Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Münasibətləri 2 page

Bunlardan birincisi: “Məxzən-ül-əsrar”ın müqabilində Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah şairə 5000 qızıl dinar və beş-yeddi seçmə qatır göndərmişdir. Bu xəbər bütün qaynaqlarda qeyd olunmuşdur.

Ikinci xəbərin məzmununu təşkil edən hadisəni şair özü “Xosrov və Şirin” poemasının sonuna Qızıl Arslanın qətlindən sonra əlavə etdiyi xatirədə təfsilatı ilə şərh etmişdir.

Bu təfsilata görə, daha əvvəllər Atabəy Məhəmməd sağ ikən öz şəxsi əmlakından iki kəndin şairə verilməsini əmr etmişdir. Atabəy ölərkən “hamı ziyana uğradığı kimi, şair də ziyan çəkmişdir”.

Qardaşı Məhəmməddən sonra Qızıl Arslan şairi şəxsən öz yanına dəvət etmiş, ona sonsuz dərəcədə hörmət və mərhəmət göstərmiş və onun çəkdiyi “ziyan”dan xəbər tutaraq, öz şəxsi mülklərindən “Həmdaniyan” kəndinin fərmanını (sicillini) Nizaminin adına yazdırmışdır. Ikinci kənd haqqında isə zarafatla demişdir: “O barədə şahzadələrlə özün dil taparsan”.[120]

Həmdaniyan kəndinin önəmsiz və gəlir baxımından dəyərsiz bir şey olduğunu dövrümüzün bəzi tədqiqatçıları irəli sürmüşlər. Padşahın bu hədiyyəsinin Nizaminin əsərinə layiq olmadığını söyləyənlər, təbii ki, o zamanlarda da az olmamışdır. Şair bu kimi sözbazları yad etdiyi xatirələrində anaraq, onları “bəlli paxıllar” saymış, “verən məmnun, alan isə şad ikən füzullara nə qalmış?” – deyərək, dedi-qoduya son qoymuşdur. Şirvanşah Axsitanın arzu və sifarişinə görə yazdığı “Leyli və Məcnun” poemasının müqabilində Nizamiyə nə verildiyini bilmiriksə də, şairin şahdan məmnun qaldığını atabəy Əbu-Bəkrə yazdığı müqayisəli beytlərdən anlayırıq. Işi başqa cürə də təsəvvür etmək olmaz. Nizami kimi böyük ustadı belə fikrə daldıran, qorxudan bu çətin və işlənməmiş mövzu[121] əsasında misilsiz bir uğurla möhtəşəm bir sənət əsəri yaradan şairə “yüksək şerin nə olduğunu bilən və öz əsil-nəcabəti ilə öyünən” Axsitan necə laqeydlik göstərə bilərdi? Belə bir şey baş versə idi, şah özünü şairə yazdığı məktubunda ikrahla işarə etdiyi sultan Mahmud Qəznəvinin vəziyyətinə salmış olardı. Belə bir şeyə isə nə Nizaminin əsərlərində, nə də tarixi sənədlərdə heç bir işarə yoxdur. Başqa cür olsaydı, şairin yuxarıda qeyd etdiyimiz təşəkkürünü şirvanşah necə qazana bilərdi? Qapısında Xaqani və Fələki kimi kəskin qələmli şairlər durarkən, mövzusunu Gəncədə öz guşəsinə çəkilmiş ustad sənətkara əmanət etməsini bilən diqqətli şirvanşahın diqqətsizlik edəcəyini kim ehtimal edə bilər?!



Hər halda, Tanrıya müraciət edərək “Xəyalındakı ruzisini Məhəmməd amallı padşahdan” diləyən[122] şairin xəyalında tutduqlarının həyata keçdiyinə və uğursuzluğa məruz qalmadığına heç kim şübhə edə bilməz. Bu qənaəti Füzulinin:

“Bulmuşdu səfayi-dil Nizami,

Şirvanşahına düşüb girami”

 

beyti də qüvvətləndirir.

Marağa hökmdarı Ağsonqurlu Körp (körpə) – Arslana ithaf etdiyi “Həft peykər”in də mükafatsız qalmadığını ehtimal etmək olar.

Atabəylərin dördüncüsü olan Nüsrətəddin Əbu-Bəkrdən də “İskəndərnamə” üçün “qələm hədiyyəsi” alıb-almaması, ümumiyyətlə, heç bir yerdə qeyd olunmamışdır. Bununla bərabər, özü şair olub və Nizami tərəfindən maarifpərvərliyi təsdiq edilən dördüncü Atabəyin “sülalə gülüstanının ilk və seçilmiş bülbülünə” qarşı laqeydlik göstərilməsini xəyal etmək haqsızlıq olar. Dediklərimizi şairin şəxsən həmin hökmdara (“İskəndərnamə”nin birinci hissəsi olan “Şərəfnamə”də) həsr etdiyi beytlər təsdiq edir. Bu beytlərdə yuxarıda qeyd etdiyimiz kimi, şair Atabəy Nüsrətəddin Əbu-Bəkrə müraciət edərək deyir: “Şirvanşah Axsitan məni nemətlər içində bəsləyib, yerdən göylərə qaldırdı isə, sən məni ondan daha yaxşı və yüksək tutdun”. Bu beytlərlə şairin Axsitandan olduğu kimi, Atabəy Nüsrətəddindən də qələm haqqı aldığına tərəddüdsüz inana bilərik.

Həmvətənimiz Mehmet Məhərrəmin Parisdə satın aldığı “Xəmsə”nin XIV əsrə aid əlyazmasını bu mülahizələri yazandan xeyli sonra gördük. Burada “İqabalnamə”nin “Xateme-ye kitab” fəslində çaplarda görmədiyimiz bir təfsilata rast gəldik. Bu təfsilata görə, əsərdən son dərəcə məmnun qalan Nüsrətəddin Əbu-Bəkr əvvəlcə qərarlanmış xalisəyarlı 1000 qızılı dərhal Nizamiyə vermiş və bundan başqa minik atları ipək, qumaş və sairədən ibarət on cürə yüksək qiymətli şeylərlə bərabər şahanə bir xələt də bəxş etmiş və əlavə olaraq, divandan (dövlət idarəsindən) şairə 400 qızıl miqdarında illik maaş təyin edilməsi barədə xüsusi fərman vermişdir.[123] Yuxarıdakı ehtimallarla bərabər, heç şübhə yoxdur ki, şair həyatını olduqca sadə və təvazökarlıqla keçirmişdir. Bu həyat tərzi bir tərəfdən onun daxili aləmindən gələn “az yemək, çox bağışlamaq” prinsipindən doğan zühd (asketizm) ilə izah edilə bilərsə, o biri tərəfdən isə o zamankı həyat şəraitilə bağlıdır.

Şairin yaşayışına aid bu gün üçün alışdığımız “reportaj” qıtlığı kimi, o zamanın “qələm haqqı” da bugünkü Avropa və Amerika sənətkarlarının qazandıqları milyonlarla müqayisə edilə bilməz.

Nizaminin maddi baxımdan təmin olunub və səssiz-küysüz bir həyat keçirdiyi mübahisə mövzusu olsa da, müasirləri arasında böyük mənəvi ehtiram və nüfuz sahibi olduğu heç bir şübhə doğurmur. O, hələ həyatda və nisbətən gənc ikən üzü köçürülən əsərləri əldən-ələ keçərək, Gəncədən İslam dünyasının hər tərəfinə yayılmışdı. Belə böyük bir adam zəmanə hökmdarlarının qapılarını çox nadir hallarda açdığına baxmayaraq, onların, xüsusən Atabəylər sülaləsinin özünə qarşı çox böyük hörmətlərini görmüşdür. Özünün bir müqayisəsinə görə, Sokrat kimi çəkingən olan həkim sənətkar onun qədər də sevilmiş və axtarılmışdır.

Ona bəslənən ehtiram və etibarın nə dərəcədə olduğunu şairin yuxarıda haqqında danışdığımız bir xatirəsindən anlaya bilərik: Azərbaycanın ən zəhmətkeş padşahı sultan Qızıl Arslan yanına çağırdığı şairin gəldiyindən xəbər tutarkən eyş və işrətlə məşğul imiş. “Kef məclisi” qurulub, saqilər şərab tökür, xanəndələr oxuyur, sazəndələr çalır, rəqqasələr də oynayırlarmış. Şairin hamıya məlum olan zahidliyinə (möminliyinə) hörmət əlaməti olaraq, bütün məclis bir anda dayandırılmışdır. Nizami içəri girərkən, padşah ayağa qalxmış və qonağını həyəcanla qarşılamışdır. Onlar qucaqlaşmış və Qızıl Arslan Nizamini min bir rica ilə başda oturdaraq, saqilərlə mütribləri buraxmış və “bu gün ancaq Nizami ilə görüşəcəyəm, çünki onun söhbəti meydən daha nəşəli və neydən daha ahənglidir” – demişdir.

Şair ona göstərilən bu diqqət və ehtiramdan son dərəcədə razı qaldığını bildirərək yazır: “Bundan sonra padşahın yanında olanda hamı ayaq üstə durarkən, mən oturaradım”. Nizami padşahın hüzurundan “meracdan dönən Əhməd (Məhəmməd peyğəmbər) kimi qayıtmış və bu hadisəni xüsusi olaraq, öz xatirələrində yad etmişdir.[124]

Özüylə çağdaş olan qələm yoldaşlarına az və ya heç qismət olmayan hörmət və etinanı Nizami öz vüqarı və çəkingənliyi ilə əldə etmişdir.

Şairin saray qapılarına çox nadir hallarda getdiyinin bir dəlilini də onun ikinci Atabəy Məhəmməd Cahan-Pəhləvana yazdığı mədhiyyədə görürük. Atabəyə öz əsəri “Xosov və Şirin”i gətirən şair sarayda yaşamadığına bəraət qazandırmaq üçün: “Gec gəldimsə də, arslan kimi gəldim”[125] və “Evdə otursam da sənin duaçınam” – deyərək üzr istəyir.

Yüksək izzəti-nəfs sahibi olan şair həyatda öz tarixi mövqeyində durmağı bacarmış, heç bir zaman heç kəsin önündə kiçilməmişdir. Hökmdarlara müraciətlərində hətta mədhiyyə yazıb bir şey xahiş edərkən, özünü onlarla bərabər tutmuş, mənəvi aləmi ona daxildən verdiyi qüvvəyə arxalanıb təriflədiyi tacdarlara ata kimi öyüd-nəsihət vermiş, onları düz yola çağırmışdır. Məsələn, “Leyli və Məcnun” poemasının müqəddiməsində şirvanşah Axsitana verdiyi öyüd-nəsihətlər bizim iddiamızın bir dəlilidir. Bu “nəsihətnamə”sində şair padşaha müraciət edərək, ondan bir neçə məsləhət dinləməsini rica edərək, belə kəskin nəsihətlər verir: “Qüdrətli ol, ancaq təmkinini əldən buraxma! Şərab iç, amma sərxoş olma! Ikiüzlüləri yaxına buraxma! Xalqın etimadını qazanmaq üçün verdiyin sözü yerinə yetir! Ürəyin tutmadığı adamlara inanma! Öz düşmənini kiçik görmə! Vuracağını kökündən vur, tutacağını isə alçaltma!”

Tələbkar izzət-nəfsini dərin bir təvazökarlıqla həkimanə bir surətdə birləşdirdiyini bilən ustad öz mədhiyyələrində işlətdiyi təşbih və müqayisələrdə belə, öz həyat prinsipinə sadiq qalmışdır. Məsələn, padşahı dənizə bənzədərkən, özünü onun yanına gedən çaya tay tutur. Padşahın bağı “cənnət” isə, o da bir “cənnət quşu”dur. Padşah “ay” isə, özü də “Ütarid” ulduzudur.[126] Şah dünyanın hökmdarı isə, o da sözün sultanıdır. O, vuruşma meydanının pəhləvanı isə, özü məna və söz qəhrəmanıdır – elə bir “söz” ki, “yaradılış pərdəsi açılarkən səhnəyə ilk çıxan o olmuşdur”.[127] Allahın hüzuruna çıxmaq haqqı, Nizaminin rəyinə görə, əvvəl peyğəmbərlərə, sonra da şairlərə verilmişdir.[128] Göylər qədər uca olan şair, bəzən bu haqqından keçən kimi görünürsə də, həqiqətdə o, “başımızın üstündəki üfüqün eyni zamanda yerə qovulmasına”[129] bənzəyir.

 

 

Nizami öz gözü ilə

 

Hər kəs üçün birər inci işlədim,

Özümə də bir qəsidə söylədim.

N i z a m i

 

“Özü”ndən məqsəd şairin ədəbi və mənəvi mənliyidir. “İskəndərnamə”də Allaha yalvararkən, “can” adlandırdığı bu mənliyi böyük bir hikmətlə ifadə etmişdir. Vücudunun çürüyüb torpağa çevriləcəyini bilən həkim sənətkar özünü əbədiləşdirmək ümidilə “can”ını öz nəzmindən olan bir qəlibə qoyaraq demişdir: “Ey Tanrı, Sənin əbədi varlığını isbat etmək üçün cana sinən çoxlu parlaq dəlillər gətirdim, nə olardı ki, Sən də mənim mənliyimin əbədiliyini bildirəydin!”[130]

Bu mənlikdən şair klassik ədəbiyyatda geniş yayılmış və işlədilən “öyünmə üslubu” /”Fəxriyyə” - red./ ilə poemalarının müxtəlif yerlərində öz vəziyyətini təsvir edərkən bəhs etmişdir.

Başqalarının “mənlik” və şəxsiyyətlərindən bəhs edərək işlətdiyi üslubu Nizami öz “fəxriyyə”lərində eyni şəkildə işlətmişdir.

Klassik ədəbiyyatda “dür deşmək” deyilən məcazi bir ifadə vardır. “Dür deşmək” incə, iti, bakirə ifadələrdə şer yazmaq deməkdir.

Dastanlarındakı qəhrəmanları ilə qəsidə və ithaflarında mədh etdiyi adamlar üçün bir-bir dürlər deşən Nizami özünü də unutmamışdır.[131]

Gözəl misra, mənalı söz, dərin və iti məzmunlu təşbihlərlə dolu daş-qaş dükanından ibarət olan “Pənc-gənc”in qiyməti ölçülə bilməz məsnəvilərində səpilmiş bu “dürr”lərdən (inci) seçilmiş sətirlərini bir sapa düzsək, dünyanın ən məşhur brilyant boyunbağılarından daha qiymətli bir təsbeh hasil olar.

“Sirlər xəzinəsi”ni yazdığı zaman şair hələ gənc idi, yaşı iyirmiyə yeni çatmışdı. Öz sözləri ilə desək, o, hələ açılmamış bir “qönçə” halında idi. Amma bu “qönçə” açılmasını tamamlayacaq “şimal küləyini” gözləyirdi və açılan zaman etdiyi təsiri də yaxşı bilirdi. O bilirdi ki, düşündüyü yeniliyi göstərdikdə, qiyamət şeypuru çalınacaqdır, çünki “köhnədən, yenidən nə varsa” hamısı bu “cadusözlü” adamda mövcuddur. O, əmin idi ki, onun “sənəti cadunu kölgədə qoymuş və sehr ilə əfsunu mələkləri belə çaşdırmışdır”.[132]

Nizami müzəffəranə bir əda ilə öyünərək bildirir ki, “şer mənim sayəmdə tüfeylilikdən çıxaraq, müstəqil təkyə sahibi oldu, zahid və rahiblər öz xirqə və zünnarlarını atıb mənə qoşuldular”.[133]

“Məxzən-ül əsrar”ı Anadoluya (Ərzincana) göndərənə qədər Nizami “şəhrbənd” (məhbus) olduğu Gəncə ilə Arran mühitində qəsidə və qəzəl kimi xırda şer parçaları ilə tanınmış, məhəlli miqyaslı bir şair idi. Lakin “Sirlər xəzinəsi” geniş yayıldıqdan sonra, “Xosrov və Şirin”i yazarkən onun içərisindən bir ruh ona müraciət edir: “Gəncə hara, sən hara?”. Həmin ruh onu “geniş dünya sahəsinə atılmağa” təşviq edir və “sənin dövründə sənin kimi bakirə söz söyləyən heç kimsə yoxdur” – deyə şairi “Humay quşu kimi üfüqlərə kölgə salmağa” çağırır. “Çünki sən, – ruh davam edir, – Şərq və Qərbə günəş kimi bəlli bir ruhsan”.[134]

Yaşadığı dar mühitdən o zamankı İslam Şərq mədəniyyətinin yayıldığı geniş dünyaya çıxan şair qazandığı müvəffəqiyyətin ona verdiyi haqlı bir cəsarətilə öz əhəmiyyətini daha dərindən duymağa başlayır. “Barmağım toxunarsa, heç kimdə yazıçılıq cəsarəti qalmaz”[135] – deyən Nizami öz böyüklüyünə və bütün şairlərdən, hətta Firdovsidən də üstün bir şair olduğuna işarə edir.

“Söz kimyasına hakim iki ustad köhnə dəyərləri təzələdilər; biri misdən gümüş, o biri isə gümüşdən kamil qızıl yaratdı. Misin gümüş olduğunu gördünsə, gümüşün qızıl olmasına təəccüb etmə!”[136]

“Xosrov və Şirin”i yaratmaqla qazandığı böyük şöhrəti, Şirvanşahın sifarişilə “Leyli və Məcnun” mövzusunu işləyib başa çatdırdığını görən şair “söz meydanının özünə qaldığını” hiss edir və dünyaya meydan oxumağa başlayır:

 

Meydan-e soxən mərast emruz

Beh z-in soxən kerast emruz

Mənası:

Söz meydanı bu gün mənimdir

Mənimkindən yüksək şer kimindir?!

 

Eşq əfsanəsilə ehtiraslı dastan növünün yaradıcısı olan şair öz yaradıcılığının orijinallığını yaxşı bilirdi. Heç kimə möhtac olmadan və “ehtişamını öz xəzinəsindən təmin edən” şair vəziyyətindən razıdır. “Təbinin bülbülü ancaq öz şerinin açdığı gül üzərində” ötmüşdür.[137] Özündən daha yaxşı bir gül ağacı tapa bilməyən şair “güllərini yalnız öz gül ağaclarından” dərmişdir.[138] Heç kəsdən o, bir şey borc almamış, könlü nəyi istəmişsə, ancaq onu söyləmişdir.[139] “Zəmiri (yəni təbi) müqəddəs Məryəm ana kimi bakirə olmağına baxmayaraq, hamilə olmuşdur”[140]. Aşiq də, məşuq da o özüdür[141].

Söz yaratmaq sehrində kamil olduğu üçün Nizami öyünür ki, ona “Qeybin güzgüsü” deyirlər. Onun “dil fəsahəti İsa peyğəmbərin möcüzəsinin sehrinə malikdir: “Şerin suyu onun arxından axmış və şöhrəti də onun dövründə ucalmışdır”.[142]

“Xəmsə”yə daxil olmayan parçalarının birində Nizami özü haqqında yazdığı “fəxriyyə”də özünü “Fəzilətin şahlar şahı” və “sözün xaliqi (yaradanı)” elan edərək deyir:

 

“Soxən əz mən afəride ço fotovvət əz morəvvət

Honər əz mən aşekara ço təravət əz cəvani”.[143]

 

Çox sevdiyi oğlu Məhəmmədə verdiyi məsləhətlərdən birində Nizami ona təbabət ilə fiqh (hüquq) elmlərini öyrənməsini tövsiyyə edir. O, oğlunu şairliyə təşviq etmir və ona deyir: “bilirəm, şer yazmaq iqtidarın var, şer yaza bilirsən, amma ən yaxşısı budur:

Sən şerdən gözləmə şöhrət və nam

Çünki Nizamidə o olmuş tamam.[144]

 

Məhəmməd Həzrətləri peyğəmbərlərin sonuncusu olduğu kimi, Nizami həzrətləri də şairlərin sonuncusudurmu? Islam dini qiyamət gününə qədər qalacağı kimi, şer də qiyamətə qədər Nizami üslubunu aşa biləcəkmi?!

Deyəsən, belə də olacaqdır!

Son əsəri olan “İskəndərnamə”də Nizami eynilə aşağıdakıları yazmışdır:

 

Bemən çon kereft esteqamət soxən

Qiyamət konəd ta qiyamət bemən.[145]

 

IV

Nizaminin

dünya ədəbiyyatındakı

Mövqeyi

Söz meydanı indi bu gün mənimdir,

Mənimkindən yüksək şer kimindir?!

N i z a m i

İslamiyyətdən sonra yenidən yaranan İran ədəbiyyatının X əsrdə ən böyük siması, məlum olduğu kimi, “Şahnamə” məsnəvisinin müəllifi, dünyada məşhur olan Əbülqasim Firdovsidir. Nizami Firdovsidən sonra məsnəvi yazan ən böyük sənətkar sayılır və epik janra gətirdiyi lirik səciyyə ilə özünə xas bir əfsanə üslubu yaradaraq, Firdovsini də keçmişdir.

Yaratdığı ədəbi surətlərlə farsdilli ədəbiyyata gətirdiyi yeniliklər haqqında ustadın şer və sənətindəki orijinallığından bəhs edərkən təfsilatla danışacağımız təbiidir. Burada isə, hələlik belə bir qeyd etməliyik: şairin romantik don geyinmiş mistik ruhu misilsiz sənətinin sehrilə az müddətdə yalnız İran ədəbiyyatının şamil olduğu sahəyə yayılmaqla qalmamış və eyni zamanda, onun yaratmış olduğu sənət növü bütün Şərqdə fars və türk ədəbiyyatının ən məşhur nümayəndələri tərəfindən təqlid olunmuş, həm “Xəmsə”sinə, həm də “Xəmsə”ni təşkil edən beş kitabından hər birinə ayrı-ayrı, mübaliğəsiz, yüzlərcə nəzirələr və bənzətmələr yazılmışdır.


Date: 2015-12-17; view: 445


<== previous page | next page ==>
Münasibətləri 1 page | Münasibətləri 3 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.015 sec.)