Home Random Page


CATEGORIES:

BiologyChemistryConstructionCultureEcologyEconomyElectronicsFinanceGeographyHistoryInformaticsLawMathematicsMechanicsMedicineOtherPedagogyPhilosophyPhysicsPolicyPsychologySociologySportTourism






MƏQSƏDLƏR VƏ YOLLAR 4 page

Buna görə də, brahma-samac hinduizmin təkallahlı firqəsi sayılır və onun inancları varlıq aləminin yaradıcısı və qoruyanı, əbədi ulu tanrının ruhi zatının təkliyi əsasında qurulub. Bu firqə şirkin hər bir növünü və çoxallahlığı batil hesab etdiyinə görə də hinduizmin şirkin, çoxallahlığın simvolu olan bütlərə, tanrıların heykəllərinə sitayiş, bütlərə qurban kəsmək kimi bütün ibadət rituallarını qadağan və rədd edir. Bununla yanaşı, xristianlığın əxlaq norması olan “başqaları ilə onlardan özünə qarşı gözlədiyin rəftara uyğun rəftar et” prinsipi bu firqədə mühüm əxlaq norması kimi xüsusi mövqeyə malikdir.

Ramnuhan Roy o dövrdə qərblilər tərəfindən öz müstəmləkələrində geniş təbliğ edilib yayılan Qərb humanizminin tə’siri altına düşmüşdür. Hinduizmin Qərbin ümumbəşəri düşüncələrinin hücumu qarşısında müdafiə oluna bilməsi üçün insan hüquqlarını pozan bütün qanun və prinsipləri rədd edərək onlara qarşı çıxdı. Buna görə də, dul qadınların ölmüş ərlərinin cəsədi ilə birlikdə yandırılması, azyaşlıların zorla evləndirilməsi və s. qanunları tamamilə qəbuledilməz sayıldı. Ramnuhan Roy eyni halda hinduizmin müqəddəs kitablarını, yə’ni vedanta və upanişadları qəbul etmişdir. Bu firqə də hinduizm mə’bədlərində olan pərəstiş və dua mərasimlərini əvvəlki səpkidə yerinə yetirir. Firqənin kasta sinfi quruluşunu rədd etməsinə baxmayaraq, brahmanlar yenə də yüksək məqam sahibidirlər və bu firqədə onlara xüsusi hörmət göstərilir. Hətta Ramnuhan Royun ardıcıllarından çoxu onun şəklinə pərəstiş edərək hörmətlə yanaşırlar.

Buna görə də, brahma-samac firqəsi İslam, hinduizm, xristianlıq və qərb tərzi-təfəkkürlərinin, eləcə də onun banisinin şəxsi e’tiqadlarının sintezi nəticəsində formalaşmışdır. Bu ayin 19-cu əsrin ikinci yarısında yenidən parçalanmasına baxmayaraq, hal-hazırda hinduizmin ən mühüm firqələrindən biri kimi tanınır və Hindistanda çoxsaylı ardıcılları vardır.



2. Arya-samac;Bu firqə də Qərb mədəniyyəti və fikirləri ilə birbaşa qarşılaşdıqda hinduizmi qərblilərin tənqidlərindən qorumaq məqsədi ilə yaranmışdır. Bu firqə əslində hinduizmə mütərəqqi və humanist imic qazandırmaq, insanlar üçün cəlbedici görünəbiləcək bə`zi Qərb ideoloji prinsiplərinə müqavimət göstərmək məqsədi ilə yaradılmışdır. Brahma-samacın əksinə olaraq, bu firqə xristianlığın və Qərbin humanizm prinsiplərindən bə’zilərini qəbul etməklə hinduizm dini inanclarında islahatlar aparmışdır.

Brahmanlardan olan “Dayananda Sarasvati” bu firqənin banisidir. O veda, yaxud arya məzhəbinə qayıdışı, zaman keçdikcə xürafat, qeyri-məntiqi və qeyri-insani şəkilə düşmüş bütün inancların islahını öz ayininin əsasına çevirmişdi. O, vedaların büt və heykəllərə pərəstişə mənfi yanaşdığına; veda dövründə mə’bədlərdə bütlərə pərəstiş məsələsinin əsla olmadığına inanmışdır. “Dayananda” bu baxımdan həmin əməllərin əleyhinə çıxmışdır. O, insan hüquqları ilə əlaqədar veda mətnlərində dul qadının diri-diri yandırılması, uşaqların zorla evləndirilməsi barədə heç nə deyilmədiyi mövqeyində dayanmışdır. Buna görə də o, bu göstərişlər və bu qəbildən olan digər qanunlara qarşı olmuşdur. Vedalar toplusunda kişilərə qarşı qadınlar tərəfindən heç bir həqarət və çatışmazlıq görmədiyindən, qadınlara ehtiram, onların şəxsiyyət və məqamına hörmət qoyulmasını geniş təbliğ etmişdir.

Sarasvati hinduizm ayinində apardığı bu islahatlarla yanaşı digər veda dini ayinlərin və ibadətlərinin üzərində xüsusi dayanmış, hindusların başqa insanlardan seçilməsində israr etmişdir. Bu baxımdan Sarasvati müəyyən mə`nada irqçi ayin yaratmağı nəzərdə tutmuş, ariya soyunun üstünlüyünü sübut etmək istəmişdir. Onun ariya irqi məsələsinə tə’kid etməsi və öz firqəsini arya-samac adlandırması da bu fikirləri təsdiq edir. Bu təfəkkür və e’tiqad tərzi tez bir zamanda həmin firqə ardıcıllarının Hindistandakı digər din və firqələrin davamçıları, xüsusilə də xristian və müsəlmanlar arasında kəskin və qanlı-qadalı qarşıdurmalara səbəb oldu.

Arya-samac firqəsinin ardıcıllarının inancına görə Hindistan hindus məzhəbli bir ölkədir. Çünki onun əhalisinin əksəriyyətini hinduslar təşkil edir. Buna görə də müsəlman, xristian və ya qeyri-hindus məzhəb ardıcılları hindus qanunları əsasında yaşamaq istəməsələr bu ölkəni tərk edə bilərlər. Bu ayinin ardıcılları məhz həmin səbəbdən dünyəvi (qeyri-dini) əsasda qurulan Hindistanın hazırkı Konstitusiyasının əleyhinə çıxış edərək ölkədə hindus qanunlarının (hindu-rac) həyata keçirilməsini tələb edirlər. Onlar indiyə qədər dəfələrlə müsəlmanların, yaxud xristianların inək kəsmələrindən hindusların başqa dinlərin ardıcıllarına qarşı təhrik olunması üçün istifadə edə bilmiş, mülayim təbiətli, kobud rəftardan qaçan və güzəşt əhli olan əcdadlarının əksinə olaraq, çox kobud və militarist ruhiyyə ilə qorxu, zorakılıq və münaqişə mühiti yaradırlar.

3. Rama-Krişna firqəsi;Rama-Krişna uzun illər Kali (mə`nası “əsas ana” olan hindus ilahəsi) mə’bədində dini xidmətlə məşğul olmuş Şiva məzhəbinin brahmanlarından olmuşdur. O, bu müddət ərzində çox böyük həvəs və vurğunluqla Şiva məzhəbində Kali üçün nəzərdə tutulan xüsusiyyət və sifətlər barəsində diqqətlə araşdırma aparmışdır. Daha sonra Hindistanda mövcud olan sair din və məktəblərin ideoloji əsaslarını, o cümlədən caynizm, buddizm və s. araşdırmış, bir müddət sonra İslamı və xristianlığı da tədqiq etmişdir. O, bu tədqiqatlar dövründə bütün dinlərin varlığın mənşəyi və baş mə`bud məsələsində ortaq xüsusiyyətə malik olduğunu görmüşdür. Rama-Krişna sonda çoxluqlarla eyni zamanda müəyyən mə`nada təkliyə inandı. Yə’ni o, müxtəlif dinlərin varlıq mənşəyi və əsas xaliq kimi tanıtdıqları bütün ad və titullar Kali ilahəsinin müxtəlif dinlərin ardıcıllarının xüsusi, fərqli forma verərək təqdim etdikləri Kali ilahəsinin çeşidli izahı olmasına inanmışdır. Buna görə də, bütün dinlər üslub və yollarının fərqli olmasına baxmayaraq, vahid bir prinsipdə eyni mövqeyə malikdirlər. Bu baxımdan Krişna nəinki bütün dinlərin əsasını qəbul etmiş, üstəlik bütlərə pərəstiş olunmasına, çoxallahlılığın qanuniləşdirilməsinə icazə vermişdir. O, bütün ayinləri görünən fərqlər, yaxud mümkün olan təzadları ilə birgə məqbul saymış və onların qəbul olunmasını öz ardıcıllarına tövsiyə etmişdir. Bununla belə Krişna Kaliyə çatmağın yeganə yolunun Şiva zahidliyi və ixlas olduğuna, buna görə də Şiva məzhəbinin tutduğu yol əsl yol, sair din və firqələrdəki seyri-süluk yollarının hamısının doğru yoldan kənar çıxma hesab edirdi.

Krişnanın həqiqəti tapmaq üçün təqdim etdiyi yol əqli, əqli tapıntıların tərk edilməsi, bütün maddi və dünyəvi buxovlardan xilas olmağa əsaslanır. İnsan bu vasitə ilə həqiqəti bütün maddi bağlılıqların və buxovların fövqündə özünün pak bir vicdanı ilə görə bilər.

Rama-Krişna tə’lim və e’tiqadları bir müddət sonra onun Svami Vivkanada adlı gənc şagird tərəfindən toplanmışdır. O, tezliklə bu e’tiqadın təbliğ olunması üçün sonralar Rama-Krişna adı ilə məşhurlaşan hərəkat yaratmışdır. Bu hərəkat Hindistan cəmiyyətində və Qərbdə çoxsaylı insanların, xüsusilə də Qərbin rəngarəng məktəblərindən, maddi həyatından ümidsiz və mə’yus olan cavanları bu firqəyə cəlb edə biləcək səviyyədə uğur qazana bilmişdi. Bu gün Krişna mə`bəd və dərnəklərinin Qərbdə, xüsusilə Amerikada sərgərdan gənclər tərəfindən rəğbətlə qarşılandığını və onların həmin mə’bədlərdə Krişna ayinlərini yerinə yetirdiklərinin şahidiyik.

* * * *

Hindistanda qərb mədəniyyəti ilə təmas və qarşılaşma nəticəsində yaranan firqələri nəzərə almasaq, Qərbin liberal və sekulyarist baxışları daha çox tələbə və ali məktəb təbəqələri arasında dinsizlik, ateist hərəkatlarının formalaşmasına səbəb oldu. Bu hərəkatlar öz sə’ylərini hinduizmin ideoloji əsasları ilə mübarizəyə yönəldir, onu xurafat və ata-babaların möhumatçı fikirləri adlandırmaqla hinduizmin kökünü kəsmək istəyirdilər. Amma hər halda, yuxarıda şərh olunan firqələr yeni Hindistanın, onun mədəniyyətinin formalaşmasında mühüm və məs`uliyyətli rol ifa edə, hinduizmin yanlış və qeyri-məntiqi inanclarında böyük dəyişikliklər edə bilmişlər. Belə ki, bugünkü Hindistan cəmiyyətində nə kasta sinfi quruluşu rəsmi olaraq tanınır, nə də azyaşlıların nigahı, dul qadınların yandırılması və s. kimi ayinlərə icazə verilir. İnkar etmək olmaz ki, izahı qeyd olunan müxtəlif mə’budların çoxsaylı büt və heykəllərə sitayişə Hindistanda hələ də rast gəlinir. Bütün bu kimi hallar ölkə əhalisinin müşrikliyə ciddi meylindən xəbər verir.

POLEMİKA VƏ TƏDQİQAT

Bu dərsdə qeyd olunan müxtəlif firqələrin əsas və e`tiqadlarını araşdıraraq onların hər birini müqayisə edin.

İYİRMİ ÜÇÜNCÜ DƏRS

 

SİQH AYİNİ (1)

Siqh ayininin banisi Nanak adlı bir şəxsdir. Nanakın tərcümeyi-halı və onun bu dini necə yaratması barədə əsas informasiya mənbəyimiz “Canamsakhi” və ya həyat hekayələri adlı kitablar toplusudur. Bu toplu siqhlərin müqəddəs kitabı olan Qrantdan sonra ən mühüm və ən mö`təbər mənbədir. Bu sahədəki bitərəf kitablarda daha ətraflı mə`lumat olmadığına görə bu mə`lumatların doğruluğuna bir o qədər də əmin olmaq olmaz.

Siqh ayininin əsasının qoyan Nanak 1469-cu ildə Pəncab əyalətinin Talvandi kəndində dünyaya gəlmişdir. Bu kənd sonralar onun şərəfinə Nanak-ara, yə’ni Nanakın yurdu adlandırılmışdır.

Canamsakhi kitabında qeyd olunur ki, o uşaq yaşlarından fitri iste’dada malik olmaqdan əlavə, həyatın adi, təbii məsələlərinə qarşı laqeyd idi və onlardan uzaq gəzirdi. Onun uşaqlıq dövrü barədə nəql olunur ki, 7 yaşında ilk dəfə məktəbə gedərkən öz hindus müəlliminə bütün veda kitablarını mütaliə etmək əvəzinə ilahinin özünün rəhməti sayəsində allahın həqiqi adının həqiqətinin dərk etməsini tövsiyə etmişdi. Deyilənə görə, 9 yaşında ikən brahmanlar müqəddəs hindus ipini ona verdikləri zaman dua mərasiminin əhəmiyyəti barədə onlara müəyyən göstərişlər vermişdi. Onun barəsində nəql olunmuş müxtəlif hadisələr onun adi gündəlik həyata nifrət etməsindən sakit, təfəkkür və şövq, həyacana qarışmaqla yanaşı olan dini həyata maraq göstərməsindən xəbər verir. Hətta, dostları və qohumları da onun adi işlər, fiziki fəaliyyətlər, alış-veriş və digər məşğuliyyətlərə nifrətini görüb ondan ümidlərini kəsmiş onu faydasız, əfəl və öz ailəsinə qaxınc hesab edirdilər. Bir dəfə Sultanpur şəhərində yaşayan qaynı ona ləyaqətli bir vəzifə təklif etsə də o, ilk günlərdən bu işdən mə`yus olub uzaqlaşmışdır.

Nanakın adi həyata laqeydliyi o həddə çatır ki, nəhayət arvadını və iki övladını buraxıb meşə və çöllərdə sərgərdan gəzməyə başlayır. Bu dövrdə o, vaxtının çoxunu təfəkkür və meditasiya ilə müşaiyət olunan asketizm ilə keçirmişdir.

Onun barəsində yazırlar: “ - Bir gün Nanak çayda yuyunduqdan sonra meşəyə baş vurdu və görünməz oldu. Orada yuxu, yaxud aşkarlıq aləmində allahın hüzurunda hazır oldu. Cənnət içkilərindən bir cam doldurub ona verdilər və o, gözəl tərzdə bu şərabı qəbul etdi. Sonra allah ona dedi: Mən səninləyəm. Səni və sənin adını qəbul edən hər bir şəxsi xoşbəxt etdim. Qalx ayağa, get və mənim müqəddəs adımı təkrar et, başqalarına da mənim müqəddəs adımı zikr etməyi əmr et. Tərkidünyalıqda möhkəm ol və həmişə məni xatırla! Ismətli olmağı, cismin təmizliyini, allaha ibadəti və dünya barədə düşünməyi özünə peşə et... Mənim adım allahdır, birinci brahmayam, sən də ilahi “quru”san.”

Bu müracitə cavab olaraq Nanak cabci adlı nəğmə və şe’rlər oxudu. Ardıcılları həmin nəğmələri müqəddəs kitabın bir hissəsi hesab edir və hər sübh çağı onu oxuyarlar.

Bu şe’rin məzmunu belədir: “ - Allah birdir və onun adı haqdır. Yaradan qəzəbdən uzaq, qorxmaz, təmiz, qəyyum, böyük və mehribandır. Haqq əzəldən mövcuddur və əbədiyyətə qədər olacaqdır. Ey Nanak! O olub, var və olacaqdır.”

Nanak bundan sonra meşədən çıxdı və sükut içində keçirdiyi bir gündən sonra özünün məşhur cümləsini belə bəyan etdi: “ - Hindu və müsəlman yoxdu.” Bu da onun siqh adı ilə məşhurlaşan yeni ayininin yaranışının və təbliğatının başlanğıcı idi.

SİQH AYİNİNİ FORMALAŞDIRAN ZƏMİNLƏR

Müsəlman sultanların Hindistanı istila etməsindən, müqəddəs İslam dininin bu ölkədə yayılmasından və müxtəlif zümrələrdən olan insanların bu dinə meyl etməsindən sonra hinduslar müsəlmanlarla qarşıdurma və münaqişələrə başladı. Bu qarşıdurma əsas e’tibarı ilə iki yöndə baş verirdi: birincisi, İslamın arqumenti və məntiqi əsaslarının çoxu ilə tanışlığın və bunun nəticəsində öz qədim e’tiqadlarında şəkk və şübhəyə düşmüş alim və mütəfəkkirlər arya-samac kimi təəssübkeş hindus cərəyanları onların İslam dininə qovuşmaları yolunda başlıca maneə sayıldığına görə bu iki ayinin mütəfəkkirləri (müsəlman və arya-samac alimləri) arasında ideoloji çəkişmələr qaçılmaz oldu.

İkinci yönüm isə, əqidə yolunda təəssübkeş müsəlman və hindus kütlərləri arasında baş verən qanlı müharibə və münaqişələr idi. Bu çəkişmə və çarpışmaların nəticəsi ondan ibarət oldu ki, həm hinduizm, həm də İslamla əlaqəsi, tanışlığı olan bə`zi hindus alimləri bütün münaqişələrə son qoymaq üçün bu iki din arasında birlik və inteqrasiya yaratmaq yolunu tutdular. Bu alimlərdən Nandiv, Ravidas və Kəbirin adını qeyd etmək olar. Kəbir daha önəmli və məhşur olmuşdur. Onda İslam alimlərindən mənimsədiyi tə’limlərin tə’siri altında İslamın əsaslarına maraq oyanmış və bu tə’limlərin bir hissəsini hinduizm düşüncələri ilə əvəz etmişdir. O, hinduizmdə geniş yayılmış bütpərəstlik və tanrıların heykəllərinə sitayişi pisləmiş və tovhidə, təkallahlılığa üz tutmaqla bildirmişdir ki, allah daşda, metalda yaxud başqa bir şeyə sığmaqdan, öz bəndələrinin kitab oxunuşu, rahiblik, çaylarda qüsl etmək, mə’bədlərdə təvaf etmək kimi zahiri işlərdən sevinməkdən ucadır. Allah öz bəndələrindən yalnız niyyətlərini paklaşdırmağı, əxlaq və əqidələrini saflaşdırmalarını istəmişdir. Kimsə sədaqət və məhəbbətlə yeganə olan Allaha pərəstiş etsə, karma qanundakı əzab-əziyyətlərdən xilas və ardıcıl doğumlar dövri çarxından çıxacaqdır. O, həmçinin hər bir şəxsin nicata çatmaq üçün bir müəllimin yol göstərməsinə ehtiyacı olması məsələsinin (Pəncabın yerli dialektində buna “quru” deyilir) üzərində xüsusi dayanırdı. Siqh ayininin rəhbərlərinə də “quru” deyilməsi də buradan başlanır.

Kəbirin e’tiqadları barəsində dərindən düşündükdə onun İslam dininin bir sıra e’tiqad və təfəkkürlərini, o cümlədən tovhidi, xalis ibadəti İslamdan götürdüyünü, sonradan onları hinduizmdəki karma və tənasüx əqidəsi ilə birləşdirdiyini görərik. Eyni halda qeyd etmək lazımdır ki, Kəbir həqiqətən hinduizm və İslamın sintezindən ibarət yeni bir ayin yaratmaq fikrində olmamış, şagirdi Nanak onun bu düşüncələri əsasında belə bir iş görmüşdür. Bir qrup insan mürid kimi onun ətrafına yığıldıqdan sonra o öz əqidəsini onlara öyrətmiş, müridləri ilə münasibəti müəllim-şagird münasibəti olduğuna görə onun ayinini “siqh” – bu Pəncab dialektində şagird deməkdir – adlandırmışlar. Nanakın vəzifəsi “quru” (müəllim) idi və siqh adı bu baxımdan onun ayininə aid edilir.

 

NANAKIN TƏBLİĞAT METODU

Quru Nanak başqalarını öz ayininə də’vət etmək barədə ilham gəldikdən sonra vahid allahın təbliği olan missiyasını yerinə yetirmək üçün səfərə çıxdı. Onun e`tiqad bəslədiyi allah bütün təbəqələrə - istər varlı olsun, istərsə də kasıb - eyni səviyyədə aiddir. Nanak yeganə allahı təbliğ etmək üçün ona kimi müsəlman olan və siqh ayininin ilk ardıcılı sayılan xidmətçisi Mərdananı özü ilə götürdü. Mərdana çox gözəl rübab çalırdı. Nanakın özü də şair idi və əksər çağırışlarını şe’r və nəğmə şəklində çatdırırdı. O, şe’r oxuyanda Mərdana musiqi ilə müşayiət edirdi. Bu məsələ Nanakın e’tiqadlarının sadə və səlis formada adi camaata çatmasına və onun e’tiqadlarını çox asanlıqla dərk etmələrinə səbəb oldu.

Quru Nanakın təbliğat fəndlərindən biri də özünün geyim və zahiri bəzəklərində hindusların və müsəlmanların geyim və bəzəklərini birləşdirərək istifadə etməsi idi. Belə ki, cilitkə geyinər və adətən hindusların çiyinlərinə saldığı və safa adlanan ağ bir parçanı onun üstünə örtər, başına müsəlman dərvişlər sayağı papaq qoyardı. Boynuna bir sümük asar və alnına hindus xalı vurardı.

Quru Nanak bu şəkildə 12 il səfərdə oldu. O, Hindistanın müxtəlif şəhərlərində öz ayinini təbliğ etməyə çalışır; hər yerə çatırdısa öz şe’rlərini oxuyur və camaata moizə edirdi. Mərdana da rubabda çalmaqla onu müşaiyət edirdi. Nanak əsasən bu cümləni xüsusi vurğulayırdı: “ - Mən bu əsrdə insanlara yol göstərmək üçün zühur etmişəm. Mən bütün firqələri inkar edir və yalnız bir olan allaha pərəstiş edirəm. Mənim tanıdığım Allah hər yerdə - asimanlarda və yerdə, hər tərəfdədir.”

Quru Nanak çoxsaylı səfərlərdən sonra 1520-ci ildə vətəninə qayıtdı və öz varlı ardıcıllarından biri olan Kartar-purun ona bağışladığı torpaq da məskunlaşdı. Burada vəfat etdiyi 1539-cu ilə qədər yaşamışdır. Nanakın ölümündən qabaq son tədbiri öz canişinini tə’yin etməsi olmuşdur. O, özündən sonra rəhbərlik iddiasında olan oğlu Şriçəndi zahidliyə ifrat meylinə görə canişinlikdən məhrum edərək və onun yerinə xüsusi şagirdlərindən biri olan Anqadı canişin və rəhbər tə’yin etdi. Ondan sonra da səkkiz başqa “quru” biri digərinin ardınca siqh cəmiyyətinə rəhbərliyi öhdələrinə götürdü. Amma onuncu quru olan və 1708-ci ildə dünyadan köçən Qovind Sinqh ölümündən qabaq bu ayinin ardıcıllarına ondan sonra daha heç bir rəhbərin olmayacağını bildirmişdir. Buna görə də öz canişinini tə’yin etməmişdir. Bundan sonra “quru”ların yazıya köçürülmüş və “Qrant” adlandırılan tə’limat toplusu siqh cəmiyyətinə rəhbərliyi öhdəsinə götürmüşdür və siqhlər mə’bədə daxil olarkən ona tə`zim edərək hörmətlə yanaşırlar.

SUAL VƏ TAPŞIRIQLAR

1. Canamsakhi nədir?

2. Quru Nanakdan qabaq siqh ayininin yaranmasına kimlər zəmin yaratmışlar?

3. Nanakın təbliğat metodu necə idi?

 

Siqh ayininin formalaşmasının əsas zəminələrini şərh edin.

İYİRMİ DÖRDÜNCÜ DƏRS

 

SİQH AYİNİ (2)

ƏQİDƏLƏRİ

Bu dərsdə siqh ayininin ən mühüm ideoloji əsaslarını araşdırırıq:


Date: 2015-12-11; view: 579


<== previous page | next page ==>
MƏQSƏDLƏR VƏ YOLLAR 3 page | MƏQSƏDLƏR VƏ YOLLAR 5 page
doclecture.net - lectures - 2014-2024 year. Copyright infringement or personal data (0.009 sec.)