Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Münasibətləri 3 page

Yalnız nəzirələr deyil, Nizami əsərlərinə yazılan yozumların (yəni şərh və təfsirlərin) sayı da həddindən artıqdır. Klassik Şərq kitablarından ən ustad xəttatlar tərəfindən az çox üzü köçürüləni, ən mahir miniatürçülər tərəfindən ən çox rəsmlər və qızıl suyu ilə çəkilən ornamentlərlə bəzədiləni Nizaminin “Xəmsə”sidir.

Nizaminin özündən sonra yaranmış ümumşərq ədəbiyyatına göstərdiyi təsiri təsəvvür etmək üçün onun əsərlərinə yazılmış bənzətmə və nəzirələrin say və qiymətlərini göz önünə gətirmək lazımdır. Ona nəzirə yazanlar arasında Şərq ədəbiyyatının məşhur simalarından Əmir Xosrov Dəhləvi, Xacu Kirmani, Səlman Savəci, Katibi, Cami, Hatifi və sufilərin böyük ustadlarından Fəriəddin Əttar kimi farsca yazmış böyük şair və mistiklər də vardır.

Klassik farsdilli ədəbiyyatdan sonra vücuda gələn klassik türk ədəbiyyatına da Nizami böyük təsir göstərmişdir. Cığatay şerinin və türk xalqlarının yaratdığı müştərək ədəbiyyatın böyük ustadı Əmir Əlişir Nəvai də daxil olmaq üzrə, bir çox türk şairi Nizamini ya tərcümə etmiş və ya ona bənzətmə yazmışlar. Bunların arasında orijinallığı və bəlkə də üstünlüyü bir sıra tədqiqatçılar tərəfindən qəbul edilən öz “Leyli və Məcnun”u ilə məşhur azəri-türk şerinin və bütün türk ədəbiyyatının böyük nümayəndəsi Füzuli də vardır.

Nizaminin qonşu Gürcüstanın ədəbiyyatına göstərdiyi təsir XII əsrin sonlarında yaşamış “Pələng dərisi geymiş pəhləvan” müəllifi məşhur Şota Rustavelinin yaradıcılığını tədqiq edənlər tərəfindən təsdiq edilməkdədir. “Rustaveli dövrünün abidələri”ni tədqiq edib incələyən akad. İ.Orbelinin qənaətincə, “Rustavelini anlamaq, həm də layiqincə anlamaq, XII və XIII əsrlərdəki Şərq mədəniyyətini anlamaq deməkdir. Rustavelini layiqincə, bütün dərinliyilə anlamayan bir adam, deməli, Şərqi də anlamayır”.[146]



Gürcü professorlarından rustavelişünas Pavel İnkorokva öz məqaləsində vaxtilə Nizaminin “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarının gürcü dilinə tərcümə edildiyini tədqiq və isbat edir[147]. Professorun fikrincə, “Pələng dərisi geymiş pəhləvan” poemasının tədqiqi göstərir ki, Ş.Rustaveli üçün “Şərq mədəniyyəti, gürcü mədəniyyəti qədər yaxın və doğma idi”.[148] Həmin müəllif qeyd edir ki, Şotanın əsərində “Leyli və Məcnun”un buraxdığı izlər vardır: Tariyel Qeysin tayıdır, onun kimi dəli olub çöllərə düşür, vəhşi heyvanlarla yoldaşlıq edir; onu müşayiət edən Aftandil isə Nofəlin varisidir”.[149] “Pələng dərisi geymiş pəhləvan”ı gürcü dilindən ruscaya çox gözəl tərcümə edən Şalva Nutscubidzenin qeydinə görə, XII əsr gürcü ədəbiyyatında Rustavelinin yaşlı müasirlərindən Çaxruxadzenin əsərlərində belə Nizamiyə işarələr vardır. Rustaveli Nizaminin açdığı Şərq Renessansının yolu ilə getmişdir.[150]

Farsca yazdığına görə millətlərarası sahədə İran ədəbiyyatına və beləliklə, İrana mənsub edilən Nizamiyə Avropada da əhəmiyyət verilmişdir. Şərq və bilavasitə İran ədəbiyyatı tarixi ilə məşğul olanlar ona çoxlu tədqiqatlar həsr etmiş və hətta haqqında kitablar da yazmışlar. Şairin əsərləri qismən də olsa, Avropa dillərinə tərcümə olunmuşdur.

XIX əsrin əvvəllərindən başlayaraq, İngiltərə, Almaniya, Fransa, İtaliya və Rusiyada Nizami haqqında çap olunmuş əsərlərin sayı onlarcadır.

Nizaminin əsərlərinə yazılan bənzətmələrlə bu əsərlərə aid nəşr olunmuş tədqiqatlar haqqında – kitabımızın sonunda biblioqrafik məlumat veriləcək. Şairin dünya ədəbiyyatındakı mövqeyi haqqında oxucularımızda tam bir təsəvvür yaratmaq üçün ədəbiyyatçı və tənqidçilərin – həm Şərqin, həm də Qərbin – Nizami haqqındakı rəy və təqdirlərini aşağıda iki bölümdə ayrı-ayrı xülasələşdiririk.

 

***

 

Şərq ədibləri Nizamini (əsərlərinə yazılmış hədsiz-hesabsız bənzətmə və nəzirələrdən göründüyü kimi), şairlikdə klassik İran ədəbiyyatının mürşidi kimi tanımış və “məsnəviçilərin imamı və Şərq əfsanə yazanlarının şeyxi” saymışlar. Bu baxımdan onların nəzərində Nizami, nəhəngliyi ölçülə bilməyən bir yaradıcıdır; klassik istilahla desək, o, ixtiraçıdır. Bunun ən böyük şahidi kimi Nizamidən sonra yazıb-yaradan şairlərin heç birinə onun işlədiyi mövzu, istifadə etdiyi vəzn və formadan xaric bir dastan yazmanın nəsib olmadığı irəli sürülür.

Nizamidən əvvəl “Xosrov və Şirin”, “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarının mövzuları qədim kitablarda, qismən ərəb dilində nəzm halında, qismən də farsca, pəhləvicə və ərəbcə nəsr şəklində mövcud idi. Nizami, ilk dəfə olaraq, onları özünəməxsus sənətlə nəzmə çəkmiş və rəngarəng şerlərlə canlandırmışdır.

Nizami yalnız təbinin sehrli təsirilə deyil, öz dövrünün bütün biliklərinə sahib geniş qavrayışı ilə də qələm yoldaşları arasında görkəmli yer tutmuşdur. Təkcə Xaqani Şirvani, Ənvəri, Kəmaləddin və Cəmaləddin İsfahani kimi yüksək səviyyəli müasirlərinin deyil, həm də özündən sonrakı əsrlərdə yaşayıb-yaratmış, ədəbiyyat üfüqlərində məşhur olan bütün şer ulduzlarının üzərində parlayan bir nur kimi, daha doğrusu, parlaq bir günəş kimi əsrlər boyu gələn nəsillərə öz feyzinin hərarətini vermişdir.

Nizaminin ölümündən təqribən əlli il sonra “Əl-Mücəm” adlı əsərində Şəms-i Qeys adlı bir yazıçı ədəbiyyata aid xatirələrində yazır ki, həm nəzmi, həm də nəsri yaxşı bilən bir ədib dostu ədiblərə məxsus məhrəm bir məclisdə Nizaminin “Xosrov və Şirin”indən seçilmiş parçaları xoş bir səslə oxuyurdu, məclisdə oturmuş bir neçə “zərif”lər onun oxuduqlarını ahəngə uyduraraq asta-asta dəfdə çalırlar. Bu hekayə bizə artıq o zamanlarda Nizami sənətinin şöhrəti və sevildiyi haqda maraqlı məlumat verir.[151]

Hicri VII (miladi XIII) əsrin başlanğıcında yazılmış “Lübab-ül-əlbab” əsərində onun müəllifi, öz dövrünün məşhur bioqrafı, ədəbiyyat həvəskarı və söz mütəxəssisi Məhəmməd Oufi Nizami haqqında yazır: “Gəncəli Nizami məharətli ifadələri və mənimsədiyi biliyin sərvəti vasitəsilə incəliklər xəzinəsini dünyadakıların başına səpmişdir”. “Məxzən-ül-əsrar”ında gizlənmiş eşidilməmiş sözlər meydana çıxarılarsa, aşiqlərin ürəkləri ovlanar; “Leyli və Məcnun” mənzuməsinin Türküstanındakı gözəllər üzlərindəki yaşmağı atsalar, zəmanənin bütün ağıllı adamlarının ağlını alarlar; şirindillikdə bilik taxtının xosrovu olduğundan o, “Xosrov və Şirin” dastanını Ünsürinin kefini pozacaq bir şəkildə nəzm etmiş və bəlağət mülkünün sultanı olduğu üçün İskəndərin sərgüzəştini bir güzgü aydınlığı ilə oxucuların gözləri önündə tutmuşdur. Biliciliyin və müdrikliyin xütbəsini İskəndərin naminə, sikkəsini də onun adına zərb etmişdi”.

Hicri VIII (XIV) əsrdə Zəkəriyyə Qəzvini və Əbd-ür-Rəşid Bakuvi öz əsərlərində Nizamidən bəhs etmişlər. İslam dünyasının tanınmış bu iki coğrafiyaçı və bioqrafları hələ o zaman şairin əhəmiyyətini qeyd edərək, onun “ürfan və hikmət sahibi nadir bir sənətkar” olduğunu bildirmişlər.

Hicrətin IX (miladi XV) əsrinin müəlliflərindən Dövlətşah Səmərqəndi öz məşhur “Təzkirət-üş-şüərası”nda Nizamidən bəhs edərkən: “Şeyxin dəyər-qiymətini və əzəmətini ifadə etmək üçün söz də, yazı da acizdir,” – deyərək əlavə edir: “Onun sözlərində və şairlik sənətində elə bir gözəllik vardır ki, mərifət sahibi olan bütün zəkalı adamlar onu axtarmaqdadır”.

Nizaminin “Xəmsə”sinə ilk nəzirəni yazan Əmir Xosrov Dəhləvi öz “Məcnun və Leyli” poemasının müqəddiməsində “Sənin söylədiklərinin hamısı Nizamidəndir” – deyənlərə cavab olaraq yazdığı sətirlərdə, Nizaminin yaradıcılığındakı üstünlük və birinciliyini bildirərək deyir:

 

An gəncfeşan-e gəncpərvərd,

Budəst bedin məta dər xvərd.

 

Bari nə bədəl, məgər həmin bar,

Kari nə degər, məgər həmin kar.

 

(Xəzinəni bəsləyən də, saçan da odur, bu iş onun boyuna biçilmişdir, əvəzini deyil, eynini veririk; başqa iş deyil, eyni işi görürəm).[152]

Iran klassiklərindən ən məşhuru Sədi Şirazi tanınmış “Bustan” əsərində Nizamidən çox ilhamlanaraq, ondan misallar, beyt və misralar iqtibas etmişdir:

 

Xerədməndan-e pişin rast qoftənd,

Məra xod kaşki madər nəzadi.[153]

 

Bu beytdəki “xerədməndan” (“müdriklər”) sözündən məqsəd Nizamidir, çünki ikinci misra ondan alınmışdır.

Klassik İran şerinin ən parlaq örnəyi sayılan qəzəllərilə məşhur olan Hafiz Şirazi öz “Müğənninamə”sində Nizamidən bu şəkildə bəhs etmişdir:

 

Ze nəzm-e Nizami ke çərx-e kohən,

Nədarəd coz u hiç ziba soxən!

 

yəni: “əski dünya Nizaminin nəzmi kimi gözəl bir sözə malik deyildir”.

Nizamiyə nəzirə yazan farslar arasında ən müvəffəqiyyətlisi Məktəbi Şirazidir. O, Nizaminin tərifində bu beytləri yazmışdır:

 

An xoş soxəni ke vəqt-e təhvil,

Peyğəmbər-i əqlrast cəbril.

 

Çunu ney-e xameo por nəva kərd,

Noh daire-ra por əz nəva kərd.

 

Mən k-an honər-e homay didəm

Çun saye bebal-e u pəridəm.

 

(”O gözəl sözlü adam məram anladarkən, ağıl peyğəmbərinə Cəbraildir: qələmin neyini nəva ilə dolduran kimi doqquz təbəqəli göyləri öz avazı ilə doldurdu; mən onun Hümaya xas olan hünərini (sənətini) görcək, bir kölgə kimi uçub onun qanadına qondım”).

Hafizdən sonra İran klassiklərinin son ən böyük nümayəndəsi olan ustad Əbdürrəhman Cami də Nizamini öymüşdür. O, öz “Bəharistan” kitabında yazdığı “Nizami” maddəsində yazır: “Məlum olan fəzilət və kamalının şərh və izaha ehtiyacı yoxdur. “Pənc-gənc” adlı əsərinə o qədər gözəlliklər və incəliklər doldurmuşdur ki, bu şərəf heç kimə nəsib olmayıb. Belə bir əsər, bəlkə də bəşər qüdrətinin yetişdirə bilməyəcəyi bir xariqədir”.

Cami öz “Həft ourəngi”ndən “Leyli və Məcnun” poemasına yazdığı müqəddimədə əsərin mövzusunun birinci dəfə Nizami Gəncəvi və Xosrov Dəhləvi tərəfindən işləndiyinə işarət edərək, bu iki ustadın sənətdəki məharət və qüdrətlərini qüvvətli misralarla təsvir etdikdən və onların yürüşlərini iki qoşa köhlənin yürüşünə bənzətdikdən sonra deyir:

 

Mən niz be faqe naqə randəm,

Xorda be ğobareşan rəsandəm.

 

Gər mandəəm əz şomareşan pəs,

Bər çehre-ye mən ğobareşan pəs.

 

(“Mən də bu zəifliyimlə arxalarınca dəvəmi sürdüm və özümü onların tozlarına çatdırdım; onların özlərinə çata bilmədimsə də, üzümə qonan tozları mənə bəsdir”).

Fəxriyyələrinin birində Cami təbinin necə mövzu olursa-olsun qafiyələməyə qadir olduğunu, Gəncəvinin “Yeddi gözəl”indəki mənaları örnək tutub və onlardan ilham alması ilə izah edir:

 

Be bustane soxən morğe təb-e mən əksər,

Be həft beyd şəvəd nəğməsaz-o-qafiyəsənc.

Ço Həft-Peykər-e gəncur-e Gənce, hər qəzəli,

Nomuneist ze məna, nəhan dər-u səd gənc.[154]

 

“Atəşkədə” təzkirəsinin sahibi Lütf-Əli bəyin (XVIII əsr) qənaətincə, Nizami sözün “ərkan-e ərbəə”sindən, yəni dörd dirəyindən biridir”.

Səfəvi dövrünün “Xəmsə” yazanlarından Ruh-ül-Əmin Nizamini təriflədiyi bir parçasında “Gəncəvinin məsnəviçilikdə yeganə ustad” olmadığından canlı bir surətdə bəhs etdikdən sonra sözlərini bu beytlərlə bitirir:

 

Dər xane nehofte meşk-e tatar,

Şagerd-e gəmineiiş Əttar.

 

Mehr əz nəfəsəş ço tab girəd,

Ferdousi əz-u hesab girəd.

 

Dər piş-e soxənvəriiş bican

Xaqani-ye can-e molk-e Şirvan.

 

Şoəra-ye Məlik beust dəmsaz

Xosrov ze ğolamiyəş sərəfraz.

 

(O, /Nizami/ öz evində tatar müşkü gizlədib, odur ki, Əttar onun ən kiçik şagirdidir,[155] eşq onun üfürməsilə alışır, Firdovsi onun hüzurunda hesab verir. Onun şairliyi qarşısında Şirvan ölkəsinin canı olan Xaqani cansız qalır. Padşahın şairləri onunla canlanırlar. Xosrov onun /Nizaminin/ qulu olduğu üçün başı ucaldı).

Hilali Cığatai Nizami haqqında bu beytləri yazmışdır:

 

An gənc-e qohər ze kan-e Gənce,

Şəmşirzəban-o şirpənce.

 

Yəni şəh-e molk-e niknami,

Şahənşəh-e arefan Nizami.

 

Qoft an soxəni ke qoftəni bud,

Soft an qohəri ke softəni bud.

 

Hər quş ze nəzm-e ust por dor,

Hər pənce ze Pənc-gənc-e u por.

 

Gənc-e do cəhan nesar-e u bad,

Gəncur-e do koun yar-e u bad!

 

(O, Gəncə mədənindən çıxan bir gövhər xəzinəsidir; qılınc dilli, şirpəncəli bir adamdır. Yaxşılıq mülkünün sultanı, ariflərin şahənşahı Nizamidir. Söylənəcək sözü söyləmiş, deşiləcək inciləri deşmişdir. Hər qulaq onun nəzminin dürlərilə, hər ovuc isə onun “Beş xəzinə”sinin gövhərlərilə dolmuşdur. Hər iki dünyanın xəzinələri ona nisar, hər iki dünyanın xəzinədarı ona yar olsun!)

“Məcmə-ül-füsəha” təzkirəsinin müəllifi Rza-Quluxan Hidayətin fikrincə, “özünəməxsus bir üsulda (“fəndə”), yəni eşq məsnəvisi yazmaqda, ikinci bir Nizami yoxdur; bu həqiqəti hamı qəbul etmişdir; bu xüsusda onunla rəqabətə qalxmaq kafirlikdən başqa bir şey deyildir”.

Hicri 1313 ilə 1318-ci illər arasında Nizami külliyyatının tənqidi mətnini böyük sevgi və diqqətlə hazırlayıb çap edən Tehranda çıxan “Ərməğan” jurnalının müdiri, Vəhid Dəstgirdi, bu külliyyatın VII cildini təşkil edən “Gəncine-ye Nezami”yə yazdığı incələməsində Nizamini İran klassik ədəbiyyatının ən böyük şəxsiyyətlərilə müqayisə edərək, belə bir nəticəyə gəlir: ümumiyyətlə, əxlaq, təmizlik və möminlikdə həkim Nizami bütün dünya şairləri arasında misilsizdir. Nizaminin bütün əsərlərində bir dənə də olsa qaba sözə, ya çirkin ifadəyə rast gəlmirik. Eşqin paklığının və ülviliyinin təsvirində o, Firdovsidən üstündür, çünki Nizamidə erkəklərin sevişmələrindən və gənc oğlanların işvəkarlıqlarından bəhs edən tək bir misra yox ikən, Firdovsidə[156] vardır.

V.Dəstgirdi Nizamini İran şerinin bütün ustadlarından yalnız Firdovsi və Sədi ilə qarşılaşdırır, çünki hər üç şair əruzun eyni bəhrində (mütəqariblə) məsnəvilər yazmışlar. Nizami əsərlərində yalnız Firdovsidən söz açmış və dəfələrlə onu yad etmişdir, çünki işlədiyi mövzular ilk dəfə Firdovsi tərəfindən toxunulmuş mövzulardır. Bütün təvazökarlığına baxmayaraq, Nizaminin, bunu açıq büruzə verməsə də, əsərlərində özünü Firdovsidən üstün olduğuna işarə edən kinayələr vardır. Bunu V.Dəstgirdi də qeyd etmişdir. O, bu barədə olan kinayələrin birində Firdovsinin yaratdığı Şirin surətini gümüş, özününkünü qızıl, başqalarını isə mislə müqayisə edir. V.Dəstgirdi bu iddianın tamamilə həqiqətə uyğun olduğunu təsdiq edir. O yazır: “Nizaminin əsərlərini yüz dəfələrlə oxudum və hər dəfə oxuyarkən Daranın, Xosrov Pərvizin və Leylinin ölümlərini təsvir edən fəsilləri ağlamadan oxuya bilmədim”. Şerindəki bu əzəmət və təsiri şair özü də bilirdi. Bu haqda o deyir:

 

Kəsira ke dər gerye arəm ço ab,

Bexəndanəməş baz çon afetab!

 

(Yağış kimi ağlatdığım bir kəsi, yenə də sonra günəş kimi güldürürəm).

Sədi ilə qarşılaşdırılmağa gəlincə də, V.Dəstgirdi məsnəvidə Nizamini Sədidən üstün tutur. O yazır: “Sədi öz “Bustan”ında Nizaminin “Şərəfnamə” və “İqbalnamə”sindən son dərəcə faydalanmışdır. “Bustan”dakı mövzuların çoxu Nizaminin “İskəndənamə”sinin hər iki hissəsində mövcuddur. Bu bir-birinə bənzər mövzuların müqayisəsindən və incələnməsindən sonra sağlam zövqlü hər tənqidçi Nizamidəki ifadə qüdrətinin, tərkib sağlamlığının, sözlərdə bağlanma ahənginin və mənalardakı yaradıcılıq qüvvətinin Sədiyə nisbətən qat-qat yüksək olduğuna hökm verər”. V.Dəstgirdi Sədinin Nizamidən faydalanıb iqtibas etdiyi beytlərdən bir çox misal gətirmişdir.

Nizamilə farsca yazmış başqa böyük türk şairi Cəlaləddin Rumi arasındakı mənəvi münasibətlərə də toxunan V.Dəstgirdi yazır: “Ürfan və şer mülkünün ən böyük sultanı Mövlana Cəlaləddin Rumi həkim Nizaminin şerlərindən bir çox iqtibaslar etmişdir. Mövlana Ruminin məsnəvi və qəzəllərini incələyən fəzilətli alim Ağa Hadi Xairi yazır: “Mövlana Rumi Nizaminin “Divan”ını həmişə öz gözü önündə saxlardı və ondan mənaca böyük ölçüdə iqtibaslar edərdi. Halbuki, o, həkim Sənai Qəznəviyə böyük rəğbət bəsləməyinə baxmayaraq, ondan iqtibaslar etməmişdir. Bu iqtibaslar, şübhəsiz, Nizami şerinin bir fenomen olduğunu isbat edir, belə olmasaydı, Mövlana kimi bir ustadı özünə necə cəlb edə bilərdi?!”

Mövlana, Nizaminin bir qəzəlindən bu şəkildə istifadə etmişdir.

 

Cəvab anke Nezami be nəzm miquyəd

“Cəfa məkon ke cəfa şive-ye vəfa-ye to nist”.

 

(cavab odur ki, Nizami nəzm ilə demişdir: “Cəfa etmə, çünki cəfa sənin vəfadarlığına yaraşmır”).[157]

XIV əsrdə yaşamış Qızıl Orda şairi, Qütb xana təqdim etdiyi və “Xosrov və Şirin”ini “Nizami balından bişirilmiş bir sevda halvasına” bənzədir:

 

“Nizami nəzmi yanlıq tüz sözünqi

Anın bilgut Xanınqa bu özünqi.

 

Qazan tək qaynab uş sevda bişurdum,

Nizami balıdın həlva bişurdum”.

 


Date: 2015-12-17; view: 522


<== previous page | next page ==>
Münasibətləri 2 page | Münasibətləri 4 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.015 sec.)