Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Münasibətləri 4 page

XV əsrdə yaşamış Xarəzm şairi Heydər isə, öz “Məxzən-ül-əsrar”ını Nizami ruhundan aldığı can və fərmanla yazdığını söyləyir:

 

“Mən ki bişurdum bu ləziz aşnı

Şeyx Nizami dəlşdən can tapıb,

 

Şeyx Nizamidən alıb qaşnı:

Mənasıdan yarlıqü bürhan tapıb”.

 

Türküstanın böyük şairi Mir Əlişir Nəvai türk dilinin farsca ilə ölçüləcək dərəcədə yüksək bir ədəbiyyat dili olduğunu isbat etmək üçün yazdığı məsnəvilərinə:

 

“Xeyle fəsahət başının əfsəri

Gənc-e yəqin əfsərinin gövhəri”

 

- deyə heyranı olduğu Nizaminin əsərlərini özü üçün nümunə götürmüşdür. Nizamiyə qarşı bəslədiyi bu dərin təqdir və heyranlıq hissini Nəvainin bütün əsərlərində görürük.

Məsələn, “Məxzən-ül-əsrar”a bənzətdiyi “Heytər-ül-əbrar”dan bir parça:

 

Gəncə vətən, könqlü onun gəncxiz,

Xatiri gəncur, tili gəncriz.

 

Fikrəti-mizanı bulub Xəmsəsənc

“Xəmsə” demə, bəlkə degil, “Pənc-gənc”.

 

Kəffeyi-mizan ana əflak olub,

Batmani-taşı küreyi-xak olub.

 

Dartsa yüz qəri xirəd xazini,

Çəkməqay anin qöbidin azini.

 

Xanio-lətayifgə sözü münqəsim,

Dürri-məanigə dili müntəzim.

 

Nazim olub söz düri sirabıqa,

Çərx “Nizami” yazıb əlqabıqa.

 

 

Qəddəse sirrəhi-məanidir ol,

Ruhi-qüdüs feyzi nişanidir ol!

 

“Leyli və Məcnun”dan:

 

Bu tilbilə kimsə tapmadı kam

Cüzi gəncfişan-i Gəncəram.

 

Məna dirəmigə sikkəpərdaz,

Üzlət hərəmidə məhrəmi-raz.

 

Gəncineyi-fikri göhərayin

Ondan bəri haq olub göhərçin.

 

Vəhdət göhərin əlinə alqan,

Üzlət kəmərin beligə çalqan.

 

Məna hərəmin müsəxxir etgən

Söz bikrini qərq-i zivər etgən.

 

Həm Turi-fəzilət üzrə Musa,

Həm Qafi-qənaət üzrə Ənqa.



 

Musa imas irdi kilki-naqu,

Cəvfi ara müzmər etdi cadu.

 

Ənqa gər imas nədən həmişə

Söz qafidə üzlət etdi pişə?

 

Nəzm əhlinin əfsəhülkəlami,

Söz dürigə müntəzim Nizami.

“Fərhad və Şirin”dən:

 

Əgərçi Gəncədə aramı anın

Vəli Gəncə üzrə daim dami anın.

 

Tutub gövhərləri yeksər cahanı,

Ne çük kim xeyli i-əxtər asimanı.

 

Nə ol zinət ki asılqay qulaqdan,

Və gər açılsa ayrılqay qulaqdan.

 

Düri kim çun qulaqnı qıldı məskən,

Girib qılğay köngül dərcini məxzən.

 

Köngül dərcin demay qılğay ləbaləb,

Kim ol dəryağa salğay dürnü ta ləb.

 

Kim ol gövhərdən alsa xalq hər dəm,

Qüz ildə bulmağay mindən biri kəm.

 

Imas asan bu meydan içrə durmaq,

Nizami pəncəsinə pəncə urmaq.

 

“Yeddi gözəl”ə nəzirə yazılmış “Səb’ə-yi səyyar”dən:

 

Nüktəsi diqqət içrə rişteyi-can,

Piştəgə çaşni sərişteyi-can.

 

Nəzmi-övrağı pərdeyi-candan,

Həm siyahısı abi-heyvandan.

 

Elğə can bergili dəvatı anın,

Gəlibən çeşmeyi-həyatı anın.

 

Kilki Xızrı atəş qılıb bitab,

Hər kəs ol çeşmədən bulub sirab.

 

Əhli-nəzm əfsəhülkəlamı ol,

“Xəmsə”nin nazimi Nizami ol.

 

“Xəmsə” yox, pənc-gənci-Qaruni

Pasban ilğə gənci-mədfuni.

 

Leyk hər kim bulub cəvahirsənc,

Tapıb ol gənclərdə yüz min gənc.

 

Hər səmin dürrü məmləkətğə xərac

Anqa layiq ki, bulğay üstaidə tac.

 

Söz yolun öylə qət edib çalak,

Kim ipəkdə yürürsə, gövhər-i-pak.

 

“İskəndərnamə”yə nəzirə yazılmış “Sədd-i İskəndər”dən bir neçə beyt:

 

Tutub gənci bu çərx-i noh taqnı

Neçuk kim günəş nuri afaqnı:

 

Bu yanlığ ki, gənci-məani töküb,

Cəhan əhliğə cavidani töküb.

 

Bu beş gəncdən kim cahandır məla,

Ki kök cövfidə dəxi yoktur xəla.

 

Bu gərdun ara təb’i xurşid olub,

Anın nuri aləmdə cavid olub.

 

Şibahi-qələm çünki eylab təraş,

Tapıb səhfeyi-mehrə andan xəraş.

Nəvai özünü Nizaminin şagirdi saymaqla və ustadından mənəvi kamillik diplomu alması ilə öyünür və fəxr edir.

Bir əlindən Xosrov Dəhləvi, bir əlindən Əbdürrəhman Cami tutaraq, Nəvaini xəyal aləmində Nizaminin hüzuruna gətirirlər. Görüş əsnasında Nizaminin ruhu Nəvaiyə belə müraciət edir:

 

“Ki qıldın söz içrə tətəbbü manqa,

Nəy istərdə etdin təzərrü manqa.

 

Ki mən “Xəmsə”də eylab irdim vəid,

Ki hər kim ki ayturğa tutsa ümid.

 

Qılay tiğ-i bürran sözüm dasıdın,

Uray başın ol tiği-almasdın.[158]

 

Köb il açdı dəvağa söz başını,

Bu dəva ara qoydu öz başını.

 

Məgər sən[159] ki, bu yolğa qoyğac qədəm,

Vücudnun xəyalını qaldın adəm!”

 

Nəhayət, türk ədəbiyyatında etdiyi ədəbi inqilabın tarixdəki əzəmətini dərk etmiş olan bu dahi adam öz şəxsiyyətinə qiymət verən fəxriyyəsində öz böyüklüyünü Nizamilə ölçərək belə deyir:

 

Fələk görmədi mən kimi nadiri,

Nizami kimi nəzm ara qadiri.

 

Klassik türk şerinin böyük dahisi Füzuli də özünü Nizaminin şagirdi saymışdır.[160]

“Beşlik” şairini düşündürmüş olan “Leyli və Məcnun” mövzusunun çətinliyi qarşısında “təvəkkülə rücu edən” Füzuli eyni tərəddüdü göstərmiş olan Nizamidən bu surətlə bəhs etmişdir:

“Bir iş ki qılır şikayət ustad,

Şagirdə olur rücu’ü bidad!”

 

Füzuli həmin əsərində dövründəki “Söz mülkünün nizamsızlığından” bəhs etdiyi “Saqi-namə”sində keçmiş dövrlərdəki böyük şairlərin söz sənətini anlayıb sevən bütün hökmdarların himayəsini gördüklərini həsrətlə yad edir. Burada diqqəti cəlb edən odur ki, ustad Füzuli farsca yazan belə şairlər arasında Nizamini də göstərmişdir. O, belə deyir:

 

“Türkü ərəbü əcəmdə əyyam,

Hər şairə vermiş idi bir kam:

 

Şad etmiş idi Əbu-Nəvası

Harun xəlifənin atası.

 

Bulmuşdu səfayi-dil Nizami,

Çirvan şahına düşüb girami.

 

Olmuşdu Nəvayi-süxəndan

Mənzuri-şəhənşəhi-Xorasan”.

 

Osmanlı türk klassiklərindən Nabi də Nizami və Xosrov Dəhləvinin “Xəmsə”lərini nəzərdə tutaraq yazır: “Onların hər biri cilvədə bir təzə məna ifadə edirlər”.

Ətai eşq məsələsinin “Yeddi gözəl”dəki şərhini qəbul etməyərək, əsərin müəllifini tənqid etməsi ilə bərabər, Nizamini məsnəvi yazanlardan seçdiyi üç sənətkar sırasına daxil edir:

 

“Bexüsus içlərində üç ustad,

Şəsti-pürzurinə verincə quşad

 

Tirvəş qeyri qodu padərgil,

Həssi-ecazı eylədi mənzil.

 

Biri Xosrov, biri Nizamidür

Biri sərməst-i eşq Camidür”.

 

Mərhum Ziya Paşa isə “Xərabat” adlı tanınmış əsərində İran şairlərini xarakterizə edərkən, Nizami haqqındakı rəyini belə vermişdir:

 

“Təkidi buraxsa gər Nizami,

Ecazə yetər idi kəlami.

 

Bihudə deyilmi təb’i iza,

Söz yerinə söyləmək müəmma.

 

Vermiş ona şöhrətü səlabət,

Təksir-i tənafürü ğərabət.

 

Birdir yenə leyk o piri-fani

Yox “Xəmsə”sinə nəziri-sani.

 

Tənzirə onu Əmiri-Xosrov,

Etmiş idi gərçi himməti-nov.

 

Təbinə bihudə verdi rəncə

Qanda Dehli və qanda Gəncə.

 

Aləmdə durur ikən Nizami,

Aqil edəməz bu iltizami”.

 

Bəhsi keçən iki “Xəmsə”nin müqayisəsi nəticəsində Ziya Paşanın verdiyi hökmü qəbul etməklə bərabər, H.Daniş, Dəhləvinin fars dilində yazmış olan şairlərin ən böyüklərindən biri olduğunu da qeyd edir – bu isə Nizaminin söz sənətində tək olduğunu bir daha bildirir.

Nizaminin nəzmi:

 

“Xosrova, guş et, Mühibbi şerinə eylə nəzər,

Nəzm tərzində - Nizami, mənada – Xacu imiş!”

 

- deyən sultan Süleyman Qanuninin (“Mühibbi” – onun təxəllüsüdür) də örnəyidir.

Istanbul universitetində uzun illər İran ədəbiyyatından dərs demiş Hüseyn Daniş yazır: “Şərqli və qərbli bütün tənqidçilər bir məsələdə yekdil və həmfikirdilər: “Nizami nəcib, müstəqil və vüqarlı bir dühaya malik olan şairdir”. Sonra o, davam edir: “Nizami yüksək bir dühanı sonsuz dərəcədə təmiz bir vicdanla birləşdirərək, fars ədəbiyyatı aləmində misilsiz və son dərəcədə yüksək bir yer tutmuşdur”.

Ustad M.F.Körpülü V.Bartoldun “İslam mədəniyyəti tarixi” adlı kitabına yazdığı qeydlər arasında Nizami barədə demişdir ki, Nizami “İran və türk məsnəviçilərinin ən böyük ustadı, İranın ən böyük şairlərindən biridir və onun şerlərində olduqca təravətli türk sözlərinə də təsadüf edilir”.

Bundan bir neçə il əvvəl nəşr etmiş olduğu “Danişməndani Azərbaycan” (“Azərbaycan biliciləri”) adlı təzkirəsində İran Azərbaycanının məşhur alimi Məhəmməd Əlixan Tərbiyət Nizamini “İran şairlərinin ən məşhuru və Azərbaycan fəsihlərinin ən fəsahətlisi” kimi səciyyələndirmişdir.

“Xəmsə”nin hicri 1313-cü ildə Şirazda çap edilmiş əlimizdəki nüsxənin başlanğıcında şair haqqında aşağıdakı fikirlərə rast gəlirik: “Fars dilində Nizaminin ifadəsindən daha şirin və səlis bir üslubda heç kim söz söyləməmişdir; belə rəvan söz, olsa-olsa, yalnız Tus bilicisi Firdovsidə tapmaq olar. Lakin Firdovsidə də Nizami sözündən yaxşısını tapmaq mümkün deyil. Halbuki aşiqanə məsnəvilər yazmaq və özünə xas bir sənət olan təmsilçilikdə əvvəlkilərdən heç kim Şeyx həzrətlərinin dərəcəsinə yüksələ bilməmişdir. Tus bilicisi Firdovsinin “Yusif və Züleyxa” poeması bu iddianın şahididir. Bundan başqa, orta əsrlərdə yaşamış və axırıncı əsrlərdə meydana çıxmış sənətkarlar ümumən o dərəcəyə yüksələ bilməmişdir.

Sırtıqlıq və yarışıb özünü göstərmək üçün deyil, yalnız həkim Nizaminin izi ilə getmək və onun xırmanından qalan başaqları toplamaq məqsədi ilə Əmir Xosrov Dəhləvi kimi bir qrup şairlər onu təqlid edərək “Xəmsə”lər yazmışlarsa da, əsərlərinin yalnız adlarını ustadınkılara bənzədə bilmişlər”.

Vəhşi Bafqi Kirmaninin “Fərhad və Şirin”ində, Məktəbi Şirazinin “Leyli və Məcnun”unda yüksək bir ilham və istedad izlərini təqdir etməklə bərabər, yuxarıdakı Şiraz naşiri öz sözlərini belə bitirir: “ Şübhəsiz olan bircə həqiqət budur: fars ədəbiyyatının yarandığı gündən bəri “Xosrov və Şirin” ilə “Həft peykər” kimi dəyərli bir eşq hekayəsi heç kimsə tərəfindən indiyə qədər yazılmayıb və o cənab (Nizami) öz “İskəndərnamə”si ilə də, Firdovsidən sonra, öz növündə tək qalmışdır”.

Nizamiyə nəzirə yazanlardan yuxarıda adı çəkilən Vəhşi Bafqi Kirmani “Xold-e bərin” adlı əsərində Şeyxin “Məxzən-ül-əsrar”ından bəhs edərkən: “bu əsası qoyan yaradıcının (Nizaminin) müqayisəedilməz bir sərmayeyə malik olduğunu” etiraf edərək yazır: “Nizami “Xəzinə”sindəki sirlər sonsuz və tükənməzdir”.

Yuxarıda çəkdiyimiz adlardan başqa, digər Şərq tənqidçi və şairlərinin Nizami haqqındakı bitməz-tükənməz təqdirlərini bir-bir qeyd etsək, ustadın sənət və yaradıcılığı qarşısında heyranlıq ifadə edən bir-birinə bənzər cümlələri təkrarlamaqdan başqa bir şey etmərik. Bunu nəzərə alaraq, Nizami haqqında farsca deyilmiş bir parçanı da oxuculara təqdim etməklə kifayətlənirik:

 

Nezami ke dər nəzm oula kəlam,

Cəhan-e soxənrast nəzm-o-nezam.

 

Qələm rand bər səfhe-ye ruzgar,

Be tərif-e Eskəndər-e namdar.

 

Bedaneş cəhan-e soxənra gereft,

Bedansan ke aməd xerədra şegeft.

 

Kohən dastanha ə-zu taze şod,

Sekəndər əz-u sahebavaze şod.

 

Peyğəmbər təvan qoft bər an cənab

Ke çun “Xəmse”i həst ura ketab.

 

Be ezhar-e ecaz-e u “Xəmse” bəs,

Ço u noktesənci nədidəst kəs”.

 

Mənası:

 

Tayı yoxdur şerdə, ustaddır Nizami,

Söz mülkünün sultanı, ona verən nizamı.

 

Çaldı qələm, aləmin anlatdı əhvalını,

Tanıtdırdı yaxşıca İskəndərin namını.

 

Sözündəki sənətlə tutdu bütün cahanı,

Şerdəki sehrinin oldu ağıl heyranı.

 

Nəzmində təzələndi tarixin dastanı,

Iskəndəri o etdi dünyanın qəhrəmanı.

 

“Peyğəmbərdir!” – deyilsə, yerindədir; o cənab

“Xəmsə” kimi gətirmiş vücuda çün bir kitab

 

Möcüzə istənirsə budur: kitabı “Xəmsə”

Onun kimi nüktəçi görmüş deyildir kimsə.

 

Şairin peyğəmbərliyini təsdiq edən bu təqdirlərin yanında dünyanın sonuncu (axərüz-zaman) şairi olduğunu təsdiq edən İranda çap edilmiş “Külliyyat-e Nezami”ni bəzəyən aşağıdakı qitəni də veririk:

 

Nezam-e əqd-e loulou-e soxən-ra,

Beayin-e Nezami kəs nəbəste.

 

Hezaran rəhmət-e həq bər rəvanəş

Ke əlhəq şer bər vey xətm gəşte.[161]

 

Mənası:

Kimsə sözün nəzmini

Nizami tək verməmiş;

 

Haqdan ona min rəhmət,

Şer onda xətmə yetmiş.

 

II

 

Qərb tənqidçiləri İran ədəbiyyatı tarixində Nizaminin əhəmiyyətini layiqincə dərk və təsdiq edirlər ki, “onun əsərlərində İran epik ədəbiyyatı ilk dəfə olaraq ən yüksək nöqtəyə ucaldı”, çünki “lirik dil ilə əski dastan dili arasındakı uyuşmazlıq Nizaminin şerlərində aradan qalxmış və dastan dili bu dövrdə saray ədəbiyyatında axtarılan “zövqə” uymuşdur. Bundan əlavə, epopeya öz dastanlıq xarakterini itirərək, get-gedə daha artıq ruhi təhlil sahəsinə girmişdir; bunda da Nizami misli görülməmiş bir ustaddır”.[162]

Eyni mövzuya, yəni Nizami üslubuna toxunan alman tədqiqatçılarından Georq Yakob Nizamini (baxmayaraq ki, “onun Nöldeke və Şaks[163] kimi “tədqiqatçıları və təfsirçiləri yoxdur”) şairlikdə Firdovsidən yüksək tutmuşdur.[164]

Iran ədəbiyyatının heyranı, böyük alman şairi Höte külliyyatının “Das West-Ostlicher Diwan” adını daşıyan cildində İran ədəbiyyatının ustadlarını bir-bir incələyərək, özünə xas qavrayış və bilik qüdrəti ilə səciyyələndirib təqdim edərkən, belə yazmışdır: “Nizami yüksək düha sahibi, incə bir zəkadır. Firdovsi qəhrəmanlıq dastanlarına aid bütün mövzuların hamısını işləmiş olduğundan, o, (yəni Nizami) sevişən incə ruhların qarşılıqlı duyğularını öz şerinin mövzu və məzmunu etmiş, bir-birini sevən Xosrov ilə Şirini, Leyli ilə Məcnunu oxucularla tanış etmişdir; bunlar əvvəlcədən sezmə, qəza və qədər, təbiət (xarakter), alışqanlıq, istək və ehtiras təhrik və cazibəsi nəticəsində gerçəkdən yaxınlaşmaq (birləşmək) istəyirlər; lakin onlar bir böhran keçirərək inad, təsadüf, qəribə və qeyri-adi hadisələr və məcburiyyət üzündən bir-birindən uzaqlaşırlar; daha sonra taleyin qəribə hökmü nəticəsində onlar birləşirlərsə də, lakin bu və ya başqa surətlə yenidən bir-birindən ayrı düşürlər.

Bu mövzu və materialların işlənməsindən ideal bir daxili iğtişaşın yüksək həyəcanı doğulur, lakin heç bir yerdə bunun təmin olunduğunu görmürük. Gözəllik böyük, onun növləri isə sonsuzdur.

Şairin doğrudan-doğruya əxlaqi mövzulara toxunan başqa parçaları da eyni şirin və aydın bir deyim tərzi daşıyırlar. Hər hansı bir adama aid ikitərəfli, nə qədər qarışıq vəziyyətdə olursa-olsun, bütün məsələləri şair çıxış yoluna apararaq, həmin əxlaqa uyğun bir şəkildə həll edir. Sakit təbiətinə tam uyğun olaraq, Nizami Səlcuqlar dövründə ana yurdu Gəncədə sakit bir həyat keçirmiş və orada da vəfat etmişdir

Öz ətrafında tapdığı bütün eşq əfsanələri (legendaları) ilə yarı möcüzəli əfsanələri, Nizami coşqun bir şövqlə toplamışdır”.[165]

Dr.Vilhelm Baxer 1871-ci ildə çap etdiyi əsərində[166] İran klassiklərinin ən mühümlərini saydıqdan və bunların Avropada qismən tanınmış olduqlarını qeyd etdikdən sonra Nizaminin İran ədəbiyyatının böyük ustadları arasındakı müstəsna mövqeyi və Hötenin onun haqqında “yüksək bir dühaya malik incə bir zəka deməsinə baxmayaraq”, şairin “Almaniyada və bütün Avropada heç tanınmadığını” təəssüflə qeyd edir. Lakin Baxerin şikayət etdiyi bu vəziyyət sonralar dəyişmişdir. Iran ədəbiyyatı tarixinin elmi əsasını qurmaqla tanınan H.Ete 1887-ci ildə nəşr etdiyi əsərində[167] Nizami şerinin “əxlaqi yüksək məzmunundan, mətinlik və cəldiyindən, ifadəsindəki orijinallıqla təbiət təsvirindəki tablolarının əzəmətindən” bəhs edir. H.Ete qədim şərq əfsanəsindən istifadə olunaraq yazılmış Şillerin “Turandot”unun Nizaminin “Həft peykər”indəki rus şahzadəsinə bənzədiyini də qeyd edir.[168]

Nizami haqqında son zamanlarda müxtəlif Avropa dillərində bir sıra monoqrafiyalar və tərcümələr çap edilib yazılmışdır. Bunların içərisində P.Horn, 1925-ci ildə Berlində nəşr etdiyi əsərində[169] Nizami şerinin misilsiz dolğunluğunu belə təsvir edir: “Qraf Şaks “Leyli və Məcnun” şairinin misilsiz həssaslığını alman dilində etdiyi nəfis tərcümələrində əks etdirə bilmişdir. Bu beytlərdə tərənnüm olunan sevginin Qərbi Avropanın orta əsrlər məhəbbət hekayələrinə bənzədiyi bilavasitə gözə çarpır; bu, yəni Qərbi Avropaya orta əsrlərdə məhəbbət hekayələri, şübhəsiz, Şərqdən gəlmiş və çox güman ki, həmin janr Qərbi Avropaya ərəb İspaniyası yolu ilə keçmişdir”. P.Horn da üslub baxımından Nizamini Firdovsidən üstün tutur və aralarındakı fərq “yerdən göyə qədərdir” – deyə öz fikrini tamamlayır. Alim ayrıca qeyd edir ki, Nizami iranlılar tərəfindən “mənzum roman sahəsində sevilən yeganə ustad”dır.


Date: 2015-12-17; view: 432


<== previous page | next page ==>
Münasibətləri 3 page | Münasibətləri 5 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.014 sec.)