Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur. 7 page

Digər tərəfdən də ictimai əmin-amanlığın bərqərar olunması, xətakarların və inadkar insanların mö’minlərin məhəbbətli davranışlarından sui-istifadə etmələrinin qarşısını almaq üçün qisas hökmü də qoyulmuşdur və İncildə qeyd olunan tə’birlərə hökm verilmişdir.[139]

RİYAKARLIQDAN UZAQ OLMAQ

İncilin tə’limlərində riyakarlıq və zahiri cilvələrə qarşı geniş mübarizə aparılmışdır. İsa (ə) başqalarını həmişə mehribanlığa, yumşaq davranmağa də’vət etdiyi halda, Ferisim mollalarını riyakarlıqlarına görə şiddətlə məzəmmət etmişdir: «Vay olsun sizə ey riyakar mollalar və ferisilər! Siz asimani padşahlığın qapılarını camaatın üzünü bağlayırsınız, özünüz daxil olmursunuz, başqalarının da oraya daxil olmasının qarşısını alırsınız. Vay olsun sizə, ey riyakar mollalar və ferisilər! Siz dul qadınların mallarını yeyirsiniz, yalnız riyakarlıq məqsədi ilə öz namazlarınızı uzadırsınız. Buna görə də siz ən şiddətli cəzalara düçar olacaqsınız... Vay olsun sizə, ey riyakar mollalar və ferisilər! Siz nanə, şüyüd və zirədən onda bir (vergi) verirsiniz. Amma ədalət, rəhmət və sədaqət olan ən mühüm şəriət hökmlərini görməməzliyə vurursunuz. Siz bunları görməlisiniz və eyni zamanda sair hökmlərdən qafil olmamalısınız... Vay olsun sizə, ey riyakar mollalar və ferisilər! Siz piyalənin və boşqabın kənarlarını təmizləyirsiniz, halbuki onun içi zülm və cinayətlərlə doludur.[140]

SUALLAR

1. Qur’ani-Kərim həzrət İsa (ə) üçün hansı sifətləri zikr edir?

2. Qur’ani-Kərim məsihiləri necə təqdim edir?

3. Asimani mələkut nədir?

4. Asimani mələkuta rəğbətli olanlar hansı sifətlərə malik olmalıdırlar?

5. Məsihilərin müqəddəs kitabı camaata məhəbbət barəsində hansı tövsiyələri edir?

6. Qur’anın məhəbbət barəsindəki nəzəri necədir?

7. Həzrət İsa (ə) riyakarlarla necə rəftar edib davranırdı?

ƏLLİ İKİNCİ DƏRS



MƏSİHİLİYİN DİNİ QAYDA-QANUNLARI VƏ MƏRASİMLƏRİ

Digər dinlərdə olduğu kimi, məsihiliyin də xüsusi ibadi və dini mərasimləri vardır. Adətən müqəddəs məkanlarda və məsihilərin mə’bədlərində yə’ni, kilsədə təşkil olunan ibadi və dini mərasimlərin ən geniş yayılanı birlikdə oxunan dua və yalvarış surətində olan Allaha həmd-səna mərasimidir; bu da Allahın əzəməti və Onun ne’mətlərinin bərəkəti qarşısında şükr etmək məqsədi ilə yerinə yetirilir. Məsihilər dua mərasimlərində Allaha, hər şey əta etdiyinə, xüsusilə həzrət Məsihi onlara verdiyinə görə şükr edirlər. Onların dini qayda-qanunlarından digər biri isə günahları etiraf etmək, qəlbən peşimançılıq hissi keçirərək tövbə etmək və Allahdan günahların bağışlanmasını istəməkdir. Digərləri üçün də dua edib, dini çıxışlar, nəsihətlər və moizələr etmək, təqvaya, zahidliyə, xeyirxahlığa də’vət və çağırışlar da məsihi ibadətlərinin digər bir hissəsini təşkil edir. Müqəddəs kitabın müəyyən hissələrini, xüsusilə Əhdi-ətiqin məzamirini xorla oxumaq kilsələrin dini adətlərindən hesab olunur. Məsihi dinində bazar günləri kilsədə təşkil olunan ibadət mərasimlərindən başqa, dini şüar və qaydalar kimi onların yeddi məşhur ayinləri də mövcuddur ki, bütün məsihi firqələri bu mərasimləri yerinə yetirirlər. Amma onların iki məsələdə bir-birləri ilə ixtilafları vardır. Birincisi, bu yeddi ayinin hamısının həzrət Məsihə mənsub edilməsi və o həzrətin bu barədə şəxsən tövsiyə edib-etməməsidir. İkincisi isə bu ayinlərin müqəddəs olub-olmaması ilə əlaqədardır. Katolik və ortodoks firqələri yeddi ayinin hər birini bu dininin vacib əməllərindən hesab edir və onun İsa tərəfindən tərəfindən olduğuna inanırlar. Protestant firqəsi yalnız tə’mid və rəbbani gecə ayinin müqəddəs olduğuna inanır və yalnız bu ikisini İsa tə’limləri sırasında tanıyırlar. Bu firqə qalan beş ayini yalnız məsihilərin dini mərasimi ünvanı ilə qəbul edir və bunun bə’zi cüz’i məsələlərində də sair firqələrlə ixtilaflıdırlar. Məsihiliyin yeddi ayini aşağıdakılardan ibarətdir:

1. Tə’mid qüslü:

Tə’mid qüslü məsihiliyi qəbul etməyin ilk qayda-qanunlarından sayılır. Bu dini yenicə qəbul etmiş şəxs məsihi körpəsi kimi qüsl almalıdır. Tə’mid qüslündə su başa, yaxud bədənin hər hansı bir hissəsinə tökülür, yaxud da suya girməklə icra olununur. Bu mərasim məsihi ruhanisi (keşiş) vasitəsi ilə yerinə yetirilir və qüsl edilərkən keşiş tə’mid olunan şəxsə deyir: «Sənə atanın, oğulun və Ruhul-qüdusun adı ilə tə’mid verirəm». Bu cümlə Mətta İncilinin 28-ci fəslinin 19-cu ayəsindən götürülmüşdür. Belə ki, orada İsa zahir olduğu zaman şagirdlərinə dedi: “Gedin və bütün millətləri mənim şagirdim edin və onlara ata, oğul və Ruhul-qüdusun adından tə’mid qüslü verin.” Tə’mid qüslu məsihilərdən də əvvəl mövcud olmuşdur. Həzrət Yəhya camaata İordaniya çayında tə’mid qüslu veribmiş; buna görə də Yəhya, “Müəmməda” adı ilə məşhurlaşmışdı. Həzrət İsa da məhz onun vasitəsi ilə tə’mid olunmuşdur. Amma bu dində Məsihin üçlük üqnum barəsindəki əqidəsi istiqamətinə yönəlmişdir. Məsihilərin e’tiqadı belədir ki, tə’mid qüslu İsanın keçmiş günahlarından paklanmasına səbəb olub. Buna görə də onlardan bə’ziləri tə’mid qüslunu can verən halında yerinə yetirirlər ki, günahlardan paklaşıb ölsün. Körpələr barəsində də e’tiqadları budur ki, tə’mid qüslü verməklə körpəni Adəmdən irsiyyət vastəsilə övlada keçən günahlardan paklaşdırsın. Əlbəttə protestantların tə’mid barəsində belə bir əqidəsi yoxdur və onlar inanırlar ki, tə’mid müvəffəqiyyət vasitəsidir; çünki bu vasitə ilə məsihi şəxs özünü və övladlarını Allaha xidmət yolunda ciddi və rəsmi olaraq vəqf edir, Allaha olan imanını hamının hüzurunda aşkar edir.

2. Qüvvəyə mindirmə:(Tənfiz)

Məsihi fərdin tənfiz mərasimi həqiqətdə tə’mid qüslünün təkmiledicisidir. Bu mərasimdə məsihi fərd uşaqlıq vaxtında ona tə’mid qüslü verilərkən bağlanan əhdi-peymanı, həzrət İsaya tabe olub məhəbbət bəsləmək və onun dininə xidmət etməklə əlaqədar verdiyi vədləri qüvvəyə mindirir və rəsmi şəkildə bir məsihi fərd kimi kilsə ardıcıllarının sırasına keçir. Bu mərasim adətən yeniyetmələrin məs’uliyyət qəbul etmə qüdrətinə malik olduğu yaşlarda, öz məzhəbi əqidə və imanını əqli baxımdan qəbul edəcəyi bir dövrdə yerinə yetirilir. Müasir dövrdə bu ayin əksərən 10-13 yaşlarında, bə’zən də 16 yaşında icra olunur.

3. Tövbə mərasimi:

Qeyd olunduğu kimi, məsihilikdə tə’mid ayini insanın günahlardan pak olması üçün bir vasitədir. Amma məsihi şəxsin həyatında yalnız bir dəfə yerinə yetirilən tə’mid qüslü keçmiş günahları pak edə bilər. Lakin hər bir məsihi tə’mid və tənfiz mərasimindən sonra mürtəkib olduğu günahlar üçün tövbə və bağışlanmaq ayinini də icra etməlidir.

Tövbə ayini hər bir şəxsin istədiyi zamanda və bir neçə dəfə icra oluna bilər. Bu ayin dörd əməldən ibarətdir:

1.Tövbə və bağışlanmaq istəmək, işlətdiyi günahlara görə dərin təəssüf və peşmançılıq hissi keçirmək. Tövbəkar şəxs tərəfindən bu təəssüf hissinin bildirilməsi, mərasimi yerinə yetirən keşişin qarşısında baş verir.

2.Tövbəkar şəxsin etirafları keşişin qarşısında olmalı və uca səslə mürtəkib olduğu günahı iqrar edib, hansı işlərə əl bulaşdırdığını izah etməlidir. Günahın e’tiraf olunması ilk əvvəl bir neçə nəfərin hüzurunda baş verirdi. Amma 11-ci əsrdən sonra bu iş bir qədər xüsusiləşdi və yalnız keşişin hüzurunda təşkil olunması qərara alındı.

3.Razılıq tələb etmə; Bu əməldə tövbəkar şəxs müsbət əməl yerinə yetirməklə, o cümlədən oruc tutmaq, namaz, dua, fəqirlərə və kilsəyə kömək etmək və s. kimi əməlləri yerinə yetirməklə Allahın razılığını və güzəştini istəməlidir. Bu əməl keşiş tərəfindən tə’yin edilən bir növ tənbeh, kəffarə hesab olur. Belə bir əməl əksər hallarda pul ödəməklə yerinə yetirilir.

4.Yuxarıdakı üç əməl tövbəkar şəxs tərəfindən yerinə yetirildikdən sonra bağışlanmaq e’lan olunur; dördüncü mərhələdə keşiş tərəfindən bağışlanmaq və güzəşt e’lan olunmaqla mərasim sona çatır, günahkar şəxs mürtəkib olduğu günahın əsərlərindən asudəlik və aramlıq hissi keçirir.

Əlbəttə protestanlar bu mərasimə inanmır. Onların əqidəsinə görə, tövbə edib bağışlanmaq üçün vasitəsiz olaraq, Allah dərgahına üz tutulmalı və Ondan bağışlanmaq istənilməldir. Çünki protestantların görə keşiş bəndə ilə Allah arasında vasitə deyil və günahların bağışlanma ixtiyarı ona həvalə edilməmişdir.

4. Rəbbani gecə:

Rəbbani gecə həzrət İsa (ə)-ın öz şagirdləri ilə vəfatından əvvəlki gecədə keçirdikləri sonuncu gecəni xatırladır. Məsihilərin əqidəsinə görə, o gecədə İsa öz ətinin və qanının əlaməti olaraq, çörək və şərabı şagirdlərinə verdi ki, yeyib-içsinlər və nəticədə onların əti və qanı Məsihin əti və qanı ilə qarışsın. Məsihilər inanırlar ki, rəbbani gecə mərasimində yerinə yetirilən müqəddəs şərabın içilib, çörəyin yeyilməsi çörəyin həzrət Məsihin ətinə və şərabın onun qanına çevrilməsinə, onların əti və qanı ilə qarışmasına səbəb olur. Bu mərasimdə əvvəlcə çörək və şərab keşişin vasitəsi ilə hazırlanır, müqəddəs kitabın bə’zi hissələrini, xüsusilə həzrət İsanın axır gecədə söylədiyi sözləri oxumaqla təqdis olunur, sonra ondan iştirak edənlərin hər birinə bir qədər verilir.

Tədhin: (yağ sürtmə).

Müqəddəs yağ sürtmə mərasimi xəstə şəxslər üçün yerinə yetirilir. Belə ki, xəstə insanın hər bir yerini müqəddəs yağla yağlayırlar. Məsihilərin inancına görə, bu əməl həzrət Məsihin xəstənin başı üzərində hazır olmasına və ona şəfa verməsinə səbəb olur. Həmçinin inanırlar ki, əgər xəstə şəxs bu halda ölsə, Bərzəx aləminə varid olmaq üçün hazırlaşır.

Protestanların bu ayinə e’tiqadları yoxdur; onlar deyirlər ki, müqəddəs kitabda onun barəsində heç bir şey qeyd olunmamışdır. Amma katoliklər onu həzrət İsanın şəxsən öz göstərişi ilə icra olunan müqəddəs məsihi ayinlərindən biri hesab edirlər.

6. İzdivac:

İzdivac məsihi dinində ilahi və müqəddəs bir iş sayılır. Məsihilər onu dünyəvi bir iş hesab etmirlər; onların əqidəsinə görə, izdivac Allahın bəşəriyyətə olan məhəbbət nişanəsidir. Ər-arvad izdivac etməklə bir-birinə qovuşur və söz verirlər ki, ölüm anlarına kimi bir-birinin yanında qalsınlar, həmkarlıq edərək məhəbbət və əmanətdarlıqla həyat sürsünlər və övlad tərbiyə etsinlər. İzdivac məsihiliyin müqəddəs bir işi və yeddi müqəddəs ayindən biri olduğuna görə əqd mərasimi həmişə kilsədə və keşişin vasitəsilə yerinə yetirilir.

 

7. Vürud ayini:

Məsihilərin müqəddəs ayinlərinin sonuncusu ruhanilərin və kilsə xidmətçilərin cərgəsinə qoşulmaq istəyən şəxslərlə əlaqədardır. Bu cərgəyə daxil olmaq üçün müəyyən qayda-qanunlar və mərasimlər mövcuddur. Dini təhsildən əlavə, kilsədə əməli təcrübə kəsb edib imtahanlar verdikdən sonra müəyyən iltizamları yerinə yetirmək vacibdir ki, özünü kilsə üçün vəqf etmək, dinə xidmət etmək onların ən mühümüdür. Buna görə də bu məqama nail olmaq istəyən şəxs dünya işlərindən, xüsusilə izdivacdan çəkinməyə iltizam verir ki, ömrünün axırına qədər subay qalsın, bütün ömrünü dinə xidmət etməyə vəqf etsin.

Protestanlar bu ayini də qəbul etmirlər, keşişlərin və kilsə xadimlərinin evlənməsini qanuni bir iş hesab edirlər. Son zamanlar katolik kilsələri də keşişlərə izdivac icazəsi vermişdir.

SUALLAR

1. Məsihilərin kilsədə icra etdikləri ibadətlər hansılardır?

2. Tə’mid qüslu nədir?

3. Tənfiz ayini hansı məqsədlə təşkil olunur?

4. Məsihilər günahların bağışlanması üçün nə edirlər?

5. Rəbbani gecə mərasimi necə təşkil olunur?

6. Hansı əqidə əsasında yağlama mərasimi baş verir?

7. Məsihilərin ruhanilər cərgəsinə keçmək üçün hansı ayinləri vardır?

ƏLLİ ÜÇÜNCÜ DƏRS

İNCİL

İncil, yaxud Əhdi-cədid məsihilərin müqəddəs kitabıdır. Məsihilər Əhdi-ətiqi (Əhdi-qədimi) qəbul edib, asimanı kitab ünvanı ilə təsdiq etməkdən əlavə, Əhdi-cədidə də öz müqəddəs kitabları kimi ehtiram qoyurlar. Onlar inanırlar ki, Allah insanla iki əhdi-peyman (əhd) bağlamışdır. Biri qədim əhd-peymandır ki, (Əhdi-ətiq) İsa Məsihdən əvvəlki peyğəmbərlərin vasitəsi ilə insanlardan alınmış və onda bəşəriyyətin nicat yolu, şəriət və ona əməl etməyin necəliyi bəyan olunmuşdur. Digəri isə yeni əhdi-peymandır (Əhdi-cədid) ki, Allahın oğlu İsa Məsih vasitəsilə bağlanmışdır. Bu əhd-peymanlar nicat və qurtuluşdur ki, həzrət Məsihə məhəbbət bəsləmək yolu ilə hasil olur. Çünki, Məsih insan surətində təcəssüm etmiş və insanların günahlarının cəzalarının ən çətini olan dara çəkilməyi qəbul etməklə, bəşəriyyətə nicat vermişdir. Yeganə oğlunu insanlara qurbanlıq edən ata Allaha məhəbbət, insanların nicatı üçün ölüm ayağına qədər dara çəkilməyin üzücü əzab-əziyyətlərinə dözən oğul Allahın məhəbbətinin əvəzində, oğul və ataya məhəbbət bəslənilməli və onların xatirinə başqaları ilə məhəbbətlə, nəvazişlə rəftar edilməlidir. Əhdi-cədid tə’limlərinin ruhu bu dində həmin əqidə əsaslarının izah, şərh və xatırladılmasıdır.

Əhdi-cədid iyirmi yeddi kitab, məktub və risalədən ibarətdir ki, məsihilərin əqidəsinə görə, onların hamısı həzrət Məsihin üruc etməsindən sonra həvarilərin, yaxud onların şagirdlərinin tərəfindən yazılmışdır və onlardan heç biri İsa tərəfindən tənzim olunmamışdır. Onlar hətta inanırlar ki, «Bizim Allahımız olan İsa Məsih Allahın pak kəlməsidir və onda bütün hikmət və elm xəzinələri məxfi olmuşdur, onun bir kitab yazmağa və yadigar qoymağa heç bir lüzumu yox idi.»[141]

Məsihilər tə’kid edirlər ki, müqəddəs kitabın hamısı vəhy kəlamıdır. Onlar müqəddəs kitabı yalnız İsanın risalətinin bəyanı və tərcümeyi-halının şərh olunması, məsihi dininin əqidə əsasları kimi qələmə verir və onun ilahi bir dəyərə malik olduğunu deyirlər. Buna görə də İsanın tərcümeyi-halı, o həzrətin zamanında olan məsihilərin tarixi və həvariyyunun şərhi-halına məxsus olan hissə tarixi yönə malikdir; həzrət İsa Məsihin sözlərini nəql edən hissə isə o həzrətin hədisləri həddində dəyərləndirilə bilər. (Müsəlmanların peyğəmbərlərin hədisinə verdikləri dəyər kimi). Qur’ani-Kərim İncilin həzrət İsaya (təhrif olunmamış İncili, nəinki dördlük təşkil edən İncili) nazil olunmasını aşkar şəkildə buyurur, onun ayələrini ilahi vəhy hesab edir və onlarıAllah kəlamı adlandırır.

«...Bundan əvvəl insanları doğru yola yönəltmək üçün Tövratı və İncili də (səmadan) O endirdi. (Haqqı nahaqdan ayırd edən) Furqanı (Qur’anı) da O nazil etdi.»[142]

Qur’ani-Kərim İsanın sözlərini belə bəyan edir:

«Mən həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi».[143]

Aydındır ki, vəhy vasitəsilə həzrət İsaya nazil olan İncil dördlük təşkil edən İncillə eyni deyildir. Qeyd olunduğu kimi, məsihilərin öz e’tiraflarına əsasən, bu kitab İsa tərəfindən yazılmamışdır və onu başqaları yazıb tənzim etmişdir.

 

* * *

Qeyd olunduğu kimi, Əhdi-cədid 27 kitab və risaləyə şamildir. Tarixi mə’lumatlardan aydın olur ki, ilk əsrlərdə məsihilər arasında geniş yayılmış müqəddəs kitab və risalələr indikindən qat-qat artıq idi. Hətta onun sayını 160 nüsxəyə çatdırırlar. Amma Roma imperatorluğunun məsihiliyi qəbul etdiyi dördüncü miladi əsrində 27 kitab və risalə onların müqəddəs kitabı adı ilə tanındı və digərləri qeyri-mö’təbər hesab olundu. Ondan sonra məsihilər arasında müqəddəs kitab yalnız 27 ədəddir. Katolik məsihilərin yığıncağı 1046-cı miladi ilində bu kitabın asimani kitab olması barədə düşünülən hər növ şəkk-şübhəni qadağan etmiş və müxaliflərin e’tirazlarına da məhəl qoymamışdır. Bu kitabın 27 bölməsi aşağıdakılardan ibarətdir:

1. Mətta İncili:

28 fəsldən təşkil olunmuş bu İncil həzrət İsanın həyatı, tarixi, peyğəmbərliyi, tövsiyə və nəsihətlərindən ibarətdir. Orada Əhdi-ətiqin qabaqcadan söylədiyi bə’zi xəbərlərə də işarə olunmuşdur. Bu İncili yazan Mətta, İsanın həvarilərindən biridir və 79-cu miladi ilində vəfat etmişdir.

2. Marqos İncili:

Ən qısa İncil sayılan bu kitab 16 fəsildə yazılmışdır. Markos, həvarilərdən deyildir, amma həvarilərin yanında şagirdlik edərək, həvarilərin həvariləri adı ilə tanınmışdı. Bu İncil ehtimal üzrə miladın 65-70-ci illərində yazılmışdır; bu kitab Markosdan sonra yazılan Luka və Mətta İncillərinin əsasını təşkil edir.

3. Luka İncili:

Luka da Markos kimi həvarilərin həvarisi idi. Məşğuliyyəti və ixtisası təbib olan və Yunanıstanda təbabətlə məşğul olan bu kişi Puls ilə tanış olub, bir müddət onunla görüşmüşdür. Luka məsihi tə’limlərini Pulsdan əxz etmişdir. Onun İncilinin 24 fəsli vardır. Bu İncil də İsa Məsihin tərcümeyi-halı və moizələrindən ibarətdir; Allahın İsanın bədəninə hülul etməsi və onun Məryəmdən xariqul’adə şəkildə doğulmasından da danışır.

4. Yuhənna İncili:

Yuhənna həvarilərdən idi, amma onun İncili digər üç İncildən sonra yazılmışdır; bunun yazılma zamanı Yuhənnanın qocalıq illərinə təsadüf edir. Bu İncil 21 fəsldə yazılmışdır və orada həzrət İsanın tərcümeyi-halı və moizələri verilmişdir. Amma onda, əvvəlki üç İncilin əksinə olaraq, İsanın ilahiləşdirilməsi aşkar şəkildə bəyan olunur. Lakin həzrət İsanın təvəllüdü və göylərə getməsi, rəbbani gecə və bə’zi başqa bəhslərdən danışılmır. Buna görə də əvvəlki üç İncil (Mətta, Marqos və Luka) bir-birilə uyğun olan İncillər kimi tanınır və Yuhənna İncili onlarla fərqli hesab edilir.

5. Rəsulların əməlləri:

Bu kitabın Luka tərəfindən yazıldığını (üçüncü İncilin müəllifi) güman edirlər. Bu kitab 28 fəsldə tənzim olunmuş və məsihiliyin əvvəlindəki təbliğatçıların (rəsulların) sözlərini və tərcümeyi-halın əhatə edir; əsas e’tibarilə Puls, onun əməl və sözlərini təqdim edib. Bu kitabın Pulsun məsihiliyə iman gətirmədiyi dövrdə yazılan ilk səkkiz fəslində İsa Allahın bəndəsi və insan övladı kimi təqdim edilir. Amma doqquzuncu fəsildən sonra Pulsun Məsihə iman gətirməsi izah edilir və bəyan olunur ki, o, bu dini qəbul etdikdən sonra dərhal «kənisalarda İsa barəsində moizə edib onun Allah olduğunu deyib»[144]


Date: 2015-12-11; view: 783


<== previous page | next page ==>
Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur. 6 page | Pulsun Ğəlatilərə məktubu.
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.012 sec.)