdən bəhs olunur.

Yaxşı coğrafiyanı bir tərəf qoyaq!.. Baxaq görək, Nizamidəki “Cənnət şəhər”lə sovet cənnətindəki şəraitdə bir-birinə oxşar cəhətlər vardırmı?

Nizaminin “Cənnət şəhər”i dindardır, sovet cənnəti isə dinsizdir. Birincisi Allahı tanıyır, o biri isə rədd edir. Birincidə yalan söylənməz, ikincidə isə yalan ən böyük təbliğat silahıdır. Birincidə sevgi əsas, ikincidə isə nifrət hakimdir. Birincidə anlaşma əsas ikən, ikincidə sinif qovğası əsasdır. Birincidə heyvanlar belə təhlükəsiz yaşadığı halda, ikincidə insanlar daim ölüm qorxusu altındadır. Birincidə qan tökmək haram ikən, ikincidə qanlılıq əsasdır. Birinci oğurluq nədir bilmir, ikincidə isə oğurluq ən qanlı polis rejimidir. Birinci casusluq bilməz, ikincidə hamı casusdur.[356] Birinci silahsız və dindar, ikinci təpədən-dırnağa qədər silahlıdır. Birinci fitnə nədir bilməz, ikinci bütün dünyanı bürüyəcək bir fitnə yuvasıdır.

Sözün qısası: Dini əxlaqa və ictimai anlaşmaya əsaslanan “Nizami sosializmi” ilə dini rədd edən və siniflər qovğasını əsas tutan qanlı “rus sosializminin” bir-birinə bənzər heç bir tərəfi yoxdur!..

Nizaminin Rusiyadan və ruslardan bəhsi isə aydındır: O, öz ana yurdunu və onunla birlikdə bütün mədəni dünyanı idealizə etdiyi qəhrəmanı İskəndərin əli ilə rus təhlükəsindən xilas etmiş və onu əsirlikdən qurtarmışdır. Həmin İskəndərə kəşf etdirdiyi “Cənnət şəhər”i o, yenə həmin İskəndərin əli ilə “yandırıb külə döndərdiyi bir yerdə” necə təsəvvür edə bilərdi?.. Belə bir imkansızlığı yalnız dünyanın bütün millətlərini hakimiyyəti altına alıb, onlardakı maddi-mənəvi bütün dəyərləri mənimsəmək istəyən qırmızı bolşevizmin ideoloqları təsəvvür edə bilərlər, Nizami yox!

Lütfünü gördüyü rejimə, bəlkə də məcburən, bir xoş söz olsun deyə, Bertelsin, bir də “zəmanəmizdə yaşamış olsaydı, Nizami bizimlə /yəni bolşeviklərlə/ birgə olardı!” hökmü vardır.

Fəqət, bizim fikrimizcə, sevgi ilə nifrət, rəhmət ilə lənət nə qədər bir araya sığa bilərsə, Nizami ilə bolşeviklər də o qədər birgə ola bilərlər!..

 

 

VII


Date: 2015-12-17; view: 420


<== previous page | next page ==>
Nizamidə eşq fəlsəfəsi | Nizaminin dövlət haqqında görüşləri
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.009 sec.)