Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Nizaminin qadına münasibəti

 

Bir şəxs qadındır deyə namərd sayılmaz,

Namərd ona derlər ki, onun qayğısı olmaz.

Dünyada nə qədər aslan kimi erkək qadın var,

Erkək sayılan çoxları var ki, qadındırlar!

N i z a m i

 

Dərya qədər əngin və zəngin ilhamının doğurduğu qiymətsiz əsərlərindən Nizaminin yetişdiyi mühit ilə əlaqəsini aydınlaşdırmaq məqsədi ilə seçdiyimiz mövzulardan dörd əvvəlki ilə müqayisədə, bu beşincisinin məsələ ilə birbaşa əlaqədar olmadığı düşünülə bilər. Amma aşağıda görəcəyimiz kimi, “Xəmsə”də bəhs olunan müsbət qadın surətlərinin də hamısı Qafqaz, ya da türk möhürünü daşıyır. Bundan başqa qadınlıq haqqındakı Nizami görüşlərinin də, daha çox Qafqaz və türk dünyasının özünəməxsus həyat tərzi və ənənələrindən mayalandığı da görünməkdədir. Təsvir etdiyi qadın obrazlarından ən qüvvətliləri olan Şirin – erməni, Nüşabə - bərdəli (Azərbaycan), çinli kəniz isə türkdür.

Yazı silsiləsinin məntiqini təmin etmək üçün hələlik bu qeydlə kifayətlənək; müddəanın nə qədər haqlı olub-olmadığını isə, ardıcıl dəlil və materiallara əsasən oxucu özü müəyyən edər.

Nizaminin əsərlərində iştirak edən qadınların hamısında qeyd olunacaq keyfiyyətlər vardır: Şemirami (Məhin-banu) Ermənistan, Muğan və Arrana hökmdarlıq edən bir kraliçadır. Bu qadının idarə etdiyi məmləkətlər abad, xalq da əmin-amanlıqdadır. Sasani hökmdarı Xosrovun sevgilisi Şirin bu kraliçanın vəliəhdidir. Iran şahzadəsinə vurulduğunu görən Şirinə verdiyi öyüd, Şemiraminin hökmdarlıq hikmətinin ən böyük əsasına nüfuz etmiş bir zəkaya malik olduğuna sübutdur: “şəxsi eşqinə, amandır, dinini və izzəti-nəfsini qurban vermə! Çünki bu, dövlətimizin təməlini sarsıdar”, – deyir.



Bərdədəki “qadınlar səltənəti” və gözəl Nüşabə haqqında yuxarıda danışıldı. Bu səltənətdə hökm sürən rifah, ədalət, xoşbəxtlik və gözəlliyi qeyd etməklə, şair, ikinci dəfə qadınlığın şəfqət, quruculuq və səadət mənbəyi olduğunu bildirmişdir.

Leyli Ərəbistan şəraitində qadınların məruz qaldığı haqsızlığa zahirən boyun əysə də, əslində özünü sevgilisinə fəda etməklə səssiz bir mübarizə və mətinlik göstərir.

Bizanslı Məryəmin simasında şair hesab üzrə ərə getmiş, rəqiblərinə qarşı amansız, qısqanc bir qadın obrazını yaratmışdır. Qadına mənfi Şərq münasibətini bu qısqanc arvadın dili ilə bildirən şair, bu adi qadın surətində də özünə xas bir xarakter (səciyyə) təsvir etmişdir.

Şirini qısqandırmaq niyyətilə Xosrovun İsfahandakı “görüş evi”ndə tapdığı Şəkər adlı yüngül qadına belə Nizami bir fəzilət vermiş, ona pozğunluq içərisində ismətini qoruya bilmək kimi yüksək keyfiyyət bəxş etmişdir.

Çinli türk kənizi obrazı barədə əvvəl bəhs olunmadığı üçün daha ətraflı məlumat vermək istərdik:

Iskəndər ilk dəfə Çində olarkən Xaqan tərəfindən ona, şairin “tork-e çini” adlandırdığı bir cariyə bağışlanır. Gözəlliyi ilə bərabər, bu “türkün” həm musiqi və rəqsdə, həm də igidlikdə mahir olduğunu İskəndərə bildirirlər. Qadınlarda igidliyi xoşlamayan İskəndər bu gözəli qəbul edirsə də, dərhal unudur.

Qafqazda İskəndərin ordusu ilə rus ordusu qarşılaşır. Qəhrəmanlar növbə ilə təkbətək döyüşə çıxırlar. Döyüşün beşinci günü İskəndər ordusundan meydana atılan naməlum bir gənc əvvəl rum ordusunun bir çox ünlü qəhrəmanlarını öldürmüş pəhləvanı öldürərək qarşısına çıxan bir çox rəqibləri də yerə sərir; qaranlıq düşəndə özünü tanıtmadan qərargaha dönmüş və ordu içində qeyb olmuşdur.

Ertəsi gün rus ordusundan döyüş meydanına insana bənzəməyən div təki birisi çıxır. Silahlı olmadığı halda, heç bir zərbə və silahdan qımıldanmayan bu div, qarşısına çıxan bütün igidləri – kimisinin başını üzərək, kimisinin qıçlarını qıraraq, kimisini ayaqları altında əzişdirərək – məhv edir. Iskəndər ordusunu qorxu bürüyür. Belə böhranlı anda dünən rus qəhrəmanlarını bir-birinin ardınca yerə sərərək ətrafı vəlvələyə salan gənc yenidən meydana atılır. Fəqət gəncin rus divinə bütün qüvvəsi ilə endirdiyi zərbələrin heç bir təsiri olmur. Bütün gücü ilə vurduğu polad toppuzlar belə divin başına dəyərək parça-parça olurlar. Nəhayət, gənc ilə div güləşməyə başlayırlar. Güləşmə qüvvətdə misilsiz olan divin üstün gəlməsi ilə bitir. Amma başından dəbilqəsi düşən gəncin gözəllik və incəliyi ilə meydana çıxan qızlığına qıymayan div onu öldürmür – saçlarından tutaraq rus qərargahına gətirir.

Döyüşün yeddinci günü İskəndər özü meydana çıxır. Ortada dayanmış rəqibsiz rus divinin boynuna atdığı kəməndlə onu yıxıb sürükləyir və ordunun içinə çəkərək bağlatdırır. Rus divi həbs edilir.

Divin məğlubiyyətindən ruhlanan İskəndər ordusu ümumi bir hücum ilə rus ordusu üzərinə yeriyir. Meydan müharibəsi rusların məğlub olması və baş komandanı Qıntalın əsir edilməsi ilə bitir.

Bu qələbədən sonra İskəndər, adəti üzrə, hərbdə qəhrəmanlıq göstərmiş olanlara, düşmən tərəfdən olsalar belə, iltifat göstərmək üçün zəncirləmiş olduğu rus divini hüzuruna gətirir. Əl-qolunu açdırır. Onu lütf və nəvazişlə yumşaltmaq istəyir. Əl-qoli açılan vəhşi isə dərhal qaçır, gözdən uzaqlaşır. Qərargahdakılar bu əcayib hərəkəti özlərinə görə yozmağa başlayırlar. Kimi vəhşinin çöllüyə öyrəşdiyi üçün öz səhrasına qovuşmaq arzusunun üstün gəldiyini, kimi də qoyub gəldiyi heyvanları üçün qəribsəmiş olduğunu hökm edir. Iskəndər də etdiyi hərəkətin şübhəli nəticəsi barədə fikrə dalır.

Hamı bu qəribə hadisəni özü üçün təhlil etməkdə olduğu zaman baxırlar ki, div qolları arasında gözəl bir qız gətirir. Çatar-çatmaz bu əcayib məxluq İskəndərin qarşısında diz çökür və gözəli ona təqdim edir.

“Ay qədər” gözəl olan bu qız İskəndəri maraqlandırır. Onu çadırına aparır. Danışdırır. Başına gələnləri öyrənmək istəyir. Məlum olur ki, bu, Çin xaqanı tərəfindən İskəndərə hədiyyə olunmuş “türk gözəli”dir. Padşahın laqeydliyindən sıxılmış, vuruşmaq qərarına gəlmişdir. Bütün ordunu heyrətdə qoyan naməlum gənc bu imiş. Rus divi, qız olduğu üçün onu öldürməmiş, aparıb ruslara əsir etmişdir. Ruslar onu həbs etmişlər. Ətrafını “çirkin səsli və çirkin sözlü” ruslar bürüdüyü halda, onu tutan div təkrar götürüb İskəndərin yanına gətirmişdir.

Qadınlarda igidliyi bəyənməyən Rum imperatorunun münasibətini öz cəsarəti ilə dəyişmiş bu qızdan, şair “İskəndərnamə”nin ikinci hissəsində təkrar bəhs edir: İskəndər bu qəhrəman “türk gözəli”ni vəziri filosof Arximedlə evləndirir. “Çin türkünün hüsnünə” vurulan Arximed vəzifəsini yerinə yetirməməyə başlayır; o dərəcədə ki, axırda İskəndər işə qarışır və “eşq tələsinə düşmüş” filosofu ayıltmalı olur.

Qadınlıqda böyük İskəndərin münasibətini dəyişən mərdliyin bu timsalı ilə yanaşı, Nizami qadınlıqda zəka və qadınlıqda biliyin daha bir nümunəsini vermişdir:

“Həft peykər”də Bəhram Gurun ox atmaqda məharətindən bəhs edərkən şair, padşahın xoşladığı çinli türk gözəli bir kənizlə baş vermiş macərasından da danışır:

Günlərin bir günü Bəhram məiyyəti ilə bərabər ova çıxır. Müxtəlif əyləncələrlə keçən bu gündə padşah çoxlu ov ovlayır. Bəhram hər kəsin təqdirini qazanmış atdığı oxlara, yalnız Fitnə adlı bu çinli kənizin soyuq bir tərzdə seyirçi qaldığını gördükdə:

− Bax, bir ceyran gəlir, onu necə istəyirsən vurum? – deyə müraciət edir.

Cariyə:

− Bacarırsansa, dal ayağı ilə qulağını bir-birinə tik! – deyir.

Padşah, əvvəlcə yayına kiçik bir çınqıl daşı qoyaraq, heyvanın qulağını vurur; heyvancığaz arxa ayağı ilə gicişən qulağını qaşıyarkən, atdığı nazik bir oxla dərhal ayağı qulaqla bir-birinə tikib qıza dönərək:

− Necədir? – deyə soruşur.

Məğrur kəniz laqeyd bir tərzdə:

− Burada nə var ki, bu, məşqin nəticəsidir!.. – deyir.

Padşah qızın bu dikbaşlığından qəzəblənərək onu yanındakı sərkərdələrdən birinə verib:

− Götür, bunun işini bitir! – deyir.

Məhkum qız sərkərdəyə yalvararaq deyir:

− Məni öldürmə, gizli bir yerdə saxla. Görərsən, günlərin birində padşahın qəzəbi keçəcək, mənim halıma acıyıb məni axtaracaq. O zaman salamat olduğumu bilib sevinəcək. Bu sevinclə həm mən xilas olaram, həm də sən qazanarsan.

Saxlandığı gizli yerdə isə Fitnə yenicə doğulmuş bir buzovu hər gün iki-üç dəfə çiyinlərinə alaraq gəzinməyi və yaşadığı evin nərdivanları ilə qalxıb-düşməyi adət edir. Bu minvalla xeyli müddət keçir. Zaman keçdikcə yaşlı bir öküzə çevrilən heyvanı zərif bədənli cariyə eyni cəldliklə nərdivanlarla çıxarıb düşürərmiş.

Günlərin birində padşah həmin sərkərdəyə: “hayıf o cariyədən!” – deyir. Bu xəbəri alan ağıllı cariyə hamisi olan sərkərdəyə məsləhət görür ki, padşahı olduğu yerə qonaq çağırsın. Sərkərdə bir bəhanə tapıb padşahı dəvət edir. Söhbət əsnasında, sərkərdə onu şərəfləndirmiş padşaha fövqəladə qüvvəyə malik cariyəsindən bəhs edir və padşah həmin cariyəni görmək istəyir. Bu zaman çinli cariyə, adəti üzrə, böyük öküzü çiyinlərinə alaraq nərdivanla yuxarı çıxarır və gətirib düz Bəhramın qarşısında yerə qoyaraq padşaha: “Gücümü gördünmü?” – deyir.

Padşah:

− Bəli, – deyir, – bu, bir məharətdir. Amma güc yox, yalnız məşq nəticəsində mümkündür! Yəni kiçik bir buzov ikən bu heyvanı çiyinlərində aparmış və təkrarlanan məşqlər sayəsində bu nəticəni əldə etmisən!..

Qız cilvələnərək: “Bizim öküzə məşq deyirsiniz, amma sizin gura məşq deyənlərə ölüm, eləmi?!” – deyir.

Bu kinayəni eşidən padşah diqqətlə baxaraq öz “türk”ünü[272] tanıyır, onun ölmədiyinə sevinir, dərhal qaçıb boynuna sarılır və gül yanaqlarından öpür.

Məşqlə qazanılmış məharətin də qiymətli olduğunu qeyd edən padşaha haqq qazandıran Fitnə, vaxtı ilə onu qəzəbləndirmiş şıltaqlığının səbəbini izah edərək deyir: “Padşahım, göstərdiyiniz məharət fövqəladə bir şey idi, göydə mələklər, yerdə insanlar o sərrastlığa heyran idilər. Bütün gözlər o anda sizə qibtə və heyranlıqla baxırdı. Mən də bu sərrastlığa məftun və heyran idim. Yalnız sizi bəd nəzərlərdən qorumaq üçün elə laqeyd bir görkəm aldım!.. ”

Üzüründə də günahında olduğu kimi qüdrət göstərən bu incə məxluqu Bəhram canı kimi bağrına basır və bu “günahkar” cariyəni yalnız bağışlamaqla kifayətlənməyib, onu özünə nigahlamaqla da xoşbəxt edir.

Beləliklə, çinli cariyə həm özü qurtulur, həm də hamisi olan sərkərdə mükafata layiq görülür.

“İskəndərnamə”də dövrünün alim və filosoflarını aciz qoyan qibti Məryəm hekayəti də vardır ki, öz səyi ilə, müasir istilahla desək, avtodidaktik olaraq yetişən bu alim qadın obrazının sərgüzəştini bütünlüklə danışsaq, sözü həddən artıq uzatmış olarıq.

Nizamidə kişilər kimi ata minən, vuruşan, eyş-işrət içində ismət və namuslarını, qiymət və şərəflərini qoruyan qadınlara aid çox canlı və şairanə misallar tapa bilərsiniz. Amma şairin təsvir etdiyi ən gözəl, qüvvətli və kamil bir qadın obrazı, şübhəsiz, Şirindir. Bir tərəfdən ən ülvi sevgi ilə Xosrova aşiq olan bu şahzadə, o biri tərəfdən də qadınlıq şərəfini uca tutan bir insandır. Eşqin verdiyi zəifliklə təslim olma uçurumunun ta kənarına qədər gələn Şirin, ləyaqətinin, qadınlıq şərəfinin verdiyi qüvvətlə sarsılmadan dayanır, aşiqindən özünə qarşı bərabər münasibət tələb edir. Hər hansı bir normal qadında olduğu kimi, Şirində də iki daxili duyğu daimi bir mübarizədədir. Qadınlıq hissi ilə sevir, aşiq olur. Təkliyə qatlanır. İllərcə gözləyir. Fərhad kimi fədakar aşiqə şəfqət göstərsə də, əsl məqsədindən dönmür. Dözümlülük sayəsində, müqavimət və qeyri-adi mətinliyi nəticəsində istədiyinə istədiyi şəkildə nail olur.

Eşqdən irəli gələn bütün zəiflik və iztirablarına baxmayaraq, həyatda namus prinsipindən əl çəkməyən Şirinin ölümü də namusladır. Əri Xosrovun öldürülməsindən sonra özünü öldürən Şirin haqqında Nizami, “Şirindən başqa bu dünyada heç kəs özünü başqası üçün öldürməmişdir” – deyir.

Ərinin ölümünə dözməyib ölən qadınlar yox deyil. Fəqət Şirinin haqqı vardır: heç kim bir başqası üçün bu gözəlliklə ölməmişdir. O, ərinin məzarı üstünə dərdini azaltmaq, ağlamaq üçün gedən yaslı bir qadın kimi deyil, sevgilisinə qovuşmaq üçün yollanan xoşbəxt bir gəlin kimi gedir və bu “gəlin otağından” bir daha çıxmır.

Erməni şahzadəsi Şirin – xristian, İran şahzadəsi Xosrov – atəşpərəst idi. Qəribə deyilmi ki, qədim İran əfsanəsinin təsvir etdiyi bu məhəbbət, eyni coğrafi ərazidə cərəyan edən daha sonrakı məhəbbətlərin əsasını ehtiva edir: məsələn, xalq eşq dastanlarından birinin qəhrəmanları Kərəm – müsəlman, Əsli də xristiandır.

Müxtəlif millət və dinlərə mənsub qonşular arasındakı böyük bir eşq dastanları dünya ədəbiyyatının məlum mövzularındandır.

Nizaminin qadın haqqındakı görüşlərini yaratdığı fəzilətli qadın surətlərinə görə müsbət olaraq müəyyən etmək mümkündür. Fəqət, Nizami, bizcə, qadın azadlığı və isməti haqqındakı fikirlərini türk köçərilərindən qıpçaqlar barədə gözəl bir hekayəti ilə anladır:

Qafqaza getmək üçün Çindən hərəkət edən İskəndər ordusu qıpçaq çölündə düşərgə salır. Iskəndər buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadığını görür. Əsgərlərinin ehtiyacından ehtiyat edən imperator qonağı olduğu məmləkət əhalisinin irz və namusuna təcavüzə yol verməmək üçün qıpçaq bəylərini toplayır. Onlara böyük iltifat göstərib fikirlərini bildirdikdən sonra qadınlarının örtülü gəzməsini tövsiyyə edir: “Qadın daşdan, dəmirdən də olsa yenə qadındır. Qadının üzü örtülü olmalıdır” – deyir. “Üzünü başqalarına göstərən bir qadın nə özünün, nə də ərinin şərəf və heysiyyətini qoruya bilməz!” – deyə xəbərdarlıq edir.

Çöllülər padşahın bu sözlərini diqqətlə dinlədikdən sonra nə cavab versələr yaxşıdır? Qıpçaq bəyləri İskəndərə deyirlər ki:

“Padşaha itaət edirik. Zati-alisinə sədaqətli olmağa and içmişik. Əhdimizdə dayanmışıq. Fəqət, üz örtmək bu əhdə daxil deyildir: çünki bu, qıpçaq adətinə uyğun gəlmir. Sənin adətin üz qapamağı tələb edirsə, bizim adət də göz qapamağı tələb edir. Başqasının üzünü görməmək lazımdırsa, üzü deyil, gözü qapamaq gərəkdir. Padşah bizə qəzəblənməsin: üz örtülsə, arxayamı baxılacaq?! Bizim gəlinlərin otağında yad bir kəs yoxdursa, bu kifayətdir. Padşahım, sən gəl, bu xalqın üzünü niqab ilə gizlətmə! Daha yaxşısı budur ki, örtüyü öz gözlərinə as! Bir göz qapanarsa, nə ayı görər, nə də günəşi! Hökmdar nə əmr edərsə, yerinə yetirməyə hazırıq! Canımızı belə istəsə, verərik. Yalnız öz adətlərimizdən əl çəkmərik!”[273]

Şəhərli İran – Bizans mədəniyyətinin nümayəndəsi olan İskəndər ilə çöllü türk mədəniyyəti nümayəndələri olan qıpçaq bəyləri arasında keçən bu dialoq səhnəsi, ta 20-30 il bundan əvvələ qədər Türk-İslam dünyasını güclü şəkildə məşğul edən mübahisələrə bənzəmirmi? Nizaminin qıpçaqları bizim liberal düşüncəli inqilabçılarımızla eyni mövqedə deyildirlərmi?!

“Qadının saçı uzun, ağlı qısadır”. “Qadın təbiətən alçaqdır”. Qadın əleyhinə deyimiş bu fərmanlara Nizamidə də rast gəlirik. Fəqət şair bu tipli ikinci dərəcəli qəhrəmanlarının dilindən verir. Nizaminin əsərlərində qadınları ən çox pisləyən qadındır. Amma qısqanclıq odu ilə ərini gözəl və ağıllı rəqibinə vurulmaqdan çəkindirmək istəyən bir qadın. Rəqibi Şirini əri Xosrovun gözündən salmaq üçün bizanslı şahzadə Məryəm, qadınlar haqqında bunları söyləyir:

“Qadınlar şeyxlərə bənzərlər:[274] içdən xəbis, çöldən nəfisdirlər. Heç vaxt atda, qılıncda və qadında vəfa axtarmazlar. Vəfa deyilən şey kişidir. Qadına necə etibar etmək olar? Qadın dedinmi, mərdlikdən əl çək. Kişilər çox düşündülər, daşındılarsa da, heç bir qadında düzlük tapmadılar. Qadının sol böyürdən yarandığını söylərlər, heç əyridən də düzlük gözlənilərmi?”.[275]

Bunlar rəqiblik və qısqanclıq hissi ilə söylənmiş səfeh sözlərdir.

Nizamidə qadın ruhunun, müasir Avropa ədəbiyyatında da tez-tez rast gəldiyimiz psixoloji təsirinə də təsadüf olunur. Leylinin ərə getməsi xəbərini eşidən Məcnuna yaxın adamları bu sözləri deyirlər: “qadın ikiüzlü bir məxluqdur; zahirən barışçı, daxilən savaşçıdır, düşmən olursa, dünyanı yıxır, dost olursa da canı yaxır. “Et!” desən istəməz, “etmə!” desən can atar. Sən kədərli ikən o sevinir, sən sevinirkən o kədərlənir; bu, hələ yaxşılarının təsviridir, pislərindən Allah saxlasın!”.

Leylinin istəyərək deyil, zorla, yalnız zahirən ərə getdiyini aşkara çıxarmaqla, şair qadınlar haqqındakı bu hökmündə də qəti və haqlı olmadığını göstərir.

Nizami qadınlara şamil edilən pisliklərin onlara fitrən xas olmadığına, kəsb edimiş bir cəhət olduğuna inanır və bu qənaətini əri Xosrovun məzarı başında özünü öldürən Şirin haqqında yazdığı bu sözlərlə bildirir:

“Afərin Şirinə və onun şirin ölümünə! Afərin can verib can almasına! Eşq üçün belə ölmək lazımdır. Canana belə can vermək gərəkdir. Hər qadın olan namərd deyildir. Əsl qadın – arsız kişidir. O qədər qadınlar var ki, aslan kimi kişi, o qədər kişilər var ki, qadına taydırlar!”[276]

“Bu sözləri şair XII əsrdəmi yazmışdır?” – deyə heyrət edirsiniz?.. Etməyin! Çünki şair 800 il əvvəl yaşamışsa da, bu sözləri türk ənənələrindən, Qafqaz şəraitindən ilham alaraq yazmışdır.[277]

 

 

Mövzulardan çıxan nəticə

 

Farsçılığı yox onun,

Türklüyə çox bağlıdır.

Qafqaz deyə zövq alır, Rusdan canı dağlıdır.

Gözəl qadın tipləri

Ya türk, ya qafqazlıdır.

Şübhəmiz yoxdur ki, o,

Bir azərbaycanlıdır.

M. Ə. R.

 

Təhlil etdiyimiz mövzuların sayını artırmaq istəsəydik, Nizamidə bəhs etdiyimiz beş məsələyə, hər şeydən əvvəl, “Nizamidə aktuallıq” fəslini əlavə edərdik. Şairin yaşadığı mühitlə qəlbən bağlı olduğu bu bölümdə də, bir sıra maraqlı cəhətləri ilə meydana çıxardı.

Nizamidə aktuallıq ayrıca bir mövzu təşkil edə bilməz. Adi fikirlərini belə əfsanələrlə hekayətlərin, təmsillərlə təşbehlərin rəmzi dili ilə söyləməyi sevən şair heç bir zaman, müasir terminlə desək, bir publisist mövqeyi tutmamışdır. Bunun üçün də, Nizamidə “aktuallıq”, yalnız “qissədən hissə” çıxarmaq tipli bir “qüriz” (qaçmaq) şəklini almışdır.

Əsərlərinə yazdığı ithaflar vasitəsilə, şairin müraciət etdiyi hökmdarlara yurdsevərlik barədə öyüdlər verdiyini bilirik. Bunlardan başqa, onun tarixi şəxsiyyətlərdən bəhs edərkən, zamanındakı mövqe və iqtidar sahiblərinə müraciətlə, bir neçə misrada yol göstərdiyi də görünür. Məsələn, İskəndərin yanında Ərəstu (Aristotel) kimi filosof bir vəzir olduğunu qeyd edərkən, şair, dünyada müvəffəq olmuş padşahları, ardıcıl şəkildə gözdən keçirir və hamısının yanında bir ağıllı vəzir görür: Səlcuqi Məlik şah, Qəznəvi Mahmud, Sasani Ənuşirəvan kimi... Bununla da şair müasirlərini ayıq salmaq istəyir.

Nizamiyə görə, padşahın yanılmağa və sözün tam mənası ilə sarsılmağa haqqı yoxdur. Bunun üçün də yanında ağıl, tədbir, rəy və vicdan sahibi olan bir vəzirə ehtiyacı vardır. Mənim və sənin ayağımız büdrəyə bilər, amma padşahınkı büdrəməməlidir; yoxsa dövlətin başı dönər.

Aktuallığa aid “Nizami görüşlərindən”, şairin məmləkət və yurda olan hissi bağlılığını göstərən ən canlı misal Bərdə haqqında yazdığı parçadır.

Azərbaycanın və yaxud, daha dəqiq desək, Arranın tanınmış mərkəzi Bərdənin tarixi zənginlik və abadlığına dair rəvayətlərdən bəhs etdiyi əsnada, Nizami içini gəmirən bir əzabla özünü saxlaya bilmir: yurdunun səfil bu gününə nəzər salaraq, bunları yazır:

– İndi ora xaraba bir saray təsiri bağışlayır. Çiçəklər tamamilə solmuş, nə nardan, nə nərgizdən əsər qalmamışdır. Quru otla bataqlıqdan başqa, indi orada heç nə görməzsən!

– Nə üçün?!..

Bu sual, məlum olur ki, şairin yurdsevər zehnini rahat buraxmır. Qəlbi ağrıdan bu suala o, dövrünü amansız surətdə tənələyən misralarla cavab verir:

– Çünki o yaşıllıqlar toxumdan deyil, ədalətdən bitmişdi!..[278]

Fəqət şair bu gündən kədərlənsə də, “sabah”dan ümidsiz deyil: o mədəniyyət yenidən dirçəlsə, buralar əvvəlkindən də abad olar. Şair öyüdünü dövrünün padşahını ayıltmalı bu sözlərlə bitirir: “Padşah başqa məşğuliyyətlərdən əl çəksə, bura yenidən canlanıb gözəlləşər”.

Məmləkət və yurd qayğısı ilə çırpınan şairdə əsrinin təəssübü vardır. “Qissədən hissə” çıxaran “qüriz”lərindən birində, şair, bu hissiyatına sərbəstlik verir – çağdaşlarının yaxşı müsəlman olmadıqlarını şiddətlə qamçılayır.

Qissəni biz də bilirik: Sasani padşahı Hörmüz, gözünün işığı, bircə oğlu Xosrovu, nisbətən əhəmiyyətsiz bir günah üstündə, ədalət yerini tutsun və başqalarına ibrət olsun deyə, şiddətlə cəzalandırır. Bu hadisəni danışarkən Nizami, gözlənilmədən, sözü tarixdəki atəşpərəstlik vəziyyətindən zamanındakı müsəlman gerçəkliyinə keçirir: dövründəki ədalətsizlikdən, “min günahsızın qanı töküldüyü halda, bir zalımın burnu qanamadığından” alışan şair, qədim dövrdəki “gəbrliyə” qibtə edir: “onlar gəbr idi, biz müsəlmanıq. Gəbrlik o isə, müsəlmanlıq hansıdır?!” – deyə ağır kinayə daşını zəmanəsinin ədalət yolundan dönmüş üzünə çırpır.

Ədalət – şairin Tanrıya tapındığı kimi müqəddəsləşdirdiyi bir idealdır. O, bu idealının gerçəkləşməsini istəyir; onun bu gün deyilsə də, sabah gerçəklşəcəyinə inanır. O, inandığı bu idealın “keçmişdəki örnəyini” nəzmə çəkir. “İskəndərin idarəsi” poetikləşdirilmiş keçmişdən bir örnəkdir.

Azərbaycan və Qazfaz şəraitində yetişmiş müsəlman Nizami, hissiyyat baxımından xalis bir türkdür. Elə bu kifayətdir ki, türklüyü sevdiyi üçün bütün varlığı ilə bağlandığı ədalət idealını “türk dövləti” şəklində təsəvvür edir: “adil olmayan, türk də ola bilməz!” – deyir.

Ruhən bu dərəcədə türk olan şairin, zamanındakı danışıq dili, şübhəsiz, türk dili idi. Yuxarıda oxucularımızla bərabər gözdən keçirdiklərimizdən başqa, bu fikri qüvvətləndirən bir-iki dəlil də vardır.

Çinli türk xaqanının İskəndərə bağışladığı bir şahin quşundan bəhs edərkən, Nizami, “Toğrul” adlı quşlar şahı bir şahin ki, sultanlıqda Toğrul kimi kamil idi” deyir.[279]

Mahmud Kaşğarinin “Divan-u luğat-it-türk”ündə bir kişi adı olan Toğrulun, həm də “min qaz öldürüb, bir dənəsini yeyən yırtıcı bir quş” demək olduğunu gördükdə, yalnız quş ilə sultan adları arasındakı cinasın mənasını deyil, eyni zamanda, ustadın türk dilinə nə dərəcədə vaqif olduğunu da öyrənirik. Nizami, türk olmaları bəlli olan tanrılardan bir süvariyə, xüsusi isim olaraq, Qarınca adını verir. Bu isim farsca qarşılığı olan “mur” sözü ilə bir cinas da yaradır.[280]

Iki dil arasınakı özünəməxsusluğa əsaslanan sənətindəki bu incəliklərə nəzər saldıqda, farsca yazan Nizaminin, türkcə danışdığını iddia edənlər heç də fantaziyaya uymuş sayıla bilməzlər.

Məqsədimiz təhlil edilmiş mövzulardan bir nəticə çıxarmaq idi; birdən özümüzü çəkilmə halında olan böyük sənət ümmanının məna sədəfləri ilə dolu dərinliklərinə dalmış gördük. Bu məna inciləri ilə dolu sənət sədəflərindən seçə bildiklərimizi toplayaraq, bir an əvvəl, özümüzü nəticə sahilinə atmağı lazım bildik; yoxsa mənimsənilməsi mümkün olmayan bu coşğun ümman, yeni qabarma dalğaları ilə bizi də, seçdiyimiz “nəticə sədəfləri”ni də alıb aparardı.

Allah bərəkət versin ki, Nizami mövzularındakı sənət və hikmət ünsürləri üzərində fikir yora-yora etmiş olduğumuz cəhd, böyük ümmanın bu çəkilmə və qabarmaları önündə, az da olsa, manevr edə bilməyimizə imkan verdi. Beləliklə, bu can qurtaran dəstəyə söykənərək təhlil etdiyimiz mövzulardakı ünsürlərə əsasən əldə etdiyimiz nəticəni yenidən qabaran Nizami dəryasına vermədən, burada oxucularımıza təqdim edirik:

Fars təəssübünə yabançılığını, türk sevgisini, Qafqaza bağlılığını və yetişdiyi mühitin tarixi düşməninə nifrətini, nəhayət, qadına bəslədiyi ehtiramlı münasibətini nəzərə alaraq, “İran” adı altında anılan Yaxın Şərq ədəbiyyatına hakim, böyük şair Nizaminin azərbaycanlı bir türk dahisi olduğuna, artıq şübhəsiz, hökm edə bilərik.

 

DÖRDÜNCÜ HİSSƏ


Date: 2015-12-17; view: 487


<== previous page | next page ==>
Nizaminin ruslar haqqında | Nizami şerinin özünəməxsusluğu
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.015 sec.)