Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Münasibətləri 5 page

H.Ritter Praqa şərqşünaslıq institutu hesabına nəşr edilib yayılan “Həft peykər” mətninə yazdığı müqəddiməsində Nizami sənətkarlığını (daha əvvəllər çap etdiyi “Bildensprache des Nizamis” əsərində qeyd etdiyi kimi) təhlil edərək yazır: “Nizami yalnız öz dövründəki şer dilinə məxsus ifadə tərzinə hakim olmaqla qalmamış, eyni zamanda – bu daha qiymətlidir – bu sənəti öz əsərlərinin varlığını təşkil edən fikirlərinə xidmət etdirməyi də bacarmışdır. Sənətkarlıq baxımından “Həft peykər” şairin ən dolğun bir əsəri olduğu halda, burada sənət sənət üçün işlədilməmiş və şairlik məharəti sadəcə olaraq zövq əhli olan şer həvəskarlarının gözlərini qamaşdırmaq üçün sərf edilməmişdir: yalnız əsərin məzmunu bu ecazkar, parlaq formanı zəruri etmişdir. Bu forma o məzmuna uyğun gəldiyi üçün təbii surətdə öz-özündən yaranmışdır. Belə ki, forma pozulmadan yaymaq istədiyi fikri qüvvətləndirmək prinsipini yüksək bir surətdə həyata keçirmişdir”.

Ingiliscə Nizami haqqında müxtəlif tədqiqlər və əsərlərindən bir çox tərcümələr vardır.

Bunların hamısını burada qeyd etmək cızdığımız plan çərçivəsinə sığmaz; məhz buna görə də yalnız adlı-sanlı müəlliflərdən bir neçəsinin şair haqqındakı rəy və fikirlərini göstərməklə kifayətlənirik.

Məşhur şərqşünas professor E.Broun “İran ədəbiyyatı”[170] adlı əsərində Nizami haqqında yazmışdır: “Nizaminin orijinal və istedadlı bir şair, yüksək və nadir bir düha sahibi olduğu Oufi, Qəzvini, Dövlətşah və Lütfəli bəy kimi bioqraflar və Sədi, Hafiz, Cami və İsmət kimi şairlər daxil olmaq üzrə, iranlı olan və olmayan tənqidçilər tərəfindən qəbul edilməkdədir. İran şairləri arasında bu ölçüdə bir dühaya sahib olanlar isə daha azdır, o xarakter və əxlaqda olanlar daha azdır. Səmimi bir mömin və Allah adamı olmaqla bərabər, qeyd etmək lazımdır ki, o, həm qatı təəssübdən və həm də biganəlikdən tamamilə uzaq idi. Özünə hörmət edər və fikirlərində istiqlal göstərməsinə baxmayaraq, davranışında sadə və təvazökar olmuşdur.



O, sevən bir ata və ər idi. Şəriətə görə haram da olsa, bir çox İran şairlərinə, xüsusən sufi şairlərə ilham mənbəyi olan şərabdan rəhmətlik (şair) son dərəcə özünü gözləyirdi. Hər növ etirazdan uzaq qətiyyət və bir sözlə demək olar ki, onu böyük düha ilə yüksək əxlaqı özündə birləşdirmiş müstəsna bir şəxsiyyət adlandırmaq mümkündür. Bu baxımdan heç bir İran şairi onunla müqayisə edilə bilməz”.

1924-cü ildə “Yeddi gözəl”i ingilis dilinə tərcümə və təfsir edən iki cildlik mötəbər əsərinə yazdığı ön sözdə London universitetində fars dili və İran ədəbiyyatı professoru olan S.E.Vilson “həyəcan, ehtiras, hüzn və kədərini ifadə etməkdə” Nizamini Şekspir və Petrarka ilə ekiz sayır.

Fransızlardan Kollec de Frans professoru Barbye de Meynar Nizamini belə incələmişdir: “Nizamidə biz tarixi romanın yeni bir növünü görürük. Şöhrətli şair bu sahədə atalıq haqqına malikdir. Hicri tarixi ilə VI yüzillikdə epopeya (dastan) özünə lazım qida və şərait tapmadığı üçün ölməyə üz tutur: lakin bu, o dövrün şairlərindəki fantaziya və zəka əksliyini göstərmir. Bunun səbəbi ondan ibarətdir ki, onlar artıq Firdovsi məktəbindən həyəcanlanacaq dərəcədə bəsit deyildilər. Qəhrəmanlıq dastanlarının xatirəsi hələ də mühafizə edilirdi, lakin bu, bəzilərində xəstəlik şəklini almış təqlidçilik, bəzilərində isə qəzəb, kin və düşkünlük təsvirinə yarayan şəraitlə bağlı bir mövzu şəklini alırdı. Nizami ilk dəfə olaraq, bu ənənənin kök atmış formasını dəyişdirmişdir. Saflıqları və boyalarının mühafizəsi barədə həssaslıq göstərmədən ərəb dastanlarının çox maraqlı hekayələrini “İskəndəriyyə məktəbi” romançılığının uydurmaçılığı ilə asanlıqla birləşdirərək, o, bir sintez yaratmışdır.

“Xosrov və Şirin” ilə “Həft peykər” poemalarında lirik şəkil üstünlük təşkil edir. Qəhrəmanı İskəndər olan “İskəndərnamə” romanı isə, xüsusən ikinci hissəsində öyrədici (didaktik) mahiyyətdə, xəyali uydurmalarla əxlaqi təlimatı hər addımda təkrarlanan bir əsər olub, lirik mənzumə mahiyyətini itirmişdir.

Onun tərcümeyi-halı haqqında deyilmiş mübaliğə dolu nağıllardan vaz keçərək deməliyəm ki, Nizami haqqında məlumatlar bir-birindən fərqli iki şəxsiyyəti göstərir – bir yandan məddahlıq edən, saraylardan diqqət və iltifat gözləyən mükafat düşkünü,[171] o biri tərəfdən isə sufiliyin qəribə görüşlərini daşıyan sırf bir mistik. Bunu da qeyd etmək lazımdır ki, o çağdakı İran cəmiyyətini bürüyən təfəkkür cərəyanını əslində iki yerə bölən və bir-birinə bu qədər müxalif olan iki duyğu arasındakı ittifaqın əhəmiyyəti son zamanlarda ikiqat artmışdır. Eyni xarakteri biz Camidə, Əlişir Nəvaidə və tənəzzül dövrünün adlı-sanlı bütün nümayəndələrində də görürük. Bununla bərabər, Nizami özünü təqlid eyləyənlərin üzərində misilsiz bir yüksəkliyi mühafizə edərək, həm şəkil (forma), həm də vəzn baxımından daha orijinal və kamil bir şəxsiyyətdir. Nə istədiyinin bəlli olmadığı və ifadəsindəki dolaşıqlıq xoşa gəlməsə də, insan onun hekayətçiliyindəki qüdrətə və ifadəsindəki cürbəcür imkanlara gerçəkdən heyran olur”.[172]

Turin universitetinin professoru İtalo Pittsi 1894-cü ildə “Fars poeziyasının tarixi” (“Storgia della poessia persiana”) adlı mötəbər bir əsər çap etdirmişdir. Iran ədəbiyyatını mövzular və dövrlər əsasında qruplaşdırıb incələyən müəllif, kitabını bütün şairlərin əsərlərindən tərcümə edilmiş nümunələrlə bəzəmişdir. Həmin kitabda o, fikir, sənət və həyatı üzərində ciddiyyət və təfsilatı ilə dayandığı Nizamidən mötəbər və seçilmiş parçalar vermişdir. O vaxta qədər Avropada İran ədəbiyyatı haqqında yazılmış bütün əsərləri tənqiddən keçirib incələyən Pittsi, İtaliya ədəbiyyatı ilə İran ədəbiyyatı arasında qiymətli qarşılaşdırmalar də aparmışdır. O cümlədən, müəllif Nizami ilə yeni İtalyan klassiklərindən Bokkaçonun əsərləri üzərində durmuşdur.

Pittsi Nizaminin “Bəhram-Gür”u ilə Bokkaçonun “Ameto”su arasında dərin bir oxşarlıq görür. “Həft peykər” qəhrəmanı kimi, “Dekameron”un qəhrəmanı da yaxşı bir ovçudur. Bəhramın Ərəbistan səhralarındakı ovçuluğuna müqabil Ametonun da ormanlarda-meşələrdə vəhşi heyvanlar arasında gəzib qaçmağı vardır. Nizamidə olduğu kimi, Bokkaçoda da yeddi sarayda yaşayan yeddi gözəl Ametoya hər gecə eşq-məhəbbət haqqında bir nağıl danışır. Gəncəli şair kimi İtaliya şairi də hekayə söyləyən dilbərlər yaşadıqları qəsrləri yeddi rəngə boyamış və gözəllər həmin qəsrlərin rənginə uyğun paltar geymişlər.

Pittsi bu rənglərlə geyimlərin Bokkaçoda təəccüblü dərəcədə Nizamidəki rənglərlə geyimlərin eyni olduğunu inandırıcı şəkildə göstərmişdir. Lakin İtaliya hekayəsində bu yeddi rəngin gizli və rəmzli heç bir mənası yoxdur. Bokkaço həmin hekayələri – onların haradan gəldiklərinin və nə əhəmiyyətə malik olduqlarının fərqinə varmadan – gəlişi gözəl nəql etmişdir. Halbuki Nizami hekayəsində bunun bəlli bir mənası vardır. Yeddi ulduz (səyyarə) əqidəsinə görə, bu yeddi rəngli qəsrlər əski münəccimlik və dini bir sistemə bağlıdır. Yeddi səyyarəni (planeti) təmsil etmək üçün yeddi qübbəli bir saray tikməyi memar Simnarın hökmdar Nemana təklif etdiyini Nizami öz “Yeddi gözəl”ində hekayə edir.

Pittsi Bokkaçonun özünəməxsus ədəbi bir məktəb sahibi olduğunu əlavə etməklə bərabər, hər iki əsərin bir-birinə bu qədər bənzəməsinə təəccüblənərək çaşıb qalır. Nizaminin hekayəsində hər şeyin öz yerində olması nəzərə alınarsa, İtaliya hekayəsinin bir təqliddən ibarət olduğuna hökm vermək olar. Amma Pittsi Bokkaçonun doğrudan da “Nizaminin varisi olduğunu” heç söyləmir, yalnız qeyd edir ki, “bununla belə Nizami 1204-cü ildə, yəni Bokkaçodan bir əsr yarım əvvəl ölmüşdür”. Müəllifə görə, Nizaminin əski Pəhləvi qaynağından əxz etdiyi eyni hekayənin hər hansı bir yolla Qərbə keçmiş olan başqa bir variantından Bokkaço da istifadə etmiş ola bilər. Xüsusilə, Bəhram-Gur hekayəsi Qərbə tez yayıla bilərdi, çünki XII əsrdə Siciliyada olan İbn Zəfər[173] öz kitabının dördüncü hissəsində bu hekayəni gətirmişdir.

Nizami ilə Bokkaço arasındakı oxşarlıqları başqa Avropa tədqiqatçıları da qeyd etmişlər. Alman şərqşünası Yosef fon Hammer bu məsələyə hələ 1818-ci ildə işarə etmişdir. Hammerə görə yalnız “Həft peykər” ilə “Dekameron” hekayələri arasındakı oxşarlıq deyil, qadınları ideallaşdırma baxımından da Bokkaço Nizamini andırır”.[174]

Ukraynalı şərqşünas məşhur A.Krımski “Brokkauz-Evfron” tərəfindən nəşr olunan rus ensiklopediyasına yazdığı “İran ədəbiyyatı” məqaləsində yazır: “XII əsrə şer baxımından çox hallarda romantik epopeya dövrü deyilir, çünki bu dövrdə Firdovsidən sonra İranın ikinci böyük epopeya şairi Nizami Gəncəvi yazmışdır”.

Həmin müəllif 1906 və 1912-ci illərdə rusca nəşr etmiş olduğu “İranın, İran ədəbiyyatının və dərviş sufizminin tarixi”[175] adlı kitabında Nizamini belə təqdim etmişdir:

“Nizami İranın ən yaxşı romantik, daha doğrusu, sufi və romantik bir şairidir. Özündən sonra gələn İran romantikləri üçün həmişə təqlid və nəzirə qaynağı və örnəyi olmuşdur. O, yalnız İran deyil, türk ədəbiyyatında da son dərəcə sevilən bir söz sənətkarıdır”.[176]

XII əsr ədəbiyyatının mahiyyətini təhlil edərkən, müəllif göstərir ki, Böyük Səlcuq imperiyası tənəzzülə uğradıqdan sonra dərəbəylik şəklini alan bu dövrdə ədəbiyyat bir yandan məddahlığa, o biri yandan isə sufilik və dərvişliyə uymağa başladı. Bu dövrün şairləri arasında Nizami müstəsna bir yer tutur. Sufilik və tərki-dünyalığa uymuş olmaqla bərabər, o, romantizm cərəyanını və eşq əfsanələrini yaradır. Aşiq tiplərini sufiyanə fikirlərinin bir rəmzləri kimi təqdim etməklə bərabər, şairin yaratmış olduğu tiplərin hamısı gerçək varlıqlardır. Bu hal məsələdən xəbərsiz olan oxucuları çaşdıra bilər. Belə ki, “Məxzən-ül-əsrar” müəllifinin sonralar durub “Xosrov və Şirin” yazacağını təsəvvür etmək çətindir”.

Şairin yaradıcılığını son dərəcə yüksək tutan akademik S.F.Oldenburq Nizaminin tədqiq edilməsini gənc şərqşünaslara tövsiyyə edərkən demişdir ki, onun “ruhşünas” bir şair olduğu “heç vaxt unudulmamalıdır”.[177] “Bir Sasani tacdarı olan Xosrov, təvazökar bir zəhmətkeş Fərhad, bir ərəb gənci – Məcnun, xülasə, kim olursa olsun, şair onu ələ alınca ruhunun bütün incəliklərinə vararaq, yaşadığı sosial şəraitə və yaşına uyğun bir şəkildə onun bütün mahiyyətini aydınca təsvir edir”.

1941-ci ildə Nizaminin yubileyi münasibəti ilə Bakıda Bertels tərəfindən rusca “Böyük Azərbaycan şairi” başlığı altında bir monoqrafiya nəşr edilmişdir. Kitabımızın başqa bir bölümündə təhlil edəcəyimiz bu əsərin, müəllifin müəyyən bəzi meylləri istisna olmaqla, ümumiyyətlə, Nizaminin həqiqi qiymət və böyüklüyünə layiq bir diqqət və sevgi ilə yazıldığnı etiraf etmək lazımdır. Y.Bertlesə görə, Nizami Səlcuq imperiyasının tənəzzülə uğradığı və ölkənin hər yerində ortaya çıxan aristokrat özbaşınalığı və zorakılığı ilə şəhərli zümrələr arasında başlanmış mübarizə şəraitində meydana gəlmişdir. Marksizm və materializm təliminə uyaraq, Bertels Nizamini o zaman üçün inqilabçı bir mərkəz olan şəhərin və şəhərlilərin ideoloqu və fikirlərinin tərcümanı kimi qələmə verir. Məhz buna görə, Nizami ancaq Qafqazda yerləşən Gəncə kimi bir şəhərdə yetişə bilərdi, çünki “Səlcuqlar dövründəki memarlıq kimi müsəlman ənənələri və xristian Qafqazının bədii dəyərlərini birləşdirən bu müstəsna zəka, yalnız o zamankı şəhərin, xüsusən Cənubi Qafqaz şəhərinin şəraitində meydana gələ bilərdi”.

Nizaminin ictimai şəxsiyyətini təhlil edən həmin müəllif yazır: “Bir insan və cəmiyyət üzvü kimi Nizami XII əsrin ən yaxşı xüsusiyyətlərinin hamısını özündə cəmləşdirmişdi. Onun təlimatı ciddi və kəskindir. O, insanı pisləməyən, özü də öz tutduğu yoldan dönməz, yaxşı gələcəyə inanan, ölüm qarşısında Sədinin seçdiyi köləlik yoluna girməyə razı olmayan bir əzəmətli şəxsiyyət idi”.

Şairin sənətkarlığından bəhs edərkən, Bertels “Xosrov və Şirin”in təhlilinə başlayaraq belə yazır: “...Nizaminin ikinci poeması “Xosrov və Şirin” dünya ədəbiyyatında tayı-bərabəri olmayan, heyrətləndirici dərəcədə kamil bir əsərdir. Yaxın Şərq ədəbiyyatında ilk dəfə olaraq, insanın şəxsiyyəti bütün dəyərləri ilə bizə göstərilmişdir. Həm də şairin əl-qolunu bağlayan ənənələrdə yerləşmiş bir mövzunu işləmək surətiylə” (s.72).

“Həft peykər”i təhlil edərkən müəllif yazır: “Yazılışlarındakı ustalığa görə, bu hekayələr, romançılığın ağılları heyrətləndirən əsərlərindən olaraq, Hofmanın[178] məşhur təmsillərinə bənzəyirlər, xüsusən bunlardakı inandırıcılıq, eyni üsulla, yəni xəyal ilə həqiqətin qarışması, daha doğrusu, ən xırda incəliklərinə varıncaya qədər, bunların bir-birinə hörülməsi ilə əldə edilir”(s.91).

Şairin ədəbi irsinə gəlincə, Bertels, hər şeydən əvvəl, Şərq ilə Qərb mədəni ənənələrinin Nizamidə qarşılaşdığına və bir-birinə qarışdığına işarət edir. Nizamidən əvvəl Yaxın Şərq ədəbiyyatında Qərbin təsir və ya izlərinin olduğu inkar edilə bilməz. Məsələn, Bertels yazır: “X-XI əsr şairi Ünsüridə qədim yunan dastanlarının bir sıra izləri vardır. Lakin heç kim, bu mövzu baxımından, Nizami qədər əlverişli şəraitdə olmamışdır. O, iki mədəniyyətin tam qarşılaşdığı coğrafi bir mövqedə yaşamışdır. Bu kimi əlverişli şərait isə başqalarına heç nəsib olmamışdır.

Firdovsidəki cəngavər romanının özünəməxsusluğu Nizamidə yoxdur. Nizami yalnız hadisələri hekayət etməklə qalmamış, eyni zamanda, surətlərin psixoloji vəziyyətlərini daha dərindən incələmişdir və bu surətlə də romantik bir dastan yaratmışdır. Nizamidən əvvəl bu işi XI əsr şairi Fəxrəddin Qorqani öz poeması “Veys və Ramin”də etmək istəmişsə də, bacarmamışdır. Beləliklə, Nizami epik dastanın örnəyini meydana çıxarmışdır. Nizamidən sonra əski ənənələrə bir daha qayıtmaq mümkün olmamışdır. Sonralar “Şahnamə”yə bənzədilərək, “Teymurnamə” və “Şahənşahnamə”lər yazılmışsa da, bunların hamısı epiqonçuluq (təqlidçilik) mahiyyəti kəsb etmişlər”.

Bu yoldakı görüşlərinə davam edərək, Bertels yazır: “İnsan ruhunu lazımınca anlamaq nəticəsində edilən incələmə Nizamiyə dünya ədəbiyyatının ölməz əsərləri arasında daimi yer almış klassik qəhrəman surətlərini yaratmaq imkanını vermişdir. Şirin, Fərhad, Leyli, Məcnun, Bəhram və İskəndər öz sifətlərinin tam əksini Nizaminin əsərlərində tapmışdırlar. Türkiyədən tutmuş müsəlman Hindistanına qədər həmin surətlər bu biçimlərilə Yaxın Şərqin ədəbiyyatlarının hamısına keçmiş və bu vəziyyətləri ilə bizim günlərimzə qədər yaşamışlar və gələcəkdə də yaşamaqları təbiidir. Nizamidən sonra gələn yazıçılar bu qəhrəmanların xarakterlərini öz ədəbi prinsiplərinə müvafiq dəyişdirmək istəmişlərsə də, bu xüsusda əhəmiyyətli bir şey etməyi bacarmamışlar” (s.141).

Bertelsin qənaətincə, poemaların yazılışında Nizaminin qoyduğu yeni əsas, eşq dastanının müəyyən tiplərini, demək olar ki, qanunlaşdırmasıdır. Nizami üç növ eşq müəyyənləşdirir: a) qəhrəmancasına eşq; b) faciəli və ya fəlakətli eşq; c) kef çəkmək üçün əyləncə və ya oyuncaq olan eşq. Bu üç cür eşq hekayəsinin hər növünü Nizami müəyyən bir vəznlə öz poemalarında təsvir etmişdir. Bunlar, ərəb-fars vəznini, yəni əruzu işlədən bütün xalqlar üçün eyni növlü eşq mənzumələrinin (poemalarının) dəyişməz bir yeganə vəzni olaraq qalmışlar. “Leyli və Məcnun” mövzusu 800 il müddətində bir dəfə də olsa, “Xosrov və Şirin” bəhri ilə yazılmamışdır.[179] Bertelsin dediyi kimi, bu, Nizami üslubunun özündən sonra gələnlər üzərində nə qədər böyük bir təsiri olduğunu göstərir.

Nizaminin yaratdığı qəhrəmanlar, sadəcə olaraq, özündən sonrakı ədəbiyyat üzərinə təsir etməklə dayanıb qalmamışlar. “Xəmsə”dəki qəhrəmanlar xalq kütləsi tərəfindən də (Nizamidən gələn təsir nəticəsində) doğrudan-doğruya tanınmışlar; bu kütlənin oxumaq və yazmaq bilmədiklərini göz önünə gətirsək, Bertelsin dediyi kimi, “bu işin ancaq Nizami sənətinin dahiliyi və insana qarşı bəslədiyi sevginin böyüklüyü sayəsində vücuda gələ biləcəyi aşkar olur”. Y.Bertelsin təsnifinə görə, Nizaminin yaratdığı surətlər türk, gürcü, erməni, özbək, türkmən, tacik, fars və başqa xalqların ədəbiyyatlarına da əslində olduğu kimi keçmişlər. Homerin qəhrəmanlarının Avropadakı şöhrətlərindən Nizami qəhrəmanlarının Şərqdəki müvəffəqiyyətləri daha genişdir.

Nizami müxtəlif xalq ədəbiyyatlarına göstərdiyi təsir kimi, özü də xalq ədəbiyyatından (folklordan) faydalanmışdır. Müəllifə görə, bu, şairin ənənələrinə ayrı bir əhəmiyyət və canlılıq vermişdir. Müxtəlif müşahidə nöqtələrindən incələdiyi Nizaminin böyüklüyünün miqyasını təyin etmək üçün müəllif bir ölçü tapa bilmir. O deyir: “Nizami üçün ölçü yoxdur, onu ancaq özü ilə ölçmək mümkün olur!” (s.125).

Nizami haqqındakı orijinal rəyini bildiyimiz Hötenin klassik İran şairləri haqqında Şansölye fon Müllerə söylədiyi məşhur bir sözü vardır: “İranlılar beş yüz il içində yetişən şairlərindən yalnız yeddisini yeddi ulduza bənzədib bəyəniblər. Halbuki onların bəyənmədikləri arasında bir çoxları məndən parlaqdır”.

Mədəniyyət dünyasının ən böyük şairi tərəfindən özündən üstün olduğu etiraf edilən bu yeddilərdən biri, yuxarıda araşdırdığımız müxtəlif rəylərdən göründüyü kimi, bəlkə də birincisi, Nizamidir!..


İKİNCİ HİSSƏ


Date: 2015-12-17; view: 530


<== previous page | next page ==>
Münasibətləri 4 page | Məxzən-ül-əsrar 1 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.013 sec.)