Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






MƏQSƏDLƏR VƏ YOLLAR 6 page

Bu nəzəriyyə varlıqların müqəddəratının qeyri-ixtiyariliyini, tao tərəfindən heç bir qanun pozuntusu mümkün olmadığını göstərir. Lao-tze bu barədə belə demişdir: “ - Hər kimsə taonun əleyhinə çıxsa, məhv olar. Eqoist parlamaycaqdır, xudpəsəndlər kamal yolunu qət etməyəcəklər. Səmanın yolları müharibə ilə açılmayacaqdır, zorla, məcburiyyətlə ələ keçirilməyəcəklər. Onun istəyi e’lan olunmaz, hələ heç kim onun cavabını eşitməmişdir.”

Buna əsasən insan kamala çatmaq üçün əvvəlcə özünü tao ilə uyğunlaşdırmalı, onun qarşısında səmimiyyətlə təslim olmalıdır. Başqa sözlə desək, insan özünü Tao yoluna tapşırmalıdır ki, Tao onu öz tərəfinə hidayət etsin. Buna görə də Lao-tze hamını vo-vu-vaya də`vət edərək deyirdi:

“ - Fəaliyyətsizliyə alışın; arzu edin ki, heç vaxt arzu etməyəsiniz; əldə edə bilmədiyiniz şeylərə dəyər verməyin. İnsanın əldən verdiyi vəziyyətə qayıtmağı öyrənməyin. Günah etməyin, qoyun işlər öz təbii axarı ilə getsin.”

Vo-vay, yaxud fəaliyyətsizlik və çalışmamaq prinsipi istənilən dünyəvi fəaliyyətin inkar olunması demək deyil. Bu əksinə hər bir hadisə, həyatın təbii qanunauyğunluqlarına təslim olmaq, çayın axını istiqamətində özünü dalğalara tapşırmaq, hər bir halda rahatlığa, sakitliyə çalışmaq, həyatda baş verən hadisələrə müqavimət göstərməmək, hər növ ümidsizlikdən uzaq olmaqdır. İşlərin islah olunub qaydaya düşməsi üçün heç bir iş görmək lazım deyil. Çünki, yaxşılaşma və irəliləyiş insanın əlində deyil, Taonun əlindədir. Biz işlərin qaydaya, sahmana düşməsi üçün müəyyən planları fikirləşiriksə, əgər o, Taonun iradəsinə uyğun gələrsə ona ehtiyac yoxdur. Çünki Tao özü belə müəyyənləşdirmişdir. Taonun iradəsinin əksinə olduqda isə biz öz işimizdən tam geri qalacağıq. Çünki Taonun iradəsinə qarşı çıxmaq kamala çatmağa mane olur. Deməli, hər bir halda işlərin sahmana salınması, çətinliklərin qarşısının alınması və ya aradan qaldırılması üçün çalışmaq lazım deyil. Yalnız insan rahatlıqla özünü Taonun iradəsinə tapşırmalı və onun yolunda olmalıdır.



 

SUALLAR

1. Tao nə deməkdir?

2. Taoizmin banisi kimdir?

3. Taonun ən mühüm müqəddəs kitabı necə adlanır?

4. Taoizm nəzəriyyəsində insanın əsl məqsədi nədir və onun yolu nədən keçir?

5. Hansı səbəbdən taoizm baxışlarına görə hər bir şeydən razılıq etmək lazımdır?

6. Vo-vay prinsipi nədir? Bu əqidə nəyə görə tövsiyə olunmuşdur?

İYİRMİ ALTINCI DƏRS

 

TAOİZM (2)

XLAQ VƏ DİN

Bu dərsin mövzusu taoizmin Lao-tze fəlsəfəsi və onun tövsiyələri əsasında qurulmuş əxlaqi prinsipləri ilə tanışlıqdır. Dərsin davamında bu dinin zaman baxımından dini yönümündən irəli olan sehrkarlıq aspekti nəzərdən keçiriləcək. Daha sonra taoizm bir din kimi tədqiq edilib araşdırılacaq.

LAO-TZE FƏLSƏFƏSİ ƏSASINDA ƏXLAQIN ƏSASLARI

Lao-tze “Tao-te-çinq” kitabında Taoya qovuşmaq və onun yolunda addımlamaq istiqamətində öz ardıcıllarına çoxsaylı əxlaqi tövsiyələr verir. Bu göstərişlərin əsasını təvazökarlıq, tə’zim, şan-şöhrətdən uzaq olmaq, ifrata varmamaq, hamını məhəbbət və səmimiyyətə də’vət təşkil edir.

Bu əxlaqi göstərişlərdən bə’zilərini şərh edirik:

1. Laqeyidliyə, istəklərdə ifrata varmamaq və diqqətsizliyə də’vət taoizmin ən mühüm əxlaqi prinsipidir. Lao-tze bu barədə deyir: “ - İfrat diqqət və istəyin olmamasını öz məramına çevir, mümkün olan həddə sakitliyini tam qoru”, “ - Hikmət sahibi öz fikrini hər bir şeyə qarşı laqeyd etməlidir”, “ - Səma və yer heç bir xeyirxahlıq nümayiş etdirmir. Onların nəzərində dünyanın 10 min şeyi vəhşi itlər kimidir. Müqəddəs insan da xeyirxahlıq əhli deyildir. Onun nəzərində qohum-əqrəbadan 100 nəfəri vəhşi itlər kimidir.”

2. Hər şeyə və hamıya e’tinasızlığa də’vətlə yanaşı, bir sıra əxlaqi dəyərlər də tövsiyə edilir. Lao-tze bu barədə deyir: “ - Mənə qarşı yaxşı olanlarla mən də yaxşıyam. Mənə qarşı yaxşı olmayanlara qarşı də yaxşıyam və bununla da hər bir şey yaxşı olur. Mənimlə səmimi olan şəxslərə qarşı mən də səmimiyəm, mənimlə səmimi olmayanlara qarşı yenə səmimiyəm, beləliklə hamı səmimi olacaqdır.” Başqa bir yerdə deyir: “ - Yaranın əvəzini məhəbbətlə ver”.

3. Tay-şanq-kanq-pinq-pi-yen, yaxud “Əməllər və onların cəzası” risaləsində digər əxlaqi göstəriş və tövsiyələrin şərhi verilmişdir. Bu tövsiyələrdən aşağıdakıları diqqətəlayiqdir:

“ - Yaxşı bir insan heç vaxt azğın yollara düşməz. O, fəzilət və təqva qazanar, dəyərli islər görüb toplayar. Bütün yaradılmışlarla mehribanlıqla rəftar edər. Özündən gənc qardaşlarına qarşı vəfalı və nəvazişli, özündən böyüklərə qarşı itaətkar olar. Əvvəlcə, özünün seçdiyi yolu islah edər ki, başqalarını da bu yolla dəyişdirib islah edə bilsin. Yetimlərə və dul qadınlara qarşı mehriban olar, qocalara ehtiram qoyar. Gənclərə qarşı tərbiyəçi rolunu ifa edər. Hətta həşaratlara, otlara və ağaclara belə zərər yetirməməlidir. O, başqalarının şər və yaramaz rəftarları müqabilində şəfqətlə davranmalı, onların fəzilət və alicənablığından sevincini bildirməlidir. Onlara düzgün və layiqli işlərdə kömək etməli, təhlükələrdən xilas etməlidir. Başqalarının qazandığı şeyləri onların öz qazanclarının hesabına qoymalı, əldən verdiklərini öz itkisi hesab etməlidir. Onların çatışmazlıq və nöqsanlarını üzə salmamalıdır (qeybət etməməlidir). Öz üstünlüklərini başa qaxmamalıdır. Belə bir insan şər işlərdən çəkinməli, müqabilində mə`nən yüksəlməli və yaxşı işlər görməlidir. Çoxunu camaata bağışlamalı, özünə az bir pay götürməlidir. Bir kimsədən dil yarası, yaxud söyüş eşidərsə, onu ikrah hissi olmadan qəbul etməli, vəziyyəti başa düşdüyünü deməklə öz şərafət və alicənablığını göstərməlidir. İnsanlara təmənnasız məhəbbət göstərməli, yaxşılıq etməli və peşman olmadan öz var-yoxundan başqalarına bağışlamalıdır. Məhz bu şəxsə yaxşı insan deyiləcəkdir. Bütün insanlar belə şəxsə hörmət edərlər. Göylər onu qoruyar. Səadət və mal-dövlət onun ardınca axıb gələr. Bütün şərlər və pisliklər ondan uzaqlaşar. Onun gördüyü hər bir iş mütləq müvəffəqiyyətlə nəticələnəcək və o, özünə əbədi və səmavi (maddənin fövqündə) bir məqamın veriləcəyinə ümidvar ola bilər.”

4. Bu kitabda xurafatla qarışmış olan digər, o cümlədən aşağıdakı göstərişlər də vardır:

“ - Heç vaxt öz valideyninin səhvini ifşa etmə. Heç vaxt doğru ilə səhvi bir-birinə qarışdırma. Səhv işə mükafat vermə. Günahsız insanı cəzalandırma. Küləyi qınama və yağışdan sui-istifadə etmə. Həyat yoldaşının və həyat yoldaşlarının dediklərinə qulaq asma. Ata-ananın göstərişlərindən boyun qaçırma. Yeni işlərlə köhnə işlərin unudulmasına mane olmasına imkan vermə. Öz borcunu sahibinə qaytar. Göylərdə sənin üçün tə`yin olunan paydan artığını əldə etmək fikrində olma. Ölçüdə qısa metrədən, çəkidə düz olmayan tərəzidən, yaxud kiçik özül çubuqlarından istifadə etmə. Ayın və ilin axırıncı günündə rəqs edib, mahnı oxuma. Ayın əvvəlində, yaxud səhər açılanda qışqırıb əsəbiləşmə. Üzünü şimala tutub ağlama və ağzının suyunu atma. Ağzının suyunu parlaq ulduzlara tərəf atma. Göy qurşağı tərəfinə işarə etmə. Səhv iş görmüş şəxs tövbə etsə, öz əməllərini islah etsə və bundan sonra da çirkin işlərdən çəkinsə, eləcə də bütün yaxşı işləri görsə şadlığa və səadətə çatacaqdır. Belə isə nə üçün biz özümüzü yaxşı işlər görməyə vadar etməyək?”

B) TAOİZMDƏ SEHRKARLIQ

Əbədi yaşayışa, yoxluq və ölümdən qaçmağa meyl bütün insanların firti xüsusiyyətidir. Müxtəlif din və məktəblər bu məqsədə nail olmaq üçün cürbəcür vasitələr təklif etmişlər. Lao-tze və Çuvanq-tzonun məqsədi bu olmuş və əbədiyyətə çatmaq üçün (öz e’tiqad və gümanları əsasında) müəyyən yollar göstərmişlər. Çuvanq-tzo bu barədə deyir: “ - Hər kəs Taonun zatına qovuşsa əbədi həyata nail olar və heç sancan, yırtıcı heyvan ona zərər yetirə bilməz. Belə ki, Çin imperatoru Fuşi Taoya qovuşduğuna görə də əbədiyyət sirrinə və əbədi həyata yiyələnmişdir. O, bu həqiqətə yiyələndikdən sonra buludlara minərək göylərə yüksəlmişdir. Gizlin mələk və ya ana mələk də belə etmiş və əbədi həyata nail olmuşdur.”

Keçən dərsdə və bu dərsin əvvəlində öyrəndiyimiz kimi, bu məqsədə çatmağın yolu fəaliyyətsizlik, ruhi məşğələlər, meditasiya və bir sıra əxlaqi göstərişlərə riayət etməkdən keçir. Bir sözlə Taoizmin baniləri bir sıra mə’nəvi üsullar toplusunu nəzərdə tutmuşlar. Amma sonrakı dövrlərdə bu ayinin rəhbərləri və onun ardıcıllarının böyük bir hissəsi maddi amillərdən istifadə edərək uzunömürlülük, əbədi qalmaq, bədənin çürüyüb aradan getməsinin qarşısını almaq üçün yollar axtarırdılar. Çuvanq-tzonun əsrindən sonrakı dövrlərdə Taonun zatına qovuşa bilmiş və əbədilik qazanmış filosofların adlarına rast gəlinir. Bu filosoflardan biri də ahıl yaşlarında bir uşaq qədər təravətli olmuş Oyodur. Bu da onun Taoya qovuşma nəticəsində mümkün olmuşdur. O, bu vasitə ilə zaman və məkanın buxovlarından azad olmuşdu.

Belə söhbətlərin yayılması sadə xalq kütlələrinin müxtəlif təbii ünsürlər və amillər arasında elə maddələr axtarmalarına səbəb oldu ki, onu istifadə etməklə uzunömürlülüyə və əbədiliyə nail olmaq mümkün olsun. Bu prosesdə falçı və cadugərlər meydana gəldilər ki, camaatı əbədi həyat maddəsi tapmaq adı ilə aldatmaqla onlardan faydalansınlar.

Bu barədə taoizmin əsərlərindən hesab olunan “Tzeanteonqçei” kitabını qeyd etmək olar. Bu kitabda şərh edilən kimyagər əməlləri və reaksiyalar vasitəsilə uzunömürlülük dərmanını, yaxud əbədilik iksirini tapmağın yolunun tə `liminə çalışılır. Kitabın bə’zi yerlərində belə qeydlərə rast gəlirik: “ - Qurğuşun, civə və qızıl əriyib bir-birinə qarışsa və kiçik düyməciklər halına düşsə, onu yeməklə (iksiri) uzunömürlülüyə, hətta əbədiliyə çatmaq olar”. Bundan başqa, Tao filosofu Kuhunq “Paop-otzo” adlı məşhur kitabında yazır: “ - Mənim mütaliə etdiyim kitabların hamısında bu məqsədə çatmaq üçün civə sulfuru və ərinmiş qızıl qeyd olunmuşdur. Bu iki maddə əbədiliyə çatmağın zirvəsi və yoludur. Bu iki maddəyə nə qədər çox istilik verilsə, onda baş verən dəyişikliklər də heyrətamiz olacaqdır. Bu iki maddə birlikdə yeyilərsə bədəni gücləndirər və qocalmağın, yaxud ölməyin qarşısını alar.”

C) TAOİZMİN DİNİ YÖNLƏRİ

Taoizm dini baxımından Lao-tze və Çuvanq-tzo fəlsəfəsi ilə onların əxlaqi tövsiyələrindən, eləcə də Taonun kimyagərlik və sehrkarlıq məqamlarının sintezindən ibarətdir. Bu əqidələr çinlilərin əcdadlarının bütpərəstlik ayinindən, buddizm və digər ayinlərdən götürülmüş, bə’zi əlavələrlə təkmilləşmişdir.

Buddizm Çinin hər bir yerində genişləndiyi və hətta Koreya yarmadasına sirayət etdiyi II miladi əsrində taoistlər bunun qarşısını almaq və rəqabət aparmaq qərarına gəldilər. Onlar bu məqsədlə öz ata-babalarının e’tiqad normalarını – bu elə səma yolu, yaxud Tao yoludur – bərpa etməklə yanaşı digər ideoloji prinsipləri də öz ayinlərinə əlavə etdilər. Bu məsələ buddizmlə rəqabət etmək üçün Budda ayinlərinin cəlbediciliyin artmasına səbəb oldu. Bu zaman Lao-tzenin şəxsiyyəti Buddanın şəxsiyyəti ilə qarşı-qarşıya qoyuldu; buddistlər Buddanın ilahi məqamına inandıqları kimi, taoistlər də Lao-tzenin ilahi məqamı olduğuna inandılar. Onun üçün büstlər yaratdılar, yazı və məktublarını mürsəl səhifələr kimi qələmə verdilər, adına çoxlu mə’bədlər tikdilər. Tao rahibləri və mürtazları o mə’bədlərdə Lao-tzenin büstlərinə pərəstiş etməyə başladılar. Bütün bunlar camaatın yeni və yad din olan buddizmə yönəlməsinə mane olmaq və öz ata-babalarının dinindən əl çəkməmələri üçün edilirdi. Beləliklə, taoizm Çinin rəsmi və milli dini oldu, imperatorlar da bu sahədə müəyyən tədbirlər görüb göstərişlər verdilər. O cümlədən, Han sülaləsindən olan imperator Həvan II əsrdə ilk dəfə olaraq və rəsmi şəkildə Lao-tzenin adına mə’bəd tikdirərək onun büstü önünə hədiyyələr təqdim etdi. Bu da taoizm ayinində dini rəftar və sitayişin başlanğıcı oldu.

Ondan sonra digər ideoloji əsaslar, o cümlədən mahayana firqəsində mövcud olan cənnət və cəhənnəm əqidəsi Tao e’tiqadlarına əlavə edildi. Bəlkə də onlar hinduizmin üç mə’bud, yaxud xristianlığın üç ruhuna təqlid edərək üçlük mə’budlar yaratdılar. Bu mə’budlar aşağıdakılardır:

1. Ən yüksək məqam sahibi olan imperator Zəbərcədin;

2. İmperatorun yanında məqam sahibi olan Lao-tze;

3. Ruhani varlıq və səmavi ruhların başçısı olan Linqpao.

Bu üç mə’bud “üç pak gövhər” adı ilə də məşhurdur.

Bu minvalla hər bir dövrdə tao rahibləri bu dində mə’budların və müqəddəs ruhların sayını artırmışlar. Belə ki, hal-hazırda onların sayı-hesabı yoxdur.

Onların e’tiqad bəslədikləri mə’budlardan bə’ziləri aşağıdakılardır:

Ailə ocağının mə’budu, darvazanı mühafizə edən 12 mə’bud, şəhər mə’budu və s.

Çində kommunist hakimiyyətindən sonra aradan götürüləcəyi güman edilən taoizm ayininin fəaliyyətdə olan çoxsaylı mə’bədləri vardır və Çində onun 50 milyon nəfərə yaxın ardıcılı vardır.

SUALLAR

1. Taoizmin ən mühim əxlaqi prinsipi nədir?

2. Taoizm ayininin əxlaqi tövsiyələrində ziddiyyət müşahidə olunurmu?

3.Taoizmdə sehrkarlığı yaratmaqda məqsəd nə olmuşdur?

4. Taoizm müstəqil bir din kimi necə formalaşmışdır?

İYİRMİ YEDDİNCİ DƏRS

 

KONFUSİON AYİNİ

KÖKLƏRİ

İyirmi beşinci dərsin başlanğıcında qeyd etdiyimiz kimi, buddizm, konfusion və taoizm Çin əhalisinin ən mühüm və geniş yayılmış dini inanclarından hesab olunur. Bu üç din arasında konfusion digər iki dinlə müqayisədə daha çox nüfuz qazana bilmişdir. Bu din Maonun kommunist hökumətindən əvvəlki vaxtlara qədər Çinin hakim dini hesab olunurdu və onun vəfatından sonra da öz nüfuzunu və geniş arealını qoruyub saxlaya bilmişdir. Bu ayinin buddizm qarşısında üstünlüyünün səbəbi buddizmin Hindistandan Çinə nüfuz etdiyi halda Konfusionun yerli və milli din sayılmasındadır. Konfusionun taoizmə bu ayinin tərkidünyalıq və asketik həyat tərzinə meyilli olan taoizmdən fərqli olaraq insanlara və cəmiyyətə müsbət yanaşmasına görə qələbə çalıb üstünlük əldə etmişdir. Bu ayində hər bir şəxs öz cəmiyyətini puçluq və fəsad girdabında görməsinə baxmayaraq, nəinki onu tərk etmir, hətta islah etmək üçün hərəkətə keçir və insanlara yol göstərir. Konfusion əsas e`tibarı ilə ictimai islahatlara çalışır. Onu əvəz edə biləcək ideoloji və əxlaqi prinsip irəli sürmür; əksinə insanların ən`ənəvi e’tiqadı üzərində dayanır. Bu amil konfusionun taoizm qarşısında üstünlük qazanmasının əsas səbəbi olmuşdur. Konfusion tə’limləri Çin cəmiyyəti və insanlarının mədəniyyət, inanc və qanuni prinsiplərinin əsas mahiyyətinin inanclarını təşkil edir.

KONFUSİON BARƏSİNDƏ

Əsl adı Konq-çiyu olan Konfusion miladdan əvvəl 551-ci ildə Lo (hazırkı Şantung) əyalətində dünyaya gəlmişdir. Üç yaşında atasını itirdiyindən anasına kömək etmək üçün uşaq çağlarından işləməyə məcbur olur. O, təhsildən də uzaqlaşmamış və böyük müvəffəqiyyətlər əldə etmişdir. 22 yaşında müəllimlik sənətini seçmiş, öz evini məktəbə çevirmiş və orada şagird hazırlamağa başlamışdır. Bu məktəb get-gedə genişlənmiş və Konfusion üç min şagird hazırlaya bilmişdir. Şagirdləri onu Konq-fotze (yə’ni müəllim Konq) adlandırırdılar. Həmin dövrlərdə Konfusion Lo əyalətində məhkəmə sədri tə’yin olunur və vergi yığımı ona tapşırılır. Gözəl idarəçiliyinə, sədaqətinə və düz işlədiyinə görə hər dəfə vəzifədə yüksəlmiş, nəticədə Lo hökumətində vəzir tə`yin olunmuş, sonra baş vəzir olmuşdur. Gözəl rəhbərliyi və bacarığı rəqiblərinin paxıllığına səbəb olduğundan, onu öz vəzifəsindən istefa verməyə məcbur etmişdilər.

Bir müddətdən sonra öz görkəmli şagirdlərindən bir neçəsi ilə rəsmi iş axtarmaq üçün Lo əyalətindən çıxır və 13 il Çinin digər şəhər və əyalətlərinə səfər edir. Amma hər yerdə ona mənfi cavab verilirdi. Qəbul edilməməsinin səbəbi onun qəbul etdiyi və əxlaqi me`yarlara riayətə əsaslanan idarəçilik və hakimiyyət prinsipinin hökmranların xoşuna gəlməməsi idi. Hətta Kuvanq şəhərində şübhəli bilinərək bir müddət həbsdə saxlanılır. Nəhayət miladdan əvvəl 484-cü ildə Lo hökumətində böyük rütbə sahibi olan şagirdi hörmətlə ondan doğma vətəninə qayıtmasını istəyir. Bu zaman Konfusion 60 yaşına çatmışdı. Buna görə də hər bir vəzifə və mənsəbdən imtina edir və ömrünün miladdan əvvəl 479-cu ilə qədər qalan hissəsini öz fəlsəfəsinin əxlaq və ideoloji əsaslarını toplayıb kitab halına salır.

KONFUSİON AYİNİNİN ƏSAS MƏNBƏLƏRİ

Konfusionun ömrünün axırlarında yazıb topladığı başlıca əsərləri beş kitabdan ibarətdir və onlar bu ayinin əsas mənbələrindən hesab olunur. Bu beş kitab aşağıdakılardır:

1. Şuçinq (tarix kitabı); Bu kitab qədim Çinin sülalələri haqda mə`lumatları əhatə edir. Konfusion bu mə`lumatlarda hakimiyyətdə olmuş sülalərinin yaranma və süqut etmə səbəblərini öz şagirdlərinə izah, onları bu sahədəki həqiqətlərdən hali etmişdir. Bu kitab Çinin, miladdan əvvəl 24-cü əsrdən 8-ci əsrə qədər davam edən hakimiyyət sülalələrinin sənədlərinə şamil edilir. Hal-hazırda bu sənədlərdən yalnız 28-i qalmışdır.

2. Şiçinq (şe`r kitabı); Konfusion bu kitabda həmin dövrdə camaat arasında yayılan üç min şe’rdən 305-ni seçərək onları öz tə’limlərinin əsasına çevirmişdir. Onun tə’limlərinin çoxunda bu şe’rlərdən istifadə olunmuşdur. Konfusion bu şe’rləri 4 qrupa bölüb təsnif etmişdir:

A. Qadınla kişinin əlaqələri barəsində olan şe’rlər;

B. Xalq bayramları ilə əlaqədar nəğmələr;

C. Dövlət bayramları üçün nəğmələr;

D. Qurbanlıq mərasimləri və mə’bədlərdəki dini ayinlərin icrası zamanı oxunan dini nəğmələr.

3. Liçi (ayinlər, yaxud şe`rlər kitabı); Bu kitab qədim Çin imperator sülalələrinin və əhalisinin ictimai rəftar və davranışlarını bəyan edir.

4. İçing (dəyişikliklər kitabı); Bu kitabın mühtəvasını xəyali fəlsəfi dəstgahlar təşkil edir. Bə`zi din tədqiqatçıları onu falçılıq və qeybdən xəbər vermə sistemi adlandırmışlar. Bu sistem üç ədəd səkkizlik xətt üzərində qurulub. Bu üç xəttin hər biri də bir bütöv, düz xəttdən və bir də qırıq-qırıq xəttdən ibarət olmaqla bu iki xəttdən biri təkrarlanır. Bu xəyali-ideoloji sistemdə düz xətt yanq (erkək qüvvəsi), qırıq-qırıq xətt yinin (dişi qüvvəsinin) göstəricisidir. Həmin iki qüvvə bütün təbiət aləmini yaratmışdır və təbiətin bütün simvolları iki-iki, yaxud yanq və yinə aid edilir. Göylər və yerlər, ay və ulduz, işıqlıq və qaranlıq, həyat və ölüm kimi təzahürlər də belələrindəndir.


Date: 2015-12-11; view: 714


<== previous page | next page ==>
MƏQSƏDLƏR VƏ YOLLAR 5 page | MƏQSƏDLƏR VƏ YOLLAR 7 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.011 sec.)