Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Nizami sənətinin başlıca mənbəyi

Sözün şərti nəşədədir, nazdadır

Bu ikisi varsa, şer sazdadır.

N i z a m i

 

Nizami sənətə (“hünər”) son dərəcə mühüm bir qiymət verir: hər insanda qiymətləndirdiyi əsas şey onun müəyyən bir hünər sahibi olmasıdır. Hünərlər hünəri söz, sənətkarlar sənətkarı şair (onun sözü ilə desək, “süxənvər”) olsa da, Nizami əsərlərində memarlara, nəqqaşlara, rəssamlara və musiqiçilərə də layiqli yer ayırır. Yəməndəki Xəvərnəq qəsrini tikən yunanıstanlı Simnar ilə Şirinə vurulmuş bəxtsiz memar Fərhadın əsərlərini şair özünəməxsus bur həyəcan və sevgi ilə təqdim edir. Şirin Xosrova rəssam Şapurun çəkdiyi portret əsasında aşiq olmuşdur. Nüşabənin sarayında dövrün bütün hökmdarlarını tanıdan ipək üzərində işlənmiş bir kolleksiya vardır. Müxtəlif məmləkətlərin rəssamları arasında keçən müsabiqələrə dair səhifələr diqqəti cəlb edir.

Şair Türküstanın susuz çöllərində bir Çin rəssamının daş üzərində çəkdiyi hovuzdan bəhs edir. Rəssam Manu bu “hovuz” üzərində nəqş etdiyi bir köpək leşi ilə zavallı susuzları xam xəyala düşməkdən xilas edir.

Rum rəssamı ilə Çin rəssamı arasında keçən müsabiqə haqqındakı hekayə maraqlıdır: Rum rəssamı ilə Çin rəssamı, İskəndər ilə Çin xaqanının hüzurunda müsabiqəyə girişirlər. Qarşı-qarşıya qoyulmuş iki tablo arasında bir pərdə asırlar. Pərdənin bir tərəfində biri, o biri tərəfində isə digəri – iki rəqib rəssam işləyirlər. Müəyyən edilmiş vaxt qurtardıqda aradakı pərdəni qaldırırlar. Biri-birinə iki damla su kimi bənzəyən eyni iki rəsm meydana çıxır. Rum rəssamının çəkmiş olduğu şəkli eynilə Çin rəssamının da çəkdiyini görürlər. Münsiflər hökm verməkdə aciz qalırlar. Başa düşürlər ki, burada açılması lazım olan bir sirr var. Iki tablo arasındakı pərdəni təkrar asırlar. Rum rəssamının çəkdiyi şəkil eynilə yerində qalır, fəqət Çin rəssamının tablosu əvəzində cilalanmış hamar müstəvi görünür. Pərdəni bir də qaldırırlar. Çin rəssamının tablosunda eynilə Rum rəssamının çəkdiyi şəkil görünür. Məsələ aydınlaşır. Çin rəssamı boya qüdrəti və cila sənəti sayəsində, yalnız rəqibinin nəqşini eynən əks etdirən bir növ güzgü düzəltmişdir.



Şirinin, Xosrovun, Bəhramın və İskəndərin işrət məclislərindəki musiqi ilə musiqiçiləri şair böyük bir zövq, bilik və sevgi ilə təsvir edir.

Nizaminin təsvir etdiyi ən gözəl, ağıllı və kamallı qadınlar, eyni zamanda, xoş avazlı, şirin dilli məxluqlardır.

Sevinc Nizami sənətinin başlıca qaynağıdır. Bunun üçün də şair, Şirvan şahı Axsitandan “Leyli və Məcnun” dastanını nəzmə çəkmək təklifini alanda, bildiyimiz tərəddüdü göstərmiş, “yazımmı, yazmayımmı?” – deyə ciddi düşünmüşdür.

Nə üçün?

Şairin özünü dinləyək:

“Hüzn və kədərdən ibarət olan bu ərəb əfsanəsindən bir sənət əsəri çıxarmaq, əcəba, mümkündürmü? Mövzu quru və nəşəsiz; macəranın baş verdiyi yerlər yanıq qumsallardan ibarət ot bitirməz çöllər; sudan, yaşıllıqdan, bağ-bağçadan, çəmən-çiçəkdən məhrum bir mənzərə; bütün bu yoxsulluqlar içərisində qəmli bir fəlakətlə bitən nakam bir məhəbbət”.[305]

Bütün bunlar “Xosrov və Şirin” və “Həft peykər” poemalarının rəng və ahəng sevən sənətkar müəllifini, əlbəttə, düşündürmüşdür. Vurğunluğun, divanəliyin əsəri kədərlə dolduran şeylər olub, oxucunu yoracağını göz önünə gətirən şair, “bu şəraitdə – sarayı, məclisi, meyi, saqisi olmayan bir yerdə – sözü yalnız hikmətlə nə qədər bəzəyə bilərəm; qumun quruluğu ilə daşın sərtliyindən nə qədər bəhs edə bilərəm?!” – deyə narazılıq etmişdir. Çünki şairin yaradıcılığının başlıca prinsipi sevincdir. “Sözü sevincdən qurmaq lazımdır ki, hekayədəki beytlər rəqsə gəlsin!”.[306]

“Leyli və Məcnun” hekayəsinin özünə qədər nəzmə çəkilməmiş qalmasının səbəbini də Nizami, mövzudakı bu “nəşəsizlik”də görür.

Şer meydanının dar olmasına baxmayaraq, Nizami Şirvan şahının arzusunu yerinə yetirmiş və oğlu Məhəmmədin təşviqi ilə işə başlayaraq, qeyd etdiyi bütün yoxsulluq və cansıxıcılığın əksinə olaraq, bu mövzunu da “hər kəsin heyran olacağı” bir tərzdə qələmə almışdır. Bu müvəffəqiyyətini isə şair zahiri şəraitdəki yoxsulluğu ruh zənginliyi ilə aradan qaldırmaq sayəsində əldə edə bilmişdir.

“Leyli və Məcnun”da xüsusilə qüvvətlənən bu psixoloji təhlil, əslində şairin zənginliklər, gözəlliklər, nəşə və sevinclər içində canlanan digər poemalarında da parlaq təsvir və hekayələrlə tam bir ahəngdədir.[307]

III

Nizami yaradıcılığının təkamülü

 

Var ikən “Məxzən ül-əsrar” əldə

Arayımmı müvəffəqlik həvəsdə?

Həvəssiz yox fəqət aləmdə bir kəs,

Həvəsnamə sevər dünyada hər kəs!

N i z a m i

 

Sevincdən ilham alan Nizami ədəbi mənliyini 1180-ci ildə yazmış olduğu “Xosrov və Şirin” poeması ilə tapmışdır. Buna qədər şair ruhi bir tərəddüd içində müəyyən kamilləşmə dövrü keçirmişdir.

Sənətdəki qeyd etdiyimiz özünəməxsusluq və orijinallığı tapmazdan əvvəl, Nizami ilk əsəri “Məxzən ül-əsrar” ilə tanınırdı. Kitabın ikinci hissəsində izah olunduğu kimi, “Məxzən ül-əsrar” şairin sənətindən daha çox fikirlərini göstərən bir əsərdir. Nizami “Xəmsə”nin ilk kitabı olan bu əsərini ideya baxımından çox yüksək qiymətləndirir. Mömin bir müsəlman şairin təsəvvüfə yaxınlaşan bütün fikirləri bu didaktik əsərdə əksini tapmışdır.

Didaktik “Məxzən ül-əsrar” ilə lirik “Xosrov və Şirin” arasında 17 ilə qədər bir dövr keçmişdir. Şairin tərcümeyi-halını yazanlardan bəziləri iki əsər arasında olmuş bu boşluğa diqqət yetirmişlər. Amma Nizaminin bu qədər uzun bir müddətdə nə üçün əsər yazmadığını lazımınca başa düşməmişlər. Halbuki “Xosrov və Şirin”in müqəddiməsində şair didaktikadan lirikaya keçdiyinin səbəbini izah edərkən, yaradıcılığındakı boşluq dövrünün sirrini də ifadə etmişdir.

Nizami “Məxzən”dəki əsas fikirlərini asan çatdırmaq üçün oxucuların “həvəsləri”ni oyatmağı lazım bilmişdir. Necə ki, belə deyir:

 

Məra çun “Məxzən ül-əsrar” kənci

Çe bayəd dər həvəs peymude rənci

Və likən dər cəhan emruz kəs nist

Ke u-ra dər həvəsname həvəs nist![308]

 

Yəni: “Məxzən ül-əsrar” kimi bir xəzinəm olduğu halda, niyə həvəs ardınca qaçım? Fəqət bu gün dünyada həvəsnaməyə meyl etməyən kimsə yoxdur!”

Oxucu zövqünün bu tələbi qarşısında təlimçi şairin poemalar yazması, məlum olur ki, heç də asan olmamışdır. Sənətkar yaradıcılıq dühasının özünəməxsusluğunu tapana qədər əməlli-başlı tərəddüd dövrü keçirmişdir. “Həvəsnamə yazımmı ya yox?” – deyə illərlə düşünmüş olduğunu təxmin etmək olar. Təzkirəçilərin başa düşə bilmədikləri sirri burada axtarmaq lazımdır. Bu barədə şair özü bizə kömək göstərir. Bunu biz onun “Xosrov və Şirin”in müqəddiməsində təəssübkeş dostu ilə verdiyi söhbətə əsasən deyirik. Bu təəssübkeş dost şairin niyyətini bildikdə narazılıq edərək demişdir:

“Sən bütpərəstlərə uyma. Zənd ilə Zərdüşt kimi əfsanəçiliyə qapılma. Tövhid qapısını döy ki, bunda məşhursan. Məcusilərin ayin və mərasimlərini niyə təzəliyirsən?”

Nizami dostunun bu acı sözlərindən “qəzəblənmiş”dir, yalnız “dilbənd” Şirinin dadlı ədalarından dostunun qulağına bir neçə kəlmə oxumuş və “toxuduğu ipək”dən ona xoşa gələn bir neçə nəqş göstərmişdir.

Daş kimi sərt olan tənqidçi bunları eşitdikdə, daşlardakı nəqşlər kimi donub qalmışdır. O zaman şair ona:

– Nə üçün susursan, afərin desənə! – demişdir.

O da:

– Yüz afərin, – deyə şairi təbrik etmiş və sözlərinə bunları əlavə etmişdir:

“Şirinin dastanını eşitdim, ağzım şirinləşdi: bütü Kəbə ilə bir araya gətirən bu sehri mütləq axıra çatdırmaq lazımdır!”

Yumşalan adam sözlərini, şairi təşviq edən bu tövsiyyə ilə bitirmişdir.

“Əlində bu ucalıq və bu qiymətdə bir sənət var ikən, bu cansıxıcı yerdə nə qapılıb qalmısan? Gəncədən çıx, geniş meydanlarda aslan ovla. Atını kənarda çap və geniş dünyanı dolaş. Dünyada sənətkar yoxdur, varsa da, sənin atına çatmaz!...”

Bu hekayədə şair bizə sevinc qaynağından içdiyi ilham badəsi ilə yaradıcılığının ona şöhrət gətirən özünəməxsusluğunu necə anladığını göstərmişdir.

Bu, Nizami yaradıcılığındakı təkamülün tarixinin /simvolik/ bir ifadəsidir.

Nizami sənətkarlığının ruhunu xarakterizə edən bu hadisə Firdovsinin ədəbi həyatında baş vermiş qəribə psixoloji hadisə ilə müqayisə edilə bilər.

Didaktika sahəsindən eşq dastanlarına keçən Nizami müəyyən tərəddüd dövrünə məruz qalmışdır. Bu, başa düşülməsi mümkün olan bir hadisədir. Ədəbiyyatın daha yüksək pilləsinə çıxmaq, sənətin daha canlandırıcı havasını almaq istədikdə, şair yolu üzərində təəssübün durduğunu görüb bir anlıq duruxmuşdur. Fəqət bu, onu çaşdırmamış, getmək istədiyi yolun düzgünlüyünü qatı bir təəssübkeşə belə isbat etmişdir.

Nizamidəki bu “duruxmaq” özünü axtaran sənətkarın, tapdığı kamillik nöqtəsinə atılmaq üçün, hədəfinin üzərinə sıçramazdan əvvəl bir aslanın duruxmasına bənzəyir.

Halbuki, Firdovsi... yunanların Homeri, italyanların Vergilisi ilə bərabər, dünyanın vətənpərvərlik ədəbiyyatında adına ölməz bir şöhrət qazandıran “Şahnamə”sini bütünlüklə dəyərdən salmış və... rədd etmişdir.

Firdovsinin “Şahnamə”dən sonra “Yusif və Züleyxa” mövzusunda lirik bir poema yazdığı məlumdur. Fəqət, bu əsərinin müqəddiməsində, millətçi fars şairinin vaxtilə yazıb “Əcəmi diriltdiyinə” əmin olduğu öz “Şahnamə”sini rədd etməsini çoxları bəlkə də bilmirlər.

Halbuki, bu, bir həqiqətdir! Klassik İran ədəbiyyatı ilə məşğul olanlara maraqlı təhlil mövzusu ola biləcək bir həqiqət!

Şair “ömrünün yarısını sərf edərək, Rüstəmin adını dünyaya yaymaq dəliliyinə” son dərəcə peşmandır.[309] O, bu “əyri yolu tərk etmiş, doğrusunu tapmışdır; bu yoldan bir daha dönməyəcəkdir”.[310]

Firdovsi özü-özünə söz verir: “bir daha padşahlara yaxınlaşmayacaq və dastan yazmayacaq, bir daha “boşboğazlıq etməyəcək”, çünki “bütün bu dastanlar kökündən yalandır və iki yüzü bir ovuc torpağa dəyməz”.[311]

Özünün yalanını çıxaran və ən dəyərli əsərini bütünlüklə inkar edən şairin bu ruhi dəyişikliyinin əsl səbəbini araşdırmaq ədəbiyyatşünasları dərindən maraqlandıra biləcək bir məsələdir.

Nizamidə gördüyümüz ruh bütövlüyü ilə Firdovsidəki bu dəyişikliyin səbəblərini burada araşdırmaq niyyətində deyilik; bu, bizi müəyyən etdiyimiz dairədən çıxarar. Yalnız bunu deyə bilərik ki, klassik İran şairlərindən xüsusən fars olanlara məxsus fərdiyyətçilik Nizamidə yoxdur. O, təbliğ etdiyi “fəna fillah” və “fəna filimillə” ideyalarına tam uyğun gələn, sakit, azad və fədakar bir həyat yaşamış və daim “içi” ilə “çölü” ahəngdə olan mömin bir adam olaraq qalmışdır. Şəxsi həyatında olduğu kimi, ədəbi fəaliyyətində də, Nizamidə Fordovsidəki çaşqınlıq və təzadlardan əsər-əlamət olmamışdır!..

Daş qəlbli mütəssibi belə məğlub edən “Xosrov və Şirin” ilə Nizami həqiqətən də didaktikanın dar çərçivəsindən çıxmış, həqiqi sənətin sərhəd tanımayan geniş sahəsinə atılmış, bir-birinin ardınca gələn dörd əsəri ilə “Xəmsə”ni tamamlamış və toz qonmayan böyük adını silinməz bir yazı ilə dünya ədəbiyyatı tarixinə yazmışdır.

“Məxzən ül-əsrar”ı yazarkən özünü hələ “qönçə” hesab edən şair, sevinc qaynağından aldığı ilham sayəsində açılmış təbinin yetirdiyi sonrakı əsərlərində göstərmiş olduğu “yenilik”lə, sözlərilə, həqiqətən də “qiyamət şeypuru”nun təsirini vermişdir.[312]

Bu sahədəki müvəffəqiyyətini şair, qismən özünün Tanrı vergisi saydığı ilhamının qüdrətinə, qismən də yaradıcılığındakı metoduna borcludur.

Nizami metoduna başlıca əsas orijinal olmaq; az, amma “öz” söyləmək”; “namdar olmayınca, namzəd olmamaq”, “fələk kimi yüksələ bilmək üçün fələk kimi dayanmadan fırlanmaq” (yəni çalışmaq); “çəki ilə almaq, amma çəkmədən vermək” kimi cəhətlərdir.

Nizami öz əsərində “ildırım təki başqalarının fəlakətinə qəhqəhə çəkməkdən” qaçır, çünki o, “qığılcımı ancaq özünü yandıran bir şimşəkdir”. O, “hər tikana yas tutan bir gül, hər toxunuşundan dillənən bir teldir”. O, yanan qəlbinin “tikanlanmaqdan (“xar xordən”) tutuşan bir atəş” olduğunu zənn edir. “Dərya kimidir – eyib yuyar; güzgü deyil – eyib axtarmaz”.[313] “Soruşulmayınca söyləməz, çünki cövhəri sındırmamaq üçün kəskini yavaşca vurur”; çünki “soruşulmamış söyləməyin, söylənmişi hədər etmək olduğunu” – bilir; “Korlara lampa tutmağı faydasız” sayır, çünki “beyin qəlbi yalnız gözlə görür”. “Sözün yalnız əks-səda verdiyi zaman faydalı olduğunu” bilən ustad, dinləyən axtarır ki, ona “elmin sirlərini təslim etsin”. Belə birisi tapılmayınca, şair, “dodaqlarının mismarlanmasını” daha düzgün sayır.[314]

Ruhundakı doğruluqla metodundakı bu sağlamlıqdır ki, sənətkara, qırılmaq bilməyən bir inam və yaradıcılıq sevinci bəxş edir.

Əxlaq və ya eşqə aid bütün əsərlərində bu sevinc heç bir zaman Nizamini tərk etməmişdir. Şair əvvəldən axıra qədər öz mənliyinə sadiq qalmışdır.

 

 

IV


Date: 2015-12-17; view: 401


<== previous page | next page ==>
Nizami şerinin özünəməxsusluğu | Nizaminin həyata və insana münasibəti
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.009 sec.)