Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






MƏQSƏDLƏR VƏ YOLLAR 5 page

1. Tovhid:

Keçən dərsdə qeyd olunduğu kimi, siqh ayininin banisi Nanak varlıq aləminin mənşəyi məsələsində tovhidə inanmış, öz yazı və şe’rlərində dəfələrlə bunu vurğulamışdır. Bu barədə Qrant kitabında oxuyuruq: “ - Yalnız vahid Allah vardır ki, onun adı haqdır, xaliqdir, qorxu və düşmənçilikdən uzaqdır, puç olmaz, doğulmamışdır, öz zatı ilə mövcuddur, əzəmətli və səxavətlidir. Vahid həqiqi Allah əvvəldən mövcud olmuşdur. Vahid Allah əzəldən olmuşdur, indi də vardır və həmişə olacaqdır.” Kitabın digər bir hissəsində isə deyilir: “ - Allah birdir və ondan başqa heç bir mə’bud yoxdur, ey mənim qardaşlarım!”

Nanak həmçinin öz şe’rlərində Allaha xitabən belə deyir: “ - Sənin heç bir şərikin yoxdur ki, sənin yanında olsun”, “ - Kimə ikinci Allah deyək? Heç kəs yoxdur. Bütün dünyada yalnız eyibsiz və pak vahid Allah vardır”, “ - Sənə heç kəs bənzəməz. Sən bütün əsr və dövrlər üçün yeganə Allahsan, həmişə vahidsən. Səndən başqa heç vaxt başqa bir mə’bud olmayıbdır.”

Nanakın öz təkallahlıq əqidəsində müsəlman sufi alimlərinin böyük tə`siri açıq-aşkar hiss olunur. Onun Allahın zatı ilə əlaqədar söylədiyi fikirlər və Allahı haqq adlandırması da bu tə’sirlərin göstəricisidir.

Nanak eyni halda ilahi təcəssümün müxtəlifliyinə və rəngarəngliyinə inanırdı. O, öz nəğmələrinin birində belə deyir:

“ - Ey böyük Allah sən vahidsən, amma sənin təcəssümün çoxdur.” O, hindus mə’budlarından bə’zilərini Allahın təcəssümü və simvolu hesab edir.

Nanakın Allah üçün işlətdiyi əsas ad haqqdır. Onun bütün yazı, nəğmə və məktublarının sərlövhəsində Satnam, yə’ni haqq adını görmək olar. Bununla belə, bə’zən onun əsərlərində İslami və hindus ifadələri birgə şəkildə müşahidə olunur. Məsələn, Allah-Təala və uca Brahma. Nanak bə’zən də Allah barədə “ - Hamının hidayəti və müqəddəratı onun əlində olan mütləq qadir” ifadəsini də işlədir. O, nəğmələrdən birində deyir: “ - Hər kəsin çətinliyi və azadlığı sənin əmrinlədir. Heç kəsin ona müdaxilə etməyə qüdrəti çatmaz”, “ - O, hər şeyi istəsə yerinə yetirər. Bir kimsə ona fərman vermir. O sultan və sultanların sultanıdır. Hər bir şey onun iradə və əmrinə tabedir”, “ - Bəndələrini öz fərmanı ilə hidayət edir”, “ - Sənin razılığın olduğu şeylər mövcuddur. Sənin istədiyin və etdiyin işlər həyata keçər. Sənin razılığın olan şeylər dərhal yerinə yetirilər.”



2. ALLAHI ZİKR ETMƏK

Allahı yad etmək və ona zikr demək Nanakın əqidə və tə’limlərinin başqa bir xüsusiyyəti hesab olunur. Əvvəlki dərsdə də gördüyümüz kimi, o ilk tapıntısından sonra da Allahın ona adını təkrarlamağı tövsiyə etdiyini, qurtuluş və`dəsini onun adını dildə təkrar-təkrar zikr edənlərə verdiyini bildirmişdir. Buna əsasən Nanakın təbliğinin əsas istiqaməti Allahı yad etmək və bu işdə ardıcıllıqdır. Nanak bu məsələdə o dərəcədə tə`kid edir ki, hətta ondan “ - Nə üçün “sat nama” (haqq adı kəlmələri) həmişə sənin nəğmə və şe’rlərinin başında gəlir” - deyə soruşduqda belə cavab verir: “ - Bu ad bütün mə’budların allahının adıdır. Qurunun şagirdləri və müridləri haqq ada pərəstiş edirdilər; ona sitayiş etməklə qurtuluş yolunu qət edir və bu yolda mövcud olan maneələri aradan qaldırırlar. Buna görə də, “haqq adı” sözü hər bir kitab, yazı və nəğmənin əvvəlində yazılır.”

O, başqa bir yazısında bu barədə belə deyir:

“ - Bu adı unudanlar azğınlığa düçar olarlar... Necə ola bilər ki, bir şəxs allahın adı olmadan nicat tapsın?”

O başqa bir yerdə deyir:

“ - Mən Allahın adında rahatlıq tapıram və bu ad da mənim qəlbimdə özünə yer tapır.”

Tamamilə aydındır ki, siqh e’tiqadının bu hissəsi sufi e’tiqadlarından tə’sirlənmişdir. Allahı zikr etmək və bu işdə ardıcıllıq müsəlman sufilərin ən mühüm və ən geniş yayılmış metodlarından biridir. Belə bir üslub hinduizm dinində müşahidə edilməmişdir.

3. İNSAN VƏ DÜNYA

Nanak inanırdı ki, insan məxluqların ən şərəflisidir və digər varlıqlar ona xidmət etmək üçün yaradılmışdır. Bu baxımdan o, hinduslara görə haram olan heyvan ətinin yeyilməsini caiz hesab edir. Nanak bu işi caiz bilirdi və bu məsələdə ona ilham verən hind müsəlmanlarının əqidələri idi. O, həm də insanın böyük tanrının bəndəsi kimi səadət və qurtuluş yolunu öz qüdrəti ilə qət edəcəyinə inanırdı. Bununla belə, bəndələr allahın qüdrətindən və ondan kömək istəməkdən qafil olmamalıdırlar. Çünki, bütün varlıqlar allahın fərmanı ilə xəlq edilmişlər və onun fərmanı ilə öz vəzifə və borclarını yerinə yetirirlər. Onlar Allahın əmri ilə ölümə təslim olur, onun fərmanı ilə “tək həqiqətə” cəlb edilirlər. Allahın razılığı olan hər bir iş baş verəcək, heç bir şey onun yaratdıqlarının gücündə deyildir. Nanak öz şe’rlərinin birində belə deyir:

“ - Onun razılığı hasil olsa, istədiyi şəxsi əziz edər. Razılığı olmasa tənbeh edər; razı olduğu işlər gerçəkləşir. Ey Nanak, insan hansı ixtiyarın sahibidir ki?”

Görünür, insan həyatında müqəddərat və tale məsələsinə belə yanaşma da nicat və qurtuluş naminə Allahı ardıcıl zikr və təkallahlılıq təfəkkürü kimi müsəlman sufilərin irfani əqidələrinə əsaslanmış, onların tə `siri altında olmuşdur. Belə ki, İslam irfan ədəbiyyatında ixtiyarın inkar olunması, tanrının mütləq fail olması və hətta insani təkliflərin yerinə yetirilməsində Allahın mütləq failiyyətinə dair terminlər yetərincədir. Amma Nanakın varlıq aləmi, eləcə də axirət aləminə baxışı İslam e’tiqadları ilə hinduizmin sintezidir. O, dünyanın ötəri və davamsız olmasına toxunaraq deyir: “ - Bu dünyanın işləri davamsız və ötəridir, yalnız dörd gün davam edir. Biz tam əminliklə bu mərhələdən keçməliyik. Bu aləm bir yuxu və xəyaldan ibarətdir.”

O, Qrant kitabında behişt və cəhənnəmin olmasını dəfələrlə qeyd etməklə yanaşı bu dünyanın ötəri və xəyali olmasını “maya” e`tiqadlarına uyğun sayır. Hinduizm e’tiqadında maya “dünyanın batini surəti” kimi nəzərdə tutulur. Yə’ni, Allah maddəni xəlq etməklə haqqın üzərinə batildən niqab çəkmişdir və varlıq aləmi bundan sonra müxtəlif rəngarəng surətlərdə - Brahma, Vişnu və Şiva mə’budları, yer, səma, insan, bitki - hamılıqla haqqın insanın təsəvvür pərdəsində təcəssüm edən müxtəlif surətləridir. Nanak bu mətləbi qəbul etməklə aşkar şəkildə deyir ki, Allah özü dünyanı yaratmış və hər bir şeyə özü ad qoymuşdur. O, mayanı öz qüdrəti ilə yaratmışdır.”

Buna görə də, bütün xilqət amilləri, səbəb və nəticələr silsiləsinin hamısı batil, aldadıcı düşüncələrdir, yalnız aləmin yaradanı Allah haqqdır və dünya ilğımdan başqa bir şey deyildir. Nanak daha sonra hindusların insanların ruhlarının bir-birinə keçməsinə əsaslanan e’tiqadı (tənasüx) ilə razılaşaraq karma qanunundan xilas olmaq üçün həmişə Allahı yad etməyin lazım olduğunu və yalnız bunun sayəsində ardıcıl təvəllüdlərdən xilas olmağın mümkünlüyünü təsəvvür edir. Bu bəyanla Nanak İslam təfəkkürü ilə hinduizmin ortaq nöqtəsini seçmişdir. Çünki onun fikrincə, qurtuluş və səadət behiştinə daxil olmaq İslam düşüncəsinə,hinduizm təfəkkürünə görə isə nirvana mərhələsinə qovuşmaq, İslam əqidəsinə uyğun olaraq cəhənnəm əzabından xilas olmaq və hinduizm baxışlarında karma qanunu, tənasüxdən qaçmaq haqqı davamlı zikr etməklə mümkün ola bilər. Buna əsasən siqh ayininə görə, cənnət və cəhənnəm Allahı xatırlamaqdan uzaqlaşmaqdan başqa bir şey deyildir. Hinduizm baxışlarına uyğun olaraq, cənnət və cəhənnəm dünyanın batil surətləri, yaxud mayadır, cənnətin həqiqi surəti isə haqqın zikrində məhv olmaqdan ibarətdir. Bu yozum əslində hinduizmdə fəna mərhələsinə və nirvanaya qovuşmaq kimi təsvir edilən, haqda fani olmaq mərhələsi olan bə`zi sufi firqələrinin nəzəriyyəsini xatırladır.

4. İBADƏT

Siqh ayinində İslamda və hinduizmdə olan ibadət mərasimlərinin heç biri ilə rast gəlmirik. İslam dinində olan namaz, oruc, həcc və s. əməllər, eləcə də hinduizmdə geniş yayılmış qurban kəsmək, bütlərə pərəstiş, asketizm, çaylarda qüsl etmək və s. heç biri Nanak tərəfindən tövsiyə edilməmişdir. Siqh ayini ümumiyyətlə ibadət əməllərinin yerinə yetirilməsinin əleyhinədir və onların hamısını zahiri hesab edir. Amma, onların yerinə dərin daxili düşüncəyə qərq olmağa, irfani seyr-süluka diqqət yetirilməsinə daha çox yer verilir. Nanak bu firqənin rəhbəri kimi yalnız Allahı zikr etməyi və bu işdə ardıcıllığı öz ardıcıllarına ən əsas ibadət və vəzifə olaraq tövsiyə etmişdir. Belə ki, o deyir:

“ - Ey mənim qardaşlarım! Allah-Təala barədə düşünmək yeganə dini ayin və ritualdır .”

Başqa yerdə deyir:

“ - Hamının ən böyük vəzifəsi tək Allahın adını təkrarlamaqdır”, “ - Çox pak olan Ram adını (hindus mə’budlarından biri) yadında saxla və qalan hər bir şeydən əl çək”, “ - O müqəddəs adı təkrar et, onu eşit və onunla ünsiyyətdə ol. Öz diqqətini Allaha yönəlt və hər nəfəs çəkəndə və nəfəs verəndə onun adını təkrarla ki, sənin ruhun Allah nuruna cəzb olunsun.”

Əlbəttə, siqh dininin göstərişlərində Allahı zikr etməkdən əlavə, quruya xüsusi ehtiram, diqqət yetirmək də tövsiyə və tə’kid olunmuşdur. Bu ayində heç bir şəxs qurunun yol göstərməsi olmadan nicat və qurtuluşa çata bilməz. Nanak bu məsələni belə bəyan edir:

“ - Həqiqi bir quru olmadan siz nicat yolunu tapmayacaqsınız”, “ - Quru olmadan heç kəs Allaha çatmayacaq.”

Buna görə də quruya qarşı səmimilik və ehtiram siqh ayininin əxlaq normalarından biri kimi qəbul olunmuşdur. Siqh cəmiyyətini silahla müdafiə edən və onun genişlənməsi üçün mübarizə aparan Sinqat, yaxud xalis quruluş da sonradan yaranmasına baxmayaraq, quruya ehtirama əsaslanan təfəkkür üzərində qurulmuşdur. Çünki bu quruluşun əsasını quruya qarşı ən yüksək ixlas mərtəbəsini sübuta yetirmiş şagirdlərin xalis fərd kimi tərbiyələndirilməsi təşkil edir.

 

 

5. QRANT

Siqhlərin əsas və müqəddəs kitabı Adi-Qrant, yaxud ilkin kitab adlanır. Bu kitab siqh ayininin dini nəğmə və şe’rlərini əhatə edən böyük bir topludur. Bu 1400 səhifəlik kitabın birinci bölməsi quru Nanakın şe’rlərindən ibarətdir və ona Capci deyirlər. Siqhlər hər gün sübh çağı, gün çıxan zaman onu oxuyurlar. Kitabda olan bə’zi nəğmələri gün batan zaman oxuyurlar. Siqhlər cəmiyyətində 10 “quru”nun təsnif toplusundan ibarət kitab da var. Həmin kitabda siqh ayininin ideya və e’tiqadları izah olunaraq təkmilləşdirilir.

Qeyd olunmalıdır ki, quru Qovind Sinqh dövründən sonra (siqhlərin sonuncu qurusu) siqhlər tərəfindən Qranta ehtiram qoyulması və müqəddəsləşdirilməsi “quru”lara olan ehtiramın yerini tutmuşdur. Hətta Qrant siqhlərin mə’bədlərində xüsusi yerlərdə saxlanılır və siqhlər mə’bədə daxil olarkən onların qarşısında əyilib tə’zim edirlər. Nigah mərasimlərində bu kitabın ətrafına dolanmaq siqh dini adət-ən`ənələrinin bir hissəsi sayılır.

SUAL VƏ TAPŞIRIQLAR

1. Siqh ayininə görə qurtuluşun yolu nədədir?

2. Nanakın insan barəsindəki nəzəri nədir?

3. Nanakın nəzərində varlıq aləmi necədir?

4. Siqh ayininin ibadət əməlləri hansılardır?

5. Siqhlərin müqəddəs kitabları barəsində nə bilirsiniz?

 

Siqh ayinin təkallahlılıq baxışlarını şərh edin.

Müəllimin göstərişi ilə siqh ayininin əqidə və rə’ylərini İslam və hinduizm əqidələri ilə müqayisə edib tənqid edin.

İYİRMİ BEŞİNCİ DƏRS

 

TAO AYİNİ (1)

KÖKLƏRİ VƏ FƏLSƏFƏSİ

Tao ayini Çində buddizm və konfusionizm dinləri ilə bərabər geniş yayılmış, qədim dövrlərdən indiyə qədər çoxlu ardıcılları olmuş mühüm dinlərdən biridir. Buddizmlə tanışlıqdan sonra bu dərsdə Tao ayini qısa şəkildə şərh olunacaqdır.

TAO AYİNİN KÖKLƏRİ

1. Taonun leksikoloji və terminoloji mə’nası; Tao lüğət baxımından yol və təriqət mə’nasını daşıyır. Onun terminoloji mə`nası fəzilət yolu, əqidə və nəzəriyyədir. Onun mə’nası “bir qanunun icra olunması”, “tə`limat vermək”, “bəyan etmək” və “demək” kimi də göstərilmişdir. Hər halda bu söz qədim Çin ədəbiyyatında olmuş, taoizm nəzərdə tutduğu “ilahi yol”, yaxud “səmanın yolu” kimi mə`naları da ona aid etmişdir. Buna görə də, bu sözü həmin məktəbin ixtiralarından hesab etmək olmaz.

Çinin ilkin və ümumxalq məzhəbində Tao fövqəladə və cadugərlik işlərini yerinə yetirmək bacarığı ya qüdrəti mə’nasını buna əsaslanaraq daşımış. Hakimiyyətləri əsasən cadugərlik üzərində qurulan padşahlar barəsində də işlədilmişdir. Tao sözünün digər terminoloji mə’naları da vardır ki, bu bəhsin davamında onlardan söz açılacaqdır.

2. Tao məktəbinin aspektləri; Tao məktəbi üç yönə - fəlsəfi, dini və sehrkarlıq yönümünə malikdir. Bu üç yöndən hər biri özəl şəraitlərdə formalaşmış və Çin cəmiyyətində xüsusi rol ifa etmişdir. Əslində, Tao məktəbini tam və kompleks şəkildə öyrənmək üçün bu üç yönü öyrənmək lazımdır.

A) Taoizmin fəlsəfi yönü:

Taoizm ayinin fəlsəfi əsaslarını Tao-te-çinq kitabından əldə etmək olar. Bu kitabın yazılma tarixi və onun müəllifi ilə əlaqədar qənaətbəxş, dəqiq mə’lumat yoxdur. Dinşünaslardan bə’ziləri inanırlar ki, bu kitabın vahid müəllifi yoxdur. Çünki onun müəllifi, yaxud müəllifləri öz kitablarında daim digərlərini “xeyir işləri yerinə yetirməkdə adlarını açıqlamamağa” tövsiyə etmiş, buna görə də heç bir yerdə öz adlarını bildirməmişlər. Bu ehtimal doğru olsa, kitabın müəllifi, yaxud müəlliflərinin aydınlaşdırılması artıq heç bir yolla mümkün olmaz. Amma məşhur nəzəriyyəyə görə bu kitab Lao Tze adlı yaşlı bir filosof tərəfindən yazılmış, və ya toplanmışdır. Əlbəttə, belə bir şəxsin tarixdə olub-olmaması da tədqiqatçılar tərəfindən böyük şübhə ilə qarşılanır və yalnız Çin tarixində Tao-te-çinq Tao ayinin müqəddəs kitabı və Lao-Tze onun əsasını qoyan filosof kimi təqdim olunmuşdur.

Tao-te-çinq kitabının adı müxtəlif mə’nalarla, o cümlədən “fəzilət yolu”, “əql və fəzilət qanunu” kimi daha məşhur yozumlarla izah olunmuşdur. Lao-tze bu kitabda Tao barəsində ümumi və müəmmalı şəkildə təsvir etmiş, onun yolunu “əql, fəzilət və qurtuluş yolu” adlandırmışdır.

Lao-tzenə görə Tao iki formada – adlandırıla bilinən və adlandırıla bilinməyən formada təqdim olunmuşdur. Onun adlandırma imkanı olmayan surəti əslində sabit Tao ilə əlaqədar konkret surətdən ibarətdir. O, sabit bir prinsip kimi adlandırılan və konkret Taonun fövqündədir. Bu mə’lum Tao aləmi yaradandır. Lao-tze bə’zən ad qoyulmağa layiq olan Tao sözünü varlıq sözünün sinonimi kimi qeyd edir. Bu baxımdan Taonun əsərlərini tərcümə edənlərin çoxu ad qoyulması mümkün olmayan Taonu ilahi varlıq, yaxud Allah və uca zat kimi qəbul etmişlər. Bu cür adqoyma formasını Tao-te-çinq kitabında adsız Tao üçün qeyd olunan sifət və yozumlar da təsdiqləyir: “ - Əsil, əzəli, səmalardan və yerlərdən qabaq, son, aram, şəkilsiz, dəyişməz, ruzinin yeganə mənbəyi və hər bir şey adsız Taodur və şərh olunması mümkün deyil. O, təsvir edilə bilinməyəcək bir həddə böyükdür. Tao özünün tanıtdırdığı şəxsi səmaların altında ən şərafətli bir şəxsə çevriləcəkdir.”

Tao vəsfləri və yozumları diqqətə, düşünməyə layiq olan bu kitabın digər yerində belə vəsf olunub:

“ - Tao boş bir qab kimidir; boş olmasına baxmayaraq ondan su çıxartmaq olar. Tao daxilindəki şeylər qurtarmayan, dərinliyi sonsuz olan qab kimidir. Taoda hər bir sür’ətli şeyin sür’əti azalar, hər bir düyünlər açılar. Taoda hər növ nur öz parlaqlığını itirər, hər bir çətinlik asan və ram olar. Tao heç vaxt qurumayan dərin bir hovuza bənzəyir ki, suyu heç vaxt çəkilməz. Əsl insanın məqsədi Tao ilə birləşməkdir. Ancaq, bu məqsəd insan onun ardınca getməli və ona çatmaq üçün zəhmət, əziyyət çəkməli olduğu məqsədlərdən deyil. Əksinə, təbiətdən əldə etdiyimiz hər bir şeyi bəyənilən tərzdə istifadə etməli, lazımsız və artıq şeyləri qazanmağa çalışmamalıyıq. Tao kimi boşalmaq lazımdır ki, həqiqətlə dolaq. Tao təmiz və düz bir yoldur, lakin camaat yolunu azmaq istəyir. Tao bir əbədi yoldur. Bütün məxluqlar bu yoldan keçəcəklər, lakin onu heç bir şey yaratmamışdır. Çünki, onun özü yaradılışla eyniyyət təşkil edir. Tao hər bir şeydir və heç bir şey deyildir. Tao həm səbəbdir, həm də nəticə. Bütün əşyalar Taodan yaranır və Tao ilə birlikdə olub Taoya doğru qayıdır.”

Yuxarıdakı mətləblərdən aydın olur ki, Lao-tze Taonu bütün varlığın həqiqətinin əsası saymış, ona qovuşmağı bütün xeyir-bərəkətin və fəzilətlərin mənşəyi hesab etmişdir. Bu mütləq zata çatmaq vasitəsi vahidliyə qovuşmaq yolunda olan örtük və maneələr kimi bütün dünyəvi və nəfsani bağlılıqları qırmaqdır. Ona qovuşmaq o vaxt müyəssər ola bilər ki, arif onu tanısın və bu tanıma və irfan yalnız ilham yolu ilə mümkündür. İlham və işraq mərhələsinə çatmağın da, xəlvət yaşayışdan, asketizm, təfəkkürə qərq olmaqdan başqa bir yolu yoxdur. Bu mərhələləri qət edən şəxs Taoya çatacaq və o hal da Lao-tzenin tə’biri ilə desək “ölüm arabasına bağlı olmayacaqdır”. Onun kamil ifadəsi belədir: “ - Taonu tanıyanı və arif olanı fənaya uğramaz edir, o artıq ölüm arabasına qayıtmayacaqdır.” Həqiqətən də, insan əbədi həyat çeşməsinə çatdıqda onun üçün ölüm təsəvvür oluna bilməz.

Tao ayinində Tao hər bir şeyin həqiqətidir. Buna görə də, hər bir şey onun nuru müqabilində işıqsızdır, hər bir iş və hərəkət onun müqabilində dəyərsizdir; çünki hər bir şey nəticə e’tibarı ilə Taoya qayıdır. Buna görə də çalışmamaq – “vi vay” prinsipi bu ayinin ən əsas prinsiplərindən hesab olunur. La-tze bu barədə belə demişdir: “ - Şübhəsiz, Taoda sə’y və fəaliyyət yoxdur.” Sonra deyir: “ - Yalnız sakit və sə’y göstərməyən insan uğur qazanar.” Sonra belə tövsiyə edir: “ - Razılıq olan və müharibə, hakimiyyət, yazmaq, səfər etmək, ölüm qorxusundan uzaq olmaqdan ibarət sadə və təbii halətə qayıdın.”

Bu ayində hər bir şey Tao tərəfindən yerinə yetirildiyindən hər bir halda və hər bir şeyə görə razılıq etmək lazımdır. Çünki hər bir şey sonda Taoya qayıdır. Bu e’tiqadın digər anlamına görə heç bir şey, hətta əzizlərin ölümündən ötrü qəm-qüssə çəkmək olmaz. Hətta, bu barədə Lao-tzedən sonrakı ən böyük filosof, yə’ni Çuvanq-tzonun həyat yoldaşı barəsində nəql olunan hekayədə deyilir ki, o dünyadan getdikdə Çuvanqın Huyinzo adlı dostu onun yanına gəlib bu ağır itki, faciə ilə əlaqədar baş sağlığı vermək istəmişdir. Qapıya çatdıqda Çuvanq dizlərinin üstünə kasa qoyaraq çaldığını və mahnı oxuduğunu görür. Təəccüblə ona deyir: “ - Həyat yoldaşını itirdiyinə qəmgin deyilsən?! Musiqi və çalıb oxumaqla məşğulsan? Bu xoşagəlməz bir rəftardır.” Çuvanq-tzo cavabında deyir: “ - Həyat yoldaşım vəfat edəndə əlbəttə qəmgin oldum, ürəyim sıxıldı. Lakin, diqqətlə fikirləşdikdə onun əvvəldən də həyatda olmadığını anladım. O, nəinki diri deyildi, hətta onun şəkli və surəti də yox idi. Nəinki şəkli və surəti yox idi, heç bir maddi qüvvəsi və qüdrəti də olmamışdı. Sonra yoxluq-varlıq qarşılaşmasın müəyyən dövründə dəyişikliklər baş verdi. Maddə yarandı və o maddə forma qazandı; o forma həyat və ruh əldə etdi. İndi bu dəyişiklik yenidən başlayır və həyat ölümə, yoxluğa çevrilir. Həyat yoldaşımın başına gələnlər eynilə hər birinin başlanğıcı və sonu olan dörd fəslin yaranıb aradan getməsinə bənzəyir (bahar, yay, payız, qış). İndi həyat yoldaşım adı dünya olan bu böyük evdə yoxluq yuxusuna gedib çevrilib. Belə olan halda, mən ağlayıb şivən qoparsam demək ki, tale məsələsində cahil və qafiləm. Buna görə bu işdən çəkinirəm.”


Date: 2015-12-11; view: 802


<== previous page | next page ==>
MƏQSƏDLƏR VƏ YOLLAR 4 page | MƏQSƏDLƏR VƏ YOLLAR 6 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.008 sec.)