Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Münasibətləri 1 page

Şairin Qızıl Arslanla görüşmələrindən:

Girib dərgaha qasib ərzə gəldi.

Dedi: “Şahım, nəhr dəryaya gəldi”.

N i z a m i

Nizami “Pənc gənc” (“Beş xəzinə”) adlandırdığı beş məsnəvisinin müasiri olmuş hökmdarların adları ilə bağlamışdır. Bu münasibətlə onların özlərilə ya yazışmaq vasitəsilə, ya da görüşmək yolu ilə təmasda olmuşdur. O, dolayısı ilə də onlardan söz açmış və mədhiyyələr yazmışdır.

Şairin bilavasitə mədh etdiyi sülalə, dövrlərində yaşamış olduğu Azərbaycan atabəyləridir. Əsərlərindən iki böyüyünü (“Xosrov və Şirin” ilə “İskəndərnamə”ni) şair atabəylərə ithaf etmişdir.

Həyatı ilə sıx bağlı olduğu üçün burada şairin əsərlərindəki ithaflar üzərində bir az dayanmağımız lazımdır. Nizami ilk məsnəvi “Məxzən-ül Əsrar”ı şair Sənaninin Qəznəvilər sülaləsindən olan Bəhram şahın adına yazdığı “Hədiqət-ül-əsrar”a bənzədərək yazmış və eyni adı daşıyan Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah Mənküçəkə[106] ithaf etmişdir. Kitabı Bəhramşaha təqdim etmək üçün Nizami şəxsən özü Ərzincana getmək istəmişsə də, o zamankı qoşun hərəkətləri ucbatından öz məqsədinə nail olmamışdır, çünki “yollar bağlanmışdı”. Buna görə şair kitabın yalnız göndərilməsiylə kifayətlənmişdir. Öz əsərini göndərərkən, şair Ərzincan sarayının şaha yaxın şairlərlə əhatə olunduğunu bilirdi, lakin onlara üstün gələcəyinə də əmin idi. “Rumu alan və Abxaziyanı fəth edən” Bəhramşaha müraciət edərək şair deyir: “onlar, yəni Ərzincan şairləri Nizaminin qabağında hesab verəcək kimsələrdir”. O, özünü “sözdən düzəldilmiş qılınc sahibi” adlandırır və “qarşısına çıxanların başlarını kəsəcək” deyə öyünür.[107]



Şairin ikinci böyük əsəri – “Xosrov və Şirin”dir. İthaf və mədhiyyələri baxımından bunun diqqəti cəlb edən orijinallığı vardır. Əsər, əslində, o dövrün həqiqi sahibi və hökmdarı Azərbaycan atabəylərinin ikincisi olan Şəmsəddin Məhəmməd Cahan-Pəhləvanın adına yazılmışdır. Lakin o zaman İran Səlcuqlarının sonuncusu Toğrulismən (nominal şəkildə - red.) hələ sultanlıq rütbəsini daşıdığı üçün kitab da rəsmən onun adına ithaf olunmuşdur. Bu ithaflarda hər nə qədər sultan Toğrula “Sultan” və atabəy Məhəmmədə “naib-e sultan” deyilirsə də, məqsədin ifadəsinə gəlincə, əsl sultanın kim olduğu meydana çıxır. “Pənah-e mülk” ilə “xodavənd-e cəhan” olan “sultan-e adil”dən şairin istədiyi yalnız “şahənşahlar başçısı” olub, “dünyanı zülmdən qurtarmış” böyük atabəyə tövsiyyədən ibarətdir. Həmin atabəyə ki, onun kimi qüdrətli ikinci adamı analar doğmayıb; “Həbəşdən Çinə qədər bütün ölkələr bu dövlət xadiminin üzünə açılır; İraqda badə qaldırarkən, Rum ilə Şama qorxu salan bu adamın Abxaz ilə Dərbənd ovlağıdır; Xarəzm ilə Səmərqəndə hücum edən, Gəncədən Xuzistana qədər fəth edən və Ümmandan İsfahanadək at çapan da odur”.

Nizami “duaçı”sı olduğu bu qəhrəmanın düşmənlərini qarşılayaraq deyir:

 

Bir şey onunca deyilsə məqsud

Od tutub yansın, olsa da gər ud.

 

Dünyada hər kəs ona qabarsa,

Suda boğulsun şəkər də olsa;

 

Hər kəs qəlbini onun daraltsa,

Yerə batsın o, xəzinə olsa.

 

Toz qondurarsa ona bir könül

Solub tökülsün, olsa da bir gül.[108]

 

Çox canlı və mübaliğəli mədhiyyəsinin yuxarıda gətirdiyimiz beytlərindən də göründüyü kimi, Nizaminin gözündə Şəmsəddin Məhəmməd sadə bir atabəy və sultan naibi deyildir: “fəth-i şahi ilə ovn-i İlahi”yə nail və layiq olan bu adam səltənətin sığınacağı, “Xilafətin dayağı”dır. Bu, klassik Şərq ədəbiyyatının məşhur bir təşbihi ilə “İkinci Fəridun” və “Cəmşid-e cani”dir. Hətta onlardan da yüksəkdir, çünki “onların taxt ilə tacları var idisə”, bunun “möhtaclara tac bağışlaması” vardır. “Hər xosrovun (yəni padşahın) yanında bir pəhləvan olursa”, bu özü “həm pəhləvan, həm də xosrovdur”.

Atabəy Məhəmmədin xatiri bir də “şahlar şahı atabəy Şəmsəddin Eldənizin (Eldəgizin) vəliəhdi” olmaqla əzizdir, çünki Nizami özünü bu “bağçanın”, yəni Eldənizlər sülaləsinin “ilk quşu” (bülbülü), yəni şairi hesab etmişdir.

Nizami Atabəy Məhəmmədlə bərabər, onun vəliəhdi olan və sonralar taxta çıxmış qardaşı Osman Qızıl Arslanı da mədh etmişdir. Daha doğrusu, əvvəlcə sultan Toğrul ilə Atabəy Məhəmmədə ithaf olunan əsərinin müqəddiməsində qardaşının vəliəhdi kimi mədh edilmiş Qızıl Arslanın adına poemanın sonunda da uzun bir “xatimə” həsr olunmuşdur. Bu mədhiyyəyə görə, Qızıl Arslan şərqin padşahı, qərbin isə pənahıdır. “O, istəsə Çindən xərac, Rumdan isə cizyə alar. Əgər Hindistanın fəthinə varsa, oranı qaralardan təmizlər”. Əsərin digər bir yerində şair lütfünü gördüyü bu qüdrətli sultanın öldürülməsindən duymuş olduğu kədəri nəzmə çəkmişdir. “Abi-həyatı dadmayan Zülqərneyn kimi gəncliyinin meyvəsini yemədən bir düşmən yarası ilə şəhid olan” bu padşahın xatirəsini əziz tutub ağlamışdır.[109] Bununla bərabər, şair bağlı olduğu Atabəylər sülaləsinin qüdrət və qüvvədə qaldığından təsəlli alaraq demişdir: “O öldüsə, Məhəmməd oğlu Əbu-Bəkr sağ olsun”. Eldənizlərin bu ziyalı nümayəndəsinə Nizami özünün ən böyük poeması olan “İskəndərnamə”ni ithaf etmişdir.

Üçüncü məsnəvisi olan “Leyli və Məcnun”u şair Şirvanşah Mənuçehrin oğlu Axsitanın sifarişilə yazmış və onun adı ilə bağlamışdır.

Şirvanşahlar Şimali Azərbaycanda yerli bir sülalə olub, hökmdarlıqları, bəzən mərkəzi Gəncə olan Aran vilayətinə, hətta Araz çayının cənubunda Təbriz və onun ətrafına belə şamil olmuş, bəzən də Cənubi Azərbaycanda yüksələn hökmdarlara, məsələn, Azərbaycan atabəylərinə tabe bir vəziyyətdə olmuşlar.

Bunlar şərqdə örnəkləri görünmüş olduğu kimi, öz nəsillərinin qədimliyini göstərmək üçün özlərini İran Kəyanilərinə bağlayırdılar. Nizami də Məlik Mənuçehrin “Bəhram nəslindən və Adəmdən bəri şah oğlu şah olduğundan” bəhs etmişdir. Bundan başqa, şair Axsitanın “Əbül-Müzəffər” (yəni “Zəfər, qalibiyyət atası”) olduğunu bildirərək, elm və ürfan adamlarına hamilik etdiyini də alqışlarla yad eyləmişdir.[110]

Ümumiyyətlə, Şirvanşahlar sülaləsindən olan bu adlı-sanlı Azərbaycan hökmdarının bütün maddi-mənəvi məziyyətləri ilə parlaq portreti Nizaminin poemasında verilmişdir.

Şairin “Həft peykər” adındakı dördüncü məsnəvisi Marağa hakimi Ağsonqurlar nəslindən Əlaəddin Körp (körpə) Arslanın xahişi ilə yazılmış və ona da ithaf olunmuşdur. Bu şəxs şairin şerlərində qüdrətli bir hökmdar, “tac bəxş edən və bac alan bir “xosrov”dur. “Ölkələr alan bu Arslan tac və taxt etibarı ilə Alp-Arslandan daha üstündür”. “Ağsonqur nəsli onunla ucalıb”.[111]

Beşinci məsnəvi – “İskəndərnamə” yuxarıda qeyd olunduğu kimi, Azərbaycan padşahlarından Atabəy Nüsrətəddin Əbu-Bəkrəithaf olunmuşdur. Bu hökmdar atabəylərdən şairin şəxsən çox sevdiyi Məhəmməd Cahan-Pəhləvanın oğludur. Əmisi Qızıl Arslan öldürüldükdən sonra Azərbaycan taxtına çıxmış və nisbətən uzun sürən hakimiyyəti nisbi bir rahatlıq içində keçmişdir. Bizə rast gəlmiş bir qeydə görə, Əbu-Bəkrin özü də şair imiş və “Bişkin” təxəllüsünü daşıyırmış.[112]

Eyni zamanda, bu padşah elm, ürfan və ədəbiyyatın da hamisi imiş. Nizaminin Əbu-Bəkrə həsr etdiyi sətirlərdə onun atası ilə əmisinə bəslədiyi coşğun məhəbbət hiss edilməkdədir. Əbu-Bəkrin ədəbiyyat maraqlısı və hamisi olduğu da şair tərəfindən ayrıca qeyd edilmişdir. Nizaminin fikrinə görə, “başqaları insansa, atabəy Əbu-Bəkr “tam bir insanlıqdır”.[113] “İrəm bağından uçmuş bülbül” – Nizami öz “aramgahını” bu “insanlıq bağında” tapmış və onun “dövründə bəstələdiyi nəğmələrlə adının illərcə yaşamasını təmin etmişdir”.

Şairin dördüncü Atabəyi mədh etdiyi şerlər rəsmi ithaf çərçivəsindən çıxaraq, səmimi hissiyyat və böyük sevgini tərənnüm edirlər. İskəndərin fəzilət və qəhrəmanlıqlarını təsvir edən bir mətnin içərisində şair bəzən etdiyi kimi aktual məsələlərə keçərək, bir neçə beytlə dövrünün hökmdarına müraciət edir. Bu xitabında Atabəy bəslədiyi sevgisi ilə coşub: “O ulduz batdı isə, sən çıxdın”, “Sənin padşahlığın əbədi olsun!” – deyə xeyir-dua etdikdən sonra, “şah Axsitandan sonra bu gülüstanda Əbu-Bəkrin çiçəkləndiyini” və özünü (yəni şairi) ondan (yəni Axsitandan) daha yüksək tutaraq, “şah bağının heç bir zaman üzünə bağlanmadığını” təşəkkürlə bildirir.[114]

“İskəndərnamə”nin ikinci hissəsini təşkil edən “İqbalnamə”də əsərin Mosul atabəylərindən İzzəddin Məsud adına bit ithaf görülməkdədir. Bu barədə əlimizdəki qaynaqlarda üç cür rəy ilə qarşılaşırıq.

Birinci rəy “Ensyclopedie de l’İslam”da “Nizami” məqaləsini yazan Y.Bertelsindir. Onun mülahizəsinə görə, “İskəndərnamə” ilk dəfə həmin adama ithaf olunub, lakin sonralar ithafın mətni dəyişdirilmiş, nüsxəsi Atabəy Əbu-Bəkrə təqdim edilmişdir.

Ikinci rəy əlimizdəki “Xəmsə”nin hicrinin 1313-cü ilində Şirazda çap edilmiş kitabın müqəddiməsinin müəllifinə aiddir. Həmin müəllif yuxarıdakı fərziyyəni yerli-dibli rədd edir. Şirazlı naşir “İzzəddin məsud fəsli”nin sonralar mətnə əlavə edildiyini söyləyir. O, bu iddiasına poemanın lap əvvəlində “Məlik Nüsrətəddindən bəhs edildiyini” dəlil gətirir.

Üçüncü mülahizə isə Vəhid Dəstgirdinindir. Bu mülahizəyə görə, “İskəndərnamə” bir deyil, iki kitabdan – “Şərəfnamə” və “İqbalnamə”dən ibarətdir. Birinci kitab Əbu-Bəkrə, ikinci kitab isə İzzəddin Məsuda ithaf olunmuşdur. “İqbalnamə”nin bəzi nüsxələrində Nüsrətəddindən bəhs edən sətirlər “ilhaqi” – sonradan artırmadır.

Əlimizdəki nüsxənin tədqiqi nəticəsində şirazlı naşirin rəyinə biz də şərik oluruq. Xüsusən, İzzəddin üçün yazılmış beytlərin ifadə tərzi Nizami üslubuna tamamilə uyğun deyil. Bundan başqa, Əbu-Bəkrə həsr edilmiş fəsildəki bir çox beytlər qismən eynilə, qismən də qəribə bir dəyişikliklərlə təkrar olunurlar. Bunu hər halda “söz xaliqi” olan bir şairin edə biləcəyini düşünmək qətiyyən mümkün deyildir. Məsələn, Azərbaycan Atabəyinə həsr olunmuş ilk müqəddimədəki:

 

Tərəfdare məğrib bemərdanəki

Qıdırxan-e məşriq be fərzanəki.

 

(Məğribin tərəfdarıdır öz mərdliyi ilə,

Məşriqin Qıdırxanıdır öz müdrikliyi ilə - red.)

 

beyti Mosul Atabəyi İzzəddin üçün yazılmış fəsildə aşağıdakı şəkli almışdır:

 

Tərəfdar-e Musil befərzanəki

Qıdırxan-e şahan bemərdanəki.

 

(Mosulun tərəfdarıdır öz müdrikliyi ilə,

Şahların Qıdırxanıdır öz mərdliyi ilə - red.)

 

Başqa misal:

 

Şəhənra ze rəsmi re ayin bovəd,

Kəlid ahənin, gənc zərrin bovəd.

 

(Qanuna çevrilmiş adətə görə,

Şahların kimdi dəmirdən, xəzinələri qızıldan olur – red.)

 

Beytin o biri variantı:

 

Ze şokr-e vey ənam əfzun bovəd

Kəlid ahənin, qofl zər çon bovəd.

 

(Ona təşəkkür ənamını artırır,

Necə ola bilər ki, açar dəmirdən, qıfıl qızıldan olsun? – red.)

 

Belə bir şəklə düşmüş beytin Nizami sözlərinə bənzəmədiyini fars dilini bir az bilən hər bir adam o dəqiqə hiss edə bilər.

Başqa misal:

 

Səlah-e cəhan aməd an şəb pədid,

Ke əz madər in sobh-e sadiq dəmid.

 

(Dünyanın işləri o gecə düzəldi ki,

Bu işıqlı sübh anadan oldu – red.)

 

Bu beyt İzzəddinə ithaf variantında aşağıdakı eybəcər şəklə düşmüşdür:

 

Səlah-e sitəm an şəb aməd pədid,

Ke əz moukəb an sobh-e sadiq dəmid.

 

(Zülmün işləri o vaxt düzəldi ki,

Moukebdən bu işıqlı sübh açıldı – red.)

 

Iki başqa-başqa hökmdarlara müraciətdəki misralardakı oxşarlığı hətta birinə ithaf olunmuş (“Əgər digəran k-əslişan adəmist, həme mərdomənd, u həme adəmist”) beytin o birisinin mədhiyyəsində olduğu kimi təkrarlanmasını nəzərə alsaq, heç şübhə yoxdur ki, şirazlı naşir haqlıdır. Belə əcaib yazını və ya bu şəkildə şerlərin məzmun və formasının dəyişdirilməsini möhtəşəm söz sənətkarına mənsub etmək onun xatirəsinə qarşı böyük hörmətsizlik olardı.

Dünya müharibəsinə görə Avropanın ümumi kitabxanalarında saxlanılan qədim əlyazmalarını görmək olmadı, çünki nadir nüsxələri hava bombardmanından xilas etmək üçün xüsusi sığınacaqlara köçürmüşdülər. Bununla bərabər, Mehmət Məhərrəmin Parisdə satın aldığı XIV əsrə aid bir əlyazmanı araşdıra bildik. Burada İzzəddin adına yazılmış heç bir ithaf yoxdur. Şirazlı naşirin rəyi bu fakt ilə də qüvvətlənmiş olur.

Vəhid Dəstgirdinin “Şərəfnamə” ilə “İqbalnamə”nin ayrı-ayrı müstəqil əsərlər olmaları barədə iddiası da qüvvətli deyildir, çünki Nizami özü “Pənc gənc”i təşkil edən məsnəvilərini sayarkən, “İskəndərnamə”dən yalnız bir vahid əsər kimi söz açmışdır. O, “Şərəfnamə”nin müqəddiməsindəki mündəricatını açarkən, İskəndərin həm dövlət xadimliyindən, həm də həkimlik və peyğəmbərliyindən bəhs edəcəyini açıqca elan etmişdir. Deməli, bildiyimiz kimi, bu proqram “İskəndərnamə”nin, yəni bu əsərin iki hissəsində həyata keçirilmişdir.[115]

Başqa bir fakt. “İskəndərnamə”, “Şərəfnamə” hissəsində şairin qeydinə görə, hicrinin 593-cü ilində (miladi: 1199) yazılmışdır. Bizə dəqiq məlumdur ki, kitab şairin həyatının son günlərində tamamlanmışdır. Buna, güzgüyə baxıb, “görəsən əsərimi bitirə biləcəyəmmi?” deyərək öz zəiflik və qocalığından şikayət edən şairin özü də işarə etmişdir.[116]

1199-cu ildən sonra bitirdiyi bir əsəri Nizami Mosul atabəylərindən I Məsuda həsr edə bilməzdi, çünki həmin şəxs 1193-cü ildən sonra artıq şah deyildi. Kitab onun dövründən ən azı altı il sonra yazılmışdı. Poema I Məsuda ithaf oluna bilməzdi, çünki 1204-cü ildə ölən bir şairlə 1211-ci ildə taxta çıxan hökmdar arasında bir əlaqə və münasibət ola bilməsini təsəvvür etmək heç cür mümkün deyildir. Deməli, “İskəndərnamə”nin hər iki hissəsi yalnız 1191-ci ildən 1210-cu ilə qədər hakimiyyət başında olan Azərbaycan Atabəyi Nüsrətəddin Əbu-Bəkrə ithaf olunmuşdur.[117] “İskəndərnamə”nin Mosul Atabəylərindən İzzəddin Məsuda deyil, Azərbaycan Atabəyi Nüsrətəddinə həsr olunduğunu təsdiq edən bir dəlil də vardır. “Dastanın təzələnməsi haqqında” (“Dər taze kərdən-eindastan”) fəslində şair: “Qızıl Arslanın ölümündən sonra söz yaratmaq necə mümkün ola bilər? Bəlkə, sən şahın lütfü yardım edərək, mənə yenidən söz söyləmək imkanı verə”[118] deyərək təriflədiyi adama müraciət edir. Bir az aşağıda isə həmin şəxsin “həm comərdlik, həm də söz sahibi” olduğundan bəhs edir.[119] Kitab İzzəddinə yazılmış olsaydı, başqa bir sülalə nümayəndəsi olan bu hökmdara qarşı şairin Eldənizlərdən bir hökmdarın ölümündən yana-yana söz salması yersiz olardı. Əksinə, ölənin qardaşı oğluna və taxtına varisi və səltənət vəliəhdinə qarşı belə bir müraciət etməsi tamamilə öz yerinə düşür. Beləcə “Şərəfnamə”nin müqəddiməsində də Qızıl Arslanın ruhu rəhmətlə anılmışdır. Bundan başqa, “həm comərdlik, həm də söz sahibi” olmaq tərifinə layiq olan şəxs də eyni zamanda şair olan Atabəy Əbu-Bəkrdir.

Izzəddin adına yazılan ithafın şübhəli olmasının bir dəlili də V.Dəstgiri nəşrində mövcud olan təzaddır: “Şərəfnamə”nin bir yerində Nizami (bu faktı ingilis şərqşünası E.Broun da qeyd etmişdir) Bişkin təxəllüsünü daşıyan Əbu-Bəkrə müraciət edərək, bu beyti yazmışdır:

Moxalef pəsəndiş u pişbin

Bədəndiş kəmmehr-o u Bişkin –

 

(Müxalif sonradan, o isə öncədən düşünür,

Düşmən amansız, o isə Bişkindir).

 

V.Dəstgirdi bu beyti şərh edərkən, “Bişkin” Atabəy Nüsrətəddinin bir “ünvanıdır” (daha doğrusu “ləqəbi”), – deyir və “necə ki, şair “İqbalnamə”də də həmin ləqəbi işlədir” – qeydini əlavə edir. “İqbalnamə”də isə bu ünvan Atabəy İzzəddin üçün də təkrar edilir və “bişkin”, “pişkin” şəklini alaraq, “əslində “Key-pişkin” ikən sonralar “pişkin” olmuşdur” – deyə izah edilir.

Iki şahın eyni ünvanı daşıdıqlarını təsəvvür etmək çətindir. “Bişkin” və ya “Pişkin”in türk sözləri olduğu göz qabağındadır. Nizaminin də şəxsən qeyd etdiyi kimi, şer və ədəbiyyatdan nəsibsiz olmayan Əbu-Bəkrin “ləqəbi” deyil, təxəllüsü olmalıdır. “İskəndərnamə”nin iki hissədən ibarət bir kitab olub, Nüsrətəddin Əbu-Bəkrin adına yazıldığını “Məcalis-ül-üns”ə əsaslanaraq, M.Ə.Tərbiyət də öz kitabı “Daneşməndan-e Azərbaycan”da qeyd edir. Nizami təvazökar həyatını öz əməyinin qazancı ilə təmin etmişdir. Şübhəsiz, bu “qazanc” ö dövrlərdə dəb olduğu kimi, şairin ithaf və təqdim etdiyi əsərlərə müqabil aldığı “mükafat” və “hədiyyə”lərdən ibarət olmuşdur”.

Şairə aid məlumatlar arasında bu qəbildən olan iki xəbər mühüm yer tutur.


Date: 2015-12-17; view: 349


<== previous page | next page ==>
Nizamiyə borcumuz | Münasibətləri 2 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.012 sec.)