Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Məxzən-ül-əsrar 4 page

Döyüşün gedişində Məcnunun tutduğu mövqe qəribədir. O, özü üçün vuruşanların deyil, əks-tərəfin qələbəsi üçün dua edir. Əks tərəfdən ölənlərin başlarını dizləri üstə alıb oxşayır. “Bu nə deməkdir?” – deyə soruşanlara “yar tərəfin məğlubiyyətini necə istəyim?!” – deyə cavab verir.[200]

Döyüşün ən şiddətli və kəskin vaxtında Leylinin atası Nofəlin yanına gəlir və deyir: “Nə istəyirsən edim. Qızımı kimə istəyirsən ver, razıyam. Amma övladımı dəlinin birinə vermək üçün israr etmə! Israr etsən, gedib başını kəsər, bədənini itlərə yem edərəm. Sərsəri bir dəliyə qismət olmaqdansa, qoy onu köpəklər yesin!”. Atanın bu kəskin sözləri ilə Məcnunun vuruş zamanı göstərmiş olduğu, doğrudan da, dəlicəsinə hərəkətləri zehnində qarşılaşdıran Nofəl fikrə gedir: təklifi yaxşı bir fürsət sayaraq, o saat döyüşün dayandırılmasını əmr edir. Çünkü vuruşun mənasız olduğuna inanmağa başlayır.

Bu hadisədən sonra insanlardan büsbütün üz döndərən Məcnun, qəbiləni tərk edib çöllərə düşür. Özbaşına sərgərdan şəkildə dolanarkən Məcnun İbn Salamın Leyli ilə evlənməsi xəbərini alır. Bu xəbərlə can evi xaraba qalan Məcnun Leylinin vəfasızlığı barədə yanıqlı qəzəllər söyləyir.

Bu arada atası oğlunu tapır, bir daha öyüd verir, evə çağırır. Bu, onun oğlu ilə son görüşü olur.

Məcnun atasının ölüm xəbərini alır. Məzarı üstünə gəlir, mərsiyyələr deyir. Yenidən çöllərə düşür.

Məcnunun artıq insanlara heç bir bağlılığı qalmamışdır. Oturub-durduğu yalnız heyvanlardır. Çölün vəhşi heyvanları ona alışmışlar, onun dalınca düşüb hər cür təhlükədən qoruyurlar. Quşlar ondan hürkmür, üstünə kölgə salır, başına, çiyinlərinə qonurlar. Ilanlar-çayanlar belə ona xətər yetirməyib diqqət göstərirlər. Yalnız heyvanlar deyil, ağaclar da onunla danışır, həsbi-hal edirlər. Bütün kainat onunla dost və aşinadır. Göydəki ulduzlar da onu anlayan “müsahiblər”idir.



Beləcə insanlardan və insani əlaqələrdən tamamilə uzaqlaşaraq özünü təbiətə vermiş, tam şəkildə təcrid olunmuş bir vəziyyətdə ikən Leylinin yanından qasid gəlir və ona bir məktub verir. Bu məktubda Leyli sözdə ərə getsə də, əslində Məcnuna sadiq qaldığını, könlünün daim onunla bir olduğunu bildirir.

Dayısı ilə anası Məcnunu görməyə gəlirlər. Onu evə çağırırlar. Anası: “oğlum, gəl, başsız qalmış ailənə böyüklük et!” – deyir. Faydası olmur. Qayıdandan sonra dayısı ölür. Anası bir də oğlunun yanına gəlir, yenə nəsihət verir, evə qayıtması üçün yalvarır. Amma əbəs... Ana məyusluq içində geri dönür. O da vəfat edir. Məcnun anasının məzarı üstünə gəlir. Ağladıqdan və mərsiyyələr söylədikdən sonra yenidən ətrafındakı heyvanlarla birlikdə çöllərə dönür.

Leyli fürsət tapıb Məcnunu axtarmağa başlayır. Bir çəmənlikdə olarkən ona xəbər göndərir. Görüşürlər. Platonik bir görüşdən ibarət olan bu səhnədə Məcnun Leyliyə şer oxuyur. Vaxt çatanda təzədən ayrılırlar. Leyli ərinə qəlbən bağlı olmasa da, şəriət baxımından bir qəbahət işlətməyi də özünə rəva görmür. Məcnun isə həqiqi aşiqdir; bu eşqdə qərəzə yer yoxdur.

Burada şair Məcnunu qəlbən anlayan iki hal əhli ilə tanış edir. Bunlardan biri bağdadlı Salamdır ki, başına gələn macəradan, eşqin nə olduğundan xəbəri vardır. Bu şəxs Məcnunun halını bilib onu ziyarət etmiş, dediyi şerləri yazıya alaraq Bağdada aparmış və ədiblər arasında yaymışdır. Ikincisi də, əmisi qızı Zeynəbə aşiq ikən arzusuna yetməmiş Zeyddir ki, Məcnunla yaxınlaşaraq onu duymuş və ona ürəkdən xidmət etmişdir.

Ibn Salam Leylidən muradını almadan xəstələnib ölür. Ərəb adətinə görə, dul qalmış Leyli hamıdan ayrılıb özü-özü ilə qalmaq imkanı əldə etmişdir. Leyli üzdə ölən ərinə, əslində isə sevdiyi yarından ayrı düşməsinə doyunca ağlayır.

Nəhayət, Zeyd gəlib İbn Salamın öldüyünü Məcnuna xəbər verərək, indi azad olmuş Leylinin onu qovuşmağa çağırdığını yetirmişdir.

Zeydin bələdçiliyi və arxasınca hərəkət edən heyvanlardan ibarət məiyyəti ilə Məcnun Leylinin çadırına gəlir, yar tərəfindən qarşılanır və şairin misilsiz bir qələmlə təsvir etdiyi kimi, iki sevgili bir-birinə sarılırlar, özlərini unudub məst və bihuş düşürlər.

Məcnun getdikdən sonra Leyli xəstələnir. Ölüm ayağında anasına deyir ki, əgər Məcnun gəlsə, deyərsən Leyli ölərkən səni istədi. Leylinin son sözləri də bu olur.

Məcnun vəfalı dostu Zeydin bələdçiliyi ilə Leylinin məzarı başına gəlir, günlərlə ağlayır, torpağı öpür, başına sovurur, öz-özünü döyəcləyir. Nəhayət, sevgilisinə qovuşmaq üçün ruhunu təslim edir.

Bu kədərli mənzərə Nizami tərəfindən çox təsirli bir tablo kimi təsvir edilmişdir.

Bu qəmli hekayət belə qəmli bir ehtimalla sona yetir. Aşiq özündən ayrı təsəvvür etmədiyi məşuquna qovuşmaq üçün o biri dünya yolunu tutur, həyatı tərk edir.

Bu vəziyyətdə Məcnunun əhatəsində olan heyvanlar da dağılışıb təbiətlərinin tələb etdiyi səmtlərə üz tutmuşlar.

Zeydin təşəbbüsü və qəbilə əhalisinin iştirakı ilə Məcnunu Leylinin yanında bir məzarda dəfn edirlər.

Iki pak sevgilinin yan-yana duran məzarları ərəblər arasında ziyarətgaha çevrilir.

Az sonra Zeyd yuxusunda Məcnun ilə Leylini cənnətdə, gözəl bir qəsrdə, qol-qola, nəşə, sevinc və səadət içində görür.

Nizaminin təsvir etdiyi Məcnun bütünlüklə özünü idealına bağlamış, fədakar və səmimi bir idealist simvoludur. Aşiq – mömin və ya mücahidin, məşuq – Allah və ya idealın timsalıdır. Adi insanların “Məcnun” adlandırdıqları Qeys özündən keçmiş bir mömin, bir mücahiddir. Fəna – fillahlığın və ya ideal vurğunluğunun bir təcəssümüdür.

Bu surət Şərq ədəbiyyatının, Əzraya vurulmuş Vamiq kimi müxtəlif adda və formalarda təkrar etdiyi bir aşiq obrazıdır. Eynilə, Nizaminin digər əsərində, Sasani padşahı Xosrovun rəqibi Fərhadın Şirinə olan bağlılığı da bu növdəndir.

Məcnunun məhz belə bir timsal olduğu fərağət, təcərrüd və qənaətdən ibarət “dəlilik” həyatında rast gəldiyimiz bir çox hərəkət və ifadələri ilə də sübut olunur. Belə tutarlı misallardan biri yuxarıdakı xülasədə qeyd olunmuşdur. Nofəlin qoşunu ondan ötrü vuruşduğu halda, Məcnun Leylinin qəbiləsinin qələbəsinə dua edir.

Fədakarlıq və məhəbbətin dəli bir ifadəsi olan bu kimi sirli hallar, Məcnun tərəfindən müxtəlif şəkillərdə göstərilir.

Məsələn, bir kağızda Leyli ilə Məcnunun birgə şəklinin çəkildiyini görən Məcnun dərhal Leylinin əksini pozur. Səbəbini soruşurlar. “Biz iki deyil, birik” – deyir. “Elə isə bəs niyə özünü yox, onu pozursan?”. “Çünkü o ruhdur, mən qəlib; ruh qəlibimdə gizlənir”.

Zeyd ona rəqibi İbn Salamın öldüyünü xəbər verdikdə: “ömrünü sənə bağışladı” deyir. Məcnun dərhal: “Olmadı, Zeyd, səhv etdin, mənə yox, Leyliyə bağışladı deməliydin” – deyə düzəldir. Zeyd ona: “Leyli ilə Məcnunun başqa-başqa, iki vücud deyil, iki qəlibdə bir can olduğunu elə səndən öyrəndiyim üçün, “İbn Salam ömrünü Məcnuna bağışladı” – deməklə, “Leyliyə bağışladı” demək arasında fərq görmürəm” – deyə izah etdikdə, Məcnun Zeydi haqlı sayır və onun özünü, həqiqətən, başa düşən bir dost olmasından razı qalır.

Böyük və ülvi eşqin bəxş etdiyi qüvvə və ilhamdan məhrum adi adamların yetə bilmədikləri məqama çatan Məcnunun vəhşi və yırtıcıları özünə ram etməsi, şübhəsiz, dastanı zinətləndirən bir bəzəkdir. Amma Nizami özünəməxsus misallarla bu “bəzəy”in “doğru”ya bənzədiyini bizə təlqin edir.

Məcnun onun üçün gətirilən yeməkləri başına toplanmış heyvanlara yedirtmək və amansız ovçuların toruna düşmüş heyvanları tapdıqca azad etmək yolu ilə onların etimad və sevgilərini qazanmış, onlarla dost olmuşdur.

Belə bir dostluq, Nizamiyə görə, mümkündür. Budur, həmin müddəanı sübut edən məsəl:

Bir padşahın yırtıcı köpəkləri varmış. Cəzalandırmaq istədiyi günahkarları bunlara atıb parçalatdırarmış.

Gənc və ağıllı bir nədim günlərin birində şahın onu da köpəklərə atdırması ehtimalını fikirləşərək, tədbirli tərpənir: itlərə baxan adamla dostluq edir və onun icazəsilə hər gün köpəklərə yal verir.

Bir gün, nəhs bir saatda, heç nədən padşahın nədimə qəzəbi tutur və onun köpəklərə atılmasını əmr edir.

Qəzəbi soyuduqdan sonra etdiyinə peşman olmuş padşah itlərə baxan adamı çağırıb zavallı nədimin əhvalını soruşur. O, padşahı köpəklərin saxlandığı yerə gətirir. Padşah nə görsə yaxşıdır?! – nədim yırtıcı itlərin arasında sağ-salamat oturub heyvanlarla oynayır.

Padşah dərhal nədimi hüzuruna gətirdir:

– Bu nə möcüzədir?! – deyir.

– Padşahım, bunun nəyi möcüzədir ki?! Burada heyrət ediləcək bir şey yoxdur. Heyvanlar insanlardan daha həssas və daha qədirbiləndirlər. İllərlə sənə sədaqətlə xidmət etdim. Heç bir şey üçün hər şeyi unutdun və dərhal qətlimə fərman verdin. Halbuki bu vəhşi köpəklər ara-sıra onlara etmiş olduğum yaxşılığı unutmadılar, gördüyün kimi, canıma qıymadılar.

 

 

VI

“Həft Peykər” (“Yeddi Gözəl”)

Ey cəhan dide xiş əz to

Hiç budi nəbud piş əz to.

(Ey dünyanın özünü səninlə gördüyü,

Səndən əvvəl heç bir varlıq yox idi! – red.)

 

Hicri 593-cü il ramazanın 14-də[201] (miladi 1197-ci il iyulun 31-də) yazılmış bu mənzumə 4.968 beytdə Marağa[202] hökmdarı Ağsonqurlu Əlaəddin Körp (körpə) Arslana ithaf olunmuşdur.

Sasani padşahlarından Bəhram-Gur haqqında şairanə bir əfsanədən ibarət olduğu üçün bəzi naşir və tədqiqatçılar əsərə “Bəhramnamə” də demişlər. Amma şair özü əsərinə “Həft peykər” adı vermişdir. Verəcəyimiz xülasədən görünəcəyi kimi, bu ad daha təbii və daha uyğundur. Əsərin məzmunu budur:

Sasani padşahı Yəzdigürdün Bəhram adlı bir oğlu olur. Münəccimlərin tövsiyyəsinə əsasən Ərəbistanda tərbiyə edilməsini istəyən atası Bəhramı Yəmən hökmdarı Münzərin yanına göndərir.

Münzər qonağı olan şahzadənin rahatlığını təmin etmək üçün hər cəhətdən qayğı göstərir. Məşhur Rum memarı Simnarı dəvət edərək İran şahzadəsi üçün xüsusi Xəvərnəq qəsrini tikdirir. Bu qəsr, şair təsvir etdiyinə görə, sənətin misilsiz bir nümunəsidir. Onun bütün dünyaya yayılmış bir qəribəliyi varmış: günün müxtəlif saatlarında günəş şüalarının dəyişən təsiri altında qəsr müxtəlif rənglərdə görünərmiş. Bu qəsrin dünyada tayı-bərabəri yoxdu və ola da bilməzdi: çünki başqa bir beləsini tikməsin deyə, Yəmən hökmdarı Xəvərnəqi tikmiş yunan memarını öldürtdürür.

Iran şahzadəsi Yəməndə yaxşıca böyüyür, ova çıxır, “gur”[203] ovlamaqda məşhur olur. Bunun üçün ona Bəhram-Gur deyirlər. Bəhram-Gurun qəhrəmanlığı yalnız gur ovlamaqla məhdudlaşmır, ən yırtıcı heyvanları da məğlub edir. Qorxulu bir mağaraya girir, əsatiri əjdahanı öldürür və buradakı əfsanəvi xəzinələri əldə edir.

Bir gün şahzadə Xəvərnəq qəsrinin bağlı otaqlarından birini açır. Bu əsrarəngiz otaqda sənətkar bir əl tərəfindən çəkilmiş bir tablo önündə heyran qalır. Burada özünü yeddi iqlimin şahzadələri arasında görür. Otağın açarını özündə saxlayır. Bəhram-Gur arabir dincəlmək üçün bu otağa gəlməyi adət edir.

Yəzdikürdün ölüm xəbəri alınır. Bəhram-Gur İran taxtına çıxmaq üçün yola hazırlaşır. Birdən belə bir xəbər yetişir: İranın dövlət adamları yad bir məmləkətdə tərbiyə edilmiş, yurdundan uzaqda böyümüş bir gəncin İrana yaxşı bir padşah ola bilməyəcəyi üçün öz aralarında bir “piri-dana”nı[204] taxta çıxarmışlar.

Bəhram ərəb dostlarından güclü bir ordu toplayaraq öz haqqını geri almaq üçün sərhədə yaxınlaşır. Irandan gəlmiş bir heyət onu qarşılayır. Heyət şahzadəyə yürüşdən əl çəkməsini və ölkəni qardaş qırğınına cəlb etməməsini təklif edir.

– Atanın günahıdır ki, səni yad tərbiyəsinə verdi, – deyirlər.

Bəhram təklifi rədd edir. Özünün taxta varis olduğunu irəli sürür. Qorxduqları qan tökülməsinin qarşısını almaq üçün isə orijinal bir şərt qoyur:

– İran tacı iki yırtıcı aslanın arasına qoyulacaq; kim onu şirlərin pəncəsindən alacaqsa, o da taxta çıxacaqdır.

Heyətin ağıllı hesab etdiyi bu təklifin yerinə yetirilməsi nəticəsində Bəhram-Gur İran taxtına sahib olur.

Bəhramın hökmranlığı zövq və səfa içində, eşq oyunları ilə keçir. Həftənin altı gününü eşq və səfaya sərf edir, yalnız bir günündə məmləkət işləri ilə məşğul olur.

Məmləkətdə quraqlıq baş verir, qıtlıq olur; fəlakət dörd il davam edir. Bu ağır illərdə Bəhram xalqın dadına yetir. Ehtiyacı olanlara dövlət anbarından ərzaq paylayır. Bununla da xalqın məhəbbətini qazanır.

Bu zaman Çin xaqanı İrana hücum edir. Içki, kef və əyləncələrə alışmış iranlılar hərbçiliyi yadırğamışlar. Çin xaqanını İranın üstünə gəlməyə cəsarətləndirən də əslində budur. Amma Bəhram şəxsi şücaəti, qeyrəti və əhalini müharibəyə təşviq etməsi sayəsində məmləkətin müdafiəsini təmin edir. Qələbə çalır.

Bu hadisədən sonra Bəhram, İran böyükləri ilə bərabər, Xəvərnəq qəsrini yenidən görməyə gedir. Onlar “Yeddi gözəl” tablosuna tamaşa edirlər.

Bəhram tablodakı gözəlliyi həyata keçirmək istəyir. Dövlət adamlarının razılığı ilə Bəhram yeddi iqlimin hərəsindən bir gözəl gətirtməyə başlayır. Hər iqlimdən bir şahzadə alır. Onları özünəməxsus şəkildə tikdirdiyi yeddi qübbəli sarayda yerləşdirir. Hər iqlimin gözəlinə sarayın ayrı-ayrı otaqlarında yer verir. Bütün qışı başı bu gözəllərin dizində, nağıl dinləmək və kefə baxmaqla keçirir. Şair yeddi rəngli bu qübbələr[205] altında hər iqlimin öz tipindəki bir gözəlin dililə Bəhrama danışdırdığı hekayətləri tərifi mümkün olmayan bir zəriflik və sehrli bir sənətkarlıqla təsvir etmişdir. Həftənin yeddi günü, yerin yeddi iqlimi, gözəl tipinin yeddi özünəməxsusluğu, yeddi planetin rəmz və təsirilə, yeddi rəngə uyğun fərqli ştrixlərlə canlandırılan bu hekayətlərdə, şair sənətkarlığının orijinallığını təşkil edən eşq əfsanəsinin ən parlaq tablosunu çəkmiş, təxəyyülünə geniş bir uçus imkanı vermişdir.

Sənətin bütün incəliklərini nəzərdən qaçırmayan şair, eyni zamanda, öz mistik və didaktik ruhuna sadiq qalaraq, bu oynaq əsərində də, filosofluğundan irəli gələn yol göstərmək vəzifəsini unutmamışdır.

Bəhram “Həft peykər” işrətindən ayrılmağa fürsət tapıb ova çıxdıqda bir çobanın zavallı bir köpəyi ağaca bağlayaraq döyməkdə olduğunu görür və çobandan:

– Bu nədir? – deyə soruşur.

Çoban izah edir.

– Padşahım, – deyir, – mən indi gördüyün kimi bir çoban deyil, əvvəllər bütöv bir qoyun sürüsünün sahibi idim. Sürünü bu köpəyə etibar etmişdim. Köpək də öz vəzifəsini yaxşı yerinə yetirər, qoyunları qurdlardan qoruyardı. Günlərin bir günü qoyunların azaldığını duydum, əhəmiyyət vermədim. Az sonra baxıb qoyunların xeyli azaldığını gördüm. Nəhayət, işdən şübhələndim. Necə olsa da, məsələni aydınlaşdırmaq qərarına gəldim...

Padşahım, nə görsəm yaxşıdır? Dişi bir canavar müntəzəm olaraq sürüyə gəlir. Köpək bu dişi canavarla cütləşir, arzusuna yetişdikdən sonra qoyunlardan bir neçəsini aparmasına mane olmur.

Köpəyin bu qəflət və xəyanətinin nəticəsidir ki, mən mötəbər bir sürü sahibi ikən, indi belə səfil bir çoban vəziyyətinə düşmüşəm. Buna görə də kefə dalaraq vəzifəsini unutmuş bu xainin cəzasını verirəm...

Çobanın söhbəti padşahın gözlərini açır. Vəziyyəti ciddi və şüurlu təhlil edir. Məlum olur ki, özü nağıl dinləyib həftənin yeddi gecəsini yeddi gözəlin ağışunda keçirdiyi zaman məmləkətin idarəsini tapşırdığı vəzir göstərdiyi zülmlə əhalini zara gətirmişdir.

Vəziyyəti belə görən padşah dərhal ədalət qapısını açır, “kimin idarədən şikayəti varsa, gəlsin, söyləsin” – deyir.

Şair yeddi gözəlin söylədikləri yeddi novellaya həmahəng olaraq yeddi şikayətçini zalım vəzirdən şaha şikayətə gətirir. Padşah şikayətçiləri tam diqqətlə dinləyir; onları dərhal razı salır və nəticədə zalım, xalqın gözü qarşısında layiq olduğu bir şəkildə cəzalandırılır.

Padşahın kefə qurşandığı qəflət günlərindən istifadə edərək, Çin xaqanı yenidən İrana qarşı topladığı ordu ilə sərhədə qədər gəlmişdi. Amma Bəhramın qəflətdən ayılıb zalım vəziri cəzalandırması xəbərini alan kimi hücumdan vaz keçir, əksinə, İranla dostluğunu elan edir.

Bu hadisədən sonra Bəhram yeddi gözəlin qucağını tərk edib ədalət gözəlinin əlinə verir:

Peykər-e ədl çun be dide-ye şah

Ebrət əngixt əz səpid-o-siyah

 

Şah kərd əz cəmal-e mənzər-e u

Həft peykər fəda-ye peykər-e u.[206]

 

Rəvayət “qissədən hissə alan” Bəhramın dünyadan getməsini bir sirr pərdəsinə bürümüşdür. Məiyyətilə birlikdə ova çıxan Bəhram, yanındakılardan aralanıb bir mağaraya girir və burada qeyb olur. Nə qədər axtarırlarsa da bir daha tapılmır.


Date: 2015-12-17; view: 452


<== previous page | next page ==>
Məxzən-ül-əsrar 3 page | Məxzən-ül-əsrar 5 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.014 sec.)